“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Cahan Seyidzadənindir.
20 MART
İndi yaxşı anlayıram
"Ayrılıq" üç-beş sözə sığdıra biləcəyimiz cümlələr deyilmiş.
"Ayrılıq" pencəyinin sağ cibindən çıxan
doğma xətlə yazılmış "nərdivan" şeiridir.
"Ayrılıq" sonuncu dəfə söykəndiyin divarın
əzbərlədiyim bir neçə santimetrlik yeridir.
"Ayrılıq" ölüm deyil,
ölmək deyil,
"Ayrılıq"
heç vaxt şuxluğunu itirməyən,
aramızda yaşayan diridir.
İndi yaxşı anlayıram,
Bir dəfə vidalaşa bilməyəndə insan
hər gün vidalaşmalı olur doğmalarıyla.
Hər dəfə də bir başqa cür.
Bakının boz və solğun küçələrində
"Ayrılıq" çiyinlərimizə ən ağır yük kimi
Hər dəfə bir başqa cür düşür.
İndi yaxşı anlayıram,
Daha ağac olsam,
yarpağım da səni sevəcək.
İndi yaxşı anlayıram,
mən öləndə torpağım da səni sevəcək...
Mənə uzaqlardan salam yolla,
Elə salam ki, səni xatırlatsın:
Bir körpənin gülümsəməsində,
Bir qağayının səsində,
Bir insanın gəlməməsində.
Bilim ki, bunu sən etdin,
sən etdin, ata.
Hər yerə bahar gəlmişdi,
sən niyə getdin, ata?
MAĞARANIN DİVARINA YAZILMIŞ ŞEİR
Yorğunam.
Yaralıyam.
Qorxuram.
Yaxşı ki, bu mağaranın yerini unutmamışam,
İllər əvvəl tərk edib getdiyim kimidir.
Heç nəyi dəyişməyib, divarlarındakı cızıqlar,
həmin qaranlıq ab-hava.
Axırıncı dəfə gələndə isinmək üçün
qaladığım ocağın izləri də hələ qalıb.
Onda elə bilirdim ki, bura bir daha dönməyəcəm.
Yanılmışdım.
Hər insan kimi.
Çünki bir gün hamı öz mağarasına geri qayıdır,
Çünki ora bizim əbədi sığınacaq yerimizdir.
Özümüzlə baş-başa qaldığımız və yaralarımızı
sağaltmaq üçün qaçıb gizləndiyimiz yer.
Ətrafa göz gəzdirirəm: divardakı şeirə sataşır gözüm.
Mən yazmışdım bunu, günəşli bir aprel səhəri:
Hər fırtına gəlməmişdən əvvəl
öz sakitliyini göndərir
və
bəzi yaralar ən çox sağalandan sonra
göynədir...
Qorxma, balaca, uzat əllərini, mən səni aparmağa gəlmişəm,
Biz sənin saçlarını uzaq diyarların torpaqlarına əkərik.
Saçlarının ətri yayılar evlərə,
insanlar qucaqlarında dəstə-dəstə saçlarını apararlar
sevdiklərinə.
Sonra əllərini uçurarıq səmaya,
qanadlılar kimi yalqız insanların çiyinlərinə qonarlar.
Dünyada savaşlar oldu, balaca;
insanlar savaşdılar...
Yaxşı dost olacaq ikən,
sevgili olacaq ikən,
qarşı-qarşıya dayandılar.
Bəlkə də, bir vaxtlar əcdadları eyni mağaraya sığınıb
birlikdə qorunmuşdu təhlükələrdən.
Əcdadları bir mağaraya sığan insanlar
nəhəng bir dünyaya sığışa bilmədilər.
Sığışdıra bilmədilər təkəbbürlərini bapbalaca qəlblərinə...
Heç vaxt onların olmayacaqlar üçün dayanmadan didişdilər...
Onda balaca bir mamont balası
gülümsəmişdi istehzayla:
həyatda hər şey vərdişdir,
ovlamağa bir şey tapmayanda
özünüzü ovlamağa başlayacaqsınız,
özünüzə çevriləcək silahlarınız.
Bu nağıl deyil, balaca.
Mamont balaları da gülümsəyə bilir, inan...
Dünyadakı bütün canlılar ağlaya bildikləri kimi,
gülümsəyə də bilir...
Mən bapbalaca bir saman çöpündən də
yapışardım, balaca.
Böyüdərdim, böyüdərdim, dünyanın ən
nəhəng çinarı edərdim onu gözümdə,
əgər getməsəydin...
İndi isə
özündən ağır yükü aparmağa çalışan
balaca qarışqayam,
həm də bir az başqayam.
Pişiklərlə danışıb,
çiçəklərə gülürəm,
insanlardan daha çox
ağacları sevirəəəəmmmm.
Gözlərimi dikirəm
Günəşin gözlərinə,
Soruşuram: İnsanın
bu dünyayla dərdi nə?!
Özümü maşınların önünə,
Parkda gəzişən insanların qarşısına atıb
Qışqırmaq istəyirəm:
Anidən baş verəcək hər şey,
anidən.
Birinin ağlında xatirəyə çevriləcəksiniz,
birinin evində əşyaya.
Bir də gəlmək şansınız olmayacaq dünyaya
Onunçün də gec olmadan
qollarınızı açın səmaya
qucaqlayın günəşi,
Yaşayın doya-doya!
***
Mərhum qum hissəciklərindən
yaranmış
kirli şüşə qarşısında dayanıb düşünürəm:
gecəni biz uydurmuşuq
darıxmaq,
darıxmaq,
darıxmaq üçün!
Mərhum qum hissəciklərindən
yaranmış soyuq divarlar arasında
dayanıb düşünürəm:
Keçmişi biz uydurmuşuq
Darıxmaq,
Darıxmaq,
Darıxmaq üçün!
Yəni
Məni dustaq edən keçmiş
işıq da verə bilər...
Ondan nə yaratdığına bağlı...
Məsələn,
mən Tanrını uydurdum ki,
Özümü bağışlaya bilməyəndə
O, məni bağışlasın...
Səni isə uydurdum ki,
Özümü öldürə bilməyəndə
Sən məni öldürəsən...
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)