Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə bu dəfə yenidən sevilən şairimiz Əlizadə Nurini görüşdürürəm.
Hara baxdım tor gözümə sataşdı-
Hara baxdım bu hörümçək dünyada, - deyən şair həqiqətən də mükəmməl ifadə edib fikrini. Obrazlılıq da öz yerində.
Xoş mütaliələr.
Ulduz ətri
Yarpaq kimi sığalladım xəzəli,
Öz evimdi, öz yaxamdı, öz əlim.
Yaxşı baxsan, qəmin də ən gözəli
Sevgilitək görünəcək dünyada.
Dərilməyən yalan qalıb görəsən?
Yapışmağa saman qalıb görəsən?
Ölüm niyə cavan qalıb görəsən
Bu qocaman, bu ağbirçək dünyada?
Səni deyib yuxarını gəzirdim,
Ulduzların axarını gəzirdim...
Mən bəxtimin baharını gəzirdim-
Əzilibmiş çiçək-çiçək dünyada.
O aydı, ya, yar gözümə sataşdı?
Tanrı bu gün kor gözümə sataşdı.
Hara baxdım tor gözümə sataşdı-
Hara baxdım bu hörümçək dünyada.
Gülə sığın- gül üzünü itirmə,
Günəşi sev, gündüzünü itirmə.
...Canım durna, göy üzünü itirmə-
Üşüyürsən lələk-lələk dünyada...
Ədəbiyyat və incəsənət”
(31.10.2024)