“Kişilər gec ağlayır... “ - Aydın TAĞIYEV Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Aydın Tağıyevin nəsri  təqdim edilir.

 

Fraqmental romandan parçalar 

Quşa qıymayan ovçu

 

Milli Qəhrəman Çingiz Mustafayevin xatirəsinə

 

Ov həvəskarı olan oturub-durduğu dostları onu dilə tutub axır ki, günlərin bir günü yala gətirə bildilər. Ömründə ilk dəfə o da çiyninə tüfəng aldı, onlara qoşulub quş ovuna yollandı.

Dəniz qırağındakı ovçuluq limanı adlanan məkan məşhur idi. Payızın axır-axırlarında isti ölkələrə köç edən quşlar bu limanda qanad saxlayar, qamışlıqlarda sığınıb gecələyər, səhərin alatoranında qalxıb göyə qanadlanardılar.

 

*

Dörd-beş nəfər yoldaş idilər. Hərəsi də ayrı-ayrı yerlərdə pusquda durmuşdu.

Dənizin qırağında ins-cins görünmürdü. Əslində isə limana yüzdən çox ovçu gəlmişdi. Hərəsi də bir tərəfdə gizlənmişdi.

Səhərin alatoranlığında quşlar göydə qatarlanıb görünən kimi tüfənglər açılmağa başladı. Bir güllə, ikinci güllə, üçüncü güllə...

Bir partapart düşmüşdü ki, limana ilk dəfə ova gəldiyindən Çingiz hər atəş səsindən sonra diksinirdi...

Bu atəş səslərini sakit qarşılaya bilmirdi. Axır ki, dözə bilməyib dilə gəldi: - Əşi, bu dəniz sahilində elə bil İkinci Dünya müharibəsi gedir ki? - deyə köksünü ötürdü. Ovçuların quşlarla apardığı bu "müharibə" onu bərk sarsıtmışdı, hər güllə açıldıqca göydə bir quşun millənib daş kimi yerə düşməsi ürəyiyuxa Çingizin qəlbini parçalayırdı.

 

*

...Hə, həmin ov əhvalatından sonra Çingiz bir daha limana ova getmədi.

"Yox, tüfəng ilə ov mənim işim deyil, dedi, mənimki tilovla balıq tutmaqdır..."

 

*

Yer-göy lərzəyə gəlmişdi.

Toplar guruldayır, mərmilər partlayır, avtomatlar şaqqıldayır, tankların tırtılları torpağı eşə-eşə bağrını yarırdı, göy üzünü bürüyən qapqara tüstüdən, qırıcı təyyarələrin vahiməli uğultusundan qorxmuş buludlar pərən-pərən düşmüşdü.

 

*

...Və bir vaxt quşlara ov tüfəngindən atılan güllələrin səsindən qorxub özünə sakit bir yer axtaran "Ovçu oğlan", "Atəş!", "Atəş!!", "Atəş!!!", "İrəli!!!" - deyə bağıraraq öz cəsarəti ilə döyüşçü yoldaşlarını hücuma səsləyirdi...

Əmri pozdular

 

Tağım döyüş əməliyyatını qələbə ilə başa vurmuşdu. Komandanlıq tərəfindən növbəti tapşırıq tutduqları mövqelərdə möhkəmlənmək üçün səngər qazmaq idi.

Belləri, külüngləri, torpaq qazan çalovları əllərində hazır tutmuş əsgərlər işə başlamaq istəyirdilər ki, tağımı çaş-baş salan yeni bir əmr gəldi. Tutduqları yüksəklikləri tərk edib geri çəkilməlidirlər!

Bəs, bu mühüm mövqeləri ələ keçirtmək üçün tökdükləri qanlar, şəhid, yaralı döyüşçü yoldaşları...

 

*

Qisas, intiqam hissi ilə alışıb-yanan tağım birdən coşub-daşdı. Əllərindəki belləri, külüngləri, çalovları yuxarı qaldıraraq hiddətlə səs-səsə verdilər: "Burada özümüzə qəbir qazarıq, ancaq bir atdım da geri çəkilmərik! İrəli!"

 

1992

 

"Gör, sənin nə qədər anan var..."

 

...Növbəti anım günü idi... Şəhidlər Xiyabanında izdiham aşıb-daşırdı.

Hər bir şəhid anası övladının məzarı üstə sinə dağlayan səslə ürəyini boşaldırdı. Kimisi bərkdən hönkürtü vururdu, kimisi sinəsinə əl atıb şaxsey-vaxsey gedirdi, kimisi için-için ağlayır, kimisi layla deyir, kimisi isə soyuq torpaq altındakı oğlunu arəstə-arəstə oxşayırdı:

Araz axar lil ilə,

Bülbül oynar gül ilə,

Səni necə oxşayım

Bu qurumuş dil ilə...

Atalar aralıda durmuşdular. Anaların öz ürəklərini rahat boşaltması xətrinə hələ ki susub lal durmuş, onları öz ciyərparələri ilə baş-başa buraxmışdılar. Əlbəttə, sonra özləri də oğulları ilə görüşəcəkdilər. Kişilər onsuz da gec ağlayırlar...

...Kimin ağlına birdən-birə necə gəldi ki, gözlərini dörd dolandırıb ətrafa baxsın?! Xiyabanda uçan bir cüt zil qara göyərçin səs-küydən hürkməyib bir şəhid məzarının üstündə dövrə vurur, qanad çalırdılar.

...Sən demə, təkcə bir şəhid məzarının üstündə yaxın-doğma kimsə yox idi. Ola bilməzdi, belə bir anım günündə harda qalmışdı sinəsi dağlı anası, atası, doğmaları, əzizləri...

 

*

Xəbər o soyuq qış günündə şaxtaya dönüb ürəkləri dondurdu. Demə, o Şəhid oğul elə dünyaya gələn gündən anasız qalıbmış, əvvəlcə körpələr evində, sonra da kimsəsiz uşaqlar üçün olan internatda böyüyübmüş...

*

Bütün şəhid anaları əlbəəl övladlarının məzarlarından ayrılaraq, anasız şəhidin qəbrinin üstünə toplaşdılar. Məzarı üstdə sərilib başdaşındakı şəklini öpdülər. Əvvəlcə için-için, sonra da hönkürtü qoparıb ağlayan anaların naləsi Xiyabanı başına götürmüşdü.

Bir ana axır ki, özünə gəlib göz yaşlarını silə-silə: - Rahat yat, ay bala, rahat yat, - dedi, - gör, sənin nə qədər anan var...

 

Farağat

 

...Əsgəri xidmətini başa vurub evlərinə geri dönəcəyi günə hər gecə yuxuya getməmişdən qabaq kazarmada barmaqla hesablayıb saydığı sanılı günlər qalmışdı.

Ağır döyüş təlimlərində həmişə fərqlənmişdi. Əlavə məzuniyyətə buraxılan əsgər gündəlik sıra baxışlarında isə məzəmmətlənirdi. Sırada farağat vəziyyətində düz dura bilmədiyinə görə onun ucbatından komandir hər dəfə cərgəni dönə-dönə təzədən düzdürmüşdü.

Əsgər yoldaşları xətrini çox istəyirdilər. Şahidi olmuşdular ki, dost yolunda canından keçər. Deyib gülən, şən bir oğlan idi. Həm də zarafatcılın biriydi. Əsgər yoldaşlarına, hətta bəzən elə gəlirdi ki, sıra baxışlarında da qəsdən, bilərəkdən düz dayanmır.

İstər yayın istisi, istərsə də qışın soyuğu olsun, cərgəni təzədən sıraya düzülmək əziyyətinə qatlaşdıra-qatlaşdıra, deyəsən, onlarla zarafatlaşıb bir növ məzələnir. Xətrinə dəyəcəklərindən ehtiytlanıb dodaqlarını çeynəyə-çeynəyə dözüb durur, yalnız ürəklərində onu söyüb yamanlaya-yamanlaya susub qalırdılar.

 

*

...Dava başlayan gün tabor heç sıraya düzülmədən qəfil "İrəli!" əmri ilə döyüşə atıldı.

Sıra baxışı zamanı boyca cərgədəkilərdən ən qısa boy olduğundan axırıncı durardı. "İrəli!" əmrindən sonra isə o lap qabaqda, öndə idi. Düşmən atəşinə də ilk tuş gələnlərdən oldu. Ayağından yüngülvari yaralanmışdı. Sanitar məntəqəsində yarasını sarıdılar. Cəmi bircə gün onu burada saxlaya bildilər. Həkimlər deyib başa saldılar ki, ayaq üstə çox dura bilməz... Onların sözlərini ağızlarında yarımçıq qoydu, bu dəfə qətiyyətlə: - Noolsun, - dedi, - ayaq üstə dura bilmərəm, düşmən üstə sürünə-sürünə gedərəm...

Onu yola gətirmək üçün komandiri çağırdılar. Əsgər: - Cənab komandir, - deyə az qala yalvardı: - Bir dəfə təlim vaxtı döyüş tapşırığını yerinə yetirəndə düşmən səngərinə sürünə-sürünə getməyi bizə əmr etmişdiniz... İndi silah tutan əllərim ki, yerindədir! Yenə də sürünə-sürünə...

Komandir onu qucaqladı.

*

...Axır ki, özünə gəlib gözlərini açıb dörd dolandıranda başa düşdü ki, bu dəfə onu hospitala gətiriblər. Çarpayıda uzanıb qalmışdı. Bəs harasından yaralanmışdı? Yadında deyildi. Əvvəlcə qollarını tərpətdi. Sonra da ayaqlarını uzadıb-yığmaq istəyəndəsə ağrıdan huşunu itirdi...

Haçandan-haçana ağır-ağır göz qapaqlarını aralayanda başı üstündə əlində qanlı tənzif tutmuş şəfqət bacısını gördü...

 

*

...Qoltuq ağacına söykənib bir məzarın ətrafında lal-dinməz dayanıb durmuşdu. Hərbi mundirdə idi. Əsgər birdən söykəndiyi qoltuq ağaclarını yerə tulladı. Üzünü başdaşıya tərəf çevirib dimdik farağat vəziyyətində durdu. Sağ əlini gicgahına aparıb hərbi təzim verdi. Sonra da:

 - Cənab komandir, - dedi - bütün döyüş tapşırıqları yerinə yetirildi, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Ayaq üstə özünü güclə saxlasa da, elə bil komandirin əmrini gözləyirdi: "Azad!"

Hələ də farağat vəziyyətində idi və bu dəfə qulaqlarına komandirin həlim səsi gəldi: "Bax belə, əsgər!"

"Azad!"

 

14.09.2023

 

Quş yuvası

 

Neçə vaxtdan bəri xeyli get-gəldən sonra axır ki, işə düzəlmişdi. İndi qalırdı axtarıb-tapıb iş yerinə yaxın bir yerdə qalmağa münasib bir mənzil kirayələmək. Bu dəfə də bəxti gətirdi. Həmin iş yerində elə ilk tanışlıqdan birdən-birə doğmalaşıb rəfiqə olduğu qız canıyananlıqla ona bir ünvan verib:

- Sakit, səssiz-küysüz bir məhəllədir, - dedi. - Həyət evində, xudmani birgözlü ayrıca otaqdır. Ev sahibi də aman-zaman oğlu ilə ayrıca mənzildə qalır.

Rəfiqəsi sonra daha müfəssəl danışıb dedi ki, qohumluğum çatdığına görə tərifləmirəm, bəs, ev sahibəsi xeyirxah bir xanımdır. Kirayənişinlərə həmişə analıq edib. Kirayə haqqını da heç vaxt dilinə gətirənlərdən deyil.

Sonra da köks ötürən qız:

- Oğlu da ədəb-ərkanlı bir oğlandır. Müharibə qazisidir. - Sözünün ardını gətirməmişdi: - Eh, nə deyim, hər ikisini özün yaxından görüb tanıyacaqsan...

 

*

Həftənin bazar günü idi. Qazi oğlan evlərindən o qədər də uzaq, aralı olmayan bir yerdə öz şəxsi emalatxanasında çalışırdı. Dəmir-dümür təmiri ilə məşğul olurdu. Öz əli-öz başı idi. Oğlan həyətdə ilk dəfə kirayənişin qızı qəfildən gördü. Hansısa emalatxana alətinin ardınca evə qayıtmışdı. Anası yaş paltarları ləyəndən götürüb zivədən asırdı. Kirayənişin qız da əl-ayaq edib anasına kömək edirdi. Hər ikisi əlləri işdə ola-ola həm də söhbətləşirdilər.

 

*

Həyətin dəmir darvazası qəfil açıldı. Ana ilə kirayənişin qız qapıya tərəf boylandılar. Ana təlaşlandı. Axı oğlu bu vaxtlar evə gəlməzdi. Sübh tezdən evdən çıxar, bir də axşamdan xeyli keçmiş evə dönərdi. Günorta da elə iş yerində evdən apardığı yeməklə nahar edərdi.

Oğlu anasını sakitləşdirdi: - Lazımi alətlərin birini unudub evdə qoymuşam, - dedi, - aparmağa gəlmişəm.

Kirayənişin qız ev sahibəsinin ilk dəfə gördüyü oğluna gizlicə altdan yuxarı nəzər saldı. Doğrudan da, boylu-buxunlu, yaraşıqlı oğlan idi. Oğlan da nədənsə ayaq saxlayıb unutduğu alətin ardınca içəri keçməyə tələsmədi. Oğlunun gözucu da olsa, kirayənişin qıza baxması ananın gözündən yayınmadı. Ana az qala oğlunun üstünə cummaq, onu bağrına basmaq istədi...

...Elə bil bunu hiss edən oğlan cəld onlardan aralandı. Qız da elə bu zaman oğlanın bir ayağını çəkdiyini gördü. Ana köks ötürüb yanıqlı-yanıqlı:

- Erməninin tifağı dağılsın, - dedi, - necə ki dağıldı, neçə-neçə igid oğlumuz şəhid oldu. Mənim də oğlum davada düşmən gülləsinə tuş gəlib şikəst qaldı...

Ana sonra da gülümsəyib gizli bir qürurla: - Özüm şahidiyəm ki, qohum-qonşuda neçə-neçə subay qız ardınca gizlicə necə baxır?! Saqqalı ağarmış, denən birinə gözucu da olsa baxırmı?..

Ana sözünə ara verib susdu. Bir ara gözləri yol çəkdi, sonra da: - Kim bilir, bəlkə də qeyrətli balam şikəstliyi ucbatından qızlara baxmağa çəkinir, - deyə ah çəkdi.

Kirayənişin qız toxtaqlıq üçün anaya nə deyəcəyini bilmədi. Əlində alət yanlarından tələsik ötüb-keçən oğlanın ardınca baxa-baxa qalmışdı. Ana qəhərləndi, göz yaşlarını qızdan gizlətməyə çalışdı. Dolu ürəyini boşalda-boşalda boğuq səslə: - Denən, indiyəcən balam başını qaldırıb bir qıza gözucu da olsa heç nəzər salırmı? - Ana elə bil birdən dirçəldi. - Eh, nə deyim, gözəl-göyçək qızlar hələ də ardınca baxa-baxa qalıb.

 

*

Həyətlərində kirayənişin qızla o qəfil rastlaşmadan sonra qazi oğlan elə bil huşyar olmuşdu. Emalatxanada ona lazım olan hansısa bir aləti tez-tez "unudub" evdə qoyur, sonra da ardınca geri dönürdü. Hətta elə olurdu ki, həmin "unutduğu" alətin ardınca gəlsə də, bəzən geri, emalatxanasına əliboş qayıdırdı.

 

*

Son günlər arabir evlərinə günorta yeməyinə də gəlməyi var idi. Belə vaxtlarda kirayənişin qızla hər dəfə qəfil qarşılaşanda hər ikisi bir-birləri ilə sadəcə yüngülcə salamlaşırdılar... Başlarını qaldırıb bir-birlərinin üzünə baxmaqdan sanki çəkinirdilər. Ancaq gözaltı baxışlarını nə qədər çalışsalar da, heç biri gizlədə bilmirdi.

 

*

...Oğlanın bu dəfə də yaddan çıxarıb emalatxanada gərəkli bir alətin ardınca həyətə qəfil girdiyi günlərin birində kirayənişin qızla ana kölgəli ağacın altındakı kətildə oturub şirin-şirin söhbətləşirdilər. Ana da, kirayənişin qız da son vaxtlar elə bil daha da doğmalaşmış, məhrəmləşmişdilər. Ana bundan xeyli məmnun idi. Kirayənişin qızın söz-söhbətlərinə indi daha huş-guşla qulaq asırdı.

...Payızın əvvəlləri idi. Oğlan anası ilə kirayənişin qızın söhbətinin üstünə o yerdə gəlib çıxmışdı ki, qız az qala ağlamsına-ağlamsına:

- Hə, ay xala, uşaqlığımdan bəri ən çox köçəri quşlara rəhmim gəlib. Qışın girməsinə az qalmış kəndimizin üstündən quşlar hay-həşir sala-sala uçub köç edəndə hönkür-hönkür ağlayardım. Evdəkilər məni güclə ovundurardılar. O vaxtdan bəri elə indi də belə fikirləşirəm ki, yəqin, hər quşun bir isti öz yuvası olsa, daha uçub uzaqlara getməzlər...

Oğlan eşitdiyi bu sözlərdən diksindi. Anasının da bu dəfə duyuq düşəcəyindən daha ehtiyatlanmayıb zəndlə qızın üzünə baxa-baxa qaldı...

 

*

Aradan günlər keçmişdi. Günlərin bir günü qəfil bir qonaq darvazanı taqqıldadıb həyətə keçdi. Ev sahibəsindən kirayənişin qızı xəbər aldı. Yaşlı bir qadın idi. Ev sahibinin həyəcanını, nigarançılığını əlbəəl hiss edib onu çox intizarda saxlamadı. Birbaşa mətləbə keçdi ki, narahat olmasın: - Özgəsi deyil, kirayənişin qızın qohumlarındandır.

Uzun sözün qısası, belə məlum oldu ki, bu yad qadın da elə bu şəhərdə, ucqar bir məhəllədə tək-tənha yaşayır. Gen-geniş ev-eşiyi də var. Lap bu yaxınlarda kimdənsə eşidib xəbər tutub ki, bəs kənddən gələn, qohumluğu çatan, subay-salıq qohum qız kirayədə qalır. İndi də gəlib ki, o qohum qızı yanına qatıb evinə aparsın. İndən belə özü ona analıq, qız da ona övladlıq etsin...

O yad qadın bundan sonra da dəfələrlə kirayənişin qızın ardınca xahiş-minnətə gəldi. Və belə gəlişlərdən, xahiş-minnətlərdən sonra bir gün kirayənişin qız da ev sahibəsini qucaqlayıb üzrxahlıq edə-edə: - Qaldığım bu müddətdə mənə analıq etdiniz, - dedi. - Xalam da yalqızdır, onun sözünü daha yerə sala bilmirəm. İstəyirəm ki, - qız udqundu. - Sabah yığışıb gedəm...

 

*

Axşam anasından eşitdiyi bu qəfil xəbərdən oğlan çaş-baş qaldı. Hə, sən demə, kirayənişin qızın qəfil bir xalası peyda olub. Axtarıb-axtarıb axır ki, onu tapıb. İndi də, öz yanına aparmağa, birgə qalmağa razı sala bilib. Oğlunun haldan-hala düşməsi ananın gözündən yayınmadı.

 

*

Neçə vaxtdan bəri qaldığı evdən köç edən kirayənişin qızın elə bir yükü yox idi. Hamısını yığıb-yığışdırıb iri bir çemodana sığışdırmışdı. Ertəsi gün oğlan sübh tezdən yerindən qalxaraq, sonra da əlüstü bir stəkan çay içib həmişə olduğu kimi tez-tələsik iş yerinə yollanmadı. Müxtəlif iş alətlərinin saxlandığı anbara keçdi...

Əlində yır-yığış etdiyi iri meşin, ağır çemodan olan qız oğlanı həyətdə görəndə özünü itirdi. Yəqin ki, qanacaqlı, ədəbli-ərkanlı oğlan çemodanı əlindən alıb darvazadan bayıra çıxaracaq, taksi saxladıb minənəcən köməyini əsirgəməyəcəkdi.

...Oğlan əlindəki işi saxladı. Dik qızın gözlərinə baxdı. Qız özünü itirdi. Oğlanın əlində rəndələyib, yonub hamarladığı taxta bir qutu var idi. Quş yuvasına oxşayırdı. Əlindəki həmin taxta qutunu ciddi-cəhdlə həyətlərindəki köklü-köməcli ağacın gövdəsinə bərkitməyə çalışırdı. Qız elə bil diksindi.

Oğlan sanki qızın əlindəki çemodanı görmürdü. Üzünü qıza çevirib: - Quş yuvasıdır, - dedi. - Elə bil deyəcəyi sözləri dilinə gətirməyə nəsə ürək etmirdi. Axır ki, özünü toplayıb cəsarətlə: "Qoy həyətimizdəki quşların da öz yuvaları olsun. Ora-bura köç etməsinlər".

Lal-dinməz oğlanın elə bil dili açılmışdı:

- Yadımdadır, bir hacıleylək həyətimizdəki yeganə ağacın ən hündür budağında bir yuva qurmuşdu. Bir gün qəfil ildırım ağacı vurdu. Yuva dağıldı. Sonra bildim ki, bizim hacıleylək qonşumuzgilin ağacında özünə yuva qurub.

 

*

Elə bil qızdan nəsə bir söz eşitmək ümidilə çevrilib bu dəfə qıza tərəf dik-dik baxdı. Qız əlindəki çemodanı yerə qoymuşdu...

 

30 may 2022

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.