“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Ramiz Göyüşün yazıçı Varisin yeni işıq üzü görmüş ”Qızıl cib saatı” romanı barədə qeydlərini təqdim edir.
Görkəmli dram, triller və tarixi romanlar müəllifi yazıçı-publisist Varisin son romanı “Qızıl cib saatı” adlanır. Müəllifin özünün dediyi kimi iki ilə ərsəyə gəlmiş bu roman janrına görə tarixi romandır və 1893-cü ilən 1993-cü ilə qədər olan bir dövrü əhatə edir.
Hesab edirəm ki, yazıçının tarixi mövzuya müraciət edərək növbəti bir sanballı və oxunaqlı roman yaratması təqdirəlayiqdir və bu fakt onun istedadından və böyük potensialından xəbər verir. “Qızıl cib saatı” romanı həm tarixilik, həm bədiilik, həm də faktoloji baxımdan janrın bütün tələblərinə yüksək səviyyədə cavab verir desəm, düşünürəm ki, səhv etmiş olmaram.
Əminəm ki, ermənilərin vəhşi və qaniçən, riyakar simasını açmağa hesablanmış bu əsər aparıcı dillərə tərcümə olunub yayılarsa, yüz illər bundan əvvəl dünyanın müxtəlf ölkələrində özlərinə məskən salaraq maskalnmış “məzlum”, “zavallı” obrazı yaradan ermənilərin maskasını açmaqda mühüm bir vasitəyə çevrilmiş olardı. Eyni zamanda hesab edirəm ki, əsər həm də gələcəkdə öz vətənimizdə türk-erməni, azərbaycanlı- erməni münasibətlərinin öyrənilməsi baxımından dəyərli bir vasitə olacaqdır və gələcək nəsillər tariximizin bu acı səhfələrini həm də faktlarla, məlumatlarla zəngin “Qızıl cib saatı” romanından öyrənəcəklər.
...Torağayların nəğməsi il başlayıb, elə torağayların nəğməsi ilə də bitən romanın birinci hisəsi 1993-cü il martın 2-si dramtik hadisələrlə dolu olan tarixi hadisələrin başlanğıcı kimi təqdim olunur. Bu o vaxtdır ki, dağılmış SSRİ ittifaqının xarabalıqları üzərində öz müstəqilliyini yenicə bərpa etmiş ölkədə Dağlıq Qarabağ məsələsi ətrafında başlamış “... müharibə hər şeyin təhərini pozub”.
Romanın birinci süjetində cərayan edən hadisələr və ya Əsli ananın başına gələn faciələr, Birinci Qarabağ Müharibəsində ərləri könüllü olaraq özünümüdafiə dəstəsinə qoşularaq döyüşlərdə şəhid olmuş gəlinlərin, atalarının qisasını almaq üçün cəbhəyə yollanmış oğul analarının ümumiləşdirilmiş obrazını bacarıqla və məharətlə yaradıb. Əsəri oxuyan hər kəsin gözləri önündə həmin hadisələr canlanır.
Sərhəd bölgələrində, təmas xəttində ərazilərimizin hissə-hissə işğalı, soydaşlarımızın bir-birinin ardınca şəhid olması, Əslinin əri dülgər İsanı da evində gizlətdiyi silahı götürüb üç ay əvvəl təzə yaranan könüllü batalyonuna qoşulmasına vadar etmişdi. “Heç üç ay keçmədi də mərmi partlayışında həlak oldu. Camo gətirib yazığın beşaçılanını, gümüşü portsiqarını maşının üstünə qoyan gün”.
Əsas hadisələr isə bundan sonra başlayır: ”Samir 17 yaşının içindəydi İsanın ölüm xəbəri gələndə. Gözünün yaşı qurumamış dedi, heç o yan bu yan yoxdur. Mən də gedirəm vuruşmağa, atamın qanını almağa”. Lakin çox keçmir Əsli daha bir faciə ilə üzləşir, brcə balası –madarı Samir əsir düşür: ”Dili qurumuş Camodan xəbər gəldi ki, evimiz yıxılıb, Samir əsir düşüb. Saçını yoldu, üzünü cırdı, dizlərinə döydü, gecə-gündüz ağı deyib ağladı. Bilirdim elə, bu Qara Xoruz ili olan 1993-dən yaxşı heç nə gözləməyə dəyməzmiş”.
Artıq 37 gündür ki, Samir əsirlikdədir. Əslinin də “bircə arzusu var: oğlu qayıdıb gəlsin. Və bu arzunun şiddəti bənd-bərəni aşırıb irəli şığıyan sel qədərdir”... Camo and içib ki, düşmən tərəfdən əsir düşən kimi onu Samirlə dəyişdirəsidir... “
Və bu yerlərdə mərdliyi, qorxmazlığı, iri vücudu ilə yerli əhali arasında Ayı Camo kimi tanınan özünümüdafiə batalyonunun komandiri Camo İmaməliyev dediyi kimi də etdi. Birinci götürdüyü əsiri Samirlə dəyişdirmək məqsədilə Əsliyə təhvil vermək üçün gəlmişdi Camo. Əslinin içinə ”Samirlə qovuşurmuş kimi bir sevinc dolmuşdu”.
Lakin Əslinin iztirabları, əzablar və məşəqqətlərlə dolu günləri məhz erməni əsirinin onun evinə gətirilməsindən sonra başlayır. Əsirin qanını içməyə hazır olan, hətta bir neçə dəfə baltanı götürərək onu öldürməyə hazır olan Əsli, tədricən fikirlərindən daşınır. Hadisələr elə cərəyan edir ki, Əsli erməni əsirinin timsalında oğlu Samiri təsəvvür edir. Xəstəhal olan, Samir kimi çəlimsiz arıq və sısqa bir uşaq təsəvvürü yaradan erməni əsirinə oğul kimi münasibət bəsləyir. Onun qayğısına qalır. Xəstə mədəsini dərmanla, hazırladığı yeməklərlə müalicə edir, paltarını yuyur, öz əlləri ilə övlad kimi çimizdirir. Həttə bütün risklərə, həyati təhlükəsinə baxmayaraq peşə etibarı ilə gənc və itedadlı musiqiçi-pianoçu olan əsiri gecə vaxtı kənd klubuna apararaq buradakı pianoda onun çox sevdiyi ”Gözəl dəyirmançı qızı” əsərini çalmağa şərait yaradır və bununla da onun mənəvi güc almasına, yaşamasına vəsilə olur. Əslində müharibənin ən gərgin bir dövründə, hər gün yüzlərcə şəhid qarşıladığımız bir zamanda evində əsir saxlayaraq onu qayğılarla əhatə etməsini qələmə almaq müəllifin böyük riskidir. Lakin o, bu riski nəzərə alaraqdan, humanizm prinsiplərinin təntənəsini ön plana çıxarır. Bununla da o, insanlığın bəşəriyyətin ən yüksək dəyərlərinin fövqündə dayandığnı və böyük ədəbiyyyatın əsas missiyasının bəşəri və yüksək insani dəyərlərə xidmət etdiyini dünya oxucusuna təqdim edir. Bütün məhrumiyyətlərə, təzyiqlərə, təhqirlərə, hücumlara, mənəvi gərginliklərə dözərək, oğlunun dəyişdirilməsini gözləyən Əsli, sonda əvəz almadan erməni əsirinin öz anasına təhvil verilməsini xahiş edir. Əsirə yemək gətirən əsgərə deyir: “Xala qurban, Camoya deynən, gəlib əsiri aparsın. Deynən, Əsli dedi, sən Mir Həmzə ağanın cəddi, onu birbaşa anasına qaytar”.
Final isə son dərəcə kövrək notlarla yekunlaşır. Diqqət yetirin, nəfəs göynədən, ürək dağlayan sətirlərə.
Aradan beş il yarım vaxt keçib: “Çiskinli payız günündə azərbaycanlı məcburi köçkünlərin Aran bölgəsində məskunlaşdıqları çadır şəhərciyinə UAİD adlanan beynəlxalq təşkilat humanitar yardım paylayırdı... Əsli Nurullayeva ona çatan payı... heydən düşmüş, odun kimi hissiyatsız ayaqlarını lilli-palçıqlı yolda arxasınca sürüyərək, bir vaxtlar kənddə qonşusu olmuş Münəvvəri tapdı, öz payını ona verdi...1993-cü ilin 24 yanvar tarixində ermənilərə əsir düşmüş oğlu Samir Nurulllayeviin yerinin müəyyənləşdirilməsinə və azad edilməsinə yardım etmələri xahişi ilə ...yazdığı məktublara cavab gəlib-gəlmədiyini öyrənmək üçün komendantın otağına baş çəkməli idi... Dörd yaşlı uşağının əlindən tutaraq, qucağında da südəmər körpəsi, komendantın otağından çıxan, olduqca gözəl gəlinlə də salamlaşıb (Samirin sevdiyi Nazilə idi.R.G,) ...içəri keçdi... Çıxıb adəti üzrə dəhlizin başına kimi gedərək üzərinə qırmızı boya ilə “Şəhidlərimiz” sözü həkk olunmuş ağ rəngli taxta lövhənin qarşısında dayandı. Altına “İsa Nurullayev” yazılmış şəkilə baxıb bir müdət kirmişcə göz yaşları axıtdı. Pıçıldadı ki, ”Bağışla məni, ay İsa, məzarını yağıların əlində qoyub, canımı götürüb qaçıb gəldim.”
1993-cü ilin yayında kəndləri işğal olunarkən sonadək vuruşub şəhid olan tanış simalara ürəyi dağlana-dağlana göz gəzdirdi, hamısı üçün salavat çevirdi. Camo İmaməliyev..., Şadman Rzazadə..., Baxış Əliyev..., Azər Quliyev...,Tariyel..., Dursun..., Əvəz..., Muxtar,.. müxtəlif illərdə müxtəlif cür başlayan həyatlar eyni tarixdə, eyni cür bitirdi...
Geri dönüb çıxmaq istəyəndə...qulağına tanış musiqi səsi gəldi. Küncə qouyulmuş kiçik ekranlı televizorda Rusiya kanalı ilə konsert nümayiş etdirilirdi. Pianonun dilləri üzərində hərəkət edən nazik, upuzun barmaqları dərhal tanıdı... Bu nə hiss idi, qibtəydimi, həsəd idimi, ürəyini yerindən ovdu, qopardı, çəkdi, apardı...”
Ekrandakı pianoçu Əslinin bir vaxt evində saxladığı, övlad kimi qayğısına qaldığı erməni əsiri idi. Və bu sətirləri oxuduqca əsərdə hadisələrin inkişafına və bu inkişafda müəllifin təxəyyülünə heyran qalmaya bilmirsən.
Və müəllifin mətnə əlavəsi: 26 ildir ki, (Yazıçı romanı tamamlayanda hələ 44 günlük müharibə başlamamışdı və atəşkəs müqaviləsindən 26 il keçirdi. R.G) Qarabağ müharibəsi dayandırılsa belə, bu gün hələ də 3888 azərbaycanlının itkin düşdüyü, onların da böyük əksəriyyətinin erməni əsirliyində olduğu təxmin edilir... Onlardan sağ qalanlarının gec-tez azad olunacaqlarına inamlarının və inamlarımızın tükənməməsi arzusu ilə! Amin!”
Bu əlavə ilə müəllif sanki özü də əsərin qəhrəmanlarından biri olan Samirin əsirlikdən qayıdacağına inanır və bununla da o, həm də oxucunu buna inandırmağa çalışır.
Əsərdə şərti olaraq birinci cüjet adlandırdığımız hissəsinə bütün təhkiyə boyu təsəvvüf düşüncəsi hadisələri müşayət edir. Ən çətin anlarında Əslinin xəyalında, gözləri qarşısında böyük təsəvvüf alimi, nəqşibənd şeyxi Seyid Mir Həmzə Nigarinin nurlu siması canlanır. Əsli onun tövsiyyələri ilə təskinlik tapır, onun nəsihətlərini dinləyir, onun məsləhətləri ilə hərəkət edir, onun varlığı ilə yaşayır. Mən əsərdə qırmızı xəttlə keçən müəllifin bu əlavəsini bir süjet xətti kimi də adlandırardım. Müəllifin əsərə bu əlavəni etməsi bəlkə də onun mənşəyindən, genetik yaddaşından təsəvvüf düşüncəsinə və ideyalarına rəğbətindən irəli gəlmişdir.
Romanın ikinci əsas süjeti xətti 1893-cü ildən Birinci Dünya müharibəsinin sonunadək olan dövrdə Osmanlıda və Azərbaycanda “erməni məsləsi” ilə əlaqədar cərəyan edən hadisələri əhatə edir.
Varis bu romanı ilə ermənilər tərəfindən yaradılmış saxta tarixin və erməniliyin riyakar simasının ifşasına yönəlmiş çox əhəmiyyətli bir əsər yaratmışdır. Romanın bir məziyyətini xüsusilə vurğulamq istərdim. Əsərdə baş verən hadisələrin üçüncü şəxs tərəfindən - milliyətcə erməni olan, “Daşnaksütun” partiyasının funksioneri, ermənilərin törətdikləri vəhşiliklərin iştirakçısı və şahidi, erməni uydurmalarını qələmə alan, jurnalist Aşot tərəfindən nəqli müəllifin diqqətəlayiq uğurudur və məhz bu priyomla o, bitərəf dünya oxucusunu yüz illik bir tarixdə erməni yalanlarına, riyakarlığına, vəhşiliyinə inandırmağa yönəlmişdir.
Uşaqlıqdan qəzetçi olmaq arzusu Aşotu “Daşnaksütun” partiyasının Konstantinopol bürosuna gətirib çıxarmışdı. Lakin veriliən ilk tapşırıqdan onun əsas vəzifəsinin erməni yalanları yazmadan ibarət olduğu məlum olmuşdu: “Bəzən tarixi həqiqətlər ümummilli mənafelər naminə təhrif olunmalı, qaraya ağ demək də məqbul sayılmalıdır. Sənin əsas borcun, unutma, həqiqət yox, “Daşnaksütun” partiyasının və erməni millətçiliyinin ideyalarına xidmət etməkdir”.
Bununla belə “Daşnaksütun” partiyasının, onun qana susayan rəhbərlərinin tapşırığına uyğun olaraq Osmanlını, İranı, Tiflisi, Bakını dolaşan və erməni yalanlarından, vəhşiliklərindən dəhşətə gələn qəzetçi Aşot nə qədər erməni də olsa, bu vəhşilikləri etiraf etmək məcburiyyətindədir.
Dəyərli oxucularımız kimi mənim də, ermənilərin Osmanlıda, Azərbaycanda törətdikləri kütləvi qırğınlar, dəhşətli faciələr, qan donduran cinayətləri barədə, tarixi qaynaqlardan, səlnamələrindən, tarixi romanlardan müəyyən qədər məlumatlarım var idi. Erməni qaniçənlərinin 1918-ci ilin mart qırğınları zamanı Bakıda, Göyçayda, Qubada və digər bölgələrimizdə törətdikləri soyqırımı barədə materialllar kifayət qədərdir. Bununla belə, Varisin romanında Aşotun dilindən nəql olunan qəddarlığın miqyasını təsəvvür etmək belə ağılasığmazdır: “Bir mənzildə Sokolov ilk fotosunu çəkdi, iki yaşlı körpəni yeddi-səkkiz verska (ən uzun mismar) uzunluqlu kazaçkov mismarı ilə daş divara pərçimləmişdilər. İkinci mənzildə növbəti fotosunu çəkəsi olan Sokolov içini çəkərək “heyvanlar” söylədi...Yataqda 13-14 yaşlı çılpaq qız uzanıqlı vəziyyətdə əbədi yuxuya dalmışdı, bədəni qançır-qançır idi, ayaqları arasında qan gölməçəsi yaranmışdı... iki-üç milçək vızıltıyla qan içirdi. Biçarəni onlarca şəxs sıra ilə zorlamışdı, elə bu təcavüzdən də dünyasını dəyişmişdi, olduqca ürəkdağlayan mənzərə idi”. Romanda təsvir olunan bu dəhşətli səhnəlrin sayı onlarcadır və oxuduqca adamın damarlarda qanı donur, tükü ürpəşir, bu vəhşi millətə nifrət, qəzəb iç aləmini körük kimi kükrədir. Hər bir azərbaycanlının, hər bi türkün ibrət götürmək üçün, nəticə çıxarmaq üçün oxuması gərək olan bir əsərdir Varisin bu dəhşət saçan əsəri.
Əsərin ikinci süjet xəttinin bütün mahiyyətini və mənasını açmaq üçün müəllif əlavə bir süjet xəttindən məharətlə istifadə etmişdir. Bu süjetin əsas qayesini türk yeniyetməsi, Aşotun uşaqlıq dost Suatın faciəsi təşkil edir. Əslində əsərin”Qızıl cib saat” adlanması da təsadüfi deyil və bəlkə də müəllifin qələmə aldığı əsər bu süjet üzərində qurulmuşdur. Hadisələr XIX əsrin sonlarında Konsantinopolda cərəyan edir. Şəhərin əsasən ermənilər yaşayan məhəlləsində qonşu yaşayan üç ailənin-iki erməni və bir türk ailəsinin 3 yeniyetmə, 13-14 yaşlı övladları- ermənilər Aşot, Hamlet və türk Suat birgə böyüyür, mehriban və xoşbəxt günlər keçirirlər. Günlərin birində Aşotun valideynləri evdə olmayanda, dostlar Aşotgildə oynadıqları zaman olmazın hadisə baş verir. Yüz illik tarixi olan, çox dəyərli, üstü yazılı antikvar qızıl cib saatı yoxa çıxır...Şübhələr Hamletin üstündə cəmləşərkən, Hamlet vəziyyətdən çıxmaq üçün oğrunun Suat olduğunu anası vasitəsilə Aşotun valideynlərinə çatdırır. Bundan sonra Aşotun valideynləri Suatgilə gələrək haray-həşir salır, saatı Suatın oğurladığını onun atasına bildirir və saatı tələb edirlər, lakin Suat and-aman edir ki, saatı o götürməyib. Belə olan halda atası onu kəmərlə mökəm döyür, bədənini döyməkdən qançır edir, üstəlik evdən qovur və saatı gətirməyincə evə buraxmayacağını bildirir. Suat dostları Aşot və Hamletə nə qədər yalvarsa da, onun günahsız olduğu barədə atasına bildirməyi xahiş etsə də, bir nəticə hasil olmur və bütün bu haqqsızlıqlra, təhqirlərə, məşəqqətlərə dözə bilməyən, Suat çıxış yolunu intihar etməkdə görür, ayağına daş bağlayaraq özünü körpüdən dənizə atır. Qızıl cib saatının isə taleyi müəmmalı qalır... Romanda Aşotun dili ilə nəql olunan bu ürəkdağlayan acı həyat hekayəsi oxucunu bütün əsər boyu gərgin vəziyyətdə saxlayır və saatın taleyini bilmək üçün əsəri tezliklə oxuyub başa çatdırmağa vadar edir...
O gündən Aşotun ürəyini didib parçalayan bu olayla bağlı bir şübhə toxumu cücərməyə başlayır və o, yaşadığı bu hissləri bir cümlə ilə belə ifadə edir: “Hər bir türkə şübhə ilə yanaşmağa, məni yarı yolda qoyar düşüncəsinə görə məsafədə dayanmağa başladım”.
Müəllif oxucunu intizarda qoyaraq Suat əhvalatının əsl mahiyyətini əsərin finalına saxayır. Oxucu nəfəs çəkmədən mətindən ayrılmır, əsərin finalını gözləyir. Və budur, nəhayət ki, oxucunun uzun və həyacanlı intizarının sonu. Konstantinopollu jurnalist Aşot həmin hadisəni belə nəql edir: “Bu səhər gəzintiyə çıxanda (həbsxana gəzintisi nəzərdə tutulur. R.G) qəfildən məftil arakəsmənin o üzündən- qonşu baraqdakı erməni məhbusların içində Hamleti gördüm. Əcaba yuxumu görürdüm. Səkkiz ili haqlayan ayrılıqdan sonra üz-üzə dayanıb... hər ikimiz hönkürdük. Göz yaşları içində bütün keçmişimizi, Konstantinopollu günlərimizi xatırladıq... Ayrılarkən Hamlet barmaqlarımızı konvoy zorla bir-birimizdən ayıran məqamda məni məndən alıb göylərə qaldıraraq ordan şiddətlə yerə çırpan sözləri söylədi. ”Həyatdır, bəlkə bir daha görüşmədik... O vaxt saatı Suat yox, mən oğurlamışdım”.
Onu çəkən konvoyun zorlu əlləriylə daş divarın o biri başına çatıncaya qədər hey təkrarladı: Suat yox, mən! Mən oğurlamışdım! Mən!”
Mənsə taqətimi saxlaya bilməyib dizi üstə yerə çökdüm...”
Varisin bu əsəri tarixdən ibrət götürmək üçün çox dəyərli bir vasitə, erməni-türk, erməni- azərbaycanlı münasibətləri fonunda dünya erməniliyinin törətdiyi qanlı cinayətləri gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırmaq üçün bir ismarıc, bir çağırışdır. Hesab edirəm ki, əsər həm də ən ağrılı problemimiz olan “erməni məsələsi”nə həsr olunmuş ən dəyərli əsərlər sırasındadır və O, bu əsəri ərsəyə gətirməklə müstəqillik dövr nəsrimizə çox dəyərli bir töhfə vermiş, əsl vətəndaşlıq mövqeyi, milli təəssübkeşlik nümunəsi nümayış etdirmişdir.
“Ədəbiyyat və incəsənət”
(31.10.2024)