ƏN YENİ POEZİYA İqbal Nəhmətin “Sadə şeir”i ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə yolumuz Yardımlıyadır, şair İqbal Nəhmətin yaradıcılıq laboratoriyasına. 

Yeni şeirində nədən bəhs edir şair? “Sizi deyə bilmərəm, Bizi gözdən saldılar” gileyinin arxasındakılar nədir? Əlbəttə ki, yurdsevər, insansevər şair rastlaşdığı neqativliklərlə barışa bilməz.

Buyurun, oxuyun! 

 

 

SADƏ ŞEİR

 

Deməyə söz qalmadı,

Sözü gözdən saldılar.

Qızardı ağarmadı,

Üzü gözdən saldılar.

 

Söndürdülər ocağı,

İsitdilər qucağı,

Ana gəzdi budağı,

Qızı gözdən saldılar.

 

Şeytan ilə əldilər,

Sonra dinə gəldilər,

Əyilib-düzəldilər,

Dizi gözdən saldılar.

 

Bahara küs dedilər,

Payıza sus dedilər,

Küləyə əs dedilər,

Tozu gözdən saldılar.

 

Düzü əyə bilmərəm,

Gözü döyə bilmərəm,

Sizi deyə bilmərəm,

Bizi gözdən saldılar.

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.