BİRİ İKİSİNDƏ – Aysel Xanlarqızının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, Aysel XANLARQIZInın şeirləri ilə tanışlıqdır.

 

                                  

***

 

Sən cəsur döyüşçüm,  mən əsir yurdun,

Bir Turan arzulu türküm, boz qurdum.

O taylı-bu taylı Xudafərinim,

Qoynuna tələsən Təbriz hayqırtım...

 

Ayrı qitələrdə həsrət yanğısı ,

Dərviş səbrindəki təklik ağrısı.

Mövlanəm, üləmam, sufim, zahidim,

Eşqə təsəvvüfüm,Tanrı çağrısı...

 

Bu şəhid ruhumun azad şəhəri,

Sən Laçın sabahım, Şuşa səhərim... 

Köksü səcdəgahım, ocağım, pirim,

Acı taleyimin xoşbəxt zühuru...

 

Gəl, sənsiz vəhşətdə xaraba ruhum,

Qiyamət ömrümün İsrafil suru...

 

 

***

 

Mən yorğun yolların

sinəsi üstündə

həsrətini qucaqlayan

tənha bir

yer adamı ,

gözlərimdəki

bayram sabahı

yalnızlığıdır

səni gözləmək.

Duyğularım

minarələrdən dağılan

səcdə çağırışına

tələsən

səs qədər həssas,

al saçlarımı,

qoynunun ən rahat bir küncündən as...

Hər gün

azan səsini

ilahi bir eşqlə  gözləmək kimidir

səni gözləmək,

cismimdə

nə hiss varsa,

sevginlə şifrələnib...

Bütün dinləri

yanıma alıb

sən gələn yollara diz çökmüşəm,

gözlərinə təzimdəyəm,

mən

Allahın yuxusuz gözündəyəm...

 

 

YAĞIŞA DUA

 

Sən – bir az əsəbi, bir az qayğılı,

Bu yorğun şəhərin tıxacı kimi.

Mən – payız gününün səhər yağışı,

İllərin sevincə möhtacı kimi.

 

Göy üzü başıma çətir tutmayır,

Nə dərdi varsa da, üstümə yağır.

Deyəsən, buludda hadisə olub,

İslanıb bu sabah yerin qucağı.

 

Gözünün çamuru yerə bulaşıb,

Küçələr, hönkürür ayağım altda.

Bu eşqi ruhuma çətir tutmuşam,

Ömrümü qurmuşam sən gələn vaxta.

 

Xəritə ucunda yorğun düşübdür,

Sən olan nöqtəyə qonur barmağım.

Bu sabah göylərə tilov atmışam,

Bir "uçaq" tutarsa, bəlkə, qarmağım...

 

İçində sən olan o uçağı da

Dartıb gətirərəm öz limanıma.

Bu şəhər yağışa dua edirəm –

Göylərdən düşürsün səni yanıma.

 

 

O, SƏNSƏN

 

Qollarına avar çəkən gözlərin,

Qucağındır səcdə yeri, and yeri.

Həsrətinə yorğun düşən şəhərin

Yanağında biri var ki… o, sənsən.

 

Dan yerinin saçlarını saraldan,

Qayıdış yox, qürub adlı bir yoldan.

Ürəyimi götürdüyün vağzalda

Gecikdiyim bir qatar ki… o, sənsən.

 

Bahar qollarımda, payız saçımda,

Şehli baxışların kirpik ucunda.

Şirin görüşlərin titrək ovcunda,

Bir xatirə yeri var ki… o, sənsən.

 

Ulduzların gecə rəngli gözündə,

Vücudumun hər sətirlik izində,

Bir şeirin közə dönmüş sözündə

Misraları darıxar ki… o, sənsən.

 

Nəfəsinə qurban etdim zamanı,

Kitab-kitab sözə dönən insanım.

Bu dunyada sevgi adlı unvanım,

Hardan bilsin adamlar ki… o, sənsən.

 

 

DAŞ DÜŞSÜN BAŞINA

 

Kədər qatarlanıb hava xəttində,
Ruhum bir təyyarə qanadı üstə.

Yenə həsrətimi möhür vururlar,

Eh…yorğun bir pasport sənədi üstə.

 

İndi xatirələr çox yüksəklikdə,

Göyün səs-küyündən batır qulağı.

Xəyalım – göy donlu stüardessa,

Yalnızlıq – uzanan uçuş zolağı.

 

De, necə yuxuya verim göz yaşın?

Bu yalqız ömrümü necə qurtarım­?

Getmə! – deyəcəkdim,

                          dilim qurudu...
Daş düşşün başına ayrılıqların.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.