“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Cavid Qasımovundur.
***
İndi məndən ötrü bu ayrılıq da
İsanın sonuncu şam yeməyidir.
Əzizim, həyatdır, bizdən birimiz
Zəhərdən nuş edib, tez ölməliydi.
Nə fərqi, sən içdin, ya da mən içdim?
Nə fərqi, tələsdin, ya mən gecikdim?
Yenə də nuş olsun hər ikimizə...
Bircə pıçıltımı yadında saxla,
Cəllad kötüyüdür çiyinlərimiz.
Gedəndə özüylə səbəbsiz yerə
Başını aparmır əzizlərimiz.
Sənin də çiynində qan ləkəsi var,
Mənim də çiynimdə qan ləkəsi var.
Hirsini doğrayır sağ qulağıma
Hər dəfə boynumdan öpən qılınclar.
Uzaqlaş, uzaqlaş üfüqlərəcən,
Səhər yeməyinə çıxıb gələrsən.
***
Məndən bir qarış yuxarıda
Kim çəkib çarmıxa quşları?
Bunlar İsanın göndərdiyi
Bəlkə, çarmıx məktublarıdı?
Oxuya bilmirəm hələ də
Ağ-qara xəttini yazının,
Qolumu açıb oynayıram
Səsinə qarğa avazının.
Kiməsə qucağını açmaq –
Çarmıxa çəkilmək rəmzidir.
Bizi ən çox qucaqlayan da
Quşlardı, İsanın özüdür.
***
Görürsənmi, əzizim,
Bizdən çox-çox uzaqda
Afrikalı uşaqlar günəş şəkli çəkirlər.
Nə fərqi var, şəkildir,
Göy üzünə çəkildi,
Ya torpağa çəkildi.
Bir az solğun, həm qara,
Bir az soyuq, həm isti,
Bir az susuz, həm quru,
Belə baxsan, günəşdir,
Nə yaxşıdır, nə pisdir.
Birdən çaşıb deyərsən:
– Afrikalı uşaqlar rəng tərəfdən xəsisdir.
Yox, əzizim, yaxşı bax,
Bizdən çox-çox uzaqda
Yeni günəş doğacaq.
Ya torpaqdan,
Ya göydən.
Ya dənizdən,
Ya dağdan .
Bizdən çox-çox uzaqda
Afrikalı uşaq da
Gözlərini tutacaq
Dan yeri söküləndə...
***
Çoxdan öyrəşmişəm tənhalığıma,
Nə dostum axtarır, nə də düşmənim.
Gedirəm dən səpəm göyərçinlərə,
Məndən ölən olmaz, öldürən olmaz.
Gündüzlər kəpənək qanadlarının
Səsinə tuturam qulaqlarımı.
Gecələr çiçəkdən süd dişi kimi
Çəkib çıxarıram ləçəklərini.
Bir də, mənim üçün bütün adamlar
Daman evlərinin damında gəzir.
Hamının evinə damdığı yerdən
Göylərə qapqara baca yüksəlir.
Bir ovuc vaxtım var, nə edim, Allah,
Gedirəm dən səpəm göyərçinlərə...
***
Baş açmadım, gözəl qız, özüm bu ayrılıqdan,
Qırıldı qol-qanadım, dizim bu ayrılıqdan.
Dodaq-dodaq gəzişdi, qulaq-qulaq yox oldu –
Fələk nələr demişdi bizim bu ayrılıqdan.
Sabah gözüm sulansa, günahı məndə görmə,
Su içməmişdi əvvəl gözüm bu ayrılıqdan.
Bu ayrılıq bizimçün ayaq döyəndə başdan,
Yox idi yol, ayağın üzüm bu ayrılıqdan.
O incə tellerintək damarlarım əsirdi
Qəfil gəlib düşəndə sözüm bu ayrılıqdan,
Nə müşkül işdi, bilməm, düyünlərin açan yox,
Tapılmır e, tapılmır çözüm bu ayrılıqdan.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)