Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Yaqub Naminin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Yaqub Nami
I.
Dayanmadan, günbəgün
Azalır telefonumun nömrələrinin sayı
Dünəndən bu günə
Sozalır, azalır, sozalır, azalır
Belə getsə
Bir mən qalacağam, bir də telefonum
Ya da ki bir gün
Bir ala-toranlıqda
Baharsız bir payız axşamında
Mənim də nömrəm yolunu tutub gedəcək tək başına
Sozala-sozala, azalana qədər.
Görəsən haçan
Bir telefonun yükü yüngülləşəcək mənsiz?!
Dünəndən gətirdiklərim yol alıb gedir
Bu günüm yalnız özümlə paylaşılır
Sabahıma güman yox, gün batan çağları
Telefon nömrələrimin sozalması çoxalıb
Bəlkə də mən azalmağa başlamışam
Yoxlayın telefonlarınızı.
II.
Alovlanan günəş üzün,
Görməmişdən ölməyəm kaş.
Dodağından körpə öpüş,
Dərməmişdən ölməyəm kaş.
Tağı pozulmuş tağların,
Alaqda itmiş bağların,
Pırtlaşmış telin dağların,
Hörməmişdən ölməyəm kaş.
Keçmişləri boğçalayıb,
Sabahlara iz calayıb,
Kef yuvasın qurcalayıb,
Sürməmişdən ölməyəm kaş.
Bu yol üstdən ötənlərə,
Şeh-mıncıqlı çimənlərə,
Sevgimi yasəmənlərə,
Sərməmişdən ölməyəm kaş.
III.
Kəsir şaxta soyuq
Əllərimiz bum-buz, asılı herələrdən
Dilimiz kəsili şaxtadan
Ürəklər qapalı qara daban qış üzündən
Üzü dərəyə sarı gedən yaşamda
Bahardan yazmağı
Qayaların çiçəklənməsi
Ərimiş buzların şarıltısı
Quzuların kökəlməsi
Günəbaxanların qızıl saçlı günəşlə dansını
SEVİRƏM YOLDAŞ... qınama artıq
İllər öncədən
Qışın lap oğlan çağında demişdim bir gün:
“Yaşadıq il boyu bahar eşqilə
Gəlmədi yaşıllıq, soldu intizar
Uzuna çəkildi qışın soyuğu
Xatirə bağladı ürəkdə bahar”
IV
Mənə qismət
Mənim qismətim
Küçə-bacadan süpürmək olub sevgilərin artığını bir ömür.
Bir ömür,
Məni yanlışcasına doğub anam.
Qara tikanam yol qırağında, bağrı çatlamış daşların həmdəmi.
Dilimin ucunda qurulmağa çalışılanocaq,
Ətəşi dodağıma çatmadan.
Ana desən...qisməti səssizlikləsusmaq, olub-bitənlərə
Mənim, sənin, onun...küçə-bacanın üzündən.
Oda başqa bir vətən,
Kimsənin vecində olmayan,
Küllərinə göz tikib, tüstüləyib, alovlayan.
Qardaşım...hələdə üfüqlərə sallanıb, illərdir.
Cəzasını gözləyir zamanın, zaman çərçivəsində.
Bacım...ana taleyindən kölgə dərmək havasında.
Qalanları... Yemədikləri ətin, aşığını oynadırlar küçədə.
Məni sorsan...
İstəmədən əkib atam.
Mən...boşalmış duraqda, gecikən sonuncu müsafir,
Bağırsam,
Yox hayıma səs verən.
Otursam, donacaq gözlərim.
Qayıtsam, qaranlığa düşəcək ayaqlarım.
Düşünə bilmədən,
Hələ ki, əlləri qoynumda dayanmışam bu duraqda.
Yanlışam yoldaş...yanlış.
V.
Səni gətirən qatar
Məni aparır
Sən oradan enəndə şəhərə sarı
Mən burdan qalxıram hara?...bilmirəm
Məktubunu daşlar altdan götürürəm
Yazılarım sənə çatır?...bilmirəm
Nə səndə maraq , qatarı saxlamağa
Nə məndə cürət
Duraqda gözləməyə
Sonsuz bir film sonu kimi
Bitmədədir bu həyat.
“Ədəbiyyat və incəsənət”
(30.10.2024)