BİRİ İKİSİNDƏ - Anar Seyidağanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Anar Seyidağanın şeirləri təqdim edilir.

 

 

İZ

 

Tənhalıq yanında

kiminsə olmaması deyil,

Tənhalıq yanında heç kimi

hiss edə bilməməyindi.

Ümidsiz sevməkdi əzab verən.

Səhra yağışıdı gülüşlərin.

Qeyri-səlis məntiqdi qovuşmağımız.

5-10 adamın içini

yandırmaq fəlsəfəsidi şeirlər.

Unutmaq deyilən bir şey varsa, xəstəlikdi.

Nağıllardı ağlımızda

doğruluğun kimsəyə

lazım olmayan izləri.

cəhənnəm qorxusudu

cənnəti doya-doya yaşamamaq.

 

 

ADAM

 

Bir salam söylə də açılsın dilim,

Yoluna yalandan çıxdığım adam.

Səni necə xoşbəxt edəm,nə bilim,

Yüz kərə qaldırıb yıxdığım adam.

 

Körpə sevgimizi tutub bələdim,

Əlimdən nə gəldi, onu elədim.

Sən buz parçasısan, demə,belədi,

Qarşına keçincə axdığım adam.

 

Çox qırdın, çox yordun istəmədən sən,

Başladıq yenidən,bitdi yenidən.

Elə bilmə sənsiz sıxılmıram mən,

Uzaq durmağımla sıxdığım adam.

 

Yol deyil, bilirəm,  mənim seçdiyim,

Canından keçərsən candan keçdiyim. –

Dirisini boğmaq fikirləşdiyim,

Ölməsindən amma qorxduğum adam.

             

 

CƏZA

 

Bu qədər məlum içindən

Nədən sən məchulu seçdim?

Həsrətin yüz cür həlli var,

Ən çətin üsulu seçdim.

 

Deməzdim,deməzdim amma

Tənə etməsəydi çoxu.

Xaraba qoyduğun qəlbin

Bayquşu özünsən axı.

 

Səni itirmək yoxdursa,

Qorxu nəyimə gərəkdir?

Yatıb səni görmərəmsə,

Yuxu nəyimə gərəkdir?

 

Yanımda ol,səni sevmək

Qoy yazılmasın qəzama.

Tanrım, mən razı deyiləm

Ömürlük sevmək cəzama.

 

 

MƏNDƏN NƏ YAZIB ALLAH?

 

Gözlərimə bax bəzən –

güzgünü neyləyirsən?

Qoy ölüm həsrətindən –

özgəni neyləyirsən?

 

Misra-misra oxunma,

qoşum, dastan eyləyim.

Məhəbbətə himn yazım,

səni bəstəm eyləyim.

 

Əllərim fırça olsun,

sinən rəsm varağım.

Yanağından oxunsun

mənim möhur dodağım.

 

Saçını uçuran yel

dəli nəfəsim olsun.

Qollarının arası –

Olsun – qəfəsim olsun.

 

...Hey səni arzuladım,

Yalvardım – susub, Allah.

Görən, alın yazında

məndən nə yazıb Allah?

 

    

XOŞBƏXT OL

 

Mənə bir toy havası çal

Qaval daşı ilə –

Tarixin yaddaşına oynayım.

Dindirin xarıbülbülü –

Vətən yazdım son kərə –

Şahiddi.

O gəlinin xınası havalıdı –

        sevgilisi şəhiddi...

Bitməz bu müharibə

Son şəhid

               qızına

Divardakı şəklindən –

Xoşbəxt ol!

        deyənədək.

 

    

QLADİATOR

 

Zəfərinə tamaşatək

Baxılan qladiator kimiyəm.

Bu sevgilərdən ayrılantək

Düşüncələrimin əsiri

    olduğumu anlayıram.

İndi mənə əl çalanlar

Zuy da tutar, bilirəm.

Ölmək üçün bir az tezdi –

yavaş-yavaş ölürəm.

İlahi, İlahi!

Eşidirsən məni?

Baxırsan,

Eyni adamlardı,

Eyni dualar,

Eyni arzularla

Yoruruq səni?

İlahi!

Bir şey istədiyim yox,

Sadəcə, səni görmək istədim.

   

 

İSTƏYİRƏM

 

Sənə oruc olmaq nədi,

doya bilmək istəyirəm.

Alnımı alnına qoyub

namaz qılmaq istəyirəm.

 

Gəl deyirəm, gəlirsən ki,

Nə düşündün deyirsən ki.

Yasaq meyvəm deyilsən ki,

bir diş almaq istəyirəm.

 

Sevgi hanı, inam hanı?

De, inanım, atam canı.

Qırım töküm, "papatyanı"? –

əmin olmaq istəyirəm.

 

Səninləmi qoşa düşdüm?

Başdan etmə, başa düşdüm.

Düşünürsən, işə düşdüm –

İşə salmaq istəyirəm.

 

 

ÇIXIR

 

Niyə əyilməyən ruhum

qabağına dustaq çıxır.

Səndən sonra ürəyimə

kim gəlirsə, qonaq çıxır.

 

Gedəməm,nə qədər vursan,

Nə olar, yanımda dursan.

Allah haqqı! İnanmırsan?

Sənsiz hər şey yamaq çıxır.

 

Ölümmü mərd olum sənə?

İtimmi dərd olum sənə?

Deyirəm sərt olum sənə –

İçimdən bir uşaq çıxır.

 

Sevmə, oxuma nəzmimi,

Qıra bilməzsən əzmimi.

Özün çək sevgi rəsmini

Mən çəkirəm, çılpaq çıxır.

 

 

İÇİNDƏ

 

Başqa aləmdəyik – nə kürə, nə yer,

Odla oynayırıq təndir içində.

Hərə bir tənliyin məchulundadır –

Necə tam çıxasan kəsir içində?!

 

Hansı yana gedək, vardı bir tuzaq,

Hər iki tərəfdə it hürür ancaq.

Div bilir, kim yatar, kim qalar oyaq,

Kimə su aparsın xəlbir içində.

 

Bu dar ağacıdı, baxma ucuna,

Sən yellən, küləklər dönsün saçına.

Ürək nə düşünür, kimin vecinə,

Boğaz xoşbəxtdirsə kəndir içində.

 

Günahdı, yasaqdı əyləncə, tar, saz,

Nə gözəllik gördük, dedilər, olmaz!..

Sən də, qəbirqazan, bir az enli qaz,

Adam sıxılmasın qəbir içində.

 

 

NƏDİ?

 

Məni öldürməyə bir cümlə bəsdi,

Bu atəş, bu vulkan, top-tüfəng nədi?

Gözündən süzülən tək damla bəsdi –

Üzümə dəyişən yeddi rəng nədi?

 

Bilməyib qırmaq var, bilib qırmaq var,

Sevməyib xoş tutmaq, sevib yormaq var.

Öpüb oxşamaq var, gəlib görmək var,

Qısa mesaj nədi, soyuq zəng nədi?

 

Mən meydən qaçıram, içir ruhumu,

Dünya dərd yeridi, qaçır ruhumu.

Çox uzaq tutursan, uçur ruhumu –

İpin doladığın çərpələng nədi?

 

Nə misallar gördüm, mənə nə tərci?

Yorma özünü də, gəl tutaq mərci.

Ay zalım, sevirəm, nə il, nə bürcü –

Ha əkizlər nədi, ha xərçəng nədi?

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.