“Ədəbiyyat və incəsənət” portalında bu gün sizlərə gənc şair Aygün Bayramlının şeirləri təqdim olunacaq.
KAŞ Kİ…
Dərin-dərin səmaların
Buludu olaydım kaş ki…
Hamı gedərdi işinə,
Unudulaydım kaş ki...
Ya səmanın qucağında
Quşa dönəydim, uçaydım...
Ya da bir ulduz olaydım,
Səhər sönəydim kaş ki...
Bəlkə, başı göyə çatan
Ağac olaydım bircə gün,
Yazda hər yer yaşaranda
Quruyaydım kaş ki...
Heç kəsin yaşamadığı
Bir ev olaydım bir saat,
Divarında köhnə saat kimi
Geri qalaydım kaş ki...
Bu beş günlük dünyanın elə bil ki
Ucsuz-bucaqsız yaşamı var,
Yapışmışıq yaxasından ikiəlli,
Bu dünyanın yaxasından yapışan iki əlin
biri olaydım kaş ki…
QAĞAYI
Gəl uçaq, qağayı,
Gəl uçaq...
Mən sevincdən,
Sən azadlıqdan,
Qağayı...
Mən xoşbəxtliyi qucaqlayım,
Sən səmaları...
Sənin xoşbəxtliyin uçmaqdır,
Mənim uçmağım xoşbəxtlikdən...
Bu dünyada hər yaranan ötəridir,
Yaşananlar quş ömrüdür, köçəridir.
İnsan elə doğulandan xoşbəxtliyə
qaçmır ki,
Quşlar da siz bilən kimi
Xoşbəxtlikdən uçmur ki...
Gəl uçaq, qağayı...
BAKIYA SALAM DENƏN
Bakıya salam denən,
Səhər gözün açanda…
Göy Xəzərin köksünə
Qağayılar uçanda.
Xəzərə çatdır mənim
Sevgi-məhəbbətimi,
Denən ki, ona verdim
Bütün səadətimi…
Küləyini mənimçün
İyləyib qoxlayarsan.
Mən gəlib çatanacan
Sinəndə saxlayarsan…
Məni qarış-qarış gəz
Hər küçə döngəsində.
Yaz adımın baş hərfin
Xəzərin sahilində,
Bakıya salam denən…
MƏN TORPAĞAM
Bir də baxdın,
Torpağa çürüyüb qarışmışam,
Bir də görərsən,
Torpağa dönmüşəm mən.
Nə qeyri-adi işdi?
Torpaqdan yarananda
Torpağa dönəcəkdim,
Bir gün yaranmışamsa,
Bir gün də öləcəkdim.
Kaş elə torpaq olum,
Üstümü gül bəzəsin,
Görüm bu dünyanın mən
Hər təzəsin, köhnəsin...
Kaş torpağa dönəm,
Qarışam lap diblərə,
Gedib lap uzaqlardan
Qohum-əqrəbalara
Deyəm ki, gəlmişəm
Sizinlə görüşməyə...
Kaş ki, torpağa dönəm,
Dalam ən dərinlərə,
Ölənlərlə görüşəm...
Torpaq olmaq yaxşıdı...
Hamı bərabərləşir,
Qalır yerin üzündə,
Ən qızıldan taxtlar da,
Ən bəxtəvər baxtlar da,
O ən yaxşı vaxtlar da
Torpaqda eyniləşir...
Torpaq olmaq çətindi,
Mən torpağam,
Üstümdə, tonlarla binalar var,
Dərələr var, dağlar var,
Qurulmuş yurd-yuvalar,
Salınmış bağçalar var,
Ən əsası,
əsası üstümdə insanlar var!
Mən torpağam,
Bu qədər zamana dayanmışam,
Cahana dayanmışam,
İNSANA dayanmışam!
“Ədəbiyyat və incəsənət”
(25.10.2024)