“Həm öyrətdik, həm öyrənib dərs aldıq...” – Cəmil Cəmilbəylinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı Yeni imzalar rubrikasında sizlərə Cəmil Cəmilbəylinin şeirlərini təqdim edir.

 

 

***

Həm öyrətdik, həm öyrənib dərs aldıq,
Gedənlər də, qalanlar da sağ olsun.
Şirin-şəkər nağıllara inandıq,
Doğrular da, yalanlar da sağ olsun.

Gül arzular, gül ümidin üzən çox,
Gül üstündə titrəyən çox, əsən çox.
Taledi də, inciyən çox, küsən çox,
Açanlar da, solanlar da sağ olsun.

Kim nə bilir, nə yolunuq, nə köçün,
Ya savabın, ya xeyirin, ya suçun.
O dünyada bizə düşən pay üçün
"Xeyir-dua qılanlar da sağ olsun".


***

Dərdin alım, gileylənsə, incimə,
Ürəyimdə nə qəmlərim ağrıyır.
Həsrətinlə toxuduğun, hördüyün
Naxışlarım, ilmələrim ağrıyır.

Ha axtarsın, ha arasın gözlərim,
Öz yolunda itkin düşüb izlərim.
Dodağımda köz-köz olmuş sözlərim,
Külə dönmüş kəlmələrim ağrıyır.

Bir zamanlar şən səsinlə güllənən,
Gahdan coşub, gah durulub lillənən,
Gah kamanda, gah da tarda dillənən
Perik düşmüş nəğmələrim ağrıyır.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)


 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.