Xirtdəyədək məişət ağrılarıyla dolu bir zamanda ədəbiyyata könül vermək asan deyil… Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri də Hüseyn Cavid olub. Əzab dolu həyat yaşasa da yaradıcılığı ilə insnların ağlında, şüurunda, ürəyində yuva qura bilib. 1938-ci ildə həbs olunaraq "əks-inqilabi əlaqələr saxlamaq", "bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq", "öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək" kimi ittihamlarla günahlandırılaraq, 9 iyun 1939-cu ildə 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə 59 yaşında ikən İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət alıb. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib...

 

Hüseyn Cavid Naxçıvanda anadan olmuşdu. Ondan 85 il sonra eyni gündə, 1967-ci ilin oktyabrın 24-də Gədəbəy rayonunun Arabaçı kəndində bir oğlan uşağı dünyaya gəldi. Adını Ayaz qoydular. Ayaz Hüseyn Caviddən fərqli olaraq qorxu-hürküsüz həyat yaşadı. 1984-cü ildə Arabaçı kənd orta məktəbini bitirdi. Artıq bir neçə il idi ki, şeir yazırdı. Doğulduğu kəndin adını özünə təxəllüs götürdü. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olundu, radionun uşaq verilişlərində səsləndirildi. Arada hərbi xidmətə çağırıldı və hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilinə yiyələndi. Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başladı, bir müddət sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işlədi. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunub. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülüb. 10-a yaxın şeir kitabının müəllifidir. Xeyli sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur...

 

Deyir ki:- “Bu yaşımda az-çox ovqatımı təzələyəcək bir şey varsa o da ədəbiyyatdır. Ədəbiyyat mühüm prinsiplərimi həyata keçirə biləcəyim yeganə vasitədir. Bu həm də yazı -pozu adamının duruluğunu, saflığını saxlayan, büdrəmələrdən qoruyan bir məharət mənbəyidir. Ədəbiyyatdakı ovqatım demək olar ki, yaxşıdır. Estetik konsepsiyaları əsas tutsam belə bu sahədə çox az xəyal qırıqlığı yaşayıram. Yeri gəldikcə mütaliyə edirəm və mütaliəyə daha çox vaxt ayırmağa çalışıram.  Ədəbiyyata kimin necə və hansı niyyətlə soxulmasından asılı olmayaraq, o təravət və gözəlliyini saxlamaqdadır. Bizdə zamanın hüdudlarını aşıb keçə biləcək kifayət qədər imzalar və əsərlər mövcuddur. Hətta böyük inqilabi ideyaları gerçəkləşdirə biləcək əsərlər belə var. Gözəlliyə, incəliyə və dərinliyə baş vuran gənc nəslin uğurlu eksperimentləri də göz qabağındadır. Əsas silah kimi pulu yox, sözü seçə bilsək nailiyyət özü gələcək.”

 

Çox qətiyyətli və əzmkar insandır. Məqsədinə çatmaq üçün hər cür çətinliyi aşmağa hazırdır və bu yolda heç nədən çəkinmir. Güclü iradəsi onu həyatdakı maneələri dəf etməyə ruhlandırır. Eyni zamanda, o çox sadiqdir. Sevdiklərinə və yaxınlarına dərindən bağlıdır və bu bağlılıq onun üçün çox əhəmiyyətlidir...

 

“Əslində biz Allahı demək olar ki, tamam unutmuşuq. Allaha olan sevgi ya cahilcəsinədi, ya da ki, qorxudandı. Hara baxsan,  Allahsızlıq açıq-aşkar görünür. İndi biz daha çox haram pulların at oynatdığı bir səltənətin məzlum və fəqir adamlarıyıq. Ona görə də ədəbiyyatda Allaha şikayət məzmununda şeirlər, hekayələr çoxalır. Müqəddəs kitablardan ancaq təsəlli tapır, ümidimizi o bir dünyaya bağlayırıq. Nə qədər çaba göstərib, zehni qüdrətimizi işə salsaq belə Allahı dini kitablardan real dünyaya çıxarda bilmirik.”- söyləyir...

 

Güclü hissiyatı var, çox ehtiraslı insandır. Hər şeyi ürəkdən yaşayadığından, bu xüsusiyyəti onu hədsiz enerjili və hərəkətli edir. O, öz ideyalarını həyata keçirmək üçün bütün gücünü sərf etməyə hazırdır. Bəlkə də həyatdakı uğurlarının əsas səbəblərindən biri də budur...

 

Deyir ki:- “ Bu gün ədəbiyyatımızın kifayət qədər problemləri var. Çünki ədəbiyyatı əsl fədailər yaratmalıdır. Çünki ağır güzəranın altında inləyərək, evsiz-eşiksiz, xirtdəyədək məişət ağrılarıyla dolu bir zamanda ədəbiyyata könül verib vəfa göstərmək asan iş deyil. Bu cür adamlar böyük hünər sahibi olmalı. Xüsusən nırxı pozulmuş bazarda yaralı qəlbinin brilyant göz yaşlarını layiqli qiymətə satmaq, özünü təsdiq etmək çətindir. Çözüm bu ki, maddi rifah yüksəlməlidir. Bir ucaboylu, qədd-qamətli maaş hər şeyi həll edə bilər.”

 

Ən böyük mənfi cəhətlərindən biri gizlilikdir. O, çox vaxt özünü başqalarından gizləyir və hisslərini paylaşmaqdan çəkinir. Bu xüsusiyyət, onun daxili dünyasının dərinliyini başqalarına açmağı çətinləşdirir və bəzən yanlış anlaşılmalara səbəb ola bilir. Onun sirli təbiəti həyatın daha dərin və mənalı tərəflərinə olan marağını artırır. O, həyatda daha çox araşdırmağı və hər şeyin arxasındakı həqiqətləri öyrənməyi sevir. Onun üçün həyatın gizli tərəflərini kəşf etmək böyük bir ehtirasdır. O, mistik və ya metafizik mövzulara xüsusi maraq göstərir və bəzən ölümdən sonrakı həyat və kainatın mənası kimi böyük suallarla məşğul olur...

 

“Mən sonluq deyə bir şey düşünmürəm heç vaxt, bu ifadəni də qəbul etmirəm. Ən azı özümçün. Mənə qalsa ölüm ruhumuzun qaranlıqlardan sıyrılıb çıxmasının xilas yoludur. Sözsüz ki, hansısa kövrək məqamda kimlərisə – yaxınları, dostları ağlada biləcək zərif, dəbdəbəli, ağrılı nəsə yazmaq keçib könlümdən. Bilmirəm, bəlkə də səmimi ola bilmədim. Amma bir vaxt belə misralar yazmışam:

Baharda bənövşələr xəzanı heç düşünmür,

Ömrün qısa olmağı gəlmir ağıllarına.”

 

Bəli, Ayaz Arabaçı komandanı Nizami Gəncəvi olan Azərbaycanın şairlər ordusunun cəsur əsgərlərindən biridir. Ən böyük mükafatını zaman verəcək. Oktyabrın 24-də 57 yaşı tamam olur. Hələ ki, iki il Hüseyn Caviddən cavandır...

Onu təbrik edir, uzun və firavan ömür arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.