Bu Vətən müharibəsinin növbəti ildönümü günlərində “Ədəbiyyat və incəsənət” portalı sizlərə Ay Bəniz Əliyarın “Xarıbülbül” pyesini təqdim edir.
XARIBÜLBÜL
(üç pərdəli pyes)
Vətən müharibəsinə həsr olunur.
ixtisarla
İştirak edənlər: Baba- kənd adamı, ağsaqqal
nəvə- 15-16 yaşlı oğlan uşağı
hərbi geyimli bir zabit
Hikmət - əsgər, nişanlı oğlan
Yasəmən – Hikmətin nişanlısı
Xatun- Yasəmənin rəfiqəsi
Nənə, bir neçə qadın, gənclər.
I Pərdə
Axşamüstü. Hava xoşdur. Gül gülü çağırır, bülbül bülbülü. Baba bağda odun doğramaq havasında. İndi dincini almaq üçün bir kötüyün üstünə oturub. Bu dəm 15-16 yaşlı nəvəsi qaça-qaça gəlir:
– Baba, baba, televizorda eşitdim,
“Səfərbərlik elan oldu”, dedilər.
Xəbərlərə sonacan diqqət etdim,
“Müharibə” deməkdimi bu xəbər?
Baba döyüküb baxır. Oğlan isə babasından cavabını gözləmədən sevincək davam edir:
– Televizorda, qulağımla eşitdim,
Səfərbərlik elan etdi Prezident.
Müharibə başlayacaq, can, ay can,
Biz bu dəfə gedəcəyik sonacan.
Baba qulaqlarına inanmırmış kimi:
– Müharibə? Doğrudanmı, ay bala?
Lap eşitdin? Birdən yalan duyarsan?
Nəvə:
– Heç elə şey olar axı, ay baba?
Çağırışa gedir artıq hər insan!
Baba əllərini göyə açıb haray çəkir:
– Yalandırsa, doğru olsun, İlahi!
Sonra üzünü yenə nəvəsinə tutaraq:
– Belə xəbər deyilərmi qəfildən?
Can, ay bala, gəl gözləyək sabahı,
Atan, yəqin, zəng eləyər cəbhədən.
Düşmən çoxdan acıq verir bizlərə,
Yallı getdi, yeyib-içdi Şuşada.
Əvvəl-axır öləcəyik bir kərə,
Heç olmasa yurd yerlərin yaşadaq.
Nəvə:
Həə, ay baba, atam, yəqin, zəng edər,
Deyər, mənə yaxşı-yaxşı qulaq as.
Düşmənləri eyləmişik dərbədər,
Qiyamətə qalmadı heç bu qisas.
Baba:
– “Çör-çöp köz saxlamaz, yağı dost olmaz”,
Bunu yaddaşında bir yerlərə yaz.
Düşmənin dizinin üstədir çörək,
Ona qapımızı açmazdıq gərək.
Ordumuz sınaqdan çıxsın üzüağ,
Coşsun qələbəylə üçrəngli bayraq.
Başlasın xalqımın savaş səfəri,
Mən də ölməmişdən görüm zəfəri.
Baba oturduğu yerdən qalxmağa çalışır, nəvəsi də ona yardım edir.
Baba nəvəsinə yorğun-arğın səslə, həm də bərk-bərk tapşırırmış kimi:
– Doğru, doğru, bir dikəldim belimi,
Çıxım kəndə, görüm nələr var daha.
Can, ay bala, farağat tut dilini,
Nə anana, nə nənənə demə haa!
Babanın yenə ürəyi dözmür:
– Gir içəri, televizorun al səsin,
Bir gözləyək atan da zəng eləsin.
Səhnə dəyişir. Kənd içidir. Uşaqlar bir-birinə qoşularaq, əllərində xırda bayraqlar, əslində, müharibənin nə olduğunu anlamadan, bilmədən sevinclə çığırışırlar:
– Müharibə başladı! Müharibə başladı!
– Qarabağ bizimdir! Bizim olacaq!
Yavaş-yavaş tufan yaxınlaşırmış kimi uğultu qopmağa başlayır.
Uğultunun içindən zəng səsi glir. Cəbhədəndir. Eşidən olmur. Zəng kəsilir. Televizordan Ali Baş Komandanın səsi yüksəlir:
– Qarabağ Azərbaycandır! Və NİDA!
***
Yeni səhnə.
Bulaq başıdır. Beş-üç qadın xısın-xısın söhbət edir,
Yasəmənlə Xatun da kənarda öz aralarında danışır.
Yasəmən
Müharibə gedir artıq cəbhədə,
Eşidərsən, doğrudurmu, ay Xatun?
Xatun
Həə, deyirlər, yetişibdi o vədə,
Alınmalı qisası var Poladın.
Yasəmən
Həə, General Həşimovdu o Polad,
Biri də vardı, polkovnikdi, deyəsən?
Xatun
Qoy həkk olsun yaddaşlara həmin ad,
Sən polkovnik Mirzəyevi deyirsən,
Elə oğul az-az doğur analar,
Yasəmən
Nə yaxşı ki, Mübarizlər hələ var!
Yerdə qalmaz Şəhidlərin al qanı!
Xatun
Ay qız, axı cəbhədədir nişanlın?
Yasəmən
Həə, nə olsun, az qalıbdır o günə,
Qələbəni müjdə verəcək mənə.
Bunu deyən qızın xəyalı bir anlıq əsgər nişanlısının yanına gedir. Son görüşlərini xatırlayır. Uzaqdan sevgilisinin səsi gəlir:
– Yasəmənim, gül ətirli mələyim,
Bilirəm ki, çin olacaq diləyim.
Vətən bizi öz qoynunda bəsləyib,
naz-nemətlə çatdırıbdı bu yaşa.
İndi isə dar günündə səsləyir,
biz getməsək, kim gedəcək savaşa?
Alacağıq torpaqları yağıdan...
(bir anlıq nəfəsini dərib sevincək)
Deyirlər ki,
silahını yerə atıb qorxudan,
Düşmən qaçır, bir görəsən,
Yasəmən!
Yasəmən boynubükük baxır,
sanki indidən ayrılıq ona güc gəlir,
kövrək səslə:
Hikmət... axı... darıxacam,
darıxacam, vallah, mən... – deyib ağlamsınır,
göz yaşlarını gizləməyə çalışır.
Hikmət
Darıxma sən...
Ey ətirli çiçəyim,
Bilirsən ki, yanındadır ürəyim.
(şövqlə)Səndən də ki heç nigaran deyiləm.
Tez bitəcək bu həsrət də,
etmə qəm...
Bu gün üçün doğulubdu oğullar,
İndi məndə yüz aslanın gücü var,
Sevgin ilə atılacam döyüşə,
Gözlə məni, gözlə... gələn görüşə...
Hüznlu sükut çökür. Əsgərin xəyalı uzaqlaşır...
II pərdə
Uzaqdan Qarabağ şikəstəsi səslənir... Müharibə ab-havası duyulur.
Otaqda bir zabit, bir də Hikmət. Zabit var-gəl edərək söyləyir:
– Bu da sonuncu şans, bu da öhdəlik,
Dalana dirənib düşmənin başı.
Aşkar edilibdi girdiyi dəlik,
Qalib gələcəkdir haqqın savaşı.
Bu haqda, de görüm, sən nə deyirsən?
Hikmət
Tez düşər özgənin atına minən!
Zabit:
Zəfər müjdəsini bizimçün yazıb,
Tarix yolumuzda çıraq yandırıb.
Tanrı neçə ildir səbrini basıb,
Bizi bu gün üçün silahlandırıb.
Zabir bu dəfə əlini əsgərin çiyninə qoyaraq əlavə edir:
Zəfər səninlədir, haqq səninlədir,
Heç zaman basılmaz haqqın səngəri.
Adın bir tarixi şərəfli edir,
Yolun açıq olsun, cəsur əsgərim!
***
Səhnə dəyişir...
Cəbhədə qızğın döyüşlər gedir. Bir-bir kəndlər, şəhərlər azad edilir, bu xəbərlər arxa cəbhədəki insanlara ruh, qanad verir. Böyük ruh yüksəkliyi var.
Döyüşdən əvvəl... Əsgərlərdən birinin əlində qızının məktubu var:
– Bax, qızımın məktubudur,
yazır dərslər başlayıb.
Qızım belə məktubları
yazmağı çox xoşlayır.
– Mənim oğlum balacadır,
təzəcə ayaq açır.
Bir görəsən, şipşirindi,
lap ördək kimi qaçır. (gülüşürlər)
– Bəs sənin, sənin nəyin var, Talıb?
– Yeddi ildir gözləyirik,
doğulacaq, az qalıb.
Atəş səsləri söhbətlərini yarımçıq kəsir.
Döyüşdən sonra... Əsgərlər qan-tər içində, yaralı halda söhbətləşir:
– Üç sutkadır döyüş gedir,
vaxt da çıxıb yadımdan.
– Vaxt nəyinə lazımdı ki?
İndi savaşdır hər an.
– Ürfanı da vurdular,
Şükürü də... Oxx! (yarasından tutur)
– Beyrəkdənsə xəbər yox,
Ayağından
yaralandı Eliş də...
– Əlikram da vuruldu,
amma əla döyüşdü.
– Ya sən ölməlisən,
ya da öldürməlisən...
– Öldürsən, nə əla,
ölsən...
Sağ olsun Vətən!
– Vətən sağ olsun!
Qanımızla, canımızla alacağıq torpağı,
Şuşaya özüm sancacam bu üçrəngli bayrağı.
(döş cibindən bükülü bir bayraq çıxarıb öpür,
alnına toxundurur, qaytarıb yerinə qoyur)
Ayağa qalxaraq Koroğlu kimi nərə çəkir:
– And olsun Tanrıya ki, qisas alacağam mən,
Qisas! Qisas! Ancaq qisas!
Qorxum yoxdu ölümdən!
***
Hikmət yaralanmış vəziyyətdə qayıdır, bir ayağını mərmi kəsib...
Qan içində ağrı çəkir:
– Bir tilsim var, bilmirəm ki, nədəndi,
Qəhrəmanlıq elə bircə an olur.
Dilimdəki bu son mahnı Vətəndi,
Zümzüməmdən neçə ürək qan olur.
Bilirəm ki, qorxum yoxdur ölümdən,
Yerim yenə ən birinci sırada.
Mərmi kəsən ayağım var əlimdə,
Avtomatla səhv salıram arada.
Son döyüşdü, bitirmişəm gülləmi,
Şəhid olub üzü bəri gələnlər.
Sanarsan ki, acımışam qurd kimi,
Aclığımı basdırıram ölümlə.
Əsgərin ölümünə yas tuturmuş kimi səhnənin işıqları sönür... Qaranlıq...
Səhnəyə bir qadın gəlir. Şəhid anasıdır. Ananın harayı eşidilir:
– Mən dağ görməmişəm bu dağdan betər,
mən hələ bu boyda dərd görməmişəm.
Mən hələ, mən hələ bu günə qədər
bu xalqı bu qədər mərd görməmişəm.
Gördüm, İlahi...
Dünyada nə qədər zülm var, ah var,
dünyada nə qədər sönmüş ocaq var.
Dünyada nə qədər şər var, günah var,
yaşlı göz, xəstə ruh, soyuq qucaq var.
Vardım, İlahi...
Nə qədər gözlədim, gözlədim elə,
dünya taleyimə başın buladı.
Nə yaxşı, sükanı saxladım belə,
Nə yaxşı, deyirəm, axır, uladı
Qurdum, İlahi...
Hələ dirçəlirəm, hələ qalxıram,
bu zəfər tarixim hələ körpədi.
Açıqdı məzarım, qanlıdır yaram,
Təpədən-dırnağa qəlpə-qəlpədi
Yurdum, İlahi...
III Pərdə
Bir nənə də öz sandığının başında, qaçqın düşəndə evindən gətiribdi bu sandığı,
otuz ildi o sandığın geri qayıdacağı günü gözləyir. Nənə mürgüləyir.
Sonra hüznlü bir musiqi, səhnəyə dörd qara paltarlı qadın gəlir...
Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik SÜKUT...
Qatarlar, gəmilər, avtomobillər fit verir...
I qadın
Sükut... fit səsləri... uçunur bədən,
Vətən qarşısında sən üzüağsan.
Bu dərin, bu ağır sükut içindən
Uca bir vəhy gəlir, deyir ki, sağsan!
II qadın
Bu bir dəqiqəyə sığmayan nə var?
Şəhadətin haqdı, zəfərin haqdı.
Vətəni uğrunda ölən oğullar,
Ölümün özünü ucaldacaqdı.
III qadın
Yox, yox! Hüzn yoxdu, qürur var ancaq!
Bir də ruhunuza şərəf, ehtiram!..
Haqqın şəhidləri müqəddəs qonaq,
Cənnət qapıları açılsın tamam!..
IV qadın
Sükut bir dəqiqə, haray milyon il,
İnsan bu sükutda özün unudur.
İki min yeddi yüz səksən üç şəhid...
Bax, VƏTƏN sözünün anlamı budur!
Mahnı dəyişir. Nənə sandığını açıb,
içindəkiləri çırpıb təzədən yığmağa başlayır,
sanki geri dönüş əlamətləri görünür.
I qadın
Nənə yenə kilid salıb açara,
Sandığında olanlara baxır haa...
Bu dəm dağlar bürünür dümağ qara,
Bu dəm düşmən Kəlbəcərdən çıxır haa…
II qadın
Qərib ürək gecələri duyuqdu,
Nənə o vaxt itirmişdi hər şeyin.
Sandığında nə vardı ki...
Nə yoxdu?
Sandığında gizləyib öz gəncliyin.
III qadın
Ədalətin tərəzisi düz deyil,
Otuz ildə nənə yüz il qocalıb.
Əsən əli toxdayıbdı elə bil,
Əlindədir evlərinin açarı.
(Nənə əllərində evin açarlarını tutub)
IV qadın
İllər keçmiş, ağarıbdı telləri,
Məhkum ruhu bu sandığa əsirdi.
Nənəmizin qabar tutmuş əlləri
Neçə ildi bu gün üçün əsirdi.
Birdən çox uzaqlardan sanki “Sarı gəlin” havası səslənir, qadınlar rəqs etməyə başlayır…
Nənə öz-özünə zümzümə edir:
“Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin...”
Mahnı səsi kəsilir, nənə bu dəfə hər şeyini itirmiş, qeyzlənmiş kimi:
– Bəli...
Deyirlər, “Arxalı köpək qurd basar”,
Bu basqın, bu talan nə vaxt bitəcək?
Göynəyən ürəyim, çətin ki, susar,
Oğullar Vətəni xilas edəcək,
Bu basqın, bu talan onda bitəcək!
Bitəcək bir xalqın qara günləri,
Alnındakı ləkə silinəcəkdir.
Kim kimdir, nəçidir, soy-kökü, yeri,
Nəsil-nəcabəti bilinəcəkdir.
Torpağın sahibi dönəcək geri,
Axır ki, arzumuz haqqa yetəcək.
Günəş qızdıracaq həmin günləri,
Bitəcək fəryadım, ahım bitəcək.
Sonra əlini ağarmış saçlarına çəkib əlavə edir:
Ədalətin tərəzisi düz deyil,
Kim nahaqdı, kim haqlıdı, bilinməz.
Bu otuz il yurd-yuvasız ötən il
Saçlarımda dən olubdu, silinməz.
Hanı mənim topdağıtmaz ocağım?
Həm talandı, həm də viran olundu.
Üç min oğul qurban verdi gəncliyin
Göz qırpmadan bu azadlıq yolunda.
Bu sandıqda nə gəzirəm, axı nə?
Ağrı ilə dolub-daşır gen sinəm.
Hər şeyimi sığdırmışam içinə,
Gözüm kimi qorumuşam onu mən.
***
Qalib bir ölkənin qalib əsgəri qürurla,
əlində bayraq, marş sədaları altında fəxrlə addımlayır.
Səhnə arxasında da xoş bir səslə sevgili bir qız səsi gəlir.
Yasəməndir:
Qələbə müjdəli dilək
daşıyar əsgərim mənim,
Yağma yağış, əsmə külək,
üşüyər əsgərim mənim.
Qaçmaz savaş meydanından,
Ümman olsa da qanından.
Qəhrəmanlıq dastanında
yaşayar əsgərim mənim.
Öz toruna düşdü yağı,
Yayıldı zəfər sorağı.
Sancdı üçrəngli bayrağı
Şuşaya əsgərim mənim.
Hikmətin ölməz ruhu canlanır...
Monoloq əvəzi...
Müharibə başladı, bitdi bu müharibə,
Neçə atalar getdi, neçə oğullar getdi.
Gedib düşmən bağrına vurdular neçə zərbə,
Nə yaxşı, tez başladı bu savaş, tez də bitdi,
Neçə atalar getdi, neçə oğullar getdi...
Müharibə başladı, qanadlandıq sabaha,
Yeganə xalq idik ki, bu xəbərə sevindik.
Yoxdur "Qarabağ" adlı bir münaqişə daha,
Bizimçün halal olan bu zəfərə sevindik,
Yeganə xalq idik ki, bu xəbərə sevindik.
Kəndlər alındı bir-bir, gözlərimiz sevindi,
Artdı Şəhid xəbəri, ürəyimiz ağrıdı...
Neçə qəhrəman oğul gen düşdü öz səfindən,
Kədərləndik, doğrudu, qüssələndik, doğrudu,
Şəhid xəbərlərinə ürəyimiz ağrıdı...
Anaların duası yetişdi haqq yerinə,
Müharibə başladı, bir olduq, birlik olduq.
Qədəm basdı Ordumuz yeni zəfərlərinə,
Biz qürurlu xalq kimi savaşlarda doğulduq,
Müharibə başladı, bir olduq, birlik olduq.
Dostlar baxıb sevindi, düşmənin gözü çıxdı,
Axır, şər yuvasını dağıtmağı bacardıq.
Şuşadan biz qovmuşduq, Laçından özü çıxdı,
Düşməndən, necə lazım, qisas aldıq, öc aldıq,
Axır, şər yuvasını dağıtmağı bacardıq.
Yasəmən xarıbülbül obrazında. Hamı onun ətrafına toplaşır.
Pərdə yenidən işıqlanır və qapanır.
Yasəmən önə çıxır, son dua kimi bu bir bəndi səsləndirir:
– Ölçülməzdi Şəhidliyin dəyəri,
Bir qəlb sönər, alovlanar min ocaq.
Qar altında son nəfəsim göyərir,
Yazağzında XARIBÜLBÜL olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.10.2024)