“Söz vaxtına çəkər” rubrikasındayıq. Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə ötən ilin bu vədələrində görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirmişdi.
Ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanmış, Münsiflər tərəfindən 8 finalçı müəyyənləşmişdi. Portalımız 8 finalçı hekayəni sizlərə təqdim edir.
İlk finalçı “Sehirli danaxor” hekayəsi ilə Bəşir Niftəliyevdir.
Öncəliklə Bəşir Niftəliyevlə öz təqdimatında tanış olaq, sonra isə hekayəsini oxuyaq.
Mən, Niftaliyev Bəşir Qədir oğlu, 24 sentyabr, 1988-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşam. 1995-ci ildə Sabirabad rayonunun Ulacalı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirmişəm. 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Biznesin təşkili və idarə edilməsi ixtisası” üzrə bakalavriatura təhsil pilləsinə daxil olmuş, 2010-cu ildə həmin təhsil müəssisəsini müvafiq ixtisas üzrə “Fərqlənmə” diplomu ilə bitirmişəm. 2010-2011-ci illərdə hərbi xidmətdə olmuşam. 2011-ci ildə Azərbaycan Dövlət İqtisadi Universitetinin “Təhsil, elm və sosial mədəni sahənin iqtisadiyyatı” ixtisası üzrə magistratura təhsil pilləsinə daxil olmuş, 2014-cü il tarixində həmin universiteti müvafiq ixtisas üzrə “Fərqlənmə” diplomu ilə bitirmişəm.
1 iyun 2019-cu ildən Böyük Britaniyanın “Chartered Institute of Taxation” təhsil müəssisəsində tələbə kimi qeydiyyatdan keçmiş, 10 iyun 2021-ci il tarixdə imtahanda uğur qazanaraq “Transfer pricing” modulu üzrə sertifikat əldə etmişəm.
5 yanvar 2023-cü ildən bu günədək Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin rəisi vəzifəsində çalışıram.
Ailəliyəm, iki övladım var.
Bəşir Niftəliyev
SEHRLI DANAXOR
İsti yay günlərindən biri idi. Həmin gün üçün atam mənə söz vermişdi – günortadan sonra balıq tutmağa gedəcəkdik. Hələ səhərdən həvəslə, bir gün əvvəl suvardığım bağımızdan atamın bəyənəcəyi qara yağış qurdlarını çıxarıb köhnə, paslanmış konserv qabına yığmış, ölməsinlər deyə üzərinə yaş torpaq tökmüş, qarmaqları hazır vəziyyətə gətirmişdim – bəzi qarmaqlar əyilmişdi deyə onları kəsib yenisi ilə əvəz etmişdim. Tutduğumuz balıqları canlı saxlamaq üçün suya sallamağa kartof-soğan yığmaq üçün nəzərdə tutulmuş sintetik torlardan da götürmüşdüm. Həyətdə oturub atamın evdən çölə çıxmasını dörd gözlə gözləyirdim. Altı yaşlı kiçik qardaşım həyətdə məftildən düzəldilmiş arabasını sürməklə məşğul idi. Arada gəlib mənə siqnal verir, yanımdan keçib uzaqlaşırıdı.
Baxmayaraq ki, yüngül meh əsirdi və böyük ehtimalla axşama tərəf hava sərinləşəcəkdi, qərara gəldim ki, içmək üçün yola su da götürsək yaxşı olar. Vaxt itirmək olmazdı. Birdən atam həyətə düşər, məni görməz, fikrini dəyişər. Cəld su çəninin yanında yığılmış şüşə butulkalardan birini götürüb su ilə doldurdum. Bu işim də hazır. Birdən yadıma düşdü ki, çörək götürməmişəm. Gedəcəyimiz yeri atam seçəcəkdi. Ola bilərdi ki, həmin yerdə qurdla balıq tutmaq mümkün olmasın. Atam deyirdi ki, xırda balıqların çox olduğu yerdə qurdla böyük balıqları tutmaq mümkün olmur, xırda balıqlar qurdu didişdirib yararsız hala salırlar deyə böyük “Çəki” balıqlarını tutmaq üçün yarımislanmış və xəmir halına salınmış çörəkdən istifadə edilir. Atamı razı salmağım vacib idi. Yoxsa, ya ona getməmək üçün bəhanə verəcəkdim, ya da qayıdanda yol boyu “Məni boş yerə məcbur edib gətirdin, bu günümüz boşa getdi”, “Çörək götürməmisən deyə heç nə tuta bilmədik”, “Bir də səni bir yerə aparmaram”, “Hava isti idi deyə gərək gəlməzdik” və ya hansısa başqa acıqlı ifadə ilə deyinəcəkdi. Buna görə də mənə çörək verməsi üçün açıq pəncərədən anamı çağırdım. O, cavab vermədi. Əlimdə saxladığım qarmaqları ağaca söykəyib evə qaçdım. Qapını açanda atamla üz-üzə gəldim. O, heç də balıq tutmağa getdiyi geyimdə deyildi. Təzə paltarda, saçları daranmış, əlində ayaqqabı fırçası ilə yanımdan keçdi, pilləkənlərdə səliqə ilə cütlədiyi ayaqqabılarını götürdü, fırçasını qara ayaqqabı kreminə batırdı və fırçalamağa başladı. Bu səhnə mənə çox tanış idi. Çünki, istisna hallarda və vacib işi olanda o axşamlar evdən çıxmazdı. Başqa günlərdə isə bu qaydada geyinib-keçinər, kənd çayxanasına domino oynamağa gedərdi. Axı bu gününü mənə ayırması üçün ondan söz almışdım! Görünür, ya yadından çıxmışam, ya da domino oynamağı mənə verdiyi sözdən üstün bilib. Pilləkənlərdə oturub dizimi qucaqladım və tələsik şəkildə ayaqqabılarını fırçalayan atama tamaşa etməyə başladım. Gözlərimdən axan yaş damlaları yanaqlarımdan süzülməyə başladı. Duzlu göz yaşı dodaqlarıma toxunanda üzümü şalvarımın dizinə sildim. Atam işini bitirib mənə tərəf baxmadan küçəyə açılan taxta qapıya tərəf getdi. O, qapıdan çıxanda artıq səsli ağlamağa başlamışdım, ancaq səsimi eşitmədi.
Bayaqdan bəri evdə təmizlik işləri görən və bütün olan-bitənlərdən xəbərdar olan anam evdən çıxanda məni pilləkənlərdə büzülüb oturmuş vəziyyətdə gördü. Atamın verdiyi sözü o da bilirdi və bu sözü ondan qoparmaq üçün mənə əlindən gələn köməyi etmişdi. Bir həftədən çox idi ki, hər dəfə şam edəndə atamdan məni balıq tutmağa aparmasını xahiş edirdim. Nəhayət dünən anamın israrı ilə bu günə mənə vaxt ayıracağını söz vermişdi. Atamın heç bir söz demədən, üzrxahlıq etmədən, geyinib-keçinib evdən çıxmağını da görmüşdü. Hər halda içəridə məni balığa aparmayıb çayxanaya getdiyinə görə etirazını da bildirmişdi ona.
- Ağlama ağıllı balam – deyə anam yanımda oturdu, məni qucaqlayıb başımı qollarının arasına alıb öpdü.
Anamın məni oxşayıb əzizləməsi sanki ağlamaq üçün mənə bir az da cəsarət verdi. Başa düşdüm ki, ürəkdən ağlamaq üçün də cəsarətli olmaq lazım imiş.
– Ağ evlərin yanındakı gölə gedərsən, orada da çoxlu balıq olar, bilirəm mütləq tutacaqsan – deyə anam mənə təskinlik verməyə çalışdı. Hiss etdim ki, o da ağlayırdı, ancaq gözlərini məndən qaçıraraq gizlətməyə çalışırdı.
Anamın nəzərdə tutduğu yer hər tərəfdən qapalı, qamışlıq basmış bir göl idi. Suyu isə mamırla örtülmüş, yaşıl rəngə çalırdı. SSRİ dönəmində həmin göl pambıq əkinində suvarma məqsədləri üçün – həm qurunt sularının çəkilməsində, həm də pambığın suvarılması zamanı suyun normasının tənzimlənməsində istifadə olunurmuş. Anam nəzərdə tutduğu “Ağ evlər” isə pambıq becərənlər üçün eyni formada, yan-yana tikilmiş və əhənglə rənglənmiş üç ev idi və gölün sahilində yerləşirdi. Həmin göldən balıq da tutarlarmış, hətta atam da bir neçə il əvvəl həmin göldən böyük balıqlar tutubmuş. Lakin sonradan Kür çayının suyundan qidalanan və suvarma üçün istifadə olunan şirin su borusundan gölə tökülən suyun qarşısı kəsilmiş, istifadə olunmadığı və illər ərzində qazılmadığı üçün dayazlaşmış, diqqətdən kənarda qalıb unudulmuşdu. Dəfələrlə həmin gölü böyük torlarla süzüb balıqlarını tutmuşdular. Deyilənə görə, hətta bir neçə dəfə qaçaq ovçulər gölə elektrik cərəyanı qoşub olan-qalan su canlılarını da məhv etmişdilər. Bütün bunları anam da bilirdi, orada balıq yaşaması ehtimalının az olmasını da. Ancaq o, mənim təkbaşına uzağa getməyimə razı olmazdı.
- Dayan, yaxşı yadıma düşdü, sənə danaxor düzəldəcəm – anam nəsə tapmış kimi sevincək şəkildə ayağa qalxdı. Danaxor düzəltməyin qaydasını da təxminən bilirəm, baban – qayınatasını nəzərdə tuturdu – çox vaxtı onun köməyilə balıq tuturdu, o hazırlayanda görmüşəm. Onunla balıq tutmağa getsən suda bir dənə balıq olsa onu da sən tutacaqsan.
Bu sözü ilk dəfə idi eşidirdim. Nə isə sehrli bir şey olduğunu düşündüm. Daha ağlamırdım. Anamın diqqəti və nəvazişi ilə qəlbimə rahatlıq çökməyə başlamışdı.
Anam evə girdi, bir qədər sonra əlində qayçı, ip və iki-üç yaşlarımızda geyindiyimiz, nimdaş uşaq şalvarlarından biri ilə qayıtdı. Yanımda oturdu. Qayçı ilə şalvarın bir ayağını kəsdi, aşağı tərəfindən iplə yaxşıca düyünlədi. Sonra isə birlikdə həyətin sonundakı söyüd və çinar ağacından dirəklər və döşəmələr üzərində, qamış və palçıqdan tikilmiş tövləyə getdik. Anam tövlənin divarına söykənmiş kürəyi götürüb yerdə bir qədər yumşaq quru peyin topladı. Tövlənin divarına bitişik toyuq hininin üstündəki böyük çuqun qabdan bir-iki ovuc arpa götürüb yerdə yığılmış peyinlə qarışdırdı və şalvar ayağından düzəldilmiş torbanın içərisinə doldurub ağzını bağladı.
- Əslində danaxor bir-iki gün suda qalmalıdır ki, peyinin içərisində arpa qıcqırsın və balıqların xoşladığı qoxusu yaransın. Hələlik təkcə peyinin qoxusu da bəs edər. Gələn dəfə gedəndə isə lap hazır, yetişmiş vəziyyətdə olacaq. Bunu da özünlə götür. Balıq tutmaq üçün qarmağını atdığın yerdə bir ağac parçası tapıb suya basdırarsan, bunu bağlayarsan və suya sallayarsan. Çox keçməyəcək balıqlar bunun qoxusuna dayana bilməyib yanına gələcəklər. Yeməyə bir şey tapmayanda isə sənin qarmağındakı qurdu yeyəcəklər, sən də rahatca onları tutacaqsan – deyə anam əminliklə gülümsədi.
Bayaqdan bəri ağzı ilə maşın səsi çıxararaq öz tel arabasını sürə-sürə bizim arxamızca gəzən qardaşım da maraqla dayanıb sakitcə anama qulaq asmağa başlamışdı. O, soruşdu:
- Ana, olar ki, balıq tutmağa mən də qardaşımla gedim?
- Yox bala, sən balacasan, yorularsan – anam etiraz etdi.
- Nə olar ay ana, gedim də - qardaşım israrla ayaqlarını titrətdi.
Anam gülümsəyərək mənə baxdı:
- Nə deyirsən, ay Yumu – anamın dediyinə görə körpəlikdə yatmış vəziyyətdə qoyub getdikləri bir yerdə dayanmayıb yumaq kimi başqa yerə yuvarlandığıma görə sonradan məni bu adla oxşamağa və çağırmağa başlamışdılar. Əsl adım da babamın adı olduğu və baba, nənə adlarının başqa sözlə əvəzlənməsi demək olar ki, adət halını aldığı üçün mənə yeni ad qoyulması başqa bir bəhanə olmuşdu – apara bilərsən? Sənə mane olmaz ki? Aparsan, gərək bir gözün də onda olsun. Suya düşməkdən də qoru.
- Yox ay ana, narahat olma, qağam ağıllı uşaqdır. Onun da balıq tutmağa həvəsi var, arada mənim qarmaqlarımı götürüb arxdan balıq tutmağa çalışır. Qoy getsin mənimlə, həm də tək qalmaram.
Qardaşım artıq anamın icazə verəcəyindən arxayın şəkildə hıçqırıqlı gülməyə, gah mənim, gah da anamın üzündən öpməyə başladı.
Anam razılaşdı:
- Yaxşı Yumu, birlikdə gedin, ancaq hava qaralana qədər qayıdıb gəlin. O gölün ətrafında axşamlar çaqqallar ulaşır, uşaq qorxar birdən.
Bir qədər sonra iki qarmaq, balıq üçün tor, qurd və torpaqla dolu konserv qabı və danaxorumuzu götürüb qardaşımla birlikdə yola düzəldik.
Gölə çatıb qamışlıq olmayan açıq yer tapdım. Cəld anamın öyrətdiyi kimi danaxoru suya salladım və təxminən yarım metr uzunluqda bağlanmış ipini suyun kənarındakı yulğun ağacına bağladım, qarmaqların hər ikisinə qurd keçirdim. Birini özüm suya atdım, digərini isə atması üçün qardaşıma verdim və qaydasını başa saldım.
Xeyli vaxt keçsə də qarmağımız qətiyyən tərpənmirdi, balıqdan əsər-əlamət yox idi. Təkcə mənim qarmağım bir dəfə yuxarı-aşağı gedib gəldi, bir az aralıda suyun üzünə çıxan tısbağanı görəndə əmin oldum ki, bu onun işidir. Qarmağı yoxlamaq üçün çəkib baxanda isə gördüm ki, bu yaramaz tısbağa qoyduğum qurdu elə yeyib ki, sanki qarmaqda heç qurd olmayıbmış kimi. Qarmağıma yenidən, bir az da qalın qurd seçib keçirdim və suya salladım.
Bir saata yaxın idi ki, heç nə dəyişməmişdi. Qardaşım artıq yorulmuş, qarmağını oyun oynayarcasına suya daldırıb yuxarı çəkirdi. Suyun üzündə sakitcə dayanan qarmağım hələ də tərpənmirdi. İstədim ki, çəkib yoxlayam görüm qurd yerindədirmi, ya yox. Qarmağı dartanda elə bil yer ayağımın altından qaçdı. Böyük, güclü bir şey məni suya tərəf dartmağa başladı, bir ayağım suya düşdü və palçığa bulaşdı. Bu ancaq mənim çəkimlə nisbətdə çox iri və güclü bir balıq ola bilərdi. Güman ki, balıq qarmaqdakı qurdu yeməklə məşğul olanda mən qarmağı dartmışam və qarmaq onun ağzına ilişib.
Həmin vaxt doqquz yaşında, arıq bir uşaq idim. Balıq nə qədər böyük idisə, sudan çıxarmaq mənim kimi biri üçün olduqca çətin idi. Balıq da sudan çıxmamaq üçün var gücü ilə mübarizə aparırdı. Balığın iri ağ gövdəsi suyun üzündə görünəndə çox həyəcanlandım, həyatımda ən böyük qələbə və yaxud ən ağır məğlubiyyətimin başlanğıcının bu gün olduğunu düşündüm. Bir tərəfdən həyəcan, bir tərəfdən də qollarımın taqətdən düşməsi nəfəsimi dərmək üçün verdiyim fasilədə birtəhər suyun səthinə qədər dartıb gətirdiyim balığa suyun dərinliyinə getmək üçün imkan yaradırdı. Eyni işi görmək üçün təkrar-təkrar başa qayıtmalı olurdum. Bir anlıq fikrimdən keçdi ki, kaş atam burada olaydı, asanlıqla balığı sudan dartıb çıxarardı. “Yox, kim olduğumu, əslində onun bacardığı bəzi şeylərin mənim edə biləcəyimi ona sübut etməyin vaxtıdır” düşüncəsi ilə daha qətiyyətlə mübarizəmə davam etdim. Həm də anama onun sehrli danaxorunun necə möcüzə yaratdığını göstərməyə, əməyini boşa çıxarmadığımı ona nümayiş etdirməyə çalışırdım.
Üç-dörd dəqiqədən çox olardı ki, balığı sudan çıxarmaq üçün əməlli-başlı çarpışırdım. Artıq balığın da yorulduğunu hiss edirdim. Deyəsən, qarmaq ağzına möhkəm keçmişdi, yoxsa çoxdan ağzının yaralanmasına mail olsa belə bu gərgin ölüm-qalım mübarizəsindən qalib ayrılıb gözdən itmişdi. Həm də bəxtimdən qarmağım çox möhkəm idi, əks halda bu ağırlıqda dartılmaya tab gətirməzdi. Qarmaqları atam özü üçün hazırlamışdı, köhnə də olsa qonşu kənddən gətizdirdiyi iynə kimi düz, qalın, möhkəm qarğıdan və sərt qaytandan diqqətli şəkildə, səliqəli hazırlamışdı. Bu arada qardaşımın öz qarmağını bir tərəfə atıb balıqla davam edən mübarizəmi seyr etmək üçün başımın üzərində tamaşaçı kimi öz yerini aldığını da görməmişdim. Bəlkə də nəsə deyirdi, ya da öz köməyini təklif edirdi, ancaq qulaqlarım qəribə ahəngi olan şırıltı və ya uğultudan başqa heç nə eşitmir, sevinc və həyəcandan dumanlanmış gözlərim isə dar çərçivədə suyun və hərdənbir suyun üzərində ağaran balığın bulanıq görünüşündən başqa heç nə görmürdü.
Balıq növbəti dəfə suyun üzərinə çıxanda var gücümü toplayıb sudan ayırmağa çalışdım. Bilirdim ki, balıq suda güclü olur, havaya çıxdısa öz çəkisindən başqa heç nə qalmır. Çətini onu sudan ayırmaq idi. Belə də oldu. Sudan çıxardıqdan sonra əvvəl tətbiq etdiyim gücü azaltmadığım üçün balıq havaya sıçradı, qarmağın qaytanı başımın üzərində əyilmiş vəziyyətdə olan qamış dəstəsinə ilişdi və balıq gözümün qarşısında havadan asılı vəziyyətdə qaldı. Düşünmədən balığı qucaqlayıb sudan kənarlaşdım və sahilin yamacı boyu yuxarı daşıdım. Bu kifayət qədər böyük (uzunluğu təqribən bir metrdən çox idi) enli, ağappaq Karp balığı idi (həmin vaxt balıqların adlarını bilmirdim, sonradan öyrənmişdim ki, bu balığın adı Karpdır).
Balığı yerə sıxıb qardaşımdan var gücü ilə saxlamasını istədim. Qardaşım sanki balığın üstündə oturmuşdu, ancaq onu zorla saxlaya bilirdi. Hər an əlindən çıxıb suya düşəcəyi qorxusu ilə bir gözüm qardaşımda, əvvəlcə özümün, sonra isə qardaşımın qarmağını yığışdırıb bağladım. Qarmaqları ona verib balığı güclə qucağıma götürdüm. Sevincimizdən bir-birimizlə danışa da bilmirdik. Sadəcə olaraq qollarımın arasında qıvrılan balığı seyr etməklə məşğul idik. Yol boyu qucağımda tutduğum və quyruğu yerlə sürünən balığa tamaşa edən adamların təəccüblü baxışları və sual dolu nəzərləri altında, həyəcanla evə tərəf addımlayırdıq. Onlardan bir neçəsi bizi saxlayıb balığa tamaşa edir, bəziləri isə bunu necə və haradan tutduğumuzu soruşurdu. Mən isə balığı yerə qoyub həm dincəlir, həm də qürurla onlara öz qəhrəmanlıq hekayəmi danışırıdm.
Küçə qapısından içəri girəndə həyətdə böyük teştdə paltar yumaqla məşğul olan anamla qarşılaşdım. Qucağımdakı balıqla anama tərəf getdim. O, oturduğu daşın üstündən qalxdı, “Aman Allahım, bu nədir ay Yumu, sən tutdun bu balığı?” deyə çaşqınlıqla dilləndi. Onun gözləri yenə də dolmuşdu – bu dəfə isə sevinc göz yaşları ilə.
- Ana, sənin danaxorun işə yaradı – deyə balığı yerə qoyub dərin nəfəs aldım və anamı möhkəm qucaqladım. Bütün baş verənləri həvəslə ona danışdım. Anam həm diqqətlə məni dinləyir, həm də hərdən çevrilərək yanındakı balığa həvəslə baxırdı. Onun yaşıl rəngli, parıldayan gözlərinin nə qədər gözəl və mənalı olduğunu kəşf etdim.
- Sizinlə fəxr edirəm, balalarım. Halal olsun ikinizə də!
Yaşadığım günün həyəcanı gecə mənə yatmağa da imkan vermədiyi üçün gec saatlarda evə gələn atamı ayaq səslərindən tanıdım. Anamın eyvanda karton kağızın üzərinə qoyduğu balığı görməməsi mümkün deyildi. “Görəsən, indi nə hislər keçirir, balığın haradan peyda olduğunu düşünür, səhər onunla ilk qarşılaşanda nə deyəcək?” düşüncəsi ilə səhərin açılmasını tezləşdirmək üçün yatmağa çalışdım.
Səhər yuxudan oyanıb həyətə düşəndə atamın qarmaq hazırladığını gördüm. Hər halda anam onu məsələdən agah etmişdi. Yanına getdim. Atam başını qaldırdı, mənə baxdı. Əlindəki qarğını yerə qoydu və əllərini açdı. İstər-istəməz özümü atamın qucağında gördüm. Atam məni qucaqlayıb alnımdan öpdü.
- Yumu, sən ağıllı oğlansan, əsl kişisən. Səninlə fəxr edirəm. Mən indiyədək o qədər qəşəng balıq tutmamışam. Yumu, dünən sənə verdiyim sözü tutmadım, məni bağışla. Onun əvəzinə sənə daha yaxşı qarmaq düzəldəcəm və biz səninlə birlikdə mütləq bu axşam balıq tutmağa gedəcəyik – atam başımı oxşayaraq gülümsədi.
Bu dəfə atam sözünü tutmuş, məni balıq tutmağa aparmışdı. Həmin gündən bəri o, çayxanaya daha az, nadir hallarda, xüsusilə də kiminləsə görüşməli olanda getməyə başladı. Tez-tez balıq tutmağa gedirdik. Artıq atam mənimlə daha çox vaxt keçirməyə başladı. Bir dəfə yeşik taxtasından mənə gitara düzəltdi. Həmin gitara simləri qırılana qədər mənim ən sevimli oyuncağım oldu. Atam söyüd budağından yay, nazik qarğıdan ox düzəltdi və mənə ox atmağı öyrətdi. Onun köməyilə dama, nərd və domino oynamağı öyrəndim. Artıq dərslərimlə maraqlanmağa və ev tapşırıqlarımda mənə kömək etməyə başlamışdı.
Atam sonralar balıq tutuduğum gölün yaxınlığında yerləşən evlərdə yaşayan kənd camaatından imza toplayaraq bələdiyyəyə gölün qazılmasını, suyunun dəyişdirilməsini və şirin su ilə doldurulmasını, gölə balıq körpələrinin tökülməsini xahiş etmişdi. Gec də olsa onun müraciətinə baxılmış, həmin göl və onun ətrafı bir-iki il ərzində əvvəlkindən daha gözəl vəziyyətə gətirilmişdi. Kənd sakinləri gölün kənarlarında ağaclar əkdi. Artıq həvəskar ovçuluqla məşğul olan insanlar həmin göldən həm balıq tuta bilir, həm də balıqların sayını normada saxlamaq üçün əllərindən gələni edirlər – gölə kiçik balıqlar buraxır, onları yemləyir, gölün suyunun daim dəyişdirilməsinə və şirin su ilə əvəzlənməsinə nəzarət edirlər. Hər axşam gölün ətrafı dincəlməyə, söhbət etməyə və gəzişməyə çıxan insanlarla dolu olur. İnsanlar bələdiyyə tərəfindən quraşdırılmış turniklərdə, paralel qollarda idman edir, skamyalarda oturur, qəzet və kitablar oxuyurlar. Kəndlilərdən birinin öz maddi vəsaiti hesabına gölün ətrafında tikdirdiyi, təqaüdçülər və əlillər üçün birmərtəbəli taxta tikilidə samovar çayı içib, nərd və domino oynayırlar. Artıq atam da domino oynamağa qonşularımızla həmin gölün sahilinə gedir.
“Ədəbiyyat və incəsənət”
(24.10.2024)