“Məscidin dəlisi” - Aysel Fikrətin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının Nəsr saatıdır, sizlərə Aysel Fikrətin “Məscidin dəlisi” hekayəsi təqdim olunacaq.

 

 

 

NƏSR SAATI

 

Aysel FİKRƏT

 

 

MƏSCİDİN DƏLİSİ                                                                     

 

Allahın tanımadığı evi olmaz. Yerin özü də Onun evidi. Bax sənin də, mənim də nə et­di­yimizi, harda olduğumuzu bir o Yaradan bilir. Nənəsi Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dünyanın uşaqlarına. Axı mənim bu dünyadan yanına köç edən, mələk qızımın nə günahı var idi ki, onun uşağının dili lal ola. Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, Sənə sözü var”. Güllü yorğanlardan gə­lən gülab iyinin gözəlliyində böyümüşdü Ab­dulla. Bir gün də tezdən oyanıb “Nənə” – de­miş­di Abdulla. "Ay nənə..."

Abdullanın dilinin açıldığı gün nənəsi o dün­yaya köç etdi. Abdulla ölümün nə oldu­ğunu görməmişdi. Saatlarca nənəsinin ya­nın­da oturub onu oyandırmaq üçün səslər çı­xarmışdı. Abdulla özü də anlamadan sözlər deyirdi. Ac idi, susuz idi. Qonşu Zibeydə gəl­məsə, bəlkə də, Abdulla da ölüb gedəcəkdi. Qonşunun hay-küyünə adamlar yığıldı. Ab­dul­lanın nənəsini harasa apardılar. Abdulla nənəsiylə dua etməyə getdiyi evin ta yanında torpaq qazıldı. Abdulla nənəsinin torpağa əkil­məsini gözüylə gördü. Onda onun gözləri böyüyüb dünyanı aşdı. Abdulla bu dünyanı hələ bu günə qədər belə aydın görməmişdi.

Nənəsinin dua etmək üçün onu gətirdiyi məs­cid adamla dolu olardı. İsti idi. Yerə xalçalar, yorğanlar döşənmişdi. Nənəsi tez-tez Abdul­laya “Gözlərini yum, bala, yat. Yuxuda sənə şəfa verilər”, deyərdi. Abdulla çox yorul­muş­du. Adamların  arasından qaçıb məscidin içində bir sakit yer tapıb uzandı. Gülab ətri verən yorğanı üstünə örtüb nənəsinin sözlə­ri­ni bir də düşünüb yatdı.

Kəndin adamları onu məsciddə tapanda çox kövrəldilər. Bu gecə ona dəymədilər. Sə­hər azan səsinə oyanan Abdulla bir daha evi­nə getmək istəmədi.

Hər gün obaşdan oyanıb ətrafı səliqəyə sal­dı. Su daşıdı. Nənəsinin qəbrinin yanına su tökdü. Hər dəfə su tökdükcə bir az böyüdü Abdulla. Axırda böyüyüb 19 yaşında bir gənc oldu. Kənddə hamı sevərdi Abdullanı. Təkcə Ağgüldən başqa. Uşaqlıqdan bəri gözünün tut­duğu bu qız Abdullanın onun üçün dərdiyi gülləri yolun düzünə səpələyib “məscidin də­li­si” deyib qaçmışdı bir dəfə.

O gündən Abdulla heç ağıllı olub bir kəlmə deyə bilmədi. Lal baxışlarla, ağzından çı­xan bir-iki sözü də içində susdurdu.

Abdulla nənəsindən sonra sığındığı Allah­dan, bir də Ağgüldən başqa bir həqiqət ta­nı­mırdı.

Məscidə baxan Hüseyn kişi də deyirdi, ay kişi, Abdulla olmasa, bu məscidin halı ne­cə olar. Abdulla səhər durub həyətin bütün işlərini görərdi. Darvazanı açar, insanlara yar­dım edərdi. Dua üçün gələn xəstələri əlin­də daşıyar, qocalara su verərdi. Abdullanın başqa yönü yox idi. Abdulla üzü Allaha bö­yümüşdü. Dua vaxtı minbərin altında oyuq ki­mi bir yer tapıb gizlənərdi. İnsanların di­ləklərini Allahla bir eşidərdi Abdulla.

Heç kimin onu görməyəcəyindən əmin olub yerini rahatlardı. O, qonşu Zərbə­linin Allaha pənah gətirib, “Ay Allah, sən gü­na­hımdan keç” deməsinə xeyli gülmüşdü. Zər­bəli bu kəndin mal-qarasını, kasıbını tala­yan qumarbazın biri idi. Abdulla gülür, gülür, səsini içinə qısa bilmirdi. Zöhrəbəyim qarı­nın “Allah, bilmirəm bu insanlar mənim lal canımdan, dilsiz-ağızsız canımdan nə istəyir” deməsinə lap qəşş etmişdi. Çünki bu məhəllə­nin uşaqları, böyükləri Zöhrəbəyimin davala­rıyla böyümüşdü.

Abdulla burda nələr görmüşdü, nələr... Dos­tu­nun malını yeyib iman istəyəni, ev dağıdıb aman istəyəni... Hərdən Abdulla ağlardı, Pa­ki­zə ananın xəstə canına, qonşusu Ağcanın it­kin oğluna, Qasımın evsiz-eşiksiz, küçədə qal­mağına.

Hərdən də qəzəblənirdi sələmçinin, iman­sı­zın bura gəlişinə. Onda Abdulla əlində olan xırda daşları göydən atardı. Günahlılar onun məscidində çox qalmasın deyə.

Gecələr nənəsinin qəbrinin daşını öpüb, qoxlayıb yenə məsciddə yatardı. Bu minvalla Abdullanın gülüşü, göz yaşı da insan diləyi idi.

O günə qədər ki Ağgül məscidə gəldi...

O gün Abdulla məscidin həyətindəki güllə­ri suvarırdı. Qapıda Ağgülü görüb yerində don­du. Əlində satılı, ayağının altında daşı hiss etməyib yıxıldı. Üst-başı su içində, Ağ­güldən qaçıb oyuqda gizləndi. Ağgül yaxa­sın­dan bir məktub çıxardı. Gözəl sinəsində töv­şüyən ürəyinin sanki səsi eşidilə-eşidilə “Ay Allah, dedi, məni bu məktubla aldat­dılar. İndi mənə ölüm yaraşar”.

“Bu məktubda o qədər gözəl sözlər var idi. Məni aldatdılar, deyib dizlərini yerə qoyub ağladı. Mən kirləndim. Mən sevginin belə eybəcər olduğunu, o yaraşıqlı oğlanın gözlə­ri­nin belə iyrənc olduğunu bilmirdim. Bil­mirdim, ay Allah. Ölməliyəm, bilirəm. Yalnız Sən məni bağışla. Keç günahımdan”.

Abdulla heç nə anlamasa da, Ağgülün göz yaşlarına dözmürdü. Ona qoşulub xeyli ağla­dı. Ağgül hıçqırıq səsi eşidib qaçdı. O gecə qar­daşı Ağgülü ölüncə döydü. Ağgülün səsi, naləsi bütün kəndi bürümüşdü. Onu aldadan oğlan da çoxdan qaçıb getmişdi. Ağgül qaçıb gedəndə Allahın evində unutduğu məktubu oxuya bilməsə də, Abdulla onu bir dərd kimi qorudu. Abdulla özü də bilmədiyi bir ürpən­tinin ona verdiyi "daha Ağgülü sevə bilməzsən" acısın­da üşüyürdü... Amma onu sevməyə bilmirdi. Abdulla bir səhər oyanıb nənəsinin qəbrini bağrına basıb getdi... Danışa bilməsə də, son dəfə Allahın dərgahında azan çəkdi. Var səsiy­lə üzü göyə inildədi. Ürəyində bir söz giz­ləmişdi, onu heç vaxt demədi... Bir gün də nə su vedrələri, nə ağaclar, nə qəbirlər, nə min­bər sevindi. Allahın lütfü düşən bu evdə Ab­dulla qədər işıq azaldı. Abdulla getdi. Allahın tanımadığı evi olmaz. Yerin özü də onun evi­di. Bax, sənin də, mənim də nə etdiyimizi, har­da olduğumuzu bir o Yaradan bilir. Nə­nə­si Abdullanı belə böyütmüşdü. Onun süngüyə gedən dilinə qurban, sadağa gedə-gedə. Sübh namazında: “Ay Allah, bu balamı da qat bu dün­yanın uşaqlarına. Axı mənim bu dünya­dan yanına köç edən mələk qızımın nə güna­hı var idi ki, onun uşağının dili lal ola? Ay Allah, bu uşağın dilini aç. Onun da, bəlkə, sənə sözü var”.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.