Əli Çağla, “Ədəbiyyat və incəsənət”, Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Rza Qəffarinin şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
Rza Qəffari
BÜTXANƏDƏN BÜTXANƏYƏ
Saldım bu sərxoş könlümü meyxanədən meyxanəyə,
Atdım bu dünyanın qəmin peymanədən peymanəyə.
Öz özlüyün tapmış hamı, varlıqlara etmiş əməl,
Mən ortalıqda qalmışam biganədən biganəyə.
Məndən soruşsaz sizlərə mən eşqi təklif eylərəm,
Axir nə təklif olmalı divanədən divanəyə.
Baş əymərəm hər kəs gəlib bir din ilə, ayin ilə -
Çəksin məni bunda sora bütxanədən bütxanəyə.
Gizlin qalan gəncinəyəm, məndən xəbərsizdir elim,
Salmış məni azğın fələk viranədən viranəyə.
FƏLƏK
Ta sənin qəddini bir sərvi çəman etdi fələk,
Tir tək qamətini, bükdü kaman etdi fələk.
Bir bucaqda dedim öz gizli qəmim var çəkərəm,
El içində onu da açdı əyan etdi fələk.
O qocaldıb hamını bir-bir ayaqdan saldı,
Döndərib gör birini bir də cavan etdi fələk?
Səni bizdən ayırıb özgələrə yar elədi,
Bizi də bircə görüşçün əl-aman etdi fələk.
Darü-dünyada mənim vəsləti-yar arzum idi,
Yandırıb hicr oduna bağrımı qan etdi fələk.
Bir kəsik ney kimi səhralar içində buraxıb,
Gecə-gündüz işimi ahü-fəğan etdi fələk.
Abiru ilə dedik qoy keçinək biz də gülüm,
Abiru yox məni rüsvayi-cahan etdi fələk.
Quzunun arzusuna dağda yel əsdirdi müdam,
Qurd üçün hər çölü bir çənli duman etdi fələk.
Sən cahan mülkünə cana deyərəm can kimisən,
Məni bir cism kimi həsrəti-can etdi fələk.
Eşq sultanıyam ancaq ki, Rza zərrəliyə -
Gör ki, dərvişi nədəndir Savalan etdi fələk.
KÖNÜLSÜZ
Vurdum özümü mən dəli tufanə könülsüz,
Neylər dəli tufan daha insanə könülsüz?
Eşqinlə alışmaqlar alovlanmaq üçündür,
Şəmin oduna yanmadı pərvanə könülsüz.
Könlüm sənə iman gətirib vurğun olubmuş,
Ondandır olub din ilə imanə könülsüz.
Sən dərdi könüllərdə oyatmaqda könüllü,
Mən dərd arayan can kimi dərmanə könülsüz.
Hər həlqəsinə bağldı mən aqil ürəkli,
Zənciri çəkir ardıca divanə könülsüz.
Yox meydə əsər, burda ayıqlar gəzir indi,
Baxdıqca qalır bunlara meyxanə könülsüz.
Zövq əhli durub məclisi-meydən gedər olsa,
Aydındı gəzər məclisi peymanə könülsüz.
Olsun ki, göyərməkdədir ancaq nəyə lazım –
Torpaqlara quylansa da bir danə könülsüz.
Sufi məni təzvir ilə aldatmağa gəlmiş,
Mən də bu yalan, hiyləli ürfanə könülsüz.
Könlüm qəminə yanmalı olsan da özün yan,
Yansa, yanacaqdır sənə biganə könülsüz.
Bundan sora məndən də Rzalıq nə umursan,
Düşdük hamılıqca belə dövranə könülsüz.
VƏTƏN TORPAĞI
Təbibim mübtəlayi dərdi eşqəm, xəstədir canım,
Sızıldar cismi nalanım, çıxar əflakə əfğanım.
Ala gözlər salıbdır bir baxışla canımı dərdə,
Bu dərdi saxlayar könlüm mənim dərdimdi dərmanım.
Əgər rüsvay olam xəlq içrə, bakım yoxdu danlaqdan,
Mənə qəlbim verib fətva, əlimdə vardı fərmanım.
Dəlibdir tiri-müjqanın bu dağlı qəlbi min yerdən,
Amandır tez əlac eylə nahaq yerdə gedir qanım.
Yayın tirlətmə əl saxla günəş sinəmdə gizlənmiş,
Çəkər dünyanı odlara sökülsə gər giribanım.
Su axdıqca ayağından ucaldar qamətin sərvin,
Odur kim ağladqca mən gülər sərvi-xuramanım.
Sənə hədsiz gözəlliklər vətən torpağı bəxş etmiş,
Bu aslanlar elindəndir mənim də şöhrətim-şanım.
Çalış ey cani cananım, sevindir xəstələr canın,
Bacardıqca fərəhləndir vurulmuşları ceyranım.
CANAN TÖRƏDİR
Nəfəsin eyni məsiha dəmidir can törədir,
Baxışın dildə gəzirkən yenə dəstan törədir.
Ayrılıq dərdi mənim qəlbimə dağlar qalayıb,
Vəslin amma yenə də özgəyə dərman törədir.
Gizlicə süzmədədir könlümüzə qüssə-kədər,
Yer salandan sora bu dəryada tufan törədir.
Zülfü küfr ordusu tək qarət edirsə inanım,
Baxışıyla yenə yol göstərir, iman törədir.
Mərd oğullar vətəni Azərbaycan elidir,
Cövhərindəndir bu torpaq belə insan törədir.
Baxma orman kimi bu torpağa çökmüşdü sükut,
Düşmənin qarşısını almağa aslan törədir.
Can fəda eylə Rza, kəsmə gözəl yardan ümid,
Sevgini, eşqi könüllərdə o canan törədir.
“Ədəbiyyat və incəsənət”
(22.10.2024)