Dərdini dəmə qoyarsan
Qaragünnüm, mən öləndə
Asta-asta ağlayarsan.
Nazlı-nazlı sızlayarsan,-
Usta-usta ağlayarsan.
Payız-payız çənləyərsən,
Yarpaq-yarpaq dənləyərsən,
İlğım-ilğım inləyərsən
Bəstə-bəstə ağlayarsan.
Söz də bağdı,-yaşıl, sarı,
Öz rəngi var, öz çaları,
Yarımçıq əlyazmaları
Dəstə-dəstə ağlayarsan.
Səsini bəmə qoyarsan,
Bir sarı simə qoyarsan,
Dərdini dəmə qoyarsan
İsti-isti ağlayarsan.
Bu nə sirdi, nə tapmaca,
Ürəklər bir, dillər haça,
Viran eşqi baca-baca
Tüstü-tüstü ağlayarsan.
Getdi gülün-otun seyri,
Baş daşımda ölüm şeiri,
Süzüb məni əyri-əyri
Yastı-yastı ağlayarsan.
Qaragünnüm, mən öləndə
Asta-asta ağlayarsan.
Nazlı-nazlı sızlayarsan,-
Usta-usta ağlayarsan.