“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nəcməddin Mürvətovun şeirləri təqdim edilir.
Ataçaylıya
Şair Ataçaylının əziz xatirəsinə
Sənsiz qalxdım zirvəsinə Dübrarın,
Köksümdəki sızıltıyla birtəhər.
Göz yaşımla havasını dağların
Aldım, sardı boğazımı bol qəhər.
Söz vermişdin birgə gələk buraya,
"Oxqay" deyib qucaqlayaq göyləri.
İlham coşa bəhsə-bəhslə sıraya,
Düzək bir-bir misraları, beytləri.
Sanki ovcum içindəydi el, elat,
Seyr edirdim dönə-dönə dörd yanı.
Xəyalımda yanımdaydın həmin vaxt,
Ayılanda çaşıb sordum, "o hanı?"
Avqust ayı, yol üstündə lalələr
Gözləyirdi səni şair, hələ də.
Görüb nələr söyləyirdin, ah, nələr...
Necə toxtaq tapım, de də, belədə?!
Yada düşdü dediklərin birbəbir,
Bu o dolay, bu o qaya, o bulaq.
Sandım, ruhun bələdçitək hey, çəkir,
Göstərirdi, nələr varsa, bu sayaq.
Üşüdürdü yüksəkliyin ayazı,
Nəfəsinin möhtacıydım indi çox.
Çox razıydım "qardaşlardan", çox razı,
Ataçaylı, tək sən yoxdun orda, yox!
Şuşanın
Burda əllər sığal çəkir torpağa
Sağaltmağa "yarasını" Şuşanın.
Cəhd səydədir çevirməyə düm ağa,
Ruhundakı "qarasını" Şuşanın.
Dağıdılan mülklərində hər daşı,
Usta "zərgər" əvvəlkitək yanaşı,
Ehmal düzür axıtmaqla göz yaşı,
Əzizləyib mirasını Şuşanın.
Küçələrdə bax səliqə-səhmana,
Xoş bir ahəng bəxş olunub hər yana,
Görəcəksən dönsən hansı ünvana,
Bağ, meydanlı sırasını Şuşanın.
Axına bax, qalxan Cıdır düzünə,
Hər anında qucaq açır yüzünə,
Bir gözəldir niqab tutub üzünə
Yaşıl, güllü xarasını Şuşanın.
Bu günümçün minnətdaram xilqətə,
Sağlığımda düşmüşəm ki cənnətə,
Gördüklərim saldı məni heyrətə
Seyr etdimsə harasını Şuşanın.
Gözəlliyi
İstərsən bəyən, ya bəyənmə də heç,
Hərənin məxsusi öz gözəlliyi.
Qəlbinə yatanı duy, fəhminlə seç,
Bacar, qiymətləndir düz, gözəlliyi.
Tələsmə deməyə "yoxdur bənzəri",
Ayır saxtasından təmiz dürr, zəri.
Köklə hiss, duyğunla diqqət, nəzəri,
Çaşma, aldatmasın üz gözəlliyi.
Həyat eşqinə dal yaşıl pöhrədə,
Parlaq nur şəfəqə Ayda, Zöhrədə
Gözəldə heyrətə salan çöhrədə
Başqa, bambaşqadır göz gözəlliyi.
Hərzə danışan çox, təkcə haqq deyən,
Yalanı bəzəkli libas, don geyən.
Döşünə "aqiləm" söyləyib döyən,
Hikmətdən yanadır söz gözəlliyi.
Var da doğmalığın, ürək istisi,
Məhrəm baxışların, dilək istisi.
Zəhmət, halallığın çörək istisi,
Ocağa zinətdir köz gözəlliyi.
Mümkündür düşməyin çətinə, dara,
Kim bilər, aparar bəxt hardan-hara?!
Keçmə, belədə də, yox ahu-zar,
Ruhun yaşatmağa döz, gözəlliyi.
Darıx, yetər
Demirəm ki, sev çox, lap çox,
Məndən ötrü darıx, nə olar?
An yanında olmasam, qorx,
Çaş-baş qalıb karıx, nə olar?!
Gözün qalsın orda-burda,
Xəyalımla yaşa təkcə,
Bax, belə ol hər dəm darda,
Axtar, ara gündüz, gecə.
Hey soraqla röyanda da,
Varlığını sarsın buz tər,
Ruhun gəzsin dağ, aranda.
Bax, açıla belə səhər.
Həsrətimi çəkib yaşa,
Dilində ah, aman, Allah.
Düşüncəndə "oxum daşa
dəydi nəymiş məndə günah?!"
Ümidini kəsmə amma
Taleyindən küsmə də heç.
"Yetişərəm bir gün kama,"
De, yaşama bu halı seç.
Demirəm ki, sev cox, lap çox,
Məndən ötrü darıx, nə olar?
An yanında olmasam qorx,
Çaş-baş qalıb karıx, nə olar?!
Hərənin öz xisləti
Quduzluqdan bir an məgər canavar
Əl götürüb, fürsət tapsa mal, davar,
Qırıb tökmür tülkülərdə oruc var.
Ya aslanlar göstərmir o qüdrəti,
Var hərənin dəyişməyən xisləti.
İnsanlar da bax, belədir hər biri,
Dərki, ağlı, kamalıyla nələri
Bilir, bilmir, var, ya ki, yox hünəri.
Xoş, xeyirxah, ya bəd, çirkin niyyəti,
Var hərənin dəyişməyən xisləti.
Böhtan deyib şər yaxmağı bu işi,
Bacaranlar deyir "mənəm ər kişi".
Bu onların adətləri, vərdişi.
Ev yıxmağa gözləyirlər fürsəti,
Var hərənin dəyişməyən xisləti.
Saysız haqqa nahaq donu biçənlər,
Ola xeyri, and yalandan içənlər,
Yaşamına tək əyri yol seçənlər.
Ömrü boyu dadan haram ləzzəti,
Var hərənin dəyişməyən xisləti.
Az deyil ki, "papış tikən şeytana",
Fitnəsiylə od püskürən hər yana,
Təşnə olan, susayanlar al-qana.
Qəlblərində böyüdənlər nifrəti,
Var hərənin dəyişməyən xisləti.
Həm şübhəsiz, dünyamızda saysız fərd,
Aqil, müdrik, saf, səmimi, zəki, mərd,
İnsanlığın hüzuruna çəkən dərd.
Bir kimsəyə qoymamaqla minnəti,
Var hərənin dəyişməyən xisləti.
Darılma ki, niyə belə, bu elə,
O da insan, bu da insan tərs felə.
Düşmələrdə səbəb nədir? - hey dilə,
Öyüdünlə "düzəlməzlər" yox, qəti,
Var hərənin dəyişməyən xisləti.
Yetər, haqqı söylə
İstəmirəm mənə tərəf çıxmağın,
Gərək deyil, haqqı söylə, bu bəsim.
Üstün gələm, kimsənisə "sıxmağın"
Yox əzəldən belə uğur həvəsim.
Ədaləti gözləmişəm həmişə,
Darılmıram uduzsam da belədə,
Pəl vurmuram başqasında bir işə,
Sərt qadağam olur onda dilə də,
Öz canımın qüdrətindən ummuşam
Öz ağlımdan çətinlikdə köməyi.
Dərkim tutub yollarıma çıraq, şam,
Artıq olub kimin nəsə deməyi.
Maneələr yaradan da olub çox,
Uğurumun qarşısını kəsən də.
Biləm, kimin günahı var, ya ki yox,
Çox saymışam "ya səndədir, ya məndə".
İstəmirəm "nə yoğurum, nə yapım",
Diləyimlə əldə edəm "kökə"ni.
Qəbulumdur əzabımla qoy tapım
"Bir tikəni","götür, sən ye yekəni".
İstəmirəm mənə tərəf çıxmağın,
Gərək deyil, haqqı söylə, bu bəsim.
Üstün gələm, kimsənisə "sıxmağın",
Yox əzəllam belə uğur həvəsim.
“Ədəbiyyat və incəsənət”
(21.10.2024)