“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdən Əmin Əhəryardır.
Əmin Əhəryar
Təbriz
Şəhəri bürüyən ağ lələklər kimi
Xiyabanda sərilmiş ayaqları dadmaq,
Ağrı dağına çıxmaq kimi ağırdır.
Əlləri qabardan, çatlayan yanaqsızları
Bağrına almaq şəhərin borcudur...
Heç görübsünüz iki ulduzu bir gecədə
Saymaq ola?!
Yuxuya gedir...
Düşüncəsi başdan düşən dəniz dalğaları.
Göylüm bir budaq alma ağacından asılı qalmış
Bərk-bərk yapışmış əllərini
Və mahnıları yenidən qoş...
Qarğalar xiyabanda hücum edənədək
Addımlarını bir, ikiyə qat
İkili gecələri yalqızcasına
Keçməkdə dad var
Son şamı yemək
Dad vericidir Davinçinin barmaqlarında...
Təklik saraylarına girir pozğuncasına
Gözləri, mavi dənizi boğan qız.
Şəhəri diskindirəcək
Sıtqa-sıtqa göz yaşları...
Məni boş ver...
Ağ lələkləri zincirlə...
Hörüklə Təbrizin saçlarını...
“Ədəbiyyat və incəsənət”
(18.10.2024)