“Skayp” - HEKAYƏ

Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu Redaksiyamıza “Skayp” adlı qısa hekayəsini göndərib. Onu diqqətinizə şatdırırırq.

                                                       

Neçə il idi ki onunla bir idarədə işləyirdik. İdarəmiz qəsəbəyə yaxın olduğundan çox zaman işə və işdən evə piyada gedib-qayıdırdıq. Yol boyu söhbət edər, olub keçənlərdən, bu gündən, gələcəkdən danışardıq. Aramızda xeyli yaş fərqi olsa da söhbətimiz tutardı. Maraq dairələrimiz uyğun idi. İxtisaslarımız fərqli olsa da hər ikimiz mühəndis idik.

Etimad müəllim təqaüdə çıxanda - iki mininci illərin əvvəlləri idi - mənə pis təsir etdi. Amma təskinlik tapırdım ki, işdən sonra qəsəbədə onunla görüşə biləcəyəm. Lakin cəmi on iki gün sonra onun Almaniyaya gedəcəyini eşitdim. Həyat yoldaşı milliyyəcə yəhudi idi, Qazaxıstanda işləyərkən tanış olub evlənmişdilər. Deyilənə görə belə ailələrə Almaniyada böyük imtiyazlar verilir, onların normal yaşamaları üçün hər cür şərait yaradılır.

Etimad müəllimi yola salanda həm o, həm də mən kövrəldik. İkimizin də gözləri yaşarmışdı.

- Uşaqlarımız, nəvələrimiz nə qədər buradadırlar, hər il gələcəyik. İnşallah, görüşərik, çay içərik, söhbətləşəri, - Etimad müəllim cib dəsmalı ilə gözlərini sildi.

Onlar köçəndən sonra ara-sıra oğluna rast gəlir, bir-birimizdən hal-əhval tuturduq.

Növbəti görüşdə mən dedim:

- Atangilə yəqin salamlarımı çatdırırsan.

- Əlbəttə, o da hər dəfə danışanda sizi soruşur, - Ərşad cavab verdi.

Avqust ayının sonları idi. İşə tələsdiyimdən avtobusla getmək üçün dayanacağa yollandım. Gözlənilmədən Etimad müəllimə rast gəldim. Bilsəniz, necə sevindim?

-Xoş gəlmisiniz, necəsiniz? Mariya xala necədi?

-Salamatlıqdır. Sən necəsən?

-Mən də yaxşıyam. Nə vaxt gəlmisiniz?

-On gündür... Şəhərə  bilet almağa gedirəm. Sabah qayıdacağıq.

 Etimad müəllimin cavabından duruxdum. Açığı, düşünürdüm ki o, Bakıya gələndə köhnə dostuna - mənə xəbər edər, görüşüb doyunca söhbət edərik, çay içərik, dərdləşərik.

-Gəldiyinizi bilməmişəm...

O, sözümü yarımçıq kəsdi:

-Skaypın var?

Yenicə müasir tipli nootbuk alsam və bir neçə dəfə Rusiyada yaşayan əmimoğlu ilə görüntülü danışsam da: -Yoxdur -dedim.

-Olsaydı, arada bir danışardıq.

Tutulduğumu, pərt olduğumu hiss etdim. İllərlə bir yerdə işlədiyin, dost bildiyin birisi xarici ölkədən Bakıya gələ, on gün ərzində səninlə üzbəüz danışmaq istəməyə... Belə  adamla  skaypla danışmağın mənası varmı?

Avtobus gəldi. Köhnə dostuma nəzakət xatirinə, “Sağ ol” deyib cavab gözləmədən maşına tərəf addımladım.

Yol boyu fikirlər beynimi çeynəyirdi. ”Bəlkə, həyat şəraitinin, sosial vəziyyətinin yaxşlaşması onu dəyişdirmişdi? Bəlkə, Qərbdə soyuqqanlı, laqeyd olmaq insanların həyat normasıdır? Bəlkə, mən heç Etimadı düz-əməlli tanımamışam, altında üzün illər hiyləgərliklə gizləndiyi maskasını görməmişəm?

Bəlkə...”

 

“Ədəbiyyat və incəsənət”

(17.10.20240

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.