“Yuxu” - Fərəc Fərəcovun hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fərəc Fərəcovun hekayəsi  təqdim edilir. 

 

- Vəfa, nə olub sənə? - deyə evə daxil olan Vüqar təlaşla xəbər aldı. - Üz-gözün sel-su içindədir. Lap cavan yasından çıxan qadınlara bənzəyirsən.

- Düz deyirsən, qardaş, onsuz da günümüz ah-vayda, göz yaşı axıtmaqda keçir...

- Qapıda dayanma, keç, keç otağına görüm, nə baş verib? Kim dağıdıb dünyanı yenə?..

- Kim dağıdacaq, anam Nərgiz, anamız! Bezmişəm day bunun əlindən. Bu evdə nə qədər söz-sov, gidə-gid olar?.. Allaha qurban olum, hər şeyimiz var. Ev korluğu yox, yemək-içmək korluğu yox, geyim-keçim korluğu da yox. Bəs deyən gərək, nə istəyir bizdən?! Nə inadından əl götürür, nə də mənasız "mənəm-mənəm"liyindən. Atamın da səbrini qaçırıb, elə bizim də. Ha can atır ki, qaşınmayan yerdən qan çıxarsın... Daha nəyini deyim, Vüqar?

- Dayan görüm, ay mənim qəşəng bacım... Yəqin yenə ata ilə sözə gəlib?

- Hə də... yox... tək ata ilə yox, elə hamımızla. Hörmətdən salıb kişini. Böyük bir orta məktəbə rəhbərlik edən, dağ boyda xətir-hörmət sahibi olan atam da bu gicin əlində çaş-baş qalıb. Ha nəsiyyət edir, ha dil tökür, hara yetər, elə bil daşa deyirsən, anlamır ki, anlamır. Əslində vallah, görürəm o özünü qəsdən gicliyə, dəliliyə qoyur. İstəyir hamı bu başıxarabdan qorxub çəkinsin, "bəli", "baş üstə" desinlər cənab anamıza.

- Bilirəm, ay Vəfa, mən səndən də yaxşı tanıyıram anamı. Atam əslində bizə görə dərinə keçmir. Bir də abrına, nüfuzuna boğulur. Hayıf deyil atamdan, qızıl kimi xasiyyəti var. Hər şeyi qarşılıqlı hörmətdə, mehribançılıqda görmək istəyir atam. O isə  bunu, ya dərk eləmir, ya da dərk eləmək istəmir.

- Qardaşım, mənim dediyim odur da. Bədbəxt anamızın qarşılıqlı hörmət, güzəşt anlayışlarından bir zərrə belə xəbər-ətəri yoxdur. Olsa da, özünü karlığa, korluğa qoyub. Heç bilirsən, onun öz dilindən nələr eşitmişəm? Deyib mən bu evə gəlin gələndə başa salmışlar ki, ay qız, ağlın olsun, nə sevgi, nə filan. Çalış, diribaş ol, istədiyini et. Əlinin üstünə əl qoyanın, sözünün üstünə söz qoyanın olmasın.

- Onu çox yerində vurğuladın, Vəfa. Kənardan barmaq uzadanlar indi də az olmur. Dilverənləri deyim, müəllimləri deyim, başını əməlli-başlı xarab ediblər. Bəlkə də öz yaxın adamlarıdı, nə bilim. Kim nə edirsə, Allah cəzasını versin.

- Vüqar, mən özüm neçə dəfə fürsət tapan kimi anamın qılığına girib başa salmaq istəmişəm. Heç bilirsən, necə açılıb üstümə? Deyib, ay qız, kəs səsini, mənə nəsiyyət verən tapılıb... Sən qanmazsan belə işləri... Hələ sənin özünə də anladacağam ki, getdiyin xarabada necə davranasan, necə hər şeyi ələ alıb hökmranlıq edəsən. Vallah, qardaş, mən də çəkinmədən cavabını qaytardım. Dedim, sən özün bu evdə dava-dalaşdan savayı nə qazanmısan ki, öz yolunu da mənə qandırırsan? Səndə əxz ediləsi heç nə yoxdur. Ancaq atamın hər sözünü, hər nəsiyyətini qulağımda sırğa etmişəm, sonadək də edəcəyəm. Bunu eşidəndə lap dəli oldu arvad.

- Sağ ol, bacım, düz demisən. O, atamızın tayı deyil. Sanki bir-birlərinə əks qütblərdi.

- Vüqar, bilirsən, nə ağlıma gəlir? Düşünürəm, görəsən, atam nə yaxşı anamı boşamır? Hər şitliyinə dözür...

- Ay mənim əziz bacım, birinci, atamız ağıllı, uzaqgörən insandır. Əməkdar müəllimdir. Hər xırda-para dava-dalaşdan ötəri ailə dağıdan deyil. Mənə danışıb hər şeyi. Deyib, hər çətinliyə dözərəm, təki siz ata-anasız qalmayasız. İkinci də, bildiyimə görə, anamızı çox sevib. Anamız qanmasa da, onu itirmək istəmir atam.

- Qardaş, anam onu sevməyib bəyəm?! Sevməyibsə, bəs onda zorla veriblər atama?

- Xeyr, elə olmayıb, o da sevib. Hələ eşitdiyimə görə, lap betər sevib. İntəhası, anamızın sevgisi, görünür, içinin çirkli ab-havasına qarışaraq çürüyüb yoxa çıxıb.

- Onu düz dedin, vallah. Sevgi ancaq saf ürəklərdə, saf niyyətdə yaşaya bilər. Qəlbləri natəmizlər o ülvi dəyərə sahib olmağı bacarmazlar.

- Ay sağ ol, bacım, lap şairlər kimi düzüb-qoşursan, - deyə Vüqar gülümsəyir.

- Sən Allah qardaş, gülməyin yeri deyil. Gəl zarafata salmayaq. Artıq uşaq deyilsən ee, 24-ü aşırmısan. Vüsal da orta məktəblə vidalaşıb, yekə kişidir.

- Heç özünü demirsən, sən də bir ildən sonra müəllimə olacaqsan. Tarixdən dərs deyəcəksən. Özü də qələbəmizin tarixindən, xalqımızın, ordumuzun qəhrəmanlığından danışassan.

- Düz deyirsən, başına dönüm, ay Vüqar, düz deyirsən, çox sevinirəm. Ancaq indi biz də gərək öz qəhrəmanlığımızı burada - evimizdə göstərək.

- Yəni nə edək, bacım?

- Onu edək ki, bu gözəl ailəmizdəki mənasız, boş dava-dalaşa son qoyaq. Bu da olsun, bizim qəhrəmanlığımız. Kənardan kimsə gəlib evimizin problemlərini həll edəsi deyil. Özümüz - sən, Vüsal, bir də mən - iki qardaş, bir bacı, nə olsa, bizlikdir. Özümüzə güvənməliyik.

- Hə, Vəfa, yaxşı yadıma saldın, Vüsal da evdəydi?

- Evdəydi... O yazıq da cana doyub anamızın hərəkətlərindən. Qapını çırpıb evdən çıxdı. Hara getdiyini bilmədim.

- Ay mənim ağıllı bacım, ya bunlar, bunlar deyəndə əslində anamı nəzərdə tuturam. Anam ağıla  gəlib daşı ətəyindən tökməsə, bir qadın kimi öz yerini, həddini anlamasa, ailəmiz dağılmağa məhkumdur. Atamızın da dözümü, hövsələsi dəmirdən, daşdan deyil.

- Allah eləməsin, ayrılıq baş versin, onda özümü öldürərəm. Mən atamsız bircə gün də yaşayammaram.

- Axı bu bədbəxt anamız da başa düşəsi ağılda deyil. Atam onun xarakteristikasını çox gözəl izah edib mənə. Deyir, belə sayaq insanlar qayğıya, hörmətə yox, ancaq qorxuya baş əyərlər. O, qorxunu yaratmaqdan ötrü isə gərək özünü ondan beşqat artıq dəliliyə vurasan. Huş-başı yerində olan, normal insan da süni rola girməyi əsla bacarmaz.

- Vüqar, qəribədir ki, anam bir tərəfdən namaz qılır, ibadət eliyir, o biri tərəfdən də Allahın qoyduğu qanunların ziddinə gedir. Vallah, onu anlamaq çətin məsələdir.

- Ay qız, o özü-özünü yaxşı anlayır. Elə güman edir ki, nə qədər alnını möhürə dayasa, başını qaldırıb göylərə yalvarışlar etsə, Allah da onun əməllərini görməzdən gələcək, bağışlayacaq...

- Qardaş, yaxşı gəldin mətləbə. El içində məsəl var, deyərlər, "İlan ulduz görməsə, can verməz". Qorxu söhbətini deyirəm. Mən götür-qoy edib bir şey fikirləşəcəyəm. Mütləq fikirləşəcəyəm. Onun dərdini qorxu yaratmaqla sağaldacağam, inşəallah.

- Yəni nə edəcəksən, ay Vəfa?.. Sevindirdin məni. Di söylə görüm, nədir elə? Bax, əgər dediyin işi bacarsan, onda evimizin əsl qəhrəmanı da sən olassan.

- Vüqar, gəl səsə salmayaq. Bu bir sürpriz olmalıdır. Bizim üçün də, elə atamız üçün də.

- Demək belə, görəcəyin işləri böyük qardaşından gizli saxlayırsan?

- Can qardaş, səndən kənar nə işim ola bilər?! Hamısını danışacağam sənə, məsləhət alacağam. Bir sən biləssən, bir də mən. Vüsal kiçikdir, bilməsə də olar.

- Nə deyirəm, ağlabatan olsa, mən razı.

*

İki qardaşın deyib-gülən, dilli-dilavər bacısı ailə problemlərinin ağır yükü altında əriyirdi. Və eyni zamanda ortaya bir barışıq gətirəcəyinin də yol-yolağasını düşünməkdən qalmırdı. Atası Mahir müəllimə isti münasibəti sonsuz idi Vəfanın. Heç anasını da az istəmirdi. Di gəl ki, anası Nərgiz gündəlik vərdişə döndərdiyi gidə-gidiynən, dava-dalaşıynan qızının gözündən düşmüşdü. Elədiklərinin əsla fərqində deyildi bədbaxt qadın. Onun ucbatından ailə uçuruma sürüklənirdi. Atasının da olub-keçənlərə sonadək göz yumacağı inandırıcı görünmürdü.

Vəfa heç cürə çəkə bilmirdi anasının haqdan, ədalətdən uzaq hərəkətlərini. Onun nə zamansa, anlayıb əsl adam olacağı günün intizarındaydı yazıq Vəfa. Zarafat deyil, bu gün-sabah qardaşı Vüqar ailə quracaqdı. Vüsal da subay qalası deyil ki. Hələ özü... Neçə yerdən qapılarını döymüşlər, ürəyində tutduğuna "hə" deməyə də ehtiyat edirdi. Ola bilərmi heç el arasında hörmət-izzət yiyəsi olan ailə pərdə arxasında belə əsassız söz-sovun qurbanına çevrilsin?! Birdən ayrılıq oldu. Onda necə?! Bu ayrılığa tab etmək olardımı? Vəfa qəlbində hey üzüb-düzürdü. -Yox, yox, qətiyyən ayrılıq ola bilməz. Canı çıxsın anam, ağıla-huşa gəlsin, yerini-həddini bilsin. Uşaqlarını fikirləşsin. Elə ən çoxu da özünü. Vallah, ürəyim ağrıyır o bədbəxtə. Allaha qurban olum, ona hərtərəfli xoşbəxtlik nəsib edib. Fəxr edəsi əri, oğlanları var. Ay səfeh, nəyin çatmır, qarnını deşən nədir? Niyə anlamırsan həyatını? Görünür, Allah verdiklərini əlindən çıxarsa, onda nə vaxtsa xoşbəxt olduğunu duymaq zorunda qalacaqsan axı.

*

- Allah, bu nə yuxuydu gördüm mən?.. Bu nə bəladır bizi tapdı? - deyə göz yaşlarını sel tək axıdan Vəfanın səsinə anası yan otaqdan özünü yetirdi:

- A qızım, nə olub? Niyə ağlayırsan? Yoxsa, yuxunda diksinib-eləmisən?

- Hə, hə, yuxu görmüşəm, ana... Özü də çox qorxulu yuxu. Otur, otur, yanımda.  Mən qalxa bilmirəm. Şil olmuşam elə bil. Əyləş ee, canım ana, əyləş səni son dəfə qucaqlayım. Gül nəfəsini, iyini, qoxunu ürəyimə, ciyərlərimə çəkim, ay gözəl anam, yazıq anam, bədbəxt anam.

- Bıy, Allah məni öldürsün, Vəfa, dəli olmusan, ağlın qaçıb? Bir toxda görüm, bu vay-şivən nədi belə? "Son dəfə səni qucaqlayım" bəs nəmənədir? Maşallah, sənin nəyindi ki?!

- Ana, kim var evimizdə?.. Qorxuram danışmağa. Barı, eşidən-bilən olmasın sözümüzü.

- Ay qız, indi kim olacaq evdə, gün günortadır, ee. Hərə bir tərəfə çəkilib. Yuxuya qalan elə sən özünsən.

- Məni qınama, ana, gördüklərim yuxu deyildi, sanki əsl həqiqət idi. Özü də dəhşətli bir həqiqət.

- Anan qurban, lap öldürdün məni. Ürək-göbəyimi yedim. Bir qandırsana görək, nə olub, nə görmüsən, nə eşitmisən?

- Dilim açılmır danışmağa. Ürəyim elə bil tel üstədir. Qoy hələ özümə gəlim.

- Yəqin yuxunda öldürüblər səni, hə, elə olub?

- Ana, mən ölməmişəm, başa düş, sən.. sə... - sözünün ardını sona çatdıra bilmədi və ucadan qışqırtı ilə ağladı. Nərgizi var qüvvəsi ilə özünə dartıb:

- Ana, yazıq anam, bicarə anam, səni görmüşəm yuxumda. Sən olmüsən e, sən. Xeyr... yox, əslində ölməmisən, başımı itirdim lap. Yəni sən öləcəksən. Özü də bu gün, düzünü desəm, axşam azanınadək.

- Can bala, sən əsl cadu-pitilik olmusan, Allah məni öldürsün. Gedim Fizzə arvada baxdırım.

- Nə Fizzə arvad, nə baxdırmaq? Mənim huş-başım yerindədir. Ağlım evimizin saatı kimi dəqiq işləyir. Sən bir mənə qulaq ver, yerli-yataqlı nağıl eyləyim.

- Danış görək di, içimi yedim lap.

- Ana, eyni yuxunu əslində iki gün əvvəl də, dünən də gördüm. Amma demədim, açıb-ağartmadım. "Yuxudur da, keçib-gedər" düşündüm. Sən demə, bu yuxuma yol tapmış həqiqətiymiş. Əməlli-başlı həqiqət. Başımın üstünü almış əli qılınclı insan, əslində insan deyəndə, yəni ölüm mələyiymiş - Əzrayılmış. Son dəfə mənə çox hədə-qorxu gəldi. Uca və ötkəm səslə bunları söylədi:

- Dediklərimi nöqtəbənöqtə anana çatdır. Başa sal ki, o qadın hansı üzlə, hansı haqla təmiz, günahlardan xali olan bir ocağı cəhənnəmə çevirib? Cəhənnəm birdir. O da bizim haqq dünyamızda. Ananın barəsində dalbadal eşitdiyimiz xoş olmayan məlumatlar bizi əməlli-başlı təbdən çıxarıb. O, nə ərli qadın kimi yerini qanır, nə üç uşaq anası kimi. Səbrimiz kükrəyib daşıb artıq. Ona görə o zalım qadına ölüm hökmü kəsilib. Elə bu gün. Günün sonunadək dünyasını dəyişməlidir! Burada bizim əsl cəhənnəmimizdə onunçün mizan-tərəzi qurulub. Elədiklərinin bədəlini ödəməlidir. Hökm dəyişilə və yüngülləşə bilməz!

Lakin bir şərtlə: o, ölümdən xilas olub bağışlana bilər, əgər silkinib bütün pis əməllərini atarsa, saf niyyətli insan olarsa.

Yuxuma girən bəni-insanın son xəbərdarlığı isə belə oldu, əziz anam: Boğazımı tutub bərk-bərk sıxdı və amiranə səslə dedi: "Qızcığaz, üçüncü, həm də sonuncu dəfə söylədiklərimi olduğu kimi anana çatdırmasan, yatağından qalxa bilməyəcəksən. Ömürlük şil kimi uzalı qalacaqsan".

- Ana, ana, bir bax, möcüzə baş verdi, möcüzə... Həqiqətən də, onun sözlərini sənə çatdırıb qurtaran anda elə bil qurumuş bədənim açıldı. Canıma xoş bir yüngüllük gəldi. Qoy bir tez qalxıb səni doyunca öpüm, qucaqlayım. Bax beləcə...

- Yavaş görüm, ay şeytan. Mən lap şokdayam, anlaya bilmirəm səni. İndi mən nə etməliyəm axı?

- Əziz anam, sənə qurban olum, yəni aydın olmadı dediklərim?

- Sənin dediklərindən belə başa düşdüm ki, Əzrayıl bu gün gəlib mənim canımı alacaq, hə?!  Axı nəyə görə, niyə? Az ibadət etmişəm Rəbbimə?

- Ay ana, nə ibadət, nə zad... Söhbət namazdan, orucdan getmir. Söhbət evimizdə törətdiyin dava-dalaşlardan, yerli-yersiz özünü haqlı çıxarmağından, zakslı, kəbinli ərini heçə saymağından, bir sözlə, Allahımızın buyurduqlarının əksinə getməyindən, daha nə bilim, hansı günahlarından gedir. Mənasız inadın, özünə bab gəlməyən iddiaların öz  içini də çürüdür, elə bizi də əridib yoxa çıxarır... Bilirəm, yazıq anam, birdən-ikiyə sən "mənəm-mənəm"liyindən əl götürən deyilsən.  Onun üçün də çox qorxuram sənə görə. Artıq real ölümlə üz-üzə, göz-gözəsən. Ya daşı ətəyindən töküb, ailəmizin sevimli bir üzvünə çevrilməlisən, ya da... uf... dilim də gəlmir söyləməyə... özü də nə etsən, elə bu gün etməlisən. Tövbə qapısı qaş qaralanadək açıqdır üzünə. Bilmirəm, bunu bacaracaqsanmı, yoxsa, yox... Qırma bizi, ana, səni itirsək, biz neyləyərik?! Yazığın gəlsin bizə. Elə özünə də. Axı nə yaşın var.

Vəfa gözlərindən yaş axıda-axıda sözlərini tamamlayıb yenidən anasının boynuna sarıldı.

İçində ağır bir təlatüm yaşayan ana çaş-baş vəziyyətdə qızına:

- Vəfa, düzünü söylə, həqiqətən də, mənim canımı alacaqları haqda söhbət gedib? Bəlkə ayrı cür olub? Bir yaxşı-yaxşı fikirləş.

- Ana, nə tez unutdun şil olmuş qızının birdən-birə yataqdan qalxmasını? Mən səhv söyləsəydim, elə şil-şikəst kimi də yatağımda saxlayacaqdılar məni.

- Onu da düz deyirsən e... Keçmə qurban olduğumun möcüzələrindən. Qızım, gəl otur yerində, heç yana çıxma, bu saat gəlirəm.

- Yaxşı, yaxşı, ay ana, sən də uzağa getmə. Qoy bir doyunca üzünü görüm, mənim nisgilli anam, qəşəng anam.

Aradan bir qədər keçmiş ölüm qorxusunu canında yaşadan, dil-dodağı titrəyən ana rəng-rufu ağ kağıza dönmüş halda geri qayıtdı. Qızı ilə qabaq-qarşı əyləşdi. Əllərini əllərinə alıb titrəyişlə danışmağa başladı:

- Mə... mənim əziz qızım, inanıram yuxu görməyinə. Qətiyyən şübhə etmirəm. Bu kimi hadisələr azmı olur? Amma sənə suallarım var. De görüm, yuxunda doğrudan da, mənim adım hallanıb? Yəni elə bu bircə günün içində canımı alacaqlarını bildiriblər?

- Ana, vallah, billah, elədir, yalanı-filanı əsla yoxdur.

- Axı, başına dönüm, ay qızım, mən xəstə-zad deyiləm ha, sağlamam. Bu günə kimi də nə həkim, nə dava-dərman tanımamışam. Birdən-ikiyə sağlam insan necə ölə bilər axı?

- Ay yazıq anam, ay avam anam, o boyda Allahın əlində bir ölüm nəmənədir, hə? Qurban olduğum istədiyi anda insanın canını ağır xəstəliyə düçar edər, ya gözlənilməz qəzaya salar, ya da .. ya da  təbii fəlakət gətirər. Olmazmı məgər?

- Qızım, başa düşdüm səni. Amma son bir ricam olacaq səndən. İncimə ha, əgər dediklərin doğrudursa, evimizdə muqəddəs Qurani-Kərim kitabı var. Onu tapıb gətirmişəm... O kitaba əlini bas. Qoy sözlərinin düzgünlüyü Allah dərgahında da təsdiq olunsun. Bunu bacarsan, daha sənə şəkk-şübhəm qalmaz.

- İnanmırsan mənə? İndiyədək sənə heç bir dəfə də olsa, yalan danışmışam?

- Xeyr, danışmamısan, gözümün işığı, danışmamısan. Ancaq yenə şübhəli qalmayım. Əgər yuxun söylədiyin kimidirsə, niyə qorxmalısan ki?! Əlini rahatca basıb and içə bilərsən. Amma əvvəlcə get yaxşı-yaxşı yuyun, təmizlən, sonra gəl.

Anasının tapşırığını cəldliklə icra edən Vəfa çox çəkmədi evə döndü, yerini rahatladı: Ya Allah, kömək ol, - deyə astadan səslənib sağ əlini müqəddəs kitabın üzərinə toxundurdu və dualar etdi:

- Söylədiklərim doğrudur, heç bir yalanım yoxdur, - deyə Vəfa ayinini bitirdi: - Daha sözün, ay ana? İnandınmı indi? - deyərək qorxu təri axıda-axıda ayağa qalxdı, yenidən ona dördgözlə diqqət kəsilən  anasını özünə tərəf çəkib hönkürdü. Xeyli vaxt bir-birinə sarılı qaldılar. Ana birdən qızından ayrıldı. İri addımlarla özünü daima ibadət etdiyi odasına saldı. Üzünü Qiblə səmtinə çevirib, başını dikəltdi, əllərini göyə tuşladı:

- Allahım, keç günahlarımdan. Öldürmə məni. Mən artıq əvvəlki Nərgiz deyiləm. Dəyişmişəm, paklaşmışam. İçimi didib-tökən, içimə ağırlıq gətirən iblisanə düşüncələrdən uzağam. İnsanlığın əksi olan nə varsa, artıq tərk edib məni. Özü də elə indi, bu saatda edib. Mən tamam başqalaşmışam.

Nə yaxşı yuxu əhvalatı ortaya çıxdı. Şükürlər olsun, özümə qayıtdım. Elə bil təzədən doğulmuşam. Allah mərdimazarlara, ev yıxanlara lənət eləsin. Baş-beynimi yemişlər... Elədiyim iyrənc oyunların fərqində deyildim. Tilsimdəydim, sanki.

Allahım, qıyma mənə, qapımızı Əzrailə tanıtma. Günü bu gün baş tacım olan ərimdən də, ciyər paralarım olan uşaqlarımdan da üzr istəyəcəyəm. Özü də dönə-dönə. Təki Tanrım məni bağışlasın, keçsin günahlarımdan. Mən ölmək istəmirəm!

Gün sona yetməkdəydi. Axşam azanına sayılı dəqiqələr qalmışdı. Suçlu qadın həyəcan, qorxu məngənəsində çeşidli şam süfrəsi açmağı da unutmamışdı. Gözləri yol çəkirdi. Vəfa anasının hərəkətlərini anbaan sezdikcə sevinir, qürurlanır və özünü dünyanın xoşbəxti sanırdı.  Bir azdan həyət qapısı açıldı. Gələn Mahir müəllim idi. Nərgiz işini kənara atıb qapıya yüyürdü. Əri gözlərinə inanmadı. Amma yuxu deyildi. Bu, o idi. Bəli, o idi, ömür-gün yoldaşıydı. Lap qənşərində dayanmışdı. Baxışlar bir-birinə dirəndi. Mahir müəllim onu başdan-sonadək süzdü. Eynən birinci dəfə rastlaşdığı Nərgiziydi. Gülərüz, mehriban... Cavanlıq təravəti də üstündəydi. Şükürlər olsun.

Vəfa həsrətində olduğu bu mənzərəni seyr edərkən qardaşları Vüqar və Vüsal da içəri daxil oldu. Gəlib bacılarının yanında dayandılar.

 

*

O günün üstündən aylar, illər adlamışdı. Nərgiz Tanrının qəzəbindən yaxa qurtarmış, Vəfa da düzüb-qoşduğu oyunlara rəğmən cəzalandırılmamışdı. Görünür, Vəfanın xeyirxah niyyətlə uydurduğu yalanlar uca Allaha xoş getmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.