“Səhra savaşı” yenidən yayınlandı

Könül, “Ədəbiyyat və incəsənət”

 

Səhra savaşları sizcə necə olur? Adi savaşlardan nə ilə fərqlənir? Bəs ürəklərdə, ruhlardakı savaşlar necə olur?

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” adlı romanı yenidən nəşr olundu. “Kritika” nəşriyyatının yayınladığı, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələ­cəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. İnsanlığın keçib gəldiyi yolun ənənəvi axarda deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verir.

 

Yazıçı Vaqif Sultanlıdan aldığımız məlumata görə, “Səhra savaşı” romanı XXI yüzildə qloballaşan dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biga­nələşmə, gərəksizləşmə kimi mənəvi-əxlaqi çöküş və humanitar böhranla müşayiət olunan bəşəri problemlərə sərt etiraz ruhu ilə seçilir. Süjet hörüyü fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın baş qəhrəmanı kimi canlandırılan Qocanın timsalında yer üzündə dərinləşməkdə olan ziddiyyətlərin, qarşıdurmaların, çarəsizliyin, çıxılmazlığın gerçək mahiyyətini aşkarlamağa yönəlik sorunlara aydınlıq gətirilməsinə çalışılır.

Qeyd edək ki, ilk dəfə 2015-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman daha sonra Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə yayınlanmış, haqqında müxtəlif səpkili araşdırmalar aparılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2024)

.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.