Ülvi Bahadır kimi öldürdü? Featured

(“Qırmızı”-dan hissə...)

 

 

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi

           

 

          Qırmızı yarpaqlar payızın yaraşığı deyil, ağacların növbəti ölümə meydan oxumasıdır!

Kişilər ən çox qırmızı donlu qadınların dalınca qaçdılar... Çatdılar... Əllərindən tutdular...  Yolun ondan sonrasını qırmızı donlu qadınlar qara yaylıqla tənhalıqlarını ovuda-ovuda irəlilədilər...

Qırmızının ən dəhşətlisi var qızılgülün “Aşdım-daşdım” sortunda. Aşır-daşır, budaqlarını damlara, ağacların başına uzadır... Ən çox da o budanır: ləçəklərindən mürəbbə olmur, bitki biti bağda ən birinci onun tumurcuqlarına dadanır...

Qırmızı cildli kitablar, adətən, ağır olur: ya qalın olur, içindəkilər hər adama maraqlı gəlmir, ya da oxuyanın ruhu onun bətnindəki sözlərin ağırlığından çökür. Yaxşı oxucu olan heç bir yazıçı istəmir ki, kitabı qıpqırmızı olsun...

Qırmızı, həyəcanın olduğu qədər, təhlükənin də rəngidir.  Və bu gün Qafqazın əsl kimliyi, qafqazlının təfəkküründəki sehir, mistika qırmızı cildli “qadağan olunmuş ədəbiyyat” siyahısına salınır dünyada. Özü də, qırmızı-qırmızı...

 

***

Erik von Deniken “Tanrıların arabaları” adlı bir kitab yazır, “Hər xalqın mifologiyası onun tarixidir” deyə bağırır, amma Qafqazdan söz açmır. O Qafqaz ki, bütün dünya xalqlarının mifologiyasının ortaq nöqtəsidir.  O Qafqaz ki, Deniken`in haqqında danışdığı o arabalar buradan yola çıxmışdı.  Yəqin Deniken də qohumları almanlar kimi, Qrimm qardaşlarının nağıllarını, sadəcə, macəra axtarmaq arzusu çərçivəsində oxuyub; 90-a nəfəs üfürən araşdırmaçı-yazıçıya indən sonra nə desək də, “nırx” deyib duracaq. O yaşda insanlar yeniliyə açıq olmur, bilirik. Amma o yaşacan da Qafqazı yaxşı, həm də çox yaxşı tanımışdı Deniken. Misir fironlarının genetik analizində onların Qafqaz əsilli olduğunun aşkarlandığından da xəbərdardır, əminəm. Heyerdal`la müzakirələr aparan Deniken Qafqazdakı məbədlər haqqında da məlumatı olmalıdır. Bir sözlə, Deniken Qafqazı gözəl bilir... Və susur. Özü də, qırmızı-qırmızı...

 

***

Başqa bir alman araşdırmaçı-yazar Pyer Frank “Rezonans qanunu” adlı kitab çıxarır. Dünya düşür bu kitabın dalınca; alana bax, təcili tərcümə etdirib nəşr edənə bax, yazısında, çıxışlarında kitaba istinad edənə bax... Bax da bax! Kitab olur bestseller. Və Qafqazın qoynunda-Azərbaycanın Şəkisində başqa bir yazıçı o kitabı oxuyur, əllərini qoyur qoynuna, təəssüflə öz xalqının keçmişini düşünür.  O keçmiş ki, o boyda kitabı bircə cümlə ilə anladan insanların mirasıdır: “Niyyətin hara, mənzilin ora”.  Bəs yazıçı nəyə təəssüflənir? Qafqaz mifologiyasını, qafqazlı təfəkkürünü araşdıranlar, tapdıqları mənəvi xəzinələrlə zənginləşənlər qafqazlı yazıçıdan min dəfə yaxşı tanınır dünyada... Və yazdıqlarının hamısının öz düşüncəsi olduğunu hayqırır mənbə göstərmədən, istinad nöqtəsi tanıtmadan... Özü də, qırmızı-qırmızı...

 

***

Nə vaxtsa, başqa bir alman dünyanı öz fəlsəfəsi ilə heyrətə salmışdı. “Yanmaq, yox olmaq, küllərindən yenidən doğulmaq” idi Nitsşenin dahiliyinin göstəricisi.  O dahiliyə heyran olanlar uzağa getməsə, elə öz xalqlarının mifologiyası haqqında cüzi məlumat almağa çalışsa, bütün dünya mifologiyasının ortaq nöqtəsi olan həmin cümlə qarşılarına çıxardı: “Qaf dağlarında küllərindən doğulan bir sehirli quş yaşayır”.  Onda tanıyardılar Nitsşeni... “Ümid ən böyük işgəncədir” deyən adam dünyaya “küllərinizdən doğulun” deyə öyüd verəndə səmimi ola bilməzdi! O, sadəcə, öyrəndiyini təkrarlayırdı. Başqa sözlə, həqiqət Qafqazda idi, Nitsşe onun carçısı rolunda çıxış edirdi qısa zaman kəsiyində. Və bunu boynuna almırdı, “mənim fəlsəfəm” deyirdi. Özü də, qırmızı-qırmızı...

 

***

Bu müəllifləri tənqid edirəmsə, bəyənmirəm anlamına gəlmir; bəribaşdan deyim. Nitsşe məni ağlada bilib. Deniken düşüncələrimi təsdiqləyib. Pyer Frank bildiklərimi təkrarlamağıma səbəb olub. Məni ağrıdan ayrı məsələdir...

Məni ağrıdan bu günün qafqazlı şairinin şeirin doğulan anında ölümü düşünməsidir. Çünki Deniken`ə, Nitsşe`yə, Frank`a yaradılan imkanlar qafqazlı yazıçıya yaradılmadı; nəşriyyatlarımız özümüzdən başqa hamını çap etməyə həvəslidir.  Bizdəki redaktorlar, 2-3 nəfərdən başqa,  “Po`nun Kennedi`si” olmaq istəmədilər, bizdəki naşirlər əllərinə gələn əsərlərə gəlir mənbəyi kimi baxdılar,  yazıçının gözünün nuru, düşüncəsi, əməyi kimi deyil... Təsəvvür edin, 3 ildir hekayə kitabımı nəşr edəcək bir naşir tapmıram. Hələ hekayələrimi oxumamış,   bu cəmiyyətə lazım olub-olmadığına qərar verməmiş, mənə deyirlər: “Ödənişi bəribaşdan istəyirik”.

Və bu yerdə qafqazlı şairin “ölümün rəngi qırmızı” deməsi  nə naşirin, nə redaktorun, nə də cəmiyyətin eyninə gəlir... Çünki Qafqazın əsl kimliyinin üstünü örtməklə məşğuldur dünya ədəbiyyatı. Daha heç bir ədəbi qəhrəman  Jül Vern`in Klodius Bombarnak`ının iziylə  Bakıya gəlmir,  uzaq başı, “House” serialında baməzə baş qəhrəman  təcrübəçi qızdan soruşur: “Azərbaycanın paytaxtı haradır?”  Və bizim naşirlərimiz Qafqazın mifologiyasından su içən qamışları “dünya bestselleri” adıyla bizə sırıyır, öz nilufərlərimizi görmür. Bizim nilufər qədər gözəl əsərlər yaradan,  o məsumluqda, o səmimilikdə yazı  üslubu olan yazıçılarımız, şairlərimiz isə yarımçıq romanlarından üzr istəyə-istəyə sığınırlar bir cümləyə: “Çörək hamının haqqıdır!”

Yox, qafqazlı şair qırmızı ölümə təslim olmur,  o, küllərindən doğulan təfəkkürün dosdoğmaca balasıdır! Yox, qafqazlı şair qələmini yerə qoymur, o, dünyanın hər yerinə arabalarda səyahət edən, getdiyi yerlərə yazını, tibbi, mədəniyyəti aparan “tanrıların” şəcərəsindəndir. Yox, qafqazlı şair həmişə diridir, o, bütün dünyanın təfəkküründə müdhiş izaholunmazlıqla özünə yer edən yerdən- “Qaf dağının arxası”ndandır! Sadəcə, həmyerlimiz olan Diziaynalı pəhləvanın Lovğa pəhləvana dediyi kimi, “bizə “pişiyim” demədi”  Qafqazı danan dünya ədəbiyyatına “aslanım” deyən naşirlər...

Ölmədi qafqazlı şair Ülvi Bahadır. Öldürdü içindəki hər şeyi şeirə qurban verən qafqazlını... Özü də, elə şeirindəcə...

 

Başımız üstündə qırmızı bulud,

qırmızı-qırmızı baxır bizlərə…

çiyələk qoxulu qırmızı külək…

…sevgimi paylayır sevgisizlərə?…

 

Qırmızı yarpaqlar bəzəyir yeri…

…gedir sonsuzluğa bir qırmızı yol…

Qırmızı yanaqlı bir qız oxuyur

“Mən səndən küssəm də, sən yanımda ol”…

 

Qırmızı bir qarğa neçə saatdır

üzümə durubdu qızıl qırmızı…

Qırmızı sahildə oğlan nə vaxtdır…

…qırmızı dodağa qalıb tamarzı…

 

Qırmızı Ay çıxır qaranlıqlardan…

səssizlik mahnısı zümzümə edir.

“Bir cavan oğlanın nəmli qisməti…

…bir qızın qızarmış qismətindədir”…

 

Qulaq as…qulaq as, qırmızı ruhum,

Daha burda qalma, sonsuzluğa uç…

-A bala, qan yuyub aparır səni!

-Alo?

-Alo…103?…

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.