“Bir şair sevdi səni, duyğuları bakirə...” - Şəlalə Adilqızının şeirləri Featured

Redaksiyamızın poçtuna Sumqayıtda yaşayıb yaradan Şəlalə Adilqızının şeirləri daxil olub. Onların bir qismini ötən gün sizlərin ixtiyarınıza vermişdik. İndi isə digər qismini təqdim edirik.

 

 

Gəl, otur yanıma,

Cənab yeməkpaylayan...

Gəl, ikimiz bir yerdə 

Xatirəni haylayaq... 

Danış müharibədən...

Yollarına gül deyil, 

Güllə səpən taledən... 

Söylə, ən yaxın dostun

Qayıtdımı evinə? 

Sağ-salamatmı döndü? 

Yoxsa sənin çiynində? 

...Cənab yeməkpaylayan,

Torpaqdan pay vermədin! 

İndi gəlib

Döyüş vaxtı gizlənən,

Savaş nədi bilməyən 

Həmyaşıdın üçün sini daşıyırsan...

O, gülür, əmr verir...

Qaşların düyünlənir...

Bilirəm, bu düyündə min kədər yaşayırsan... 

Yarı toz, yarı qan əsgər paltarı 

Olub xatirəsi ağ köynəyinin... 

Küçədə bağrına basan insanlar

İçəridə adıdır dağ göynəyinin...

Şəhidlik asandır, yoxsa şahidlik

Savaşın ən qatı, ən tünd halına? 

Söylə, qardaş...

Çəkinmə, dərd bilir səni yaradan! 

Adın medallardan daha ucada: 

QARABAĞI AZAD EDƏN QƏHRƏMAN!

 

 

***

 

Gəldin...

Sevdim...

Getdin...

Qırıldı ürəyim, çilikləri izlərinə səpildi... 

Ağlım yüz dəfə ürəyimə: 

“Unut!”-deyə təpindi... 

Getdin...

Sevdim...

Sevdim yenə,

Həsrət əkdim ömür-günə... 

Sevmədin...

“Sevdim!”-demədin bir kərə... 

Barı, xatırla, unutma,

Bir şair sevdi səni; 

Duyğuları bakirə...

 

 

***

 

Ayrıldıq... 

Dərd tapıldı 

Canımda sən adında...

Bax, sənsiz “bəxtiyar” oldum;

Dərmanlara “yar” oldum...

...”Xərçənglər gözəl sevir” –

çıxdı bu gün bürc falım...

Mən səni çox sevdim,

Xərçəng həzin halımı... 

...Ovuc-ovuc içdiyim 

Dərmanlar da utancaq

Ağrımı kəsmir deyə...

Ayrıldıq...

Adın yazılı qaldı

Cibimdəki “kimliyə”...

 

 

***

 

Ləçək-ləçək ayırdığım

Çobanyastığı sevindi;

Gəldiyin yollara səpdim...

Qolumun üstə düzdüyüm 

Qərənfillər qəhərləndi;

Getdiyin yollara səpdim...

Unutduğun adım olsa,

Unut...

...Dərdinə dönməyim...

Bircə onu unutma ki,

Gözümün bəxtinə düşüb

Çiçəklərə su verməyim...

 

 

***

 

Təbiətin qırx qapısı açıldı,

Su başında əjdahalar gülüşdü... 

Ay Günəşin vüsalına yetişdi,

Qaf dağına işıq düşdü...

Dünyanın ən gözəl çiçəyi 

Kaktusun qoynunda açdı... 

...Kimsə görmədi bunu,

Hamı həqiqətdən qaçdı...

 

 

***

 

Narıncı donlu günəş

Dənizlə sevişəndə gəl... 

Küləklər ehtirasını 

Yağışla söndürəndə gəl... 

Dünyanın elə vaxtı,

Elə günündə gəl ki, 

Kəpənəklər rəqs eləsin 

Nəğməsiylə sevdanın... 

...Elə gəl ki,

ortaq olsun inancımız: 

mavi rəngli məhəbbətin 

qucağında uyuyarkən 

Ay olacaq balıncımız...

 

 

***

 

Oxuduğum bir kitabdaydı, 

ya da baxdığım bir filmdə; 

sənə baxmaq ibadət imiş eşqə...

...Çiyninə baş söykəmək dua,

Dərdindən gülməmək oruc tutmaqmış... 

Bunları öyrəndim...

Ağlımın yetmədiyi, 

əlimin çatmadığı bircə sirr var: 

bu qədər mavi,

bu qədər azad,

bu qədər əngin olmağı

necə bacardın axı? 

Bir də...

Niyə filmlər və kitablar 

Sənə məndən danışmır? 

Demirlər: bir dəli sənsiz darıxır?!

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.