Qardaş Türkiyənin İzmir şəhərində yerləşən YAZŞADER - Yazarlar və Şairlər Dayanışma Derneği tərəfindən keçirilən I Beynəlxalq Yazşader Hekayə və Şeir Müsabiqəsi (Uluslararası Yazşader 1. Öykü ve Şiir Yarışması) yekunlaşdı.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, oktyabrın 13-ü İzmirdə Karşıyaka Çarşı Kültür Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması baş tutdu. Qaliblərə plaket və müsabiqəyə göndərilən əsərlərin çap olunduğu antologiya hədiyyə edildi.
Müsabiqənin qalib hekayələrindən ikisinin müəllifi Azərbaycan yazıçılarıdır. AYB və DGTYB üzvü, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi Şəfa Vəli real hadisələr əsasında yazdığı “Qonağın qəndi” hekayəsi ilə I yerə, Pərvanə Məmmədova-Kəlağay Türkiyədəki zəlzələ zamanı insanları uçuqlar altından çıxaran köpəklərin ümumi obraznı yaratdığı “Xilaskar Köpək” hekayəsi ilə III yerə layiq görülüb. II yeri isə qardaş ölkənin Bursa şəhərindən olan yazıçı Ceyda Kurt Sarı “Alqışlar Filfin üçün” hekayəsi ilə qazanıb.
Sizə Şəfa Vəlinin ödül qazaqnmış hekayəsini təqdim edirik.
Şəfa Vəli
"Qonağın qəndi"
(hekayə)
Qırx beş yaşlı bir kişi üçün həyatının bu günə qədərki düzənini pozmaq elə də asan deyildi. Qohum-qonşuların, hətta, yaşı yetmişi çoxdan keçmiş anamın belə evlilik haqda danışıqları bu səbəbdən beynimin bir küncündə hər gün eşidəcəyim avtomobil siqnalı kimi adiləşmişdi. Mən bu yaşa qədər özümə qəhvə dəmləməyə, pencəyimin düymələrini bərkitməyə, köynəyimin boynunu sulu dəsmal qoyaraq ütüləməyə elə alışmışdım ki, bütün bunları kiminsə edəcəyini ağlıma da gətirmək istəmirdim. Aradabir güzgüdə saçlarımın arasında süd rəngi gözümə dəysə də gülümsəyirdim. Xəyalə Sevilin kitabındakı kimi özümü təsəlli edirdim: “Saçlarıma ay qonub”. Özün-özünü təsəlli edib gülümsəyincə içindəki hisslərin adı olmur. Bəzən düşünürəm də, elə yaxşı ki, bu hisslərin adı olmur. Yoxsa, öz gözümdən bir çılğın yalançı kimi düşərdim.
Hə, deyirdim axı, evlilik mənimçün çoxdan getmişdi. Bu gediş bileti əlimdə yanan qatarın gedişi qədər təəssüf doğurucu deyildi, durnaların payız yaxınlaşınca isti ölkələrə qayıtması kimi adi idi. Çox adi. Lakin, adiliyi yox etmək üçün həyat mənimlə şərt kəsmişdi. Bu şərtin nə vaxtsa qarşıma qoyulacağı, məni sehr dükanına göndərəcəyini bilirdim. Qəsdən gecikirdim. Sevmədiyin bir qadının sevdiyin rəngdə manto geyinməsini görüb ona görüş təyin etmək kimi idi evliliklə üzləşməyə hazırlaşmağım. Lakin, bir gün ikicə kəlmə söz məni masaya oturmağa və bütün kartlarımı açaraq sonuncu inadımdan da keçməyə vadar elədi.
Onda qış gəlmişdi. Dovşan ovu barədə sənədli filmə baxandan sonra həvəslənib uzaq kənddə yaşayan qohumlarımızgilə gedib çıxmışdım. Kəndə axşamüstü çatmışdım. Qonaq getdiyim ailə yaşı otuzu təzəcə keçmiş olan gənc bir ata, saçlarını çəhrayı kəlağayıda gizləyən gənc ana və üç yaşlı bir oğlan uşağındn ibarət idi. Şəhərin dolanbac küçələrinin riyakarlığından uzaq bu kənd məsumluğu məndə kövrəklik də yaratmışdı. Arada düşünmüşdüm ki, bəlkə yaşım əlliyə az qalıb deyə belə ürəyiyuxa olmuşam?!
Kasıbyana süfrədə şəhərdə birini bəyənib yediyim, o birinə mız qoyduğum şirniyyatlardan heç biri yox idi. Şüşə qənd qabının qapağının bir tərəfi çatlamışdı. İçindəki bir ovuc qənd şüşə qabın içərisində üst-üstə yığılmış oyuncaq kublara bənzəyirdi. Bilmirəm, niyə onda bu qəndqabına belə çox fikir vermişdim. Yəqin, bu da Tanrı tərəfindən verilən bir işarət idi. Biz insanların hər birini sevgiylə yaradan Tanrı bizə hər şeyi anladır. Lakin, biz bunu görməzdən gəliriksə, bir şanssızlıqla üzləşincə, niyə özümüzü yox da, Tanrını günahlandırırıq?!
Gecəni bu fikirlərlə yatmışdım. Tanrı və onun bizə göndərdiyi işarətlərin həyatımıza təsiri, əslində, həyatın nədən ibarət olduğu barədə o qədər düşünmüşdüm ki, saat neçədə yatdığım yadımda deyildi. Oyananda ilk baxdığım saat oldu. Günortaya yaxınlaşırdı. Axşamın qaranlığında o qədər fikir verməsəm də, indi qış günəşinin gözqamaşdırıcı parıltısını mənə ötürən pəncərənin o üzündə kiçik bir aynabəndin olduğunu gördüm. Başımı qaldırıb eşiyə baxmaq istəyirdim ki, eşitdiyim sözlər məni çarəsizcə yerimdə donmağa məcbur etdi. Uşaq anasına deyirdi:
-Ana, qonağın qəndinin biyi yeyə düsüb.
Donmuşdum... Çarəsizdim... Necə yəni, qonağın qəndi? Axı, bu evdə başqa şirniyyat yoxdur? Üç yaşlı uşaqlar isə qəndi xart-xartla yeməyi sevirlər. Bəs, bu eşitdiyim? Düşündüyümü özümə təsdiqləmək istəməsəm də yavaşca pəncərədən aynabəndə boylandım. Ananın əlinə şüşə qəndqabı vardı. Uşaq kiçik ovcundakı bir dənə qəndi qaldırıb anasına uzatmışdı. Ananın gözlərində qürurqarışıq təəssüf vardı. Və ikisi birdən; qürur və təəssüf iki gilə göz yaşına da qalib gəlmiş, onları ananın dumduru bəbəklərindən yanağına qovmağı bacarmışdılar.
Dovşan ovu həvəsimi öz tariximin bir səhifəsinə yazıb həmin gün o kənddən ayrılmış, evlənməyə qərar vermişdim. Mən də üç yaşlı oğlumun həyatın yoxluq və varlıq işvəsini anlamasını istəyirdim.
“Ədəbiyyat və incəsənət”
(15.10.2024)