“Ov” - Fazil Sənanın hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fazil Sənanın hekayəsi təqdim edilir. 

 

Bəhram qapını açıb hər tərəfin ağ örpəyə büründüyünü görcək öz-özünə: "Bəh, bəh! Nə gözəl havadı", - deyib uzunboğaz çəkmələrini geyinib darvazadan çölə çıxdı və ətrafı nəzərdən keçirib küçə yuxarı getməyə başladı. Küçənin sonundakı darvazanın ağzında dayanıb qapını döydü və bir az keçmiş, qapı açıldı.

- Sabahın xeyir, Cico.

- Aqibətin xeyir.

- Görürsən, nə gözəl havadı. Belə havada nə lazımdı? - Bəhram ətrafı nəzərdən keçirib Cicoya baxdı.

- Nə lazımdı? - Cico sual dolu baxışlarla Bəhrama baxdı.

- Nə lazım olacağını bilmirsən? Həmişə demirdin, məni də ova apar. Əsl ov havasıdı. Hazırlaş, bir azdan gedək.

- Belə qarda?

- Bəs nə? Əsl yeyib-içməli, ov havasıdı.

- İndi mən neyləməliyəm?

- Çörəyini ye, əynini geyin. Bir az da çörək, pendir götür. "Başı xamırlı" da yaddan çıxmasın, çöl soyuqdu. Gedim Zülüyə də deyim, o da hazırlaşsın, qayıdıram. Sən də bir saata kimi hazır ol.

- Oldu, - deyən Cico qapını örtüb evə getdi.

Aradan xeyli keçmiş Bəhram Cico da yanında Zülünün darvazasının yanına çatanda gördülər ki, Zülü qapının ağzında onları gözləyir.

- Bəhram, bəs bunun tüfəngi hanı? - deyən Zülü əli ilə Ciconu göstərdi və güldü.

- Bu, tüfəngsiz ovçudu.

- Zarafatsız, Ciconun tüfəngi hanı? Ovu nə ilə vuracaq?

- Ona tüfəng lazım deyil. Əgər sənin üçün çox maraqlıdırsa, məsələyə aydınlıq gətirim.

- Doğrudan, mənim üçün maraqlıdır. Bu soyuqda, qara bata-bata hara gedir?

- Zülü, mən elə bilirdim ki, sən əməlli-başlı ovçusan. Sənin heç ovçuluqdan anlayışın yox imiş.

- Sən elə danışırsan ki, elə bil ovçu təkcə sənsən. Mən tüfəng götürüb ov edəndə, sən hələ aşırmalı şalvar geyinirdin.

Sözündən, səsinin ahəngindən Zülünün incidiyini hiss edən Bəhram üzünü Zülüyə tutaraq dedi:

- Zülü, incimə, əzizim. Sualıma düzgün cavab versən, bilərəm ki, doğurdan da, sən ov edəndə mən aşırma şalvar geyinmişəm.

- Buyur, Boriq. - Zülünün sözünə hər üçü güldü.

- De görüm, ovçunun ova getməsi üçün nə lazımdı, Zülü?

- Tüfəng, bıçaq.

- Elə bu?

- Qalın pal-paltar, ov çantası, içində də yemək-içməyi, durbin, belində qatardan əlavə, ehtiyat patron.

- Qurtardın?

- Hə, qurtardım. Məncə, daha heç nə qalmadı. Ovçu üçün lazım olan hər şeyi sadaladım.

- Yaxşı, Zülü, sən sadaladıqlarının hamısını biz götürmüşük?

Bir az fikirləşən Zülü, yanlarında onların söhbətinə qulaq kəsilən Ciconun üzünə baxaraq güldü və dedi:

- Cico, sən bilərsən, mən sadaladıqlarımdan əlavə, ovçu üçün daha nə lazımdı? Görürəm, sən bizim ikimizdən də ağıllı adamsan. Çünki biz ova tüfənglə, sən tüfəngsiz gedirsən, - deyən Zülünün sözünə gülüşdülər.

- Yox, Zülü, ovçu üçün lazım olanların hamısını sadaladın. Mənim fikrimcə, əlavə olunası bir şey yoxdur.

- Ovçu üçün əsas lazım olanın adını çəkmədiniz. Bəhram yoldaşlarına baxdı.

Zülü ilə Cico maraqla "Boriq, o nədi ki, biz bilmədik, amma sən bilirsən?" - deyə soruşdular.

- Mən deyəndə ki, siz ovçu deyilsiniz, xətrinizə dəyir. İndi görürsən, Zülü, səni yanımda hərliyə-hərliyə ovçu eləmişəm. Ciconu da sənin kimi öyrədib ovçu eliyəcəm.

- Yaxşı, bildik ki, sən yaxşı, təcrübəli ovçusan. De görək, ovçu üçün daha nə lazımdı ki, biz bilmirik, amma sən bilirsən?

- Əsl ovçu üçün sizin sadaladıqlarınızla bərabər, ov tulası da olmalıdır. Kinolarda görməmisiniz ki, ovun yaraşığı tuladı? Ovu ürküdən, vurulan ovu gətirən ov tulasıdı. Ov tulasının əziyyəti ovçunun əziyyətindən heç də az deyil, bəlkə də çoxdur.

- Sənin sözünnən, bizim tulamız yoxdur, onda biz ovçu deyilik? - Zülü ilə Cico hər ikisi Bəhrama baxdı.

- Niyə, var. Heç tulasız da ova gedərlər?!

Zülü ilə Cico təəccüb qarışıq maraqla: - Tulamız varsa, bəs hanı? Biz görmürük, sən görürsən?" - dedilər.

- Siz görə bilməzsiniz. Onu ancaq mənim kimi ovçular görə bilər, - deyən Bəhram yanınca addımlayan yoldaşlarına baxıb gülümsündü.

- Göstər, biz də görək.

Zülü ilə Cico ayaq saxlayıb maraqla Bəhrama baxdılar.

Bəhram yoldaşlarına baxaraq güldü və dedi:

- Bəs, Cico nədi?

Zülünün qəhqəhəsindən tutulan Cico "Tüpürüm sizə də, sizin ovunuza da" deyib geri qayıtmaq istədikdə, Bəhram tez Ciconun qoluna girərək, "Ə, axmaqlama, hara qayıdırsan? Zarafat edirəm", - deyib minnət eləməyə başladı. Zülü də Ciconun bir qoluna girərək, "Boriqdi də, zarafat eləyir. Burda inciməli nə var?" - deyib Bəhrama dəstək oldu. Birtəhər Ciconun könlünü alaraq, qayıtmaq fikrindən daşındırıb yollarına davam etdilər.

- Zülü, kolluqlara fikir ver. Buralarda dovşan çox olur. Rast gəlsə, bir-ikisini vurardıq, günorta kabablayıb yeyərdik.

Bəhram sözünü tamamlamışdı ki, kolun dibindən dovşan tullana-tullana qaçmağa başladı. Zülünün tüfənginin açılmağı ilə dovşanın havaya qalxıb qarda eşələnməyi bir göz qırpımında baş verdi. Dostlar sevincək özlərini dovşana çatdırdılar. Bəhram dovşanın qulaqlarından tutub havaya qaldırdı və dedi:

- Halaldı sənə, Zülü, tulalıqdan çıxıb əməlli-başlı ovçu olmusan, - sözləri ilə Bəhram həm də Ciconun könlünü oxşamağa başladı.

Bəhram dovşanı Cicoya uzadaraq, - "Al, qoy çantaya, birini də vursaq, günorta yeməyimiz olacaq", - dedi.

- Yolumuz hayanadı, Boriq? - Zülü soruşdu.

- Qamışlı gölünə. Göldə yaxşı quş olur. Günorta yeməyini də gölün kənarında yeyərik. Elə yaxşı deyil?

- Yaxşı fikirdi. - Zülü dostunun fikrinə dəstək oldu.

- Zülü, sən o tərəfdən hərlən, tək yulğunun yanına gəl, biz də bu tərəfdən gedək. Bəlkə, dovşannan-zaddan bir şeyə rast gəldik. Bəhram əli ilə Zülünün gedəcəyi yerin istiqamətini göstərdi.

Vədələşdikləri yulğunun yanına çatanda Zülünün çantasında iki dovşan vardı.

- Birini də mən vurmuşam, -  dedi Bəhram.

Gölün yanına çatan kimi Bəhram dedi:

- Zülü, sən dovşanların adama birini soy, təmizlə, biz də çır-çırpı topalıyaq.

Bir azdan süfrə açıldı. Hərə çantasında götürdüyü çörəyi, pendiri, arağı süfrəyə qoydu. Sağlıqlar bir-birini əvəz etdikcə, şüşələr də bir-bir boşalmağa başlayırdı. Bəhram butulkanı götürdü ki, araq süzsün, baxdı ki, butulka boşdu. Əlini uzadıb o biri butulkanı götürdü. Gördü ki, əlindəki butulka da boşdu. Üzünü yoldaşlarına tutaraq: "Neçə şüşə arağımız var idi?" - dedi.

- Adama bir şüşə gətirmişdik. Cəmi üç butulka idi. - Zülü cavab verdi.

- Bəs burda dörd butulka var.

- Sənin gözünə elə görünür. Bilmirsən, başı xamırlını üç içəndə dörd saydırır adama? - deyən Ciconun sözünə, "Hə... Onu bilmirdim", - dedi Bəhram.

- Qalxın, görək göldə nə var, nə yox? - Zülü üzünü yoldaşlarına tutdu.

- Siz gölün kənarında qamışlığı ürküdün, quşlar havaya qalxsın. Mən vuracam, siz daşıyın. - Bəhram tüfəngini hazırlamağa başladı.

Zülü: "Cico hürkütsün, mən də atım", - dedi.

- Hə, Cico, sən qamışlığa gir, quşları ürküt, Zülü ilə mən də vurum.

Cico qamışlığa girib səs-küy saldı. Bu zaman bir dəstə quş havaya qalxdı. Bəhramla Zülü havaya qalxan quşlara atəş açdılar. Bir quş havada bir-iki dəfə qanad çalıb sahilə yaxın yerdə suya düşdü.

Bəhram sevincək çığırdı: "Cico, tez cum suya, quş suya düşdü".

- Boriq, su dərin olar, bataram, - deyən Cico qamışlıqdan cavab verdi.

- Ə, qorxma, qamışlığa yaxın düşdü. Sahilə yaxındı, ora dayazdı, tez ol, - Bəhram Ciconu tələsdirdi.

Arağın təsirindən çox şeyi fikirləşmək qabiliyyəti korşalmış Cico özünü verdi gölə. Bir az keçmiş göldən çıxan Cico titrəyə-titrəyə əlində tutduğu quşu Bəhrama uzadaraq: "al", - dedi və özü yaş paltarda sönmüş ocağın kənarında bürüşdü.

Bəhram quşu alıb o tərəf-bu tərəfinə baxaraq, "Bu nədi, ə?" - dedi.

Dişi-dişinə dəyən Cico güclə "bilmirəm" deyə bildi.

Zülü yaxınlaşıb quşu Bəhramın əlindən alıb o tərəf-bu tərəfinə baxaraq: "Boriq, nətər ovçusan, görmürsən, nədi? Qarğadı də", - dedi.

- Qarğa nədi? Nə axmaq-axmaq danışırsan? Bu qarda, soyuqda bir belə yolu gəlib elə bir qarğa vurmuşam? - deyən Bəhram acıqlı-acıqlı Zülünün üzünə baxdı.

- Yox, Boriq, iki qarğa vurmusan.

- İki qarğa vurmuşamsa, bəs, biri hanı?

- Boriq, vurduğun qarğanın biri budu, əlimdə ölüb. Biri də odu bax, sönmüş ocağın kənarında can verir. Narahat olma, uzağı, bir-iki saata o da öləcək. - deyən Zülü donmuş Ciconu Bəhrama göstərdi.

- Hə... Yenə yaxşıdı. Gülləm boşa getməyib. Bir gülləyə iki qarğa pis deyil, - deyən Bəhram baş verənləri dərk etmədən özündən razı halda gülümsündü.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.