“Ədəbiyyat və incəsənət” portalı “Qobustan” dərgisinin Baş redaktoru, istedadlı yazıçı, ədəbiyyatşünas Pərvinin “Xəyanət” adlı hekayəsini təqdim edir.
Şərab yuxulatmışdı onu... Ayılanda dili-ağzı qurumuşdu, dodağında xoşagəlməz tam vardı... Əvvəlcə harda, kimlə olduğunu kəsdirə bilmədi. Hövlnak atdı üstündən adyalı, böyrü üstə çevriləndə cod, yanıq saçlara toxundu əli, əti ürpəşdi, ayıldı elə bil, şərabın da təsiri keçib-getdi...
Bu nə xasiyyət idi qadın tayfasında, bilmirdi. İki gündən bir rəng dəyişməkdən süpürgəyə döndərmişdi saçlarını... Əvvəl dalaşdığı, "etmə-eləmə" dediyi də yadındaydı. Amma son illərdə vecinə almırdı. İstəyir qızartsın, bozartsın, lap çəhrayı eləsin saçını, ya da keçəl qırxdırsın, nə fərqi? Özü bilər. Elə qadın da əlini ondan çoxdan üzmüşdü. Evin içində qonşuydular... Arvad planşet, telefon, televizordan ibarət kiçik malikanəsində kraliça bilirdi özünü. Hərdən eynəyi yorulanda başını qaldırıb otağa göz gəzdirər, - bəs meyvə niyə yemirsən? - deyib dünəndən masanın üstündə toz basmış, dəmir rəngi almış alma-armuda işarə edərdi... Bununla qayğıkeş həyat yoldaşı obrazı bir az da ifadəli olardı. "Bax ha, sənə duz olmaz... Dərmanı vaxtında içdin? Kartof yemə... Yulaf sıyığına şəkər qatma. Qəhvə də ürəyinə ziyandı. Axı, haçan anlayacaqsan ki, bir il qabaq infarkt keçirmisən?" Bütün bunlar həyat yoldaşından daha çox həkim göstərişinə bənzəyirdi... Əvvəl-əvvəl etiraz da eləmişdi: bura bax, mən səninçün dibçək bitkisi deyiləm... Arvadın ardıcıl qayğıkeşliyindən bezəndə acı da danışmışdı hətta: arxayın ol ey, ölsəm, birinci sən xəbər tutacaqsan.
Xeyri yoxdu, heç nə dəyişmirdi, qayğıkeş həyat yoldaşı olmaq arvadın boynuna düşmüşdü. Heç nə də olmasa, gecənin ortasında yuxudan oyadıb - yatmısan? - deyə soruşmalıydı...
- Axı, sənə yüz dəfə demişəm ki, oyatma məni, sonra yuxuya gedə bilmirəm...
- Narahat oldum da, nəfəsinin səsini eşitmədim, mən bir il yuxu bilməmişəm e nədi, səhərəcən marıtlamışam səni...
Allahın ver gecəsi bu dialoq olmalıydı aralarında... Bir vaxt uzun hörüklərinə, süzgün baxışına, zərifliyinə aşiq olduğu qızcığaz indi başının üstünü Ərəbzəngi təkin kəsdirmiş həbsxana nəzarətçisinə çevrilmişdi. Amma yox, həbsxanada hərdən bir sərbəst vaxt verilirdi, axı... Onunsa qısa bir azadlığa da haqqı çatmırdı. Müddətini çəkməliydi, vaxtını başa vurmalıydı. Həm də dinməz-söyləməz.
- Məndən nə isə istəmirsən?
Arvadın ara-sıra yaşına uyğun olmayan şıltaqlıqla verdiyi bu sualdan əti tökülürdü. Çox vaxt özünü eşitməzliyə vururdu. İndi də qədimi sanatoriyanın cırıldayan çarpayısında nəfəsini də aramla alırdı ki, qadın oyaq olduğundan duyuq düşməsin. Vallah bu istirahət yerlərindən də zəndeyi-zəhləsi gedirdi. Nə itim azıb mənim burda - deyib söyürdü özünü səhər-axşam. Amma azca azadlıqdan ötrü lazım idi. Yoxsa məzuniyyət vaxtı, yayın istisində bir evin içində bağrı çatlayardı... Yenə bu mənasız prosedurlar başını qatırdı da... Otağın birində oksigen balışından "təmiz hava" alıb, o birisində ayaqlarını dincə qoyurdu, heç nə də olmasa, gündə bir dəfə iti yerişlə gəzib rahatlıq tapırdı. Rahatlığı verən fiziki aktivlik deyildi, yox, ona ayaq çatdırmayan arvaddan heç olmasa bircə saatlıq can qurtarmağıydı... Vay o gündən bir yerlisinə rast gələydi burda. Arvad bu yad məmləkətdə, yoluq sanatoriyada da tanış adam tapmağın hayfını çıxmalıydı ondan. Mütləq yaxındakı restorana qonaq çağırmalıydı yerliləri, özü də bəzənib-düzənib hazırlaşmalıydı. Əşşi, idman ayaqqabısında ərin qoluna girmək olmaz bəyəm? Saçı da ütü fenlə birtəhər dartışdırıb düzəldərdi, vəssalam... Əsas odu o bədbəxt yerlilər gedib desinlər ki, əri filankəsin başına dolanır... Hə, bu cür məclislərdə işini bilirdi. Birinci sağlığı təsadüfi görüşün, ikincisini mütləq, bir də təkrar edirəm MÜTLƏQ arvadın sağlığına deməliydi. Təxminən belə - bütün universitet ölürdü ey bu qızdan ötrü, hamının başın əkdim, heç kimə vermədim, indi deyirlər gözəldi, elə olmalıdı da, özüm seçmişəm...
Dediyi sözlərin lap dibindəki riyakarlıqdan xəcalət təri basardı onu, ona görə əlindəki qədəhi başına çəkib qızarmağını şərabın boynuna atardı, bir-iki ağız öskürərdi də inandırıcı olmasıyçün. Arvad da özünəməxsus ədayla kürəyinə üç dəfə vurardı, keçən il düzəltdirdiyi təzə dişlərini də ağardıb gülümsəyərdi yalandan...
Yastığı qulağının dibinə sıxıb yuxuya getməyə çalışırdı... Bu, uşaqlıq adətiydi, yastıqla qucaqlaşan kimi gözü yumulurdu, amma nədisə bu dəfə xeyri yox idi. Şərab ürəyini bulandırırdı...
Zalımın oğlu, elə bil, içki-zad görməmişdi ey... Hə, uşaqlıq dostları. Bir vaxt Bakının mərkəzində ev kirayələmişdilər. Universitetdə oxuyanda bu ev curların yığışdığı yerdi, nə hoqqalardan çıxmamışdılar orda, cavanlıq idi də. Sonra dostu aspiranturaya girmək üçün Rusyətə getmişdi, xeyli vaxt orda qalmışdı. Deyəsən, qəşəng içməyi də elə rus qızları öyrətmişdilər ona. Sanatoriyanın həyətində görüşəndə qeyri-ixtiyari əli cibinə getdi, bütün ssenarini qabaqcadan hiss edirdi, ona görə. Dostu qayıdıb gəlib ad-san, nüfuz sahibi olmuşdu, məşhur bir ailənin qızını almışdı. O vaxtdan əlaqələri yoxdu, amma indi elə qucaqlaşdılar, sanki dünən birgə olublar. Arvad da fürsəti fövtə verə bilməzdi, tezcə - Çingiz, gəl bu axşam qonaq çağıraq dostları - deyib nazlandı öz aləmində... Hə, əli də cibinə ona görə getmişdi, hesabı özü verməliydi, iqtisadi cəhətdən ziyanlı olsa da, uşaqlıqdan beləydi xasiyyəti, kiminsə çörəyini yeməyə alışmamışdı. Nə isə... Bu da sanatoriyalardakı günlərin qaçılmaz tərəfiydi. Arvad üçün də özünü kiməsə göstərmək fürsəti şəkər xəstələrinin "İnsulin" payı kimiydi. Ona görə gülə-gülə, həm də ürəyinin dərinliyində bir az sevincək getmişdi restorana... Arvad "İnsulin" dozasını alıb rahatlaşacaqdı, ona görə...
Amma gərək o qədər içməyəydi. Dost olub-keçənləri yada saldıqca, gülüb danışdıqca bir-birinə calanan qədəhlərin sayını itirmişdilər. Daha arvadın masa altından təpikləməyinin də, göz ağardıb dümsükləməyinin də xeyri yox idi... İçdikcə içirdi, bədəni keyidikcə beyni açılırdı. Bir il əvvəlki infarkt da, gözünə təpdiyi ovuc-ovuc dərmanlar da oyun-oyuncaq gəlirdi ona. Bircə bu qəhər olmasaydı! Hə, boğulurdu... Uzaqda qoyub gəldiyi qadından ötrü darıxırdı. Arvad bunu bilsəydi, bağrı çatlayardı. Ona görə telefonu da söndürüb otaqda gizlədirdi, xəbər-ətər də tutmurdu sevdiyindən. Amma söz vermişdi ki, bu, axırıncı dəfədi. Sanatoriyadan qayıdanda hər şeyi etiraf edəcək, papağını da başına qoyub, evini-eşiyini, bank hesabında qalan olan-olmaz pulları da arvada bağışlayıb çıxacaq evdən. Axı, mən uşaqlıqdan bacarıqlı olmuşam, yenidən sıfırdan başlaya bilmərəm bəyəm?! Hə?!
... Ehmalca dönmək istədi yerində. Bacardığı qədər səssiz çevrildi. Bir cüt gözün üzünə zilləndiyini görəndə diksindi.
- Amma yaxşı apardın özünü... Sağ ol səni. Gördün sən Allah onun səfeh arvadını, ağzının suyu axırdı... Keçən dəfə məclislərin birində ağzına gələni danışıb sarsaqlayırdı. İndi ərinin yanında forsundan cırılır, deyəsən, dünya gözəlidi...
Özünü yuxululuğa vurmağa çalışsa da, alınmadı, arvad yatmadığını başa düşmüşdü.
- Ürəyim bulanır...
- Dedim o qədər içmə də... Elə bil, mənim acığıma tökürdün qarnına o zəhrimarı... Yaxşı, day danışmıram. Sən ki o ifritəni yerinə oturtdun, halaldı. Gedib xəbərləyəcək hamıya, bəlkə, indi yazışır rəfiqələriylə... çətin ki gözünə yuxu getsin!
- Ürəyim bulanır...
Dedi və çevrildi yerində... Arvad öz üslubunda davam edirdi. Buna da öyrəncəli idi. Hər məclisdən sonra özünü başqalarıyla müqayisə edən qadın ərinin bəxtinin necə gətirdiyini minbir yolla sübuta yetirməliydi. Geyimdən tutmuş səsə, danışıq tərzinə kimi hər şeyi yarışa çıxarıb özü qalib olmalıydı. Bu söhbətlərdə arvada azarkeşlik eləməyə də alışmışdı artıq; "Hə, hə, əlbəttə". "Sənin yanında o kimdi ki", "Yox əşi, mən demişəm, sən səviyyəlisən", "Sənin oxuduğun kitabları o heç əlinə almayıb" və s. Bu sözlərin hamısını bir-birinə calayıb arvadın finiş xəttini keçməyini səbrlə gözləyərdi... Amma indi bu söhbətlərə hövsələsi çatmırdı. Ürəyi qalxırdı, başı gicəllənirdi. Vanna otağına keçmək, rahatlaşmaq istəyirdi. Arvadın dedini qoduya caladığını görəndə dözmədi... Dodağı altda "ürəyim bulanır" deyə mızıldandı və durub aşa-aşa hamama girdi. Başını soyuq suyun altına salıb sərinlədi. Arvadın ağzını hamam tərəfə tutub etdiyi geniş nitqindən qırıq-kəsik sözlər dəyirdi qulağına; "Dedim axı... Qulaq asmırsan da... dostun da öküz... ayaqqabılarını gördün... səhər tez dur... dərmanların da qaldı... analizlərin cavabı... saqqalım yoxdu..."
Başını suyun altından çıxartmaq istəmirdi. Ayılırdı, amma həm də qəhərlənirdi... Hə, boğulurdu. Arvad qapını yerindən çıxaracaqdı az qala. İlıq mələfəni üz-gözünə sıxanda ürəyi sıxıldı. Otağa qayıtmaq, nə isə eşitmək istəmirdi. Bəlkə heç gözləməsin, elə indi otağa qayıdıb danışsın hər şeyi?!
- Məndən nə isə istəmirsən?!
Arvadın bu nazəndə sualından çimçəşdi. Səhər tezdən dişlərini, üz-gözünü, burnunu qocasayağı yuyan, yüz ilin siqaret çəkəni kimi bəlğəmli öskürən qarının gənc, xanımsayağı arzusundan əti töküldü, bilmədi nə desin... Mələfəni üstünə çəkib uzandı. Səhərəcən birtəhər dözməliydi. Arvadın isterikalarını təxmin edirdi, gecə vaxtı hay-küy qaldırıb qonşuların yuxusuna haram qatmaq istəmirdi. Kürəyindəki əllərdən tükləri biz-biz oldu. Çevrilməsə, səhərəcən deyinəcəkdi qadın. Canını dişinə tutub çevrildi, süpürgə saçlara toxunanda ağlamaq tutdu onu, amma ağlamadı. Özü də bilmədi niyə dedi bunu - "Saat alacam sənə..." Qadın şıltaq güldü, lap qəhqəhə çəkdi sevindiyindən. Dodağını yaxınlaşdırıb öpdü üz-gözünü... Ağzı duzlu oldu, badımcan sirkəsinin dadına oxşar dad qaldı dodağında.
40 ildi alışdığı tez-tələsik sevişmədən sonra arxası üstə uzanıb gözlərini tavana dikmişdi... Qoca vaxtında səssiz-səssiz ağlamaq da öyrənmişdi. Gözündən yaş axırdı! Qadın başını qaldırıb baxdı... Amma bir şey başa düşmədi.
- Yatmamısan? Yaxşısan e amma... O gün restoranda rəfiqələrim viaqradan danışırdılar... Kül olsun o arvadın başına. Yaxşı qadının əri...
- Bəsdi də... Bunu da başqalarının acığına edirsən?!
- Yox, nə danışırsan?! Amma deyirəm mənə Allah hər cəhətdən verib də...
Arvadın sonrakı sözlərini eşidə bilmirdi. Gözündən axan yaş qulaqlarını doldurmuşdu. Guruldayırdı beyni, ürəyi də bulanırdı... Özündən iyrəndi, hamama keçdi. İsti çiləyin altında fikirləri duruldu elə bil, daha gözləməyin mənası yoxdu. Gecəni birtəhər yola verib, səhər dişini yuyub çıxmalıydı burdan. Çox danışmağa da ehtiyac yoxdu. Arvad özü bilər, istəyir qalsın, istəmir qayıtsın...
Eyvanla otağın arası üç addımdı. Gecə səhərəcən yüz dəfə ölçmüşdü bu üç addımı... Bir-iki-üç... Həyatda da belə asan olsa nə vardı ki?! Bu sanatoriyaların da qəribə adəti var, səhər altıdan həkim müayinələri başlanır, təhlillərin cavabları gəlir.
Qapını tıqqıltısından narahat oldu... Açanda təəccübləndi. Üç gündü özünü də, arvadını da müxtəlif müayinələrdən keçirən həkim pərt bir təbəssümlə üzünə baxırdı:
- Burda danışmaq istəmirəm, amma qan təhlillərinin cavabı gəlib, dedim özüm gətirim verim...
- Buyurun, gəlin içəri.
Həkimin içəri, arvadın yatağına boylanmağından dalağı sancdı, sonra əlindəki kağızlara baxdı. Bu sarı etiketi tanıyırdı. Ağır xəstələrin sənədlərinə vurulduğunu bilirdi. Həkimin gözünün içinə baxdı...
- Yaxşısı budur, siz vətənə qayıdın tezliklə. Metastaz verib, axırıncı stadiyadı, hamımız şokdayıq. Ağ ciyərlər... Otağıma gələrsiz danışarıq, sizə məsləhətlərimi verərəm. Belə xəstələrlə davrananda həssaslıq yüz faiz olmalıdı...
Qapını örtəndə qulaqları tutuldu... Hamısı yadına düşdü, aramsız öskürəklərin, burundan qan açılmaların, səhər xırıltılarının səbəbini başa düşdü. Ağlamaq istədi, amma ağlamadı, bircə dəfə hıçqırdı...
- Kim idi?
- Heç tibb bacısı. Prosedurun vaxtı dəyişib.
- Niyə yatmamısan?! Eşidirdim e gecə səni...
- Sənə baxırdım...
Dedi və çarpayının qırağında oturdu. Arvadın saçlarına əlini çəkəndə qıdığı gəldi elə bil. Gülümsədi...
- Qoy durum dişimi yuyum. Bilirəm vasvasısan...
- Yox, durma hələ tezdi...
Sözlər elə bil sürünürdü dişlərinin arasında. Nə dediyini özü də başa düşmədi...
- Nə deyirsən?
- Sevirəm səni! Bağışla!
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)