Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Bir şeirin hekayəti" rubrikasının qonağı iqtisadçı alimimiz və şeirləri ilə könülləri oxşayan Rəsmiyyə xanım Sabirdir.
Xoş gördük, əziz Rəsmiyyə xanım. Şair olmaq asan deyil, şairlik ucsuz- bucaqsız hisslər dəryasında üzməkdir və o hissləri zərgər dəqiqliyi ilə sözə düzməkdir. Şair olmaq ağrılıdır, şair olmaq sevinclidir...
-Əziz Rəsmiyyə xanım, rubrikamızın şərtlərinə görə yaradıcılığınızdan "Bir şeirin hekayətini" öz dilinizdən dinləmək istəyirik.
Buyurun, sevimli şair xanımımız, bizə o şeirin hekayətini söyləyin!
-Xoş gördük!
İlk olaraq onu qeyd edim ki, hər bir şeir hansısa hissin təsiri altında yaranır. Ya sevgidən, ya nifrətdən, ya kədərdən, ya da sevincdən... Mütləq şəkildə hansısa hiss insanı şeiri yazmağa vadar edir.
Bu gün ənənəyə uyğun olaraq şeirlərimdən birinin yaranma hekayətini sizin oxucularınız üçün anladacağam. Bu şeirin adı “Anamın ürəyi”dir. Adından da görüdüyü kimi anama həsr olunmuş şeirdir.
Məlum olduğu kimi, hər bir insan üçün ana müqəddəs varlıqdır. Anama çox bağlı biri olmuşam. 17 yaşımda universitetə qəbul olunduğum üçün doğma rayonumdan Bakıya gəldim və o vaxtdan bu günə kimi paytaxtda yaşayıram. Çünki universiteti bitirdikdən sonra uşaqlıq arzumu reallaşdırmaq istədim, elm yolunu seçdim, doktoranturaya qəbul olundum və iş həyatıma başladım. Anamdan, yaxınlarımdan uzaqda çətin idi. Əzizlərimi görmək üçün tez-tez (həftə sonlarında, bayramlarda və s.) rayona gedirdim. Hər gün də telefonla hal-əhval tuturduq. Bir gün anam telefonda ürəyinin onu narahat etdiyini dedi. Ondan xahiş etdim ki, Bakıya gəlsin. Anam gəldi və onu Bakıdakı xəstəxanaların birinə müayinəyə apardıq. Müxtəlif həkimlərlə görüşdük, anam çoxsaylı müayinələrdən keçdi. Həkimlərin diaqnozu kardiomeqaliya və ya ürək genişlənməsi oldu. Bu xəstəliyə tutulanda anamın 60 yaşı var idi.
Oxucularınız üçün bir faktı da qeyd edim. Mənim şair olmağımda anamın rolu var. Çünki ilk şeirmi də 2-ci sinifdə oxuyarkən məhz anamın xəstəliyindən təsirlənib yazmışdım. O zaman anam möhkəm soyuqlamışdı. Balaca olduğum üçün çox qorxmuşdum. Bu dəfə də belə oldu. Anamın ürəyinin xəstə olması xəbəri məni sarsıtdı. Anam kimi bir insanın bu xəstəliklə çox yaşayamayacağını hiss edirdim. Çünki anam çox həssas biriydi. Hər kəsin dərdini öz dərdi kimi yaşayardı. Anam, həm də çox şəfqətli biriydi. Onun qəlbində hamıya yetəcək qədər sevgi, mərhəmət var idi. Hər kəsin dərdini çəkirdi. Hamı üçün hər şeyin yaxşı olmasını istəyirdi.
Anamın həyatında çoxlu sayda itkiləri də olmuşdu. Anasını, qardaşını erkən itirmişdi. Bu itkilər, həyatda yaşadıqları anamın ürəyinə təsirsiz ötüşməmişdi. Onu da qeyd edim ki, mənim anam bəy nəslindən olub. Onda bəy nəslinə aid xüsusiyyətlərin hamısı təcəssüm olunmuşdu. Çox qürurluydu. Dərdini, sərini öz qəlbində yaşayardı, nə qədər çətinliyi olsa da, onu kənardakılara hiss etdirməzdi.
Anamın ürəyinin xəstə olması xəbərindən necə təsirləndimsə, həmin gün “Anamın ürəyi” şeirini yazdım. Şeirdə anamın xəstələnənə kimi yaşadıqları da öz əksini tapıb. Bu şeirdə dünyadan nigarançılıq, insanların yaşadıqları və onların anama təsirləri və s. kimi nüansları da vermişəm.
Bir faktı da qeyd edim, anam xəstələnən vaxtı torpaqlarımızın 20%-i işğal altında idi. Anamı bu dərd də içindən yeyib bitirirdi. Şeirdə bu nüansa da toxunmuşam. Bu şeirdə vətənindən didərgin düşən insanları da anlatmışam. Bir sözlə, anamın xəstəliyini bir fərdin yaşantıları kimi deyil, bir millətin yaşantıları kimi təsvir etmişəm. Bu şeirdəki anamın obrazı Azərbaycan qadınının obrazıdır.
...Anamın həssas qəlbi bu qədər ağrı-acıya dözmədi. O, bu xəstəliklə çox yaşaya bilmədi və 62 yaşında dünyasını dəyişdi. Artıq 19 ildir ki, anam fiziki olaraq bizdən ayrılıb. Anam dünyasını dəyişəndə onu tanıyanlar haqqında bu sözləri demişdilər: “Dünyaya mələk kimi gəldi, mələk kimi də dünyadan getdi”. Belə bir ananın qızı olduğum üçün hər zaman qürur duymuşam. Bütün şeirlərimdə anamın payı var...
ANAMIN ÜRƏYİ
…Arzuların qanadında
uçub getdi bahar.
Çəkdiyi bir dərin ahdan
əridi saçındakı qar.
Boylandı gözləri
nigaran-nigaran
dünyaya tərəf.
Qorxdu
sualın altındakı
dayaq nöqtəsini
yuyub aparar göz yaşları.
Geriyə səslədi.
dünyadan,
həyatdan,
ölkədən
qovulanları.
(Qəlbində yer verdi).
Torpaq kiçildikcə,
insan kiçildikcə,
hər gün bir az daha
böyüyür Anamın ürəyi.
Bütün evsizlərin,
bütün Vətənsizlərin,
bütün kimsəsizlərin
gərəyi
Anamın ürəyi...
“Ədəbiyyat və incəsənət”
(14.10.2024)