“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Azər Turanın Məsud Əlioğlu ilə bağlı fikirləri təqdim edilir.
Bu fotoşəkil 1969-cu il sentyabrın 10-da Neftçalada - evimizdə çəkilib: Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, atam İmamverdi Əbilov və Məsud Əlioğlu. Şəklin çəkildiyi anlar indi də hafizəmdədir...
Təbii ki, 6 yaşlı uşaq üçün bu adamların kimliyi önəmli ola bilməzdi. Sonra yaddaşım həmin gün onların lent yazısında qalmış səsləriylə, xatirə dəftərinə yazılmış ürək sözləriylə cilalandı.
Əvvəlcə xatirə dəftərində Məsud Əlioğlunun yazdığını oxudum: "Ürək yandığı, beyin qandığı, insan inandığı, eşq çağlandığı anda gözəldir... 10. IX. 69"
Sonra lent yazısında qalmış səsini dinlədim: "Tale insana cəza verəndə də, nəşə verəndə də, zövq verəndə də, səadət verəndə də onu cəzalandırır. Lakin ən böyük cəzanı, Allah onda insana verir ki, dostları bir-birinə verir: görün, kim kimi, kim kimdən nə qədər çox sevəcək, kim kimə nə qədər sadiq olacaqdır? Bu özü də Allah tərəfindən verilmiş cəzadır. Məhəbbət cəzası! Məcnun da bu cəzanı çəkib! Biz xoşbəxtik ki, bu gün də məhəbbət cəzasına mübtəlayıq. Necə ki, eşq və şeir tanrımız deyib: "Ya Rəbb... Bəlayi-eşqdən etmə cüda məni". Nə qədər nəfəsim var, deyəcəyəm: yaşasın bizim qardaşlıq, dostluq təriqətindən yaranmış vəhdət məhəbbəti!"
Yazdıqları bir yana, hətta Məsud Əlioğlunun dalğalı və sanki qeybdən gəlirmiş kimi eşidilən səsində Cavid barədə söhbətlər dinləmək adamı bütün ömrü boyu Cavidin ruhuyla həmrah edərdi. Məni - hələ oxuyub-yazmağı bilməyən altı yaşlı uşağı Cavidə, Əli bəy Hüseynzadəyə və Məhəmməd Hadiyə bağlayan ilk səbəb Məsud Əlioğlu olmuşdu. Əli bəy Hüseynzadənin "Hali-Vətən" şeirini, Cavidin "Şeyx Sənan" faciəsindən Şeyxin "Arkadaşlar, şu parlayan günəşin" misrası ilə başlayan monoloqunu, Hadinin "Mən solmalıyam, ta ki, açılsın da baharım... / Mən ölmədən əvvəl vətənim oldu məzarım" misralarının keçdiyi "Ümid səhneyi-tamaşayi-həyatın ruhudur" şeirini ilk dəfə həmin gün Məsud Əlioğunun səsindən eşitmişəm. Əli bəy Hüseynzadə də, Cavid də, Hadi də həyatıma Məsud Əlioğlunun vasitəsilə - 1969-cu ilin 10 sentyabrında daxil oldular. Altı yaşımdan etibarən onların əfsununa düşdüm.
İndi dinlədiyim lent yazısında Məsud Əlioğlu Sartrdan da danışır, sözlərini belə tamamlayır: "Bu evdə Sartr da var, Əli bəy Hüseynzadə də... Mən istəyirəm bu ziyarətgahın ən böyük şəxsiyyəti Əli bəy Hüseynzadənin şeiriylə ayrılaq burdan..." Sonra da "Ucundadır dilimin, həqiqətin böyüyü" misrasıyla başlayan "Hali-Vətən"i söyləyir. Bəlkə də əsas olan hali-vətənmiş...
Bu yazını yazdıqca gözlərim önünə Füzulinin evimizin divarından asılmış araxçınlı şəkli önündə dayanıb ona təzim edən Məsud Əlioğlu gəlir. Maqnitofon lentində isə bu anın səs yaddaşı belə qalıb: "Təsəvvür edirik ki, adamın evindən nemeçski xalça asılmır, Füzulinin şəkli asılır..." Sonralar Məsud Əlioğlunun kitablarını oxudum. Gördüm ki, o, "eşq və şeir tanrısı" adlandırdığı Füzulinin "səsdən sözə, sözdən fikrə və əqidəyə çevrilən, mənəvi həyatın bütün zənginliyini fəth edən ruhu"ndan yazır. 1960-cı illərin ədəbi mühitindəki dissident ovqat barədə kifayət qədər aydın təsəvvür yaradan "Füzulinin kədəri" essesi, sadəcə, bir ədəbiyyatşünasın yazısı deyil, həm də "bir ədəbiyyat filosofu"nun (Nizami Cəfərov) cəmiyyət və şəxsiyyət barədə fəlsəfi düşüncələrdən doğulmuş iztirablarının izharıydı: "Fərdin azadlığı yoxdursa, cəmiyyətin azadlığı ağlasığmazdır... Şəxsiyyətin fikrən və ruhən ucalması, özünəlayiq ehtiram qazanması naminə azadlıq zərurətdir. Bu zərurət uydurma qanunlar, süni ehkamlar...tərəfindən rədd edildikdə mənəvi böhranın və ruhi sıxıntının ən şiddətli halı - kədər yaranır..."
Bu böyük kədər Füzulinin də, azad olmayan fərdlərin də, azadlıqdan məhrum edilmiş millətimizin də kədəriydi və 1960-cı illərdə cavan bir ədəbiyyat alimi bu böyük kədəri sətiraltı mənalarla bu şəkildə izhar edir, qurtuluş yolunu isə belə nişan verirdi: "Şəxsiyyət o halda kamilləşə bilər ki, insana zidd və təbiətə əks qüvvələri ağlın və qəlbin sakin olduğu bütün sahələrdən çıxara bilsin. Yaşamağa o şəxsiyyətlər layiqdirlər ki, dövrana qarşı müxalifdirlər və donuq, ölgün ehkamlara müti deyillər..."
Yaşadığı dövrana müxalif olan Məsud Əlioğlu Cavidə, Hadiyə münasibətini də eyni məcrada izhar edirdi. O, Cavidi tədqiq etməklə kifayətlənmir, yazdığı məqalələrlə Cavid uğrunda mücadilə verirdi. Cavidə münasibətinin cazibədar çevrəsində dərvişanə bir hal cərəyan edirdi. Cavidlə bağlı bütün əks arqumentləri zərərsizləşdirir, "Cavid haqqındakı yanlış, əsassız və ədalətsiz bir hökmü - Cavid Azərbaycandan yazmamışdır və xalqdan uzaqdır" deyə ortaya atılmış iddianın uğursuzluğunu əsaslı şəkildə isbat edirdi: "Öz milliliyi, xəlqiliyi ilə də Cavid bu gün bizə doğmadır. Hər bir xalqın ruhunun təcəssümü - təzahürü olan ədəbiyyat yalnız mənsub olduğu millətin həyatından yazdığı məqamda milli deyildir. Xalqı ictimai bir varlıq kimi özünə tanıtdıran, xalq ruhunun təcəssümü - təzahürü olan, millətin mənəvi zənginlik və əzəmətini əks etdirən bir ədəbiyyat, sözün əsl mənasında, milli və xəlqi ola bilər"... Məsud Əlioğlu bütün bunları deməklə kifayətlənmir, 1956-cı ildən - bəraətdən sonra Azərbaycan ədəbiyyatşünaslığının Cavid irsinə yönəlməsi Məsud Əlioğlunun "Məhəbbətin qüdrəti" məqaləsi ilə başlanırdı. Eyni zamanda Hüseyn Cavid irsini türk ədəbiyyatı kontekstində təhlil edən, Tofiq Fikrət, Namiq Kamal, Əbdülhəq Hamid yaradıcılığı ilə müqayisəli təhlil edən ilk cavidşünas da Məsud Əlioğlu olmuşdur.
Yaxud Məsud Əlioğlu Hadini "faciəli istedad" adlandırır və Hadinin faciəsini onun böyük istedadına qarşı dayanan "kiçik" mühitdə, ilahi verginin vüsəti, çılğınlığı müqabilində zaman və şərait darısqallığı"nda görürdü. Bu isə Cavidə, Hadiyə münasibətdə yeni filoloji aspekt idi...
Uşaq yaddaşımda qalan bir epizodu heç unutmuram. Elə bilirəm, bunu yazmasam, Məsud Əlioğlunun portreti tamamlanmaz, yarımçıq qalar. Dost süfrəsi "Qonaq evi" adlandırdığımız otaqda açılmışdı. Məclisin sonunda Bəxtiyar Vahabzadə balış istədi və divanda deyil, yerdə uzandı. Məsud Əlioğlu ayaqüstə dayanıb "Koroğlu" operasından Çənlibel xorunu oxumağa başladı. Özü də necə oxuyurdu. Həm Bülbülü, həm də onu müşayiət edən orkestri yamsılayırdı. Bəxtiyar Vahabzadə uzandığı yerdə dirsəklənib onu dinləyirdi...
Məsud Əlioğu ədəbiyyat tariximizdən gəlib-keçmiş bütün mötəbər imzalar barədə yazıb... 1960-cı illər üçün gözlənilməz və mübahisələrə səbəb olan yazılar qələmə alır, məqalələri ilə tənqidi fikri aktivləşdirirdi. Onun bir də Şəhriyarla bağlı gördüyü işlərin üstündən sirr pərdəsini qaldırmaq lazımdır. O pərdənin nə olduğunu heç özüm də bilmirəm. Amma atamdan qalan əmanətlər arasında Məsud Əlioğlunun 1960-cı ildə üstünə yadigar sözlər yazıb ona bağışladığı "Heydərbabaya salam" poemasının bir makina nüsxəsi var ki, əsərin hər səhifəsi Məsud Əlioğlu tərəfindən ciddi şəkildə redaktə olunmuşdur.
Söhbət atamdan düşmüşkən, Məsud Əlioğlu ilə atam çox yaxın dost idilər. Ona verdiyi avtoqraf kitablardan birinin titul vərəqinə "qəlbi qəlbimdən, fikri fikrimdən, əqidəsi əqidəmdən olan qardaşım, sirdaşım İmamverdiyə" yazıb. Evimizə çox gəlib-getmişdi. Neftçala orta məktəbinin 33 yaşlı ədəbiyyat müəllimi İmamverdi Əbilovun 1960-cı ildə çapdan çıxmış ilk kitabının - "Rəsul Rza" monoqrafiyasının (Rəsul Rza barədə ilk kitabın) elmi redaktoru da Məsud Əlioğlu olmuşdu.
O illərin xatirəsini yaşadan bir fotoşəkil var. İkisi bir yerdədir. O şəkil də evimizdə çəkilib. 33 yaşlı atam və 32 yaşlı Məsud Əlioğlu. İndi Məsud Əlioğlu barədə çap olunan əksər yazılarda həmin şəkildən atamın şəklini kəsib Məsud Əlioğlunu tək təqdim edirlər. Bu yazıda həmin fotonu olduğu kimi təqdim edirəm.
Fotodakılar: İmamverdi Əbilov və Məsud Əlioğlu. 1960. Neftçala
Atamın ağladığını ilk dəfə Məsud Əlioğlu dünyasını dəyişəndə görmüşəm. Evimizə matəm havası çökdü. Bir həftə televizor yandırılmadı. Radio susdu. Anam, bibim yasa batdılar.
Məsud Əlioğlunun fövqəladə yaddaşı var idi. Dediyim kimi, "Koroğlu" operasının musiqisini də, Füzulinin "Leyli və Məcnun"unu da, hətta Rac Kapurun oynadığı "Avara" adlı məşhur hind filminin mətnini də əzbər bilirdi. Qiraət ustasıydı, vokalistliyi də vardı... Türk mahnılarını məharətlə ifa edərdi. Ruhunda İstanbul rüzgarları əsərdi...
Düşündüklərini yazan, yazmadıqlarını danışan Məsud Əlioğlu Azərbaycan filologiyasında enerji axınını hərəkətə gətirir, təkcə Vaqifdən sonrakı yeni ədəbiyyatı deyil, "Dədə Qorqud"u və "Koroğlu"nu da araşdırır, ədəbiyyatda böyük ədəbi tənqidi təfəkkürün ehya tapmasını təmin edirdi. Güzəştsiz alimlərdən idi. Tənqidçi inadkarlığı Məsud Əlioğlunun məqalələri barədə Mərkəzi Komitənin plenumunda qərar çıxarılmasına səbəb olurdu. O, Azərbaycan ədəbiyyatşünaslığının qumsallığına eşq və kədər yağmuru kimi yağırdı... Poetik və cazibədar yazılarıyla ədəbiyyatşünaslığın üslubunu dəyişir, yaxud dəyişməyə çalışırdı.
İndi bu yazını kağıza köçürdükcə neçə dəfə dinlədiyim firavan səsini qeybin sədası kimi yenidən dinləyirəm. Ruhunda çırpınan ağrısı, davamlı iztirabı və işıqlı, ahəngdar üslubu ilə vəhdət təriqətinə doğru yüksəlib ədəbiyyatın fəza elementinə çevrilmiş, fikir həyatımızın qeybinə çəkilmiş bu böyük alimin mənəvi varlığında ruhani bir hal var idi ki, Məsud Əlioğlu həmin halın həm zahidiydi, həm də rindi.
İki gün sonra - oktyabr ayının 5-i Məsud Əlioğlunun doğum günüdür. 96 yaşı hələ indi tamam olur... İş yerimdə əyləşib lent yazısında onun səsini dinləyir və düşünürəm. 1969-cu ildə Məsud Əlioğlunun qırx bir, mənim isə altı yaşım vardı. İndi mən Məsud Əlioğludan iyirmi yaş böyüyəm. Və "Ədəbiyyat qəzeti"ndəki iş otağımın divarından yanaşı asdığım fotoşəkillərdən - Hüseyn Cavidin, Əli bəy Hüseynzadənin və Məhəmməd Hadinin rəsmlərindən ətrafa yayılan sükut dalğasının qoynunda Məsud Əlioğlunu eşidirəm... Altı yaşımdakı kimi heyrət və sevgi ilə...
3 oktyabr 2024
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)