“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Urmiyadan Əli Rəştbərdir.
Əli Rəştbər
Urmiya
GEDİRƏM
Getmək istəyənlər arxaya baxmaz,
Min dəfə arxama baxıb gedirəm.
Əlimi əlindən qoparır hicran,
Taleyin çayında axıb gedirəm.
Yaşadıq həyatın gerçəklərini,
Bəzən də unutduq gərəklərini,
O duru eşqinin çiçəklərini,
Bu vurğun qəlbimə taxıb gedirəm.
Ayrılıq baxtıma yaman daş vurub,
Nə desən qəm-kədər başa-baş vurub,
Qəlbimi qəlbinlə qoşalaşdırıb,
Quru cismim ilə çıxıb gedirəm.
Mən səni özüm tək inanıb sevdim,
Yatdım xəyalınla oyanıb sevdim,
Dünyanın qarşında dayanıb sevdim,
Dünyanı başıma yıxıb gedirəm.
Qayıbın qəlbində xatirələrin,
İllərdir yer salıb dərindən dərin,
İnanma, yalandır onlardan birin,
Desəm də yandırıb yaxıb gedirəm...
Min dəfə arxama baxıb gedirəm!..
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)