“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Qərib Mehdinin hekayəsi təqdim edilir.
Hərdən yüngül bazarlıq üçün çoxçeşidli marketə gedirdim. Sifarişi xanımım versə də, alacaqla özüm məşğul olurdum. Nazik haqq-hesablı bazarlıq uşaqların anasının narazı sifətini bir az da turşudurdu. Neyləyim, dilim qülbümdən, əlim cibimdən utanırdı.
Yolboyu çox evlərin və bir də eyvanı küçəyə baxan kürsülü evin yanından keçirdim. Bu evdə yaşayan, bir-birindən gözəl iki varlıq - gözəl it və bu itin sərvboylu gözəl sahibi diqqətimi çəkirdi. Sərvboylu qadın həm də zövq ilə seçilmiş geyimləri ilə yadımda qalırdı. O, rəng seçimində ustalıq nümayiş etdirirdi. Bir rəssam olaraq bu seçim məni maraqlandırırdı. Fikirləşirdim: "uyarlı rəng seçiminin aliliyi zövqə, yoxsa, elmə söykənir?" Bunu Sərvboylu xanımdan soruşmağa ürək eləmirdim.
Günün müəyyən vaxtlarında Sərvboylu xanım olduqca kiçik, tükü qar kimi ağ iti ilə gəzintiyə çıxırdı. Küçük tez-tez ora-bura dartınsa da, qadın onun yaraşıqlı boğazlığını - xaltasının ipini əldən buraxmırdı.
Hərdən onlar eyvanda qərar tuturdular. Hiss edirdim ki, bu yaraşıqlı qadın, bu yaraşıqlı itdən, onun əyləncəli hərəkətlərindən, icazəli və ya icazəsiz ona-buna hürməsindən zövq alırdı. İtin şıltaqlığı artanda sahibi onu intizama səsləyirdi: "Alış, sakit ol".
Balaca it zərif səsi ilə kimə, hansı qaraltıya, nə qədər hürürdü, - bunu deyə bilmərəm. Ancaq o, zərif səsini o qədər də istismar etmirdi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, itin yaddaşı güclü olur. Məni yadında möhkəm saxlamışdı. Nə vaxt rastlaşırdıqsa, dərhal sahibini incidir, mənə tərəf dartınıb hürürdü. Bəzən bu hürüş həddini aşıb kəskinləşirdi. Səbəbini bilmirdim. Bəlkə, başqalarından fərqli geyimim onu qıcıqlandırırdı? Axı rəssamların geyimləri fərqlənir. Ola bilsin, mahud pencəyim, orijinal dolaqlı boğaz şərfim, dəyirmi beretim və ya saqqalım ona nəsə bir mənfi emosiya aşılayırdı.
Sahibi - Sərvboylu xanım da sevimli itinin mənə olan münasibətinə mat qalmışdı. Bir gün acıqlı halda dedi:
- Alış, mən səni cəzalandırıb küncə qoyaram. Kimə, hara hürməyinə mən göstəriş verirəm. Həmişə icazəli hürürsən, sonra da mükafatını alırsan. Bu nə özbaşınalıqdır?!
Əslində sahibi hər şeyi yaxşıca bilirdi. Özünü bilməzliyə vurmaq da bir ustalıqdır.
İtin xidməti hürüşündədir. Hürməsə, ona kim çörək verəcək? Bunu hamı bilir. Görünür, sahibindən başqa, itin öz umacağı da var. Səbəbi açmaq lazım idi. Dedim:
- Xanım, mən sənətçiyəm, rəssamam. Sənətçilər hamının dilini bilir. İcazə versəniz, mən onun icazəsiz hürüşünün səbəbini və məqsədini öyrənərəm.
Cazibəsinə korluq verməyən Sərvboylu xanım açar sayılacaq sözündə bədxərclik etmədi:
- Nə deyirəm.
Mən çömbəlib Alışla üz-üzə durdum və hürüşünün səbəbini öyrənməyə girişdim:
- Ay it, mən sənin bu aramsız hürüşünə layiq deyiləm. De görüm, hansı günahın sahibiyəm ki, məni görəndə acıqla hürməyə başlayırsan. Qüsur axtarırsan? Vallah, mən halal maaşımla dolanıram. İndiyədək heç kimi aldatmamışam, heç kimdən rüşvət almamışam. Heç kimin paxıllığını çəkməmişəm. Mənə belə aramsız hürməyin nədəndir?
Səbəbsiz heç bir şey baş vermir. İt olanda nə olar... Alış bunu yaxşı bilirdi. O öz it dili - ünsiyyətilə bunu mənə anlada bilərdi. Lakin cavab vermədi, başını çevirib yiyəsinin - çörək verəninin, qayğısını çəkəninin, nazı ilə oynayanın üzünə baxdı. Sərvboylu gözəl icazə üçün tələsmədi. O, əyilib sevimlisini yerdən götürdü və sinəsinə sıxdı. Əllərilə ağ tüklü, bapbalaca iti tumarlamağa, oxşamağa başladı. Mən də dikəlməli oldum.
İtdən ətir qoxusu gəlirdi. Başa düşdüm ki, yiyəsi ona gigiyenik qaydalarla qulluq edir. Yəqin ayrıca duş vannası var. Çimdirərkən müxtəlif şampunlardan istifadə edir. Hətta tibbi tələbləri də unutmur. Belə sahibin iti olmaq xoşbəxtlik deyilmi? Bu suala dərhal cavab vermək çətindir.
Alış ərköyün olduğundan dəyişkən vəziyyətlərə can atırdı. Birdən o, narahatlığını bildirdi. Onu başa düşən sahibi Alışı yerə buraxdı və müəyyən məsafədə kəndirini boşaltdı. İt əvvəlcə yaxındakı ağaca sarı can atdı və dal ayağının birini qaldırıb ağacın dibini "suladı". Sonra ətrafa boylandı. Yaxınlığından iri gövdəli sahibsiz bir qancıq keçirdi. Dərhal dişi cinsin qoxusu Alışı qıcıqlandırdı. Məhrəm ünsiyyət qurmaq üçün ona sarı dartındı. Sərvboylu xanım nə baş verəcəyini bildiyindən itinin arzusuna qarşı durub ipini çəkdi. Və hətta onu uyarsız hərəkətinə görə məzəmmətlədi:
- Sən bunun seçiminə, qanacağına bax... Anası yerdə bir qancıqla eşqbazlıq yapmaq istəyir. Özünü gülünc günə qoyma. Kənardan baxan sənə nə deyər? Ara, axtar - tayını tap.
Ürəyimdə mən də Sərvboylu xanımı məzəmmətlədim: "Ay gözəl, axtar görək bundan balaca sevgili tapıb öz Alış bəyini xoşbəxt edə bilərsənmi? Özünü əziyyətə salmırsan. Yaxşı bilirsən ki, həyatda bundan balaca it yoxdur".
İçimlə danışdığım bəs oldu. Keçdim itinə cavabdeh olan Sərvboylu xanımla açıq söhbətə:
- Xanım, ataların sözü belədir: "lalın dilini yiyəsi bilər". Bu baxımdan itin də dilini siz bilməlisiniz. Mənimlə tutaşan bu heyvandan dönə-dönə soruşmuşam: "Ay it, niyə mənə hürürsən?" Cavab vermədən əməlini davam etdirir. Elə bu gün də mənə hürməyindən vaz keçmədi. Siz itinizin dilini bilməmiş, onun istəyini duymamış olmazsınız.
Sərvboylu gözəl yenidən qucağına aldığı sevimli itinin başını sığalladı:
- Bəli, mən onun dilini, kimdən nə umduğunu gözəl bilirəm. Siz onun varlığına diqqət yetirin. İndi durum onun "hav-hav"ını sizinçün tərcümə edim? Siz sənət adamısınız. Siz onun hürüşünü tərcüməsiz duymalısınız. O, hərəyə bir umacaqla hürür, o sıradan sizə də. İstəyinə lazımi cavab verməyincə hürəcək. O, çox mürəkkəb bir varlıqdır.
- Mal yiyəsinin gözündə böyük olar. O it mənim nəzərimcə sadə cümləni xatırladır. Kiçik vücudu, ayaqları, başı, qulaqları və quyruğu ilə. Təkcə burnunun ucu bu sadə cümləni tamamlayan qara nöqtəyə bənzəyir.
İt yiyəsi maraq doğuran mübahisədən çəkinmədi. Sən demə, o da iti kimi inadkarımış. Belə görünürdü ki, onlar məqsədlərinə çatmayınca əl çəkməyəcəklər. Dedim, daha doğrusu, əvvəl dediyimi yenidən təkrar etdim:
- Yaxşı, deyin görüm o məndən nə istəyir?
Sərvboylu xanım yaxın yolu uzatmadı:
- Mənim Alışım hamıdan özünə qarşı diqqət gözləyir. Buna biganə olanlara acıqla hürür, qəzəbini gizlətmir. Bir rəssam kimi sizdən də umacağı var.
- Başa düşdüm. Heç onun şəklini çəkən olubmu?
- Olub. Fotoqraflar vaxtaşırı bu işə girişib. Hətta bir neçə dəfə tanımadığımız rəssamlar da fırçalarını işə salıblar.
Maraq məni getdikcə bürüyürdü:
- Bəs nəticəsi? Sizin Alışınız ona həsr olunmuş foto və ya təsviri əsərlərin hansını bəyənib?
Sərvboylu xanım soyuqqanlıqla:
- Heç birini, - dedi, - nəinki bəyənib, hətta nəzərindən keçirdikdən sonra hirslənib, caynaqları ilə onları cırıb zay eləyib.
- Niyə? Nədən belə qaba hərəkətə yol verib?
İt yiyəsi itini bir daha tumarladı. Alış bu ağ əllərin tumarından sonsuz həzz alırdı. Bunu onun baxışından asanlıqla duymaq olurdu.
- Onun qarşısındakından umacağı nədir? Bunu siz bilirsiniz?
- Bəli.
- Xahiş edirəm, deyin. Bəlkə, mən də fırçamı işə saldım. Bu işdə mənə kömək etmiş olardınız.
O, xahişimi tutmadı, qınayıcı və sınayıcı bir baxışla dedi:
- Əsl sənətkarsınızsa, bu istəyi siz özünüz kəşf etməlisiniz.
- Yaxşı. Baxarıq, özümü sınayaram. Əslində mən Alışın istəyini duymuşam. Sadəcə, sizin köməkliyinizlə bunu dəqiqləşdirmək istəyirdim. Siz isə imtina etdiniz. Olsun.
Günlər keçdi. Mən Alışın yağlı boya ilə portretinə xeyli vaxt sərf etdim. Nəhayət, iş başa çatdı. Mən Sərvboylu xanıma telefonla (nömrəsini almışdım) xəbər verdim. O, bu xəbərdən sevindi və məni əsərlə birlikdə evinə dəvət etdi.
Küçəyə baxan eyvanda sadə tərtibatlı bir süfrə açılmışdı: mürəbbəli çay və iki qədəhi də yanına alan "Şampan" şərab ilə. Yəni ki, sənətkar hansına meyilli olsa, ona əl uzatsın. Əlbəttə, bu sadə süfrə Alışın portretinin şərəfinə düzənlənmişdi. Dəbdəbəli qiymətləndirmə mərasimi yəqin ki, sonraya saxlanılmışdı. Əgər əsər bəyənilərsə...
Nə vaxtsa soydaşına "Çubuş" deyilən Alış da həyəcanlanır, açılış anını səbirsizliklə gözləyirdi. Mən çərçivəyə alınmış portretin örtüyünü ehtiyatla açdım.
- Baxın, bu da "Alışın portreti".
İlk baxış, ilk təəssürat! Sərvboylu xanım heyrətlə içini çəkdi. Alış da ondan geri qalmadı, bir "hav"la havaya atəşfəşanlıq nidası buraxdı. Ev sahibəsi həyəcanını gizlədə bilmirdi. Ağ Alışı ağ sinəsinə basıb keçirdiyi hisslərini sözə çevirdi:
- Ay Allah!.. Siz, doğrudan da, yaradıcı rəssamsınız! Arzunu necə də ustalıqla gerçəyə çevirmisiniz. Nəhayət, Alışın kimliyini qabarıq şəkildə ortaya qoyan bir sənətkar tapıldı! Əhsən! Nəmərinizdən razı qalacaqsınız, - o, diqqətini qucağındakı itinə yönəltdi, bu dəfə ağ əlin sığalı sevimlisinin başından tutmuş, quyruğuna kimi davam etdi. - Alış, səni təbrik edirəm! İstəyini təsəvvür etdiyim kimi duyan, canlandıran sənətkar qarşındadır. Rəssam qardaş, əməyiniz lazımınca qiymətləndiriləcək!
"Şampan"ın ağzı köpükləndi, qədəhlərə içki süzüldü. Alışın və rəssamın - mənim şərəfimə sağlıqlar deyildi, sonra da qədəhlər qəhrəmanın qara burnu ilə toqquşdu. Onlar gözlədiklərindən artığının şahidi olmuşdular. Onlar portreti seyr etməkdən doymurdular. Və şübhə etmirdilər ki, çox çəkmədən bu portret yaxın-uzaq ölkələrin sərgi salonlarında uğurla nümayiş etdiriləcək.
Uğurum nəylə bağlıydı? - Deyim: mən dünyanın ən kiçik məxluqunun ürəyindən keçənləri duymuşdum. Alış kimliyini göründüyü kimi deyil, arzu etdiyi kimi görmək istəyirdi. Mən bu istəyi duydum. Sonra fırçanı əlimə aldım. Budur, tablodan sizə dünyanın ən zırpı bir köpəyi acıqla baxır. O, görkəminə, buraxdığı təsirə görə şirdən, aslandan, ayıdan, canavardan da ötədir. Caynaqlı pəncəsi, iri bədəni yenilməzdir. Enli sinəsi, iti baxışları, hər səsə həssas antenna qulaqları, qıcırdılmış dişlərilə həmcinslərini ona, yalnız ona itaət etməyə dəvət edir. Yoxsa...
Təltiflənmək dəmi çatmışdı. Sərvboylu xanım geri çevrilib arxa otağa keçdi. Çox çəkmədən eyvana qayıtdı. Bu dəfə əlində bəzəkli bir sallaca vardı. Ora boylanmadan da içini görmək olurdu. Səbrimi basdım. Yəqin mükafatımın çeşidlərini Sərvboylu xanım deyəcəkdi. Gözlədiyim kimi də oldu. Xanım sallacanı mənə doğru uzadıb dedi:
- Bilirəm ki, sənətçilər içkiyə meyilli olurlar. Burada aztapılan bir iri butulka rus arağı var, şirinlik kimi də bir qutu şokolad, eni və uzunu kağız aşırmalı bir dəst yüzlük ABŞ dolları var. Buyurun. Bu - mənim itimin - Alışımın baratıdır! Xeyir işlərə xərcləyəsiniz.
Düzünü deyim ki, sevindim. Bu mükafat hələ itlə bağlı idi. Gör, özünü çəksəm, nələr olardı?!. Hədiyyəni qəbul etdim. Razılıq əlaməti olaraq, beretimi başımdan çıxardım, onun və itinin qarşısında təzim etdim və gözəlin ağ pəmbə əlini əlimə alaraq hərarətlə öpdüm:
- Sağ olun! Əməyimə böyük dəyər verdiniz!
Sərvboylu gözəl tövrünü pozmadan dilləndi:
- Siz buna layiqsiniz.
Məndə şairlik qabiliyyəti də var. Hərdən coşanda bir-iki misra guppuldadıram. Bu dəfə də şairliyim başıma vurdu, özümü saxlaya bilməyib bədahətən dedim:
Yerişinə qurban, ay it,
Hürüşünə qurban, ay it!
Düşünürdüm: "Görəsən, Alış da məndən tam razı qalıbmı, istədiyini, arzuladığını ona verə bilmişəmmi?" Hərəkətindən məlum oldu ki, hə. Alış Sərvboylu xanımın isti qucağından çıxdı, kiçik addımlarla mənə sarı yeridi, üzünü ayaqqabılarıma sürtdü, yumşaq "hav"ını - hürüşünü səsləndirdi, quyruğunu buladı. Məlumunuz olsun ki, it həmişə ağzı ilə dediyini quyruğu ilə təsdiq edir.
Heyvanlar arzularını yuxularında reallaşdırırlar. Alış da belə yuxulardan çox görürdü. Yəqin bundan sonra Alış bir daha məni görəndə acıqlı-acıqlı hürməyəcək və mən də ona deməyəcəyəm: "Ay it, məndən nə istəyirsən?"
Təqdimetmə, təltiflənmə mərasimi başa çatdı. Qarşılıqlı təşəkkürlərlə ayrıldıq. Bəs bundan sonra necə olacaq? Bilirəm ki, uca dağ başına yağan "qar" əriyəcək, qalın pulum xərclənəcək. Yenə nazik haqq-hesablı bazarlığın ümidinə qalacağam. Yenə xanımımın narazı sifəti turşuyacaq. Çıxış yolu axtaracağam.
Bilirəm ki, yenə darıxacağam və düşünəcəyəm ki, görəsən, xülyasını reallığından üstün tutan "Alış" adlı acıqlı bu it bir də nə vaxt mənə hürəcək?..
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)