Könül, “Ədəbiyyat və incəsənət”
Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Sərraf Talıbın adını eşitməyənlər belə bu şeiri oxuduqdan sonra həmən eşidəcəklər.
Buyurun.
BİLƏRSƏNMİ, ƏZİZİM
Sinir tellərim tarıma çəkilib
Boşala bilmir.
İldırım çaxır beynimdə
tufan qabağı.
Bir yağış gözləyirəm, açılsın hər şey!
Nə ildırım səngiyir,
Nə yağış yağır.
Yüksək voltlu xətt kimidir
İçimdəki sinirlər.
Qarsımış beynimə
zəhlətökən payız yağışı kimi
Şimşəklər çaxır.
Kimə üzümü tutum ki,
Axı, bu adamların heç üzü yoxdur!
Mən kimdən imdad diləyim ki,-
Min ildir diləyirəm,
Nə olub ki?!
Başımı sarıma, canım,
Gözümü bağlama, canım,
Quru dodaqlarıma su vurma, canım,
Onsuz da havam çatmır...
Sinirlərimə bir parça bulud
qoya bilərsənmi?
Dağılmış ruhumu yenidən
toxuya bilərsənmi?
Alnıma yazılanı
oxuya bilərsənmi?
Bilərsənmi, əzizim,
Bilərsənmi, canım, gözüm,
Bilərsənmi...
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)