“Ədəbiyyat və incəsənət” portalı Anar Adilin “Səmadan məktub” hekayəsinin təqdima edir.
Böyürtkən kollarıının mühasirəyə aldığı həyətin giriş qapısından poçt qutusu asılmışdı. Qutu yaranışından yaşadığı ömrü başa vurandan bəri sərçələrin dəndanına çevrilmişdi.
Əmimin qapısından sərçə civiltisi, göyərçin qurultusu kəsilməzdi. Sərçələr dən yeyib tut ağacının budaqlarına, göyərçinlər taxtapuşa çəkilib sərinlənirdilər.
Əmim müəllimliyin daşını atsa da, ipə-sapa yatmayan, şuluq uşaqları həyətinə toplayır, əvvəlcə onlara kamança çalır, sonra kitab oxutdurur, tapşırıq yazdırır, dərslər bitən kimi isə əllərinə kolbasa-çörək verib həyətində özü tikdiyi hovuza ötürürdü. Dərsi yaxşı oxumayanları hərdən şillələyirdi. Onun şilləsini dadan uşaq mum kimi yumşalırdı.
Əmim avtomobil qəzasından sağ çıxdı, amma şillə vuran sağ əlini bərk əzdi. Sarıqlı əli ilə kamanı götürüb simlərə çəkdi, kamançadan sərçə civiltisinə, göyərçin qurultusuna bənzər səs çıxan gün əmim şilləsini də, hirsini də boğub öldürdü.
Əmimin evinə toplaşan uşaqlar evlərində tapmadıqları sevgini, hüzuru hovuzun sərin suyunda çimib, kolbasa-çörəyi acgözlüklə ağızlarına təpməklə tapırdılar.
***
Əmim göyərçinlərə, sərçələrə dən almaqdan gəlirdi. Dən torbasını mizin üstünə qoydu, aerodrom kepkasını çıxartdı, çəliyini iki dəfə mizin ayağına vurdu:
– Qardaşoğlu, bəri gəl, dünən ziyil basmış əlini gördüm, yaxma aldım sənə, götür, axşam yatmazdan qabaq ziyillərinə çək, bircə həftəyə quruyub təmizlənsin.
Əmimə “sağ ol” dedim. Alnındakı qat-qat qırış açıldı, bığlarının ucu yanağına dartıldı.
– Qardaşoğlu, dünyada ən gözəl iş, bilirsən, nədi?
Çiynimi çəkdim.
– Dünyada ən gözəl iş göyərçin uçurtmaqdı.
Əmim hər dəfə göyərçin uçurmazdan qabaq kepkasının üstündən başını qaşıya-qaşıya beş dəqiqəlik hadisəni bir saata uzadıb, cüt göyərçinlərin göyə qalxmasını, fit çalan kimi göydə mayallaq aşmalarını, quşların ayağından tutmuş, dimdiyinə qədər hər şeyi elə dolu, elə bəlağətlə təsvir edirdi ki, onun eyni söhbətinə yüzüncü dəfə də eyni maraqla qulaq asırdım.
– Sənin söhbətindən sonra ağ-qara həyat da gözümə rəngli görünür, əmi, – dedim.
Əmimin sifətinin qaraldığını gördüm. Bilirdim… Yenə rəhmətlik yoldaşı yadına düşmüşdü.
Əmidostum Səma rəhmətə gedəndə əmim camaatın yanında özünü toxtaq tutub ağlamadı. Bir dəfə kənd toyunda yaxşı yeyib-içmişdi, ayaq üstə zorla dururdu. Qoluma girib mənə danışmışdı ki, Səma ölən gecə, qonaqlar dağılışıb gedəndən sonra yataq otağına keçib, kaman sürtən sağ əli ilə arvadının başına vurduğu yumruqları dayanmadan öz başına endirib, elə Səma kimi də cınqırını çıxarmayıb.
Əmim kepkasının dimdiyini aşağı çəkib gözünün üstünə saldı. Sol əli ilə kepkasının dimdiyindən bərk-bərk yapışıb buraxmırdı, sanki illərlə ondan qabaq oyanan, ondan gec yatan, hər kürünə, hər yalanına, hər təhqirinə dözən arvadının başından-beynindən çıxıb qaçacağından qorxurdu.
Əmim Səma ilə nişanlı vaxtı bir-birinə yazdıqları məktubları indiyəcən servantın gözündə saxlayırdı.
– Qardaşoğlu, poçtalyon məktub gətirdi, gördün?
– Yox, görmədim, əmi – çaşqınlıq içində əmimə baxıram.
Əmimin sifəti haldan hala düşdü.
– Bir get bax. Yaxşı-yaxşı bax, bayaq gördüm ki, poçtalyon qutuya nəsə atdı.
– Baş üstə, – deyib böyürtkən kollarına bürünmüş həyət qapısına sarı yüyürdüm.
Qutuda üstünə dən səpilmiş zərfi görəndə nə deyəcəyimi bilmədim. Tez kimdən gəldiyinə baxdım. Sevincdən qışqırdım. Qaça-qaça mətubu əmimə gətirib saf-saf güldüm:
– Hə, əmi, məktubdu, qutuda... Səma əmidostumdandı.
Əmim tez ayağa qalxdı, məktubu əlimdən aldı, açdı, əzbər bildiyi sətirləri dilinin alıtında sürətlə oxudu. Məktubu oxuyub bitirib, səliqə ilə qatlayıb döş cibinə qoydu, pencəyinin üstündən məktubu sığalladı.
Yataq otağının işığı yandı.
Kamançanın simlərindən “Segah”ın iniltisini həyətə yayıldı. Sərçələrin civiltisi, göyərçinlərin qurultusu eşidilməz olmuşdu.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)