“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.
Əli Çağla
Təbriz
SƏSSİZ UÇURUM
Səssiz uçurumun ucundayam
Geriyə baxdığımda qanadı yolunmuş quşları görürəm
Dəmirləri paslanmış qəfəslərin açıq qapılarını
Çevrilirəm, baxmaq istəmirəm.
Yaşıllığa inanmadığım üçün, bozarır önümdəki mənzərə!
Ağrıya sürükləyir məni qaranlıq düşüncələr,
Ölümün səssizliyi, lal-dinməz dayanıb yanımda.
Bilirəm, görə-görə çox şeyləri yenə də görmürəm.
Bədənim parça-parça, ruhumu dəlib keçən güllələr soyumur,
Səssiz uçurumun ucunda
Bu son nəfəsim olsun deyə çalışsam da
Sayısı yadımdan çıxıbdır nəfəslərimin.
Heç bir şey qalmadı,
Heç bir şey üstümdən qatar kimi keçmir artıq
Quş olub uçmaq duyğularımı qara divarlar pozdular otağımda
Duyğulana bilmirəm heç bir şeyə...
Mən bir şeyə inana bilmirəm, bir şeyə.
Bəlkə də asılı qaldığım “Bir” sözünün üstündəyəm
Sözümün üstündüyəm, asılı qalmışam.
Asılı bir,
Bir asılı bilir
Bir sözümün üstündə
“Bir” sözünün üstündə...
Dünyanın həbsxana olduğunu bilirəm
Bilirəm, asıldığımdan sonra həbsxananın qapısının
Əbədi açıq buraxılacağını da bilirəm.
Bilirəm, dünya müharibə meydanı olsa da belə
Ayaqlarımı sevgi minalarının üstündə buraxdığımdan sonra
Sülh bəyannaməsini imzalayacaq hökmranlar – diktatorlar, bilirəm.
Sən evdə oturub qəzetə oxuyarkən,
Xəbərimi eşidəcəksən... Muğayat ol... Çayın soyumasın...
Hər şeyin sonu qap-qara qaranlıqda yox olur
Yox olur, əvvəldən olmayan “Bir” sözü, yox olur.
Yox olur,
Olur,
Yox olur,
Asılmır
Asılır...
Bir sözünün üstündə asılı qalıram
Bir sözünün...
Sözünün bir-bir
Bir sözünün asılıram üstündə
Üstündəyəm bir sözünün
Sözümün üstündə dayanıb asılıram.
Ümidlərim balıq olmaq arzusunda ikən
Sizin həyətinizin mavi hovuzunda qərq oldular.
İndi paslı qəfəslərin açıq buraxılmış qapıları,
Minaların xünsa olmaqları,
Sənin sətir-sətir qəzetə oxumağın
Divardakı pişiyin balıqlara əyyaşlıq etməyini görməməyin
Göylərin əbədiliyinə dalıb ağlamağın
Fotoqrafçıların işinə yarayar sadəcə, bilirəm.
Gələcəyin olmadığı son nöqtədə
Geriyə baxa bilmədiyim səssiz uçurumun ucunda
Bu son nəfəsim olsun deyə çalışsam da
Son siqaretimi alışdırıram...
Yanıram...
Bunu sən görməyəcəksən...
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)