Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Çağlanın “Bu gecə” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.

 

Əli Çağla

Təbriz

 

BU GECƏ

 

İki qarğanın toyudur bu gecə!

Qar-qar stress yaşayır dişi qarğa.

Baxsan alnına erkək qarğanın

Tərdən muncuq düzülübdür.

Uzun corablarını ağacdan yelləndirərkən dişi qarğa

Yaxasındakı qalstukunu sığallayır qarğa bəy.

Kim deyir görmürsən?

Görürəm onları, sevişdikdə...

 

İki itin bir alabaş balası olur bu gecə!

Atasına oxşayır küçük oğlu küçük...

Anasının göz yaşı döşündəki südünə qarışıb sevincindən

Atası həyəcanından dik tutur başını

Gecənin sükutunda harmoniyalı mahnı oxuyur: Haf-haf-haf...

Kim deyir görmürsən?

Görürəm onları, sevindikdə...

 

İki ayı qədəh-qədəhə vurur bu gecə!

Başqa bir ayının sağlığına.

Mağaranı Stoliçnayanın qoxusu bürüyüb.

Üç aydır mükərrər içirlər ayılar

Yuxularına alkoqol calayırlar üç aydır.

Kim deyir görmürsən?

Görürəm onları, içdikdə...

 

İki tülkü quyruqları ilə aslana plan tökürlər bu gecə!

Gözlərindəki hiylə ilə kibrit çəkirlər qaranlığa.

Əllərində yuxu şərbəti

Boyunlarından aslanan sülh medalları

Kim deyir görmürsən?

Görürəm onları, danışdıqda...

 

İki çaqqal şeir yazır bu gecə!

Sabah tribuna arxasında şərr oxuyacaqlar.

Aslanın əlindən “Xalq şairi” ordeni almaq üçün...

Kim deyir görmürsən?

Görürəm onları, şeir yazdıqda...

 

Bir insan darıxır bu gecə!

Yüksəldir qramafondakı Zara Leanderin[1] səsini

Başındakı papağını masaya qoyub fikirləşir.

Barmağı ilə ballistik raketi oynadır,

Meşənin bağrına sancaqlayır alovları.

Kim deyir görmürsən?

Görürəm “Bir”-lərin acımasızlığını...

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2024)

 



[1] İsveçli aktrissa və müğənnidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.