Tanınmış şair Musa Ələkbərlinin “Sözün qiyaməti qopan yerdəyəm” adlı şeirlərdən və Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poemadan ibarət kitabı işıq üzü görüb.
“Elm və Təhsil” nəşriyyatında ərsəyə
gələn kitab 776 səhifədən ibarətdir.
Kitabda şairin son iyirmi ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi toplanmışdır. Yurd məhəbbəti, vətəndaşlıq yanğısı, sevgi müxtəlif mövzularda qələmə alınmış bu şeirlərin içindən sarı bir sim kimi keçir. Şair nədən yazırsa-yazsın, sevgiylə yazır. Poetik tapıntılarına ürəyinin odunu-közünü bəxş edir.
Kitaba “Önsöz”ü yazıçı İradə Aytel yazıb.
Əlbəttə ki, kitabda Qarabağ dərdinə, vətənimizin bütövlüyü uğrunda qəhrəman oğullarımızın milli mücadiləsinə həsr olunmuş şeirlər xüsusi maraq doğurur. Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poeması isə Musa Ələkbərli yaradıclığının uğurlu nailiyyəti kimi diqqəti cəlb edir.
Müəllifin 75 illik yubileyi münasibətilə çapdan çıxmış bu kitab onun sayca 16-cı şeirlər kitabıdır.
Yanılmayıb qismətimi göndərən,
Geciksə də o yolları köndələn....
Gözlərinin gözəllikdən köz dərən
Ürəyinin çıraqlanan vaxtıdır.
Harda qaldı “qaçdı-qovdu” bicliyin?
Zövqü yoxdu rahatlığın, dincliyin.
Bir quş kimi əldən uçan gəncliyin
Ağrı ilə soraqlanan vaxtıdır.
Qabağını ha kəssən də sən şərin,
Ürəyində şırım açdı çox dərin.
Xəyal-xəyal ötüb keçən illərin
Kitab-kitab varaqlanan vaxtıdır.
Sevgin idi səni uca saxlayan,
O sevgiyə olmadı gün ağlayan...
Nə könlünün çaylar kimi çağlayan
Nə telinin daraqlanan vaxtıdır.
İnnən belə günlərini say, Musa,
Sirlərini şeirə çevir, yay, Musa.
İndi sənnən gözəllər yox, ay Musa,
Mələklərin maraqlanan vaxtıdır.
Doğrudan da, Musa Ələkbərli gözəl şairdir, oxumağa dəyər!
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)