“Ədəbiyyat və incəsənət” portalı Anar Gülümsoyun şeirlərini təqdim edir.
ALOOO, EŞİDİRSƏN?...
yolumu nə qədər dəyişsəm də mən,
bir də ayılıram ki, yolundan düşüb.
səni ürəyimin vaxtı biləndən
saatım qırılıb qolumdan düşüb.
gözlərin ruhumu çəkir göylərə
sənəmi inansın, onamı ürək?!
eeh... mənim qəlbimin dəlilikləri
sənin gözlərinin işidir, demək.
sən hələ od ilə oynayan uşaq,
yandırsan əlini, izi qalacaq.
mənim ürəyimi oxuyanmasan,
sənə bir ömürlük sözü qalacaq.
çevrilib yarpağa, gülə, çiçəyə
səni ətir-ətir izləyəcəkdir.
çilənib yağıştək yolların üstə,
bitib bənövşətək gözləyəcəkdir.
qalacaq dünyanın bir eşq nəğməsi,
qalacaq gecənin pıçıltısında,
qalacaq yağışın şırıltısında...
sənin də yuxunu alar əlindən,
eh, sənin də ağlın çıxar başından,
bacara bilməzsən bu dəli sirlə,
durub zəng edərsən bir gecə vaxtı:
"alooo, eşidirsən?
– səni sevirəm".
ZÜMZÜMƏ EDİRƏM XATİRƏ ÖMRÜ
daha çiçəkləməz bahar eşqimiz,
indi arzuların üzü qışadı.
sən düşüb getdiyin yollar uzandı,
geri qayıtmağa ömür qısadı.
qısadı, əzizim, qısadı həyat,
bitirib yenidən başlamaq olmur.
ən gözəl çiçəyin ömrü bir əsim,
bir yağışla bitər kəpənək ömrü –
ürək də belədir, qışlamaq olmur.
amma, nə yazıq ki, unutmaq olmur
bu çiçək ürəyi, kəpənək eşqi.
hər gecə yuxunda görüb durarsan
bir ömrə sığmayan biçənək eşqi.
İlahi, ilahi, yaşadıqlarım
hamısı yuxuymuş, hamısı yuxu.
qurbanı olduğum dəli çağların
indi nağıl kimi görünür çoxu.
hissim də, duyğum da qurban gedibdi,
qurbanlıq olubdu neçə ilim də.
ürək də belədir, arzu da belə...
zümzümə edirəm xatirə ömrü
şirin nəğmə kimi qalıb dilimdə.
eeh... bax belə, bax belə...
ETİRAF
tufanlı köksümə baş qoyan qadın,
məni dua etdin öz əllərinə.
gözümə, könlümə kimisə qoydum,
heç kəsi qoymadım sənin yerinə.
sən necə kitabsan, necə yazısan?!
hər gün oxuyuram bitdiyin yerdən.
saçıma dən düşdü, ürəyimə od,
qoxlayıb saçımı öpdüyün yerdən.
“Ədəbiyyat və incəsənət”
(04.10.2024)