“Səsinə gələrəm, anam, gələrəm...” Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

 

 

Bələdçimiz şeir

(2-ci yazı)

 

 

         ...Yıxıldığımız hər  zirvə nə vaxtsa arzularımızın  əlçatmazı olub.  Günahımızdır, bilirik, yaddaşında yer tutmadıqlarımız. Savabımız sayılmaz, amma xatirəsində bomboz qaldıqlarımız.

         Yolumuz şair ruhunadır, əziz oxucu! Bələdçimizsə həminkidir - şeir!  Qaladığımız bütün ocaqlar eyni cür yanmır axı... Ocaq daşı seçdiklərimiz də qudsal olmur əksərən. Ən böyük dərd isə “yan mənimlə!” deyə üz tutacağımız kimsəmizin olmamasıdır...

         ...1980-ci illərin əvvəli. Gəncə şəhərinin laləli iyunlarından biri.  Göyçə gölünün sahiliylə bir qatar yol başlayır üzü bəriyə...  O qatarın səsində bir ananın qızına söylədiyi bayatıların xatirəsi yurd salıb.

         ...2024-cü ilin sarı-boz oktyabrı... Yağışlar Gəncəyə Şəkidən 3 saat tez yağır. Gəncədə yağış başlayan kimi, bir ana telefona sarılır: “Bizdə yağış başladı, eşikdə nəyin var, yığ içəriyə, gəlir sizə...”  Qızı cavab verir: “Şeir də gəlirmi buludlarda?”

         ...1980-ci illərin əvvəlində Güldərən Vəli  Dədə Qəribin - Qərib Mehdinin rəhbərliyi ilə fəaliyyət göstərən “İlham” ədəbi birliyinin üzvü  olaraq hər həftə  şeir dinləmələrinə qatılırdı. Şeirlərinin öyüldüyü də olurdu, qınandığı da.

         ...2024-cü ilin oktyabrında şeir yaza bilmirəm... Gücüm bu qəribə, sirraçmaz havalarda oturub Bozdağı düşünməyə çatır. Hər dəfə Şəki-Gəncə yolunu gedəndə uzaqdan gördüyüm Oyuq mağaraya sirr pıçıldamaq adətim var. O sirlər mikroavtobusun şüşəsini adlayırmı, küləyə qoşulub Oyuq mağaraya çatırmı, bilmirəm. O sirlərin içində anamın da adı keçir...

         ...Gəncədə lalələr hər yerdən tez açır. İnsanlar maşın-maşın yola qoyulur, Şəmkir çayının sahilinədək gedir, lalələr arasında şəkil çəkdirirlər. Güldərən Vəli bunu heç vaxt etmir.  Bir şəklin xətri üçün beş lalə ayaqlamaq yerinə, özünü lalələrə qatmağın şeir yolunu seçir...

         ...Şəkidə 3 ildə bircə lalə görmüşəm. Bapbalaca, qırmızısı solğun, amma bağrındakı qara daha tünd olan lalə iki il əvvəl bağçamın küncündə boy göstərmişdi. Dərmədim... Qıymadım... Sonrakı il gəlmədi... Bu il də gəlmədi.  Şah İsmayıl Xətaidən bəhs edən “Laləsi küsmüş çəmən” hekayəmi üzə çıxarmadığımçün məni qınamağa gəlmişdi - yazar təxəyyülüm bunu pıçıldadı mənə... Xaş-xaşını yeməyimdən qorxdu - bunu da içimdəki o şıltaq, ağac yapışqanı, lalə xaş-xaşı, əmənkömənçi (əbəgüməci) düyməsi yeməyi sevən uşaq bağırdı var səsiylə...

         ...1980-ci illərin əvvəlində Göyçə gölünün sahilindəki o balaca kənddən - Dərə kəndindən bir ananın bayatılarının xatirəsi yol başlamış, gəlib Gəncədə Güldərən Vəliyə çatmışdı...

         ...2024-cü ilin oktyabrında bir lalənin xatirəsində  -anamın səsinin çatmadığı yerdəyəm. Yazar qələmini əlinə alanda, dünyada olmur!

         ...1980-ci illərin əvvəlində Güldərən Vəli üzü Göyçəyə pıçıldamışdı:

 

 

         Səsinə gələrəm

 

O yovşan qoxulu çöllərdən ötrü,

O qızıl saçaqlı sünbüldən ötrü,

Bir ovuc torpağın ətrindən ötrü,

Səsinə gələrəm, anam, gələrəm,

Yuxuna girərəm, anam, gələrəm.

 

Bir qumral, qaragöz əmlikdən ötrü,

Qantəpər, kəkotu, yemlikdən ötrü,

Marallar ürküdən gədikdən ötrü,

Səsinə gələrəm, anam, gələrəm,

Yuxuna girərəm, anam, gələrəm.

 

O cütçü babanın “hoy”undan ötrü,

Köhnə dəyirmanın noyundan ötrü,

Dəmirçi oğlunun boyundan ötrü,

Səsinə gələrəm, anam, gələrəm,

Yuxuna girərəm, anam, gələrəm.

 

Qala buxarına, hisli sacına,

Qabarlı əlinə, əlçim saçına,

Mən sənin məhəbbət ehtiyacınam,

Səsinə gələrəm, anam, gələrəm,

Yuxuna girərəm, anam, gələrəm.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.