Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Çağlanın “Sınıq ayna” şeiri Featured

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.

 

 

 

Əli Çağla

 

Təbriz

 

 

 

SINIQ AYNA

 

 

 

Qaranlığa qapıldım ümidsiz xəyallarımla

 

Ürəyim sıxılan həbsxananın divarları oldu,

 

Depremdən törənən səsim titrədi,

 

Dünya getdikcə uzanan yollara çevrildi!

 

 

 

Göyün sonsuzluğunda izlədiyim ulduzlar

 

Başımın üstündən uzaqlaşdılar sayrışaraq.

 

Yenidən birləşmələri üçün dartınan sınıq aynanın parçaları kimi

 

Ulduzların bir daha birləşməyəcəklərini anladım.

 

 

 

Göy üzünü ay, yer üstünü şəhərdəki işıq dirəkləri işıqlandırsa da

 

Qaranlığı axtarıram!

 

Küçələrin bucağında ağzı köpüklənən qardaşın yanında,

 

Bacının həyətdə şəritə sərdiyi büstqalterinə baxan

 

Qonşuların parıltılı gözlərində axtarıram qaranlığı!

 

Ananın məhkəmədə dodağının üstündə

 

Göllənən burun suyuna qarışmış göz yaşlarında

 

Atanın qabar əllərindəki göm-göy pullarda axtarıram...

 

 

 

Yer kürəsini “Müsbət fikirləşək” adlı kitablar qurtarsa da

 

Bu sınıq aynanın cinsindəki ailəni birləşdirə bilməyəcək.

 

İtsəm də qarışıq nizamın içində

 

Əsarətin zəncirini qırmağa çalışmağımı

 

Sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim!

 

 

 

Yenə də ümidimin alovları közərir içimdə

 

Adımı çığıra-çığıra səsləyən qızın səsini xatırlayıram.

 

Simasını xatırlamağa çalışıram, xatırlaya bilmirəm.

 

Hə... Düşdü yadıma duvağı dağılmış köpəyin qızı!

 

Qaranlığı doldurun içimə, bu qızı tanımıram bəlkə də!

 

Ağarmamışdı saçları, məni çığıra-çığıra səsləyən qızın

 

Heç zaman da inana bilməzdim ağaracağına.

 

Üzünə çopur, alnına şeir qazmamışdı təcrübələr

 

Yaşıl yaylığını yelləndirərdi o olsaydı.

 

Silin bu səhnəni, beynimdən silin!..

 

 

 

Ümid adlı bir işığın böyüklüyü

 

Kiçik, amma güclü qaranlığa məğlubdur!..

 

Ey mənə azadlığı öyrədən sərhəd kənarındakı quşlar

 

Sizin kimi qanadlandıracağam

 

Bacıların dumanda yollarını azan istəklərini,

 

Qardaşların ürəklərindəki istismar olmuş diləklərini,

 

Və yaylıqlarını yelləndirən qocalmış qızların duyğularını!..

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(04.10.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.