“Ədəbiyyat və incəsənət” portalı POEZİYA SAATInda bu gün sizlərə Nicat Hulapın şeirlərini təqdim edir. Sabah 25 yaşını qeyd edəcək Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü olan Nicat Hulapın şeirlərində hüdudsuz türk ruhu duyulur.
Göy üzü ruhlar evidi,
Gedib sığınıb Tanrıya, – söyləyən şairin 3 şeirini məmnuniyyətlə oxucularımızla bölüşürük.
Gecə yuxusunda qurd görən oğlan
Bilirdin taleyin yazılıb qəmlə,
Gecə yuxusunda qurd görən oğlan
Savaşda ölmədin yuxuda ölmə,
Gecə yuxusunda qurd görən oğlan
Səni öz taleyin, bəxtin döyəclər,
Göynədər könlünü gecikən geclər,
Sənə neyləyəcək mayası biclər,
Gecə yuxusunda qurd görən oğlan
Keçdi bəd əllərə neçə yaxalar,
Yedi məclislərdə doydu çuxalar,
Çin olar qurd olan bütün yuxular,
Gecə yuxusunda qurd görən oğlan
Kəndirlər saxlamaz boynunu sənin,
Ağaclar görənməz boyunu sənin,
Hanı süründəki qoyunun sənin,
Gecə yuxusunda qurd görən oğlan
Şaman yuxusu
Altayın ucqarında otsuz, çölsüz, ağacsız
Tanrı, su bir də torpaq, atlar qalıb adamsız
Atlar qalıb tək-tənha, at ruhu bir başına
Atların yəhərləri, nalları bir başına
Savaşçılar qarışıb torpağa, daşa dönüb
Ruhları göy üzündə adlar yaddaşa dönüb
Atdığı ox ucları göydən asılı qalır
Yazdıqları yazılar daşda yazılı qalır
Yaddaşının küncünü qurdalasan hər türkün
Kurqanların ruhunu, atların, qurdun, börkün
Bozqurdun dişlərində min ilin qanı qalır
Asiyanın köksündə türklərin anı qalır
Bozqurdla susqun çöldə yaşıyır türk balası
İnsanlığın, tarixin yaddaşın ilk balası
Çadırında ocağın közünü qarışdırır
Qılıncıyla düşmənin gözünü qarışdırır
Qırmızı ət bişirir xanların şişlərində
Qan izi var qan alsın, qan qalsın dişlərində
Gecə şaman yuxusu, ot yuxusu görəndə
Tanrıyla od başında, Qurd yuxusu görəndə
Oyansam da bilirəm, ruhumun dərinində
Türk balası bir qurdla qaçır qan dişlərində
Göy üzü ruhlar evidi
Bu yerdə kim yarıdı ki,
Bəxtindən, şair yarıya
Çiçək dərdim ürəyimdən,
Çiçəksiz qalan arıya
Dərdə dostdu könül tarım,
Ölsəm göyə dərd aparım,
Mən qoymadım arzularım,
Qız kimi evdə qarıya,
Ölüm ruhdan uca idi ?
Ruhsuz bədən axı nədi?
Göy üzü ruhlar evidi,
Gedib sığınıb Tanrıya.
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)