Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair Darıxmağın rəsmini çəkir...
Xoş mütaliələr.
Darıxmağın rəsmi
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan,kim böyütsün
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım...
Bu yolu göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim- bir divarmış
Şəklini asmaq üçün.
Ümidim körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında...
Hardasan, hardan bilim,
Mən hara üz döndərim?-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim...
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına soyuq dəyər-
Düşmə dodaqlarımdan...
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)