“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Əlisəfa Azayevin hekayəsi təqdim edilir.
Vəkil Abbas Qaradağlı ittihamnaməni oxuyanda çox pis oldu. Orada nələr yazılmamışdı: "oğurluq", "ehtiyatsızlıq", "qəsd..." Hətta əlacsız qalıb hüquqlarını müdafiə etdiyi Bəhriyyə ilə bir də görüşəsi oldu. Qız fağır, yeniyetmə birisi idi. Soruşdu:
- Sən o oğlanı tanıyırdınmı?
- Yox, əmi... - deyə qız pıçıldadı.
- Həmin gecə qapı-pəncərəni bağlamışdın?
- Hə... hə...
- Tamam çılpaq yatmışdınmı?
- Yox... Xalatla idim...
Zərərçəkmiş bu an kövrələn kimi oldu. Kişi onu sakitləşdirməyə çalışdı:
- Yaxşı... Sakit... Səni başa düşürəm...
Qız inildədi:
- Əclafdı da... Zorla otağıma girib, indi hər şeyi danır...
- Onun deməyi ilədi bəyəm?! Məni yandıran prokurorluq işçilərinin hərəkətidi.
Cinayət işi ilə beləcə tanışlıqdan sonra vəkil prokurorluğa tərəf üz tutdu. Müstəntiq Adil Nəsirovu tanıyırdı. Yenicə təyinat almış təcrübəsiz birisi idi. Onunla görüşəndə vəkil dedi:
- Oxudum ittihamnaməni.
- Hə... Belə tez... - Müstəntiq gülümsədi.
- Prokuror deyəsən heç onunla tanış olmadan təsdiqləyib.
- Ola bilər... İnanır da...
- Ancaq bu insan taleyi məsələsidi axı. Siz orada göstərmisiniz ki, guya oğlan həmin gün sərxoş, içkili olub... Mənzili səhv salıb... Əslində isə həmin yaşayış yeri mənzil deyil, həyət evidi...
- Ola bilər...
- Bir də ki, cinayətin subyekti... Axı orada oğurluq olub. Qızın xeyli qır-qızılı aparılıb. Fakt da təsdiqlənib. Oğlanın üstündən, evlərindən tapılıb.
- Hə...
- Deməli, cinayətin subyektiv cəhəti ehtiyatsızlıq yox, ancaq qəsd ola bilər...
Beləcə, söhbət uzandı. Müstəntiq dağ rayonlarının birindən olduğunu dedi. Hətta onların nəsillikcə qalayçı olduqlarını deyəndə, vəkil qeyzlənmiş halda dedi:
- Canım, sən nə danışırsan?! Qalay buraya kənar yerlərdən gətirilə bilər. Bizdə qalay yoxdur, olmayıb da...
- Niyə?!
- Bəli, heç Qafqazda olmayıb. Onu bura cənubi-şərqi ölkələrdən gətiriblər həmişə...
Prokurorla da vəkilin söhbəti heç də yaxşı keçmədi. Soruşanda katibə qız dedi:
- Prokuror məşğuldur.
Vəkil qeyzləndi:
- Onun məşğul olmayan anı varmı görəsən?! Yəqin indi də televizora... Seriallara, multfilmə baxır...
Qız incik halda pıçıldadı:
- Yaxşı, yaxşı, sakit olun, eşidər...
- Eşitsin də... Siz gəlişimi xəbər verin. Mənim gözləməyə vaxtım yoxdur.
- Bir səbrli olun da...
- Axı tələsirəm, iş var... Məhkəmədə olmalıyam...
Bu an qapı açıldı. Prokuror Heybət Vəlizadə otaqdan çıxanda qarılaşdılar. Prokuror səsləndi:
- Salam... - Sonra onu içəri dəvət elədi, - gəlin... Orada dayanmayın.
Vəkil içəri girsə də, prokuror yerinə keçənə oxşamadı. Elə ayaq üstə söhbət edəsi oldular. Bu da vəkili qeyzləndirən kimi oldu. Dilləndi:
- Cənab prokuror, müstəntiq təcrübəsizin biri olsa da, siz ki, dünyagörmüş adamsınız.
- Hə... Yenə nolub ki?
- Necə, nolub ki? O ittihamnaməni bəyəm oxumamısınız?!
- Niyə ki... Oxumuşam...
- Görünür onda fikirli olmusunuz. Siz ona beləcə qol çəkib, onu təsdiq etməzdiniz.
- Orada xeyli cəfəngiyyat yazılıb, axı. Ziddiyyətli fikirlər var. Cinayətin subyektiv cəhəti düzgün təyin olunmayıb. Oğurluq hara, ehtiyatsızlıq hara. Gün kimi aydındır ki, bu hərəkət qəsd olub...
- ...
- Pul şirin şeydir, daha bu qədər yox da...
Prokuror incik halda dedi:
- Yaxşı-yaxşı.. Nə ucu deyil, nə axırı, indidən başlamısınız. Sözünüz var məhkəmədə deyərsiniz.
- Elə bilirsiz ki, deməyəcəyəm?! Hələ bu işdə zorlamanın əlamətləri də var. Qız yeniyetmədir, utanır, hər şeyi deyə bilmir. Siz onu müayinə də etdirməmisiniz...
Prokuror pörtmüş halda dilləndi:
- Ünvanı səhv salmayın... Müstəntiq...
- Bəs siz kimsiniz, cənab prokuror?! Qanunların icrasına nəzarət edən birisi?
Prokuror yalnız indi vəkilə əyləşmək üçün yer göstərmədiyinə peşman oldu. Artıq gec idi. Yenə də səsləndi:
- Yaxşı, əyləşin..
- Yox... Sağ olun... Mən gedirəm... Məhkəmədə görüşərik... Siz heç ikiçayarası haqqında eşitmisinizmi?
- Hə də... Arazla Kürün arasındakı ərazini deyirsiniz? Suqovuşanı?
Vəkil qımışaraq başını yellədi:
- Yox, canım... Söhbət Hammurapi qanunlarının yarandığı yerdən, ərazidən gedir.
- Hə... Qədim daş dövründən...
- Paleolit...
- Orta daş dövrü...
- Mezolit...
- Yeni daş dövrü..
- Neolit...
Prokuror söhbətə şirinlik qatmaq istədi:
- A kişi, sənin bu hüquq sahəsində nə işin var. Tarixçisən, get işinlə, araşdırmanla məşğul ol da.
- Nə meydan sulayırsınız...
Vəkil hakimin yanında da dilxor olmuşdu. Axırı əlacsız qalıb tunc dövrü abidələrindən söhbət salmış, sonra da sözarası demişdi:
- Belə münasibət yaramaz... Bu işdə xoşagəlməzlik, pulun səsi, cingiltisi eşidilir.
Hətta arada ona dedi:
- Siz tarixi, coğrafiyanı yaxşı bilərsiniz. Bizdən cənubda hansı şor sulu göl yerləşmişdir?
Hakim Mehdi Qafarov onun sözlərinə başını bulasa da, sonradan əlacsız halda dilləndi:
- Ölü dənizi deyirsən? Şor sulu olur da. Orada çimmək də olmur. Əsl doymuş məhluldu.
Vəkil gülümsədi:
- Məlumatına, izahatına görə çox sağ ol... Söhbət Cənubi Azərbaycandan gedir...
Onun yaxınlığında Urmiya gölü yerləşir...
Hakim udqundu, kəkələdi, dilləndi:
- Çox xahiş edirəm ki, məni siyasi cəncələ, skandala çəkməyəsiniz. Bilirsiniz ki, bura rəsmi yerdi. Ondan-bundan danışarıq, sonra da cavab verməli olarıq... Qonşu ölkə ilə münasibətlərimiz bir o qədər isti deyil...
- Hə... Bilirəm... Nə vaxt yaxşı olub ki?!. Ermənilərə yardım göstərir, silahlandırırlar da...
- Axı dedim... Xahiş etdim ki, burada belə söhbətlər lazım deyil.
- Onda sizinlə nə barədə danışaq?
- İş barədə...
- Cinayət işini dedim də... Onu diqətlə oxumusunuzmu?! Cənab hakim, prokuror səhv edə bilər... Ancaq siz məhkəmə araşdırması aparırsınız axı. Belə səhvləri ortaya çıxarmalı, araşdırmalı, sonra qərar verməlisiniz...
- Fikirlərinizdə ziddiyyət var...
- Elə sizinki kimi...
O gün məhkəmə xeyli gərgin keçdi. Vəkil çıxışı zamanı odlu-alovlu halda dedi.
- Yaxşı, belə olsun... Hərəniz bir palaz təki iri diplomu alıb qoymusunuz cibinizə... Biriniz müstəntiq, biriniz prokuror, digəriniz də hakimsiniz... Bax bu linzanın böyüdücü şüşəsində görünməlidi axı. Belə yanlışlığa yol vermək olmaz. Bu cinayət işi düzgün tövsif olunmayıb. Onu oxuyanda hara baxıb görəsən?
Zalda həzin pıçıltılar, gülüş səsləri eşidildi:
- Hara olacaq ki?!.
- Güzgüyə...
- Kitaba...
- Qanunlara...
- Qəzəllərə...
- Pula....
Hakim əsəbi halda əlindəki taxta çəkicini altlığa döyəcləyərək, içəridə sakitlik yaratmağa çalışdı:
- Bir sakit olun da!
Vəkil qeyzlənmiş halda:
- Bəli, hamınız hüquqşünassınız. Ancaq öz ixtisasımızı necə bildiyimizi deyə bilməyəcəyəm. Bax bu ölkənin adını - "Azərbaycan" sözünün mənasını deyin, izah edin mənə, onda deyim ki, əsl ali təhsilli adam, kadrosunuz.
Bu an prokuror hiddətlənmiş halda dilləndi:
- Cənab hakim, mən etiraz edirəm. Bir dillənin də. Bu məhkəməni tarix dərnəyinə çevirib.
Hakim səsləndi:
- Düz deyir də. İşdən kənara çıxmaq olmaz!..
- Elə isə cinayət işindən danışaq da . Bu işin subyektiv cəhəti ehtiyatsızlıq deyil axı...
Zalda yenə də pıçıltılar, qımışmalar baş alıb getdi.
- Ə, buna da vəkil deyərlər...
- Gör onlara necə padxod edir...
- Hamısını salıb qoz qabığına da...
- Yoxsa haqlı deyil?..
- Bu pul axmaq şeydir...
- Hakimin dili batıb...
O gün məhkəmə iclası beləcə xeyli gərgin keçsə, hətta səhər, sonrakı gün də davam etsə də, nəticə ümidverici olmadı. Hakim çaşqınlıq, xəcalət içində, mürgü döyə-döyə demək olar ki, elə ittihamnamədə yazılanların əksər hissəsini çıxardığı öz hökmündə yazdı. Qərarı elan edəndə səsi titrəsə də, xəcalət çəkməyi bəlli olmadı...
Vəkil isə təslim olana oxşamırdı. Məhkəmənin həyətində gəzinə-gəzinə öz-özünə mızıldanır, deyirdi:
- Canım, belə də iş olar. Heç olmasa mən fərq imtahanı verib, hüquqşünas olmuşam. Bunlar isə anadangəlmə hüquqşünasdırlar. Hərəsi bir özəl universitet bitirib. Bu da axırı... Cinayətin subyektiv cəhətini ayırd edə bilmirlər.
Müttəhimin adamları çıxarılan hökmdən şad halda gülüb-danışır, deyirdilər:
- Ə, bu vəkil niyə donquldanır ey belə.
- Cəzanın yüngüllüyündən narazıdır da...
- Onun sözünə baxan kimdi ey?!.
- Sən onu demə... Şikayətçi olsa, işlər korlana bilər...
- Özbaşınalıqdır bəyəm?..
- İndi nə desən olar...
Vəkil isə indi də məhkəmə icraçılarından birini çənəsi altına alıb, onu sorğu-sual edib deyirdi:
- Oğul, heç olmasa sən de... Hüquqşünassan da?
- Bəli.
- Haranı qurtarmısan?
- BDU-nu...
- Deyirəm ki, bəlkə, mənim ağlım çaşıb...
- Niyə ki?..
- Oğurluq cinayətinin subyektiv cəhəti nədi?
- Özgə əmlakı...
- Obyektiv cəhəti...
- Gizli qaçırılma...
- Subyekti?
- Cani, oğrudur...
- Subyektiv cəhəti?
- Oğurluğun qəsdən edilməsidir.
Vəkil sevindiyindən onu qucaqlayıb öpdü, şadyanalıq edə-edə dedi:
- Eybi yoxdur, al bu konfeti, ye... Ağzını şirin elə... İndi gör mən bu əclafları nə günə qoyuram...
Məhkəmə icraçısı Yavər cavan oğlan idi İstilənən kimi olub dedi:
- Əmi, konfetinə görə çox sağ ol, ancaq sən Allah bu qalmaqalını məndən uzaq elə. Hakim eşidib inciyər.
- Ə, mənim işim elə əsasən prokurorladı. O, gərək bu işin beləcə düyün düşməsinə yol verməyəydi də...
- Nolub ki?
- Xəbərin yoxdu?.. Məhkəmə müttəhimin xeyrinə qərar çıxartdı da. Guya ki, kişinin oğlu həmin gecə özündə olmayıb, ehtiyatsızlıq edib. Başı gicəllənib... Ovsunlanıb... Cəfəngiyyatdı da... Qədim misirlilər elə ona görə də məhkəmədə işə baxan hakim işə düzgün baxmayanda onu bağışlamırlarmış. Beləsinin dərisini soydurub, oturduğu stula sərirlərmiş ki, sonrakı hakim əvvəlki hakimin başına gələnləri xatırlayıb, özü üçün nəticə hasil eləsin ki, işə düzgün baxmasa onun da taleyi belə ola bilər.
Vəkil vəsadətinin nəzərə alınmadığı üçün məhkəmədən, çıxarılan hökmdən narazı idi. Odur ki, elə həmin gün də öz etirazını yaxıb məhkəməyə təqdim elədi. İşi yuxarı məhkəməyə göndərdilər. Vəkil hirsindən gecə də yata bilmirdi. Qarşısına çıxana deyirdi:
- Ə, canım, belə də iş olar?! Bizim işimiz indi belədi də... Qanun-qayda qalıb bir tərəfdə... Ovuc içindəki xətlərə... Karta... Ulduzlara, qəhvə çöküntüsünə baxıb fal açan kimi hərəkət edirlər.
İndi də cavanlar onu söhbətə tutmuşdular:
- Cənab vəkil, dedektiv sözü nə deməkdir? Mahiyyəti?
- Ümumidən xüsusiyə getmək.
- Hərə bir söz deyir də...
- Əslində üç keyfiyyət əsas hesab edilir...
- Hansılar?
- Müşahidəçilik...
- Sonra...
- Nəticə çıxartmağı bacarmaq...
- ...
- Bir də bilik.
Vəkilin isə öz dərdi özünə bəs idi. İşlərin belə getməsindən çox gileyli idi. Allah var adamın başının üstündə, yeniyetmə qız kimsəsiz olduğu üçün ondan elə bir pul da almamışdı. Şəhərə yola düşəndə manatları sayası oldu: "Eh, nə edim, birtəhər gedib-qayıdaram da. Orada mənim iştirakım hökmən lazımdır".
Apellyasiya məhkəməsində işə geniş tərkibdə hakimlərin iştirakı ilə baxılırdı. Zalda bir o qədər çox adam yox idi. Sədrlik edən dilləndi:
- Oğurluq işi... Vəkil buradadırmı?.. Qaradağlı...
Abbas müəllim cəld yerindən qalxaraq dilləndi:
- Hə, mən... Buradayam...
Hakim gülümsədi:
- Familiyanız çox gurultuludur. Ancaq necə vəkil olduğunuz da diqqətdən yayınmır. Hədəfi düzgün tapmısınız...
Vəkil qımışdı:
- Mən köhnə ovçuyam da...
- Necə ovçu olmağınızı bilmirəm. Ancaq vəsadətiniz maraq doğurdu. Həqiqəti yazmısınız... Oğurluq cinayəti ehtiyatsızlıq üzündən ola bilməz. Prokuror, hakim nə qədər don geyindirsələr də, xoruzun quyruğu görünür axı... Burada məhəbbətdən söhbət gedə bilməz... Bəli, cəfəngiyyatdı.. Düzüb-qoşmağı da bacarmırlar... Guya ki, qız lüt anadangəlmə, çılpaq olub... Gözəgəlimli imiş... Oğlan özünü ələ ala bilmir, sevgilisinin qapısı ilə otağı dəyişik salır... Ehtiyatsızlıq edir... Yox, yaramaz... Qəsd olub ki, qızılları aparıb da.. Qıza toxunub-toxunmaması da aydınlaşdırılmayıb...
Beləcə, həmin cinayət işinə dair çıxarılmış hökm ləğv edilib, yenidən baxılmaq üçün qonşu rayonun məhkəməsinə göndərildi. Hakim də həmin gün təsdiq elədi: "Bəli, vəkil haqlıdır. İşdə xeyli ziddiyyətli fikirlər var... Bunlar araşdırılımalı, yeni məhkəmə hökmü çıxarılmalıdır... Pulun səsi ədalətə mane olmamalıdır".
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)