Qulu Ağsəsə, Ağ səs Quluya Featured

Təranə Dəmir, AYB- nin və AJB-nin üzvü, “Ədəbiyyat və incəsənət” üçün

 

Özü demiş, "Ağzı  kasıb  evində  bağlanmış

 turşu bankasıdı,

 ildə bir dəfə açılar",

Sözü urvatdan salanlardan deyil,

Amma sözünə dil uzadanları

elə sözüylə qamçılar.

Tanrıdan qorxmaz, 

üsyanında da, küfründə də Ona sığınar.

Sevgisi bir adamlıqdı,

(yenə özü demiş)

Ona görə, Eşqdə ikinci adam artıqdı.

Sözün keşiyində dördgözlə dayanar,

(Eynəyinin arxasında gizlədər narahatlığını,

 Şəhid atalarından utanar).

Namaz qılmaz, Oruc tutmaz,

(Allahı aldatmağı günah sayar)

Amma namaz qılmaq olar ətəyində.

Adamı neçə qat işıqdan keçirib

salar ürəyinə,

Hər kəs sağ çıxa bilməz söz kötəyindən.

Hərdən tanımadığı ölkələrə,

tanımadığı adamlara açar sirrini,

Tanıdıqlarına etibar etməz,

Gülüşündə gizlədər dərdini.

Sual alar, sual verməz.

Susa-susa sevər,

Sevə-sevə susar.

Sükutunun xofu basar adamı,

Yüz pozar, bir yazar,

Birdəfəyə qərar verməz.

Bircə balasındadı canı,

Canı sağ olsun.

Milyonlara qoşulmaz heç vaxt,

Təklərin içindən çıxıb axı.

Qınamıram,

İstəyir hər yerdə başı dik gəzsin,

Üzü ağ olsun.

Ayda, ildə bir dəfə gələr ilham pərisi, 

Sözü misqal-misqal xərcləyər,

"Xəsis"likdi ən böyük günahı.

"Tənbəldi" bir az da,

Nə şöhrətə qaçar, nə ada,

Zamanla ayaqlaşa bilmir həyat tərzi.

Qaraladıqlarını ağa köçürməz--

Ağsəs Qulu, 

 Qulu Ağsəs.

fərq etməz,

Onsuz da hayana çevirsən eyni adamdı--

Bir də…

Bir də Vətən boyda sevdası var könlündə,

Onunçun hər yan Ağdamdı...

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.