Aygün Bayramlı, “Ədəbiyyat və incəsənət”, Beyləqan təmsilçisi
Bu dəfə oxucularımın qarşısında məqalə, müsahibə, reportaj, xəbərlə deyil, şeirlə dayanacağam. Qədəm qoymuş qızıl payıza bir ithaf hesab edin bu şeiri.
Hardasa bir yarpaq düşür,
Payız yetişir,
Həmin yerdə yarpaq torpaqla görüşür…
Orda da bir ağac üşüyür,
Bomboz, cadar-cadar, qabıq-qabıq soyulur,
Fəda olan yarpaqlar düşərək
torpağını qoruyur…
İndi bir sərin meh uçurur bu payızı,
İndi bütün yarpaqlar, taleyindən narazı…
Quruyacaq əvvəlcə, qarışacaq torpağa,
Amma başa düşmür ki,
bu ölüm başlanğıcıdı,
Yenidən zərrə-zərrə qayıdacaq həyata,
Budaq-budaq olacaq,
Yarpaq-yarpaq olacaq,
Bu bulanıq boz həyat,
Yenidən qaynayacaq.
Payız hələ son deyil,
Payızın sonrası var…
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)