“Ədəbiyyat və incəsənət” portalının poçtuna Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğludan gələn növbəti şeir Aşıq Ələsgərə ithaf olunub. Onu nəzərinizə çatdırırıq.
SÖZ-AŞIQ SƏNƏTİNİN GÖVHƏRİ
Azərbaycan aşıq sənətinin böyük nümayəndəsi Aşıq Ələsgərə ithaf edirəm.
Ustadların ustadı, xalqın sənətkarısan,
Sözlərin gül çələngi, şeiriyyət baharısan.
Bəxş eləmişdi sənə tanrı fitri istedad,
Alı kimi sənətkar olmuşdu sənə ustad.
Göyçədə-Ağkilsədə lk baharda doğuldun,
Sənət, əxlaq elmində uca zirvə-dağ oldun.
Həyatın hər üzünü, dərdin-sərini gördün,
Xeyirxah mələyini, şeytan-şərini gördün.
Sözünlə, söhbətinlə çox mətləblər qandırdın,
Aqili uca tutdun, cahilləri sındırdın.
Vəsf etdin yurdumuzun meşəsini, dağını,
Gözəl seyrangahını, büsatlı yaylağını.
İnsanı ucalığa, mərifətə səslədin,
Halallığa, düzlüyə, ləyaqətə səslədin.
Necə də müdrik idin, coşqun çeşməydi təbin,
Sönməyən bir ocaqdır yaratdığn məktəbin.
Ağır-ağır yığnaqlar, məclislər yola saldın,
Yurddan, eldən-obadan qüvvət aldın, güc aldın.
Söz-aşıq sənətinin almazı, gövhərisən,
Bütün Türk dünyasının Aşıq Ələsgərisən.
21.09.2024.
“Ədəbiyyat və incəsənət”
(03.10.2024)