Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Çaölanın “Oyanmaq” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim edilən yazar Təbriz təmsilçimiz Əli Çağladır.

 

Əli Çağla

Təbriz

 

OYANMAQ

 

Bir şəhər görürəm yuxularımda

Qaranlıq küçələrində şüşəsi açıq buraxılmış boş maşınlar

Divarlarında qan spreyi ilə yazılmış qəzəblər

Polislərin işləri yoxdur qəzəbçilərlə

Sprey satanları axtarırlar,

Millətin qanını sorub millətə bahasına satan spreyçilər

Əllərində tapança, çiyinlərində parlayaraq ulduzlar

Küçələrdə sülənib axtarırlar canavarları.

 

Bir şəhər görürəm yuxularımda

Məcnun dəyişib cinsiyyətini

Ah Leyla, Leyla, laylayla, layla...

Fərhadı vazektomiya elətdirib Xosrov

Şirin külüng götürüb Bistunun döşünə eşq lövhəsi yazır,

Əsli yola çıxır Kərəmdən ötrü,

Yolda yolunu azır...

Leyli Nəcdin düzlərində Məcnunlaşmır, lezbiyənləşir...

 

Koroğlu dördnala çapsa da atını Çənli Beldə

Nigarın gözlərindən şəhvət yağır metro stansiyasında.

Sol əli açır gözünü, tarixdəki hiyləkar Kor Alı

Sağ əlində sprey, divara tərəf qaçır.

 

Ağa Məhəmmədi[1] kor eləyir otuz min sarı kirmana bənzər Kirmanlılar

Mahmudu[2] axtalayır sağ yanında dayanmış Ayaz.[3]

Babəkin[4] qollarını deyil, saçını vururlar Gülüstan sarayında[5].

Keçəl Həmzə[6] şüşəsi açıq buraxılmış boş maşınları oğurlayır qaranlıq küçələrdə

Keçəl başına tük əkdirmək üçün.

Sabah Əhmədin[7] başına papaq qoyacaqlar, tac əvəzinə.

 

Bir şəhər görürəm yuxularımda

Zəncir kimi bir-birinə bağlanmış savadlılar

Baxmadan keçirlər dərdin önündən.

Sadıq[8] qazı açıb intihar eləyir şəhəri

Ramizin[9] çiynində çantası

Özünə yeni bir vətən düzəltməyə gedir.

Qulamrzanı[10] xəstəxanadan qaçırdır Aruz oğlu Basat

Ləvayi[11], Çikaqodan boylanır Xocanın Aladağlarına

Aynalar Zamanın[12] qırışmış alnını hədəfə alır

Yalçının[13] eynəyini oğurlayırlar kafedəki dostları

Gördüklərini görə bilməsin.

Yox, üzürlü sayın əziz şəhərdaşlar

Yaza bilməsin gördüklərini.

Ayın pənçər olmuş təkərini dəyişdirsə də

Qadınların tərəfində dayanır Çalğın[14].

Hər il apreldə, şəhərimin Paris adlı xiyabanında

Güllələyirlər Nargisin[15] içindəki Merilin Monronu...

Varisin[16] göndərdiyi məktubun Ermənilər əlində yandırıldığının xəbərini alıram post idarəsindən.

Bələdiyyə başqanı “Şəhərin Gözəlliyi” verilişindən sonra

Gecələr maşından düşüb divarlara işəyir.

Qəzəblər axır südüyə qarışmış qanlı divarlarda

Sabahdan tarixi tərsinə oxuyacaq məktəb uşaqları

Xiyabandan keçərkən...

 

- Əziz izləyicilər, hörmətli bələdiyyə başqanının halı çox pis idi, növbəti yuxularınıza qədər, sağ qalın!..

 

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2024)



[1]Ağa Məhəmməd Xan Qacar, Qacar sülaləsinin birinci şahıdır.

[2]Mahmud Qəznəvi, Qəznəvilər sülaləsinin birinci şahıdır.

[3]Ayaz Məlik, Mahmud Qəznəvinin nökərdir. 

[4]Babək Xürrəmdin, Xürrəmilər hərəkatının rəhbəridir.

[5]Gülüstan sarayı, Tehranda Qacarlar sülaləsinə aid saraydır.

[6]Keçəl Həmzə, Koroğlu dastanında Qıratı qaçırdan şəxsdir.

[7]Əhməd şah Qacar, Qacar sülaləsinin sonuncu şahıdır.

[8] Sadiq Hidayət, İranın məşhur yazarıdır. O, 1951-ci ildə, Paris şəhərində qazı açıq buraxıb intihar etmişdir.

[9] Ramiz Rövşən, Azərbaycanın məşhur şairidir.

[10] Qulamrza Əmani, Güney Azərbaycanın milli-siyasi aktivisti idi.

\[11] MəhəmmədRza Ləvayi, Güney Azərbaycanlı şairdir.

[12] Zaman Paşazadə, Güney Azərbaycanlı şairdir.

[13] Yalçın Türkay, Güney Azərbaycanlı şairdir.

[14] Məhəmməd Çalğın, Güney Azərbaycanlı şairdir.

[15] Nərgiz İsmayılova, Azərbaycanlı şair və yazardır.

[16] Varis Yolçuyev, Azərbaycanlı yazardır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.