ARXİV YAZILARI - Hüseynbala Mirələmov, “Qiblə” Featured

“Ədəbiyyat və incəsənət” portalının Arxiv yazıları rubrukasında sizlərə yazıçı Hüseynbala Mirələmovun 1993-cü ildə qələmə aldığı “Qiblə” povesti təqdim edilir.

 

Qəflətən bərk külək başladı. Toz dumanı göz qırpımında aləmi başına götürdü. Həyətdəki nəhəng və ulu çinar zaman- zaman fırtınalara, tufanlara sinə gərmiş, halını pozmadan lal bir sükutla bu olayları qarşılamışdı. Bugünsə çinar təlatümdə idi, haray – həşir salmişdı, yaralı quş kimi çırpınırdı. Deyəsən, bu dəfə xına özgə xınaydı, çinarın nəinki qol-budağı silkələnir, tir-tir əsir, kövrək şivləri qırılıb-düşürdü, hətta yoğun və yorğun gövdəsi zarıyır, dil boğaza qoymurdu. Külək qısa fasilələrlə həmlə edir, bitişik elektrik dirəkləri yerindən oynayır, naqillər sarmaşır,  kələfin ucu dolaşır, qısa qapanmalar məftilləri qırıb-tökürdü. Balaca şəhərin küçə-meydanlarında gəzən adamlar daldalamağa yer axtarırdılar. Bu vahiməli, qasırğalı gündə hər kəs öz hayında idi. 

Bu zaman hardansa bir ala qarğa asta-asta uçub ağacın çuxur, dəlmə-deşik gövdəsinə yaxın şax budaqlarından birinin üstünə qondu, bəd xəbər gətirmiş kimi həyacanla qarıldamaqa başladı. Şiddətlə əsən külək az qalırdı ki, onu bürmələyib qonduğu budaqdan qoparıb daş kimi yerə fırlatsın. Lakin bəd niyyətli quş qanadlarını açıb çinarı dörd dolandı və yenidən bir az əvvəl oturduğu budağa qondu, ağzını da düz  Şahingilin pəncərəsinə tuşlayıb  qarıldamağa başladı. Nəydi azarı qarğanın? Ac idimi? Susuz idimi? Təhər-töhüründən qocaldığı hiss olunurdu. Çünki gənclik   şövqülə, gur avazla oxuya bilmirdi. Səsi köhnə cəhrə kimi cırıldayır, hər dəfə «qa» eləyəndən sonra başı  aşağı əyilir, quyruğu qalxır, nəfəsi təngiyirdi. Zorla qanad gərir, sonra yenidən qanadlarını üşümüş bədəninə sıxırdı.Bu bəd niyyətli quş bütün vücuduyla güc verib  qəmli nəğməsini ətrafa səpirdi. Ancaq kədərli və niskilli səsi daha  çox azarlı adamın iniltisinə bənzəyirdi. Qarğanın  boz rəngə çalan lələkləri özünün əzəli təbii rəngini itirərək, azacıq qaralmışdı.

Ala qarğa zahirən nə qədər yorğun və bədgüman görünsə də, susmur, sakitləşmir, məşum «nəğməsi» qurtarmırdı. Bu xeyirsiz quşu insanlar heç sevməzdi. Hansı ağaca qonurdusa adamlar haray – həşirlə onu daşlayıb qovurdular. Bir sözlə arzuolunmaz qonaq idi. Nə qədər təəccüblü də olsa,  son qarmaqarışıq çağlarda heç ona əhəmiyyət verən də yox idi. Saymırdılar boz qarğanı, vərdişinə sanki alışmışdılar. Bəlkə tufanla bağlı idi, güclü külək adamların diqqətini yayındırmışdı? Qarğa heyrət içindəydi. Adamlar onu dinləmək istəmir, qulaqardına vurur, laqeydcəsinə ötür, hürküdüb perikdirməyi ağıllarına sığışdırmırdılar. Bu hal qarğaya sakitlik gətirirdi. Axşamüstü səmtini tez- tez dəyişən, burula-burula şəhərin üstündə dolanan tufanlı «yapon» küləyi axırki səngidi. Şəhərin üstünə çökmüş qara kölgə isə bir az da qalınlaşmış, sıxlaşmışdı. Lap yuxarıda – göylərin dərin laylarında ağ - qara buludlar böyük bir nəhrin yedəyində bir-birinə doğru sürünürdülər. Asimanın üzü geniş döyüş meydanına bənzəyirdi. Özündən çıxmış buludlar ayrı-ayrı qoşun alayları kimi sanki həmlə gözləyir, ölüm-dirim savaşının intizarını çəkirdilər. Bir azdan qılınclar qınından sıyrıldı. Nəhəng layların ilk ön birləşmələri üz-üzə, göz-gözə gəldilər. Bu anda «kəllələr» şaqqıltı ilə  toqquşdu. Ağır zərbədən sonra şimşəyin zülfüqarı havanı parçaladı, iki yerə ayırdı. Dava-şava səngimədi, daha da qızışdı, « Qan» su yerinə axdı. Gah qara kölgə işığı, gah da işıq qətran kabusu əvəzlədi. Bu hal dalbadal təkrarlandı. İnadkar pəhləvanlar kimi buludların yeni-yeni layları meydanda peyda olub  toqquşmaqdaydı. İldırım guruldayır, oynayır, işıq şüaları ağız-ağıza gələn qılıncların qəbzəsindən qopan qığılcımları ətrafa səpələyirdi. Ölüm-dirim mübarizəsi bütün səmanın üzünü bürümüşdü. Şıdırğı, selləmə yağış buna bəndmiş kimi səpməyə başladı. Bu yağış sanki buludların dumduru, ağappaq qanıtək yerə süzülürdü.

Şahingilin həyətindəki ikimərtəbəli, hündür, yığcam talvar dədə-babadan qalmaydı. Yayda bu talvarda yığışıb çay içər, ləzətlə dənizin, dağların seyrinə dalardılar. Bayaqdan coşan dəli külək qasırğacı talvarı da bərk imtahana çəkmiş, dişinə vurmuş, laxlatmış, silkələmişdi. Şahinə elə gəlmişdi ki, bu saat talvar uçacaq, bünövrəsindən çat verəcək, gərmic onu yüksəkliyə qaldırıb kərpicini, ağacını, taxtasını, dəmir-dümürünü, dam örtüyünü hara gəldi, tullayacaq.

Burulğan sakitləşən kimi Şahin ehtiyatla talvara qalxdı. Sərin yay sığınacağı silkələnib laxlasa da, dayaqları duruş gətirmişdi. Şahin üzüyuxarı - dağlara səmt göyün neçənci qatındasa, bir-biri ilə didişən buludlara boylanırdı. Gücü çatsaydı, haray-həşirə son qoyacaqdı. Şimaldan və cənubdan dağ kəlləri kimi buynuzlaşan buludları ram edər, dava-şavanı sovuşduracaqdı. Kimə gərəkdi qan-qada, toz-tozanaq, təbiətə  dəyən ziyan? Məgər ulu Tanrının qüdrəti küləyi, qasırğanı, buludu insanalara zərər vurmaq üçün yaratmışdı? Təbiət özü də bəzən özünə qənim kəsilirdi. İldırımdan meşələr yanır, illərin, nəsillərin yadigarı olan əzəmətli ağaclar külə dönürdü. Bəlkə təbiət insanlardan qisas alırdı.

Şahin qara kölgəyə bürünmüş vüqarlı, təmkinli uca dağlara baxırdı. Gücünü dağ zirvələrindən alan sisqa bulaqlar süzülərək dağ cayında birləşmişdilər. Onlar zaman - zaman  axaraq dibsiz, uçurum-sıldırımlar yaratmış, dağları sanki iki əks qütbə bölmüşdülər. Sanki, dağlar  incik düşüb hərə bir istiqamətə yön almışdı. Sular isə qovuşmağa can atırdılar. Axı, bütün çayların son qovuşduqları yer  dənizlərdir. Sular qovuşarkən öz bənzərsiz naz – qəmzəli nəğmələrini dənizin qulağına pıçıldayır, ruhuna hopdururlar.  Həmin nəğmələr şahə qalxan ləpələrin dilində təkrar- təkrar oxunurdu. Bəs,  kimdir bəstəkarı notsuz nəğmələrin? Tanrımı, sükut içində olan əzəmətli dağlarmı?

 Şahin gözlərində narahatlıq hiss etdi, əli ilə gözlərini sildi;  gözlərimi pis görürdü? Bu nədir, qarşı-qarşıya dayanan dağların başı bir-birinə doğru əyilmişdi? Sanki, iki qoca müdrik bir – biriylə məsləhətləşir və asta – asta pıçıldaşırdılar. «Dağlar qapısı» açıq idi; (məgər dağların qapısı kiminsə üzünə bağlı olub?) hər iki tərəfə – şimala da, cənuba da. Mərmər qayalar səmayə millənərək sıx-sıx bitmişdilər. Onlar ala-bula buludların kölgəsi  altında  canlı insan heykəllərinə bənzəyirdi.

Şahinin ata yurdu yaxında yerləşirdi. O, hərdənbir möcüzələrin qucaq açdığı bu ocağa  baş  çəkirdi. «Dağlar qapısı»nı heç vaxt unutmurdu. Xəyalı yenə də doğma yerləri gəzib dolaşırdı: O, girdabı görünməyən dərələrin qaralan yatağı ilə üzüaşağı boylanırdı. Aşağıda - sular axar, göz işlədikcə dərələr qaralırdı. Dağların sirli pıcıltıları da, qayalardan sızıb, yamaclardan üzüaşağı axan çayların nəğməsi də, gədiklərin, uçurumların sinəsinə söykənib, qayğısız - qayğısız uyuyan adda-budda ağaclarn pıcıltıları da, dibsiz dərələrin vahiməli əks- sədası da  ruhuna hopmuşdu. O, rahat nəfəs alır, köksü fərəhdən qabarırdı.

Zaman keçdikcə məcrasını genişləndirən çayın lap qırağında – qollu-budaqlı ağacların qərar tutduğu yaşıl talada, əsrlər bundan qabaq daşa dönmüş bir qoca sükut içindəydi. Nəhəng, irigövdəli  nil ağacı  üstünə kölgə  salmışdı. Qəribə mənzərəydi, hər tərəfi bulud karvanının qara kölgəsi bürüsə də, lakin tala günəşin şüaları altında uyuyurdu. Ara-sıra səmti bilinməyən küləklər nil ağacının budaqlarını yellədir, adamı qəribə tərzdə duyğulandıran inilti səsləri eşidilirdi. Bu səslərin özü də vahiməli bir pıçıltıya bənzəyirdi: Rahatlan, ixtiyar qoca, rahatlan! Zaman səni yaman yorub, deyəsən…

Küçədən sürətlə şütüyən maşının fit səsi Şahıni xəyal aləmindən ayırdı. Onun uzaqlara  zillənmiş nəzərləri göyləri yardı, dumanlara  bələnmiş xəyalı yenidən əzəmətli nil ağacının budaqlarına qondu. Ağacın gövdəsi bozumtul idi, xeyli yuxarıya şaxələnən saysız-hesabsız budaqları və yamyaşıl yarpaqları olmasaydı, sal qayadan yonulmuş daş sütuna oxşayardı. Gövdəsinə çırpılmış  çovğunlu  küləklər, tufanlar qəddini əyə bilməmiş, görkəminə xələl gəlməmişdi. Bütün bunlar zamanla aramsız döyüşlərin izləri kimi gövdəsinin qalın qabığında yaşayırdı. Göz işlədikcə ona hər şey - orman da, sanki dincələn qocaya keşik çəkən tənha nil də, dağlar da, qayalar da, çaylar da, köpüklü sular da, bütün bunların hamısı ona əziz idi, doğma idi. Çünki, o uşaqlıq və ilk gənclik illərini bu sirrli aləmdə keçirmişdi.

Şahin bu yerlər üçün çox darıxmışdır. O, fikirlər burulğanında vurnuxurdu. Asimanda bir-birinə aman verməyən buludlarsayağı, yerdə də insanlar qaynaşır, şaiyələr dolaşır, imansızlıq hökm sürür, arzular daşa dəyib çiliklənirdi. Əcaib-qəraib əhvalatlar baş verir, inam-etibar itir, ağlasığmaz sözlər beyinlərə yeriyir, adamların abrı-həyası gedir, şübhəsi və soyuqluğu artırdı. Deyəsən, axı şeytan hardansa bu məmləkətdə peyda olmuşdu: «bu meydan, bu şeytan», sonra zərrələrə bölünüb, ürəklərin içinə dağılmışdı. Haradaydı köhnə salam-kalam, hörmət-izzət, vəfa, ehtiram?

"Eh, Qarabağın havası qan qoxuyur.  Düşmənçilik son həddə çatıb. Banazor ermənisi əkin-biçini buraxıb, silaha sarılıb. Bakı «20 Yanvar» qırğınından tamam sarsılıb, millətin üzü dönüb.  Burda isə dil boğaza qoymayan kürsü pələvanları peyda olub" - üşənə-üşənə Şahin düşündü. Deyəsən, adamların içindən boy göstərən yırtıcı xislət bütün cəmiyyətə sirayət edir, şeytan baxışlar əhalinin bir qismini ovsunlayır, zəmanə caynaqlarını çıxarır, dişlərini qıcayır. Şahin doğulub boya – başa çatdığı şəhəri tanımırdı. İnsanlar sanki yadlaşmışdı. Bəs onda məlhəmi, xilası nəydi bu dərdin?

Şahin dörd olmuş gözlərini yenidən səmada gəzdirdi: döyüş səngimiş, perik düşmüş laylar yavaş-yavaş aralanırdı. Necə deyərlər, hər alay öz mövqeyinə çəkilir, cinahları boşaldır, sakitlik ortaya pərdə çəkirdi. Öləziyən ümidlər dirilir, gərilən əsəblər tarımdan qurtulur, təzədən göy üzü təbəssümlə bəxtiyar çağlarına qayıdırdı. Deyəsən, qaranəfəs külək də sustalmışdı, səsini içinə çəkərək dincimi alırdı. Azca bahar mehi əsdi, buludların parçalanmış layları  arasından günəş  mübarək sifətini göstərdi, bərq vurdu,  aləmə gülümsədi...

Ala qarğa günəşdən hürkmüş kimi bir anda yox oldu. Hara uçduğu heç kəsə bəlli olmadı.

Günəş zülməti devirmişdi. Onun işığı, nuru, həyatverici ziyası əlçatmaz hündürlükdəydi. Axı, sevdalı Günəşə buludların toqquşmasından həç bir xətər dəyə bilməzdi.

 

* * *

Dünya dərya kimi dalğalanır, suları bulanır, dəiyrman daşı tək  fırlanır, siyasət baş gicəlləndirirdi. Paytaxt aşıb-daşırdı, mitinqlər ara vermirdi.  Dəstəbazlar, siyasət dəllalları mövcud hakimiyyətin boşluğundan yararlanır, meydanlarda tribunalara qalxır, vəzifə pillələrinə yüksəlmək üçün dəridən-qabıqdan çıxırdılar. Xaos, qarışıqlıq bölgələri də bürümüşdü. Cənub şəhəri də nəhr kimi çalxalanırdı. Dil pəhləvanları tapışır,  əhalini meydanlara səsləyir, bütün maddi-mənəvi dəyərləri tapdalayırdılar.

Şahin Xəzər sahilindəki bu balaca şəhərdə doğulmuşdu: torpağı çay, limon, naringi, portağal qoxuyurdu. Bu məlahətli torpaq Azərbaycanın – Vətənin bir parçasıydı. Onun övladıydı, əziz balasıydı. Şahin həmişə vətəninin müstəqilliyi, azadlığı, bütövlüyü barədə gözəl xəyallar qururdu. Hələ tələbə olarkən gizli fəaliyyət göstərən “Azadlıq naminə” tələbə cəmiyyətinin üzvü olmuşdu. Elə tribunadan saatlarla düşməyən, camaata istiqlaliyyət dərsi keçən, əhalini «kütlə» adlandıran şəxslərin əksəriyyəti tanış-bilişi, orta məktəb yoldaşları, qohum-əqrəbalarıydı. Onlara  nifrət edə bilmirdi. Ancaq düz yolda olmadıqlarını, səhv etdiklərini, inqilab edib köhnədən nə qalıbsa, dağıtmaq istədiklərini ağlının hüdudlarına sığışdırmaqda çətinlik çəkirdi. Bir gün orta məktəbdən tanıdığı, ən zəif oxuyan sinif yoldaşlarından birinə rast gəldi. O, Bakıda zavodların birində çilingər işləyirdi. Şahinlə soyuq görüşəndən sonra  bu ortayaş oğlan ağızucu ona etirazını da bildirmişdi. «Hərəkata qoşulmursan, bu boyda hadisələr baş verir, münasibət bildirmirsən. Xalq gecə-gündüz küçələrdə bağırır, sən susursan. Daha mən o gördüyün adam deyiləm. Bakıda işimi atmışam. Bura milləti oyatmağa gəlmişəm, ayılmaq vaxtıdı»…

Əlbəttə, Şahin şəhərə çıxmış, izdihama yaxınlaşmış, bu nadanı tribunada lider qismində görüb təəccüblənmişdi. Onun «hər şeyi dağıtmaq, təzədən qurmaq» səfeh çağırışını eşidərkən gözləri böyümüşdü, qulaqlarını tutmuşdu. İndiki iradını və «nəsihəti»ni də dinlədi, acı-acı güldü və sağollaşmadan  uzaqlaşdı.

 

 

                                                      ***

 Dağlardan gələn çirkab, sel suları məcrasından çıxmış,  cənub Şəhərinin su, kanalizasiya xətlərini, arxları lil-torpaq axını tıxamışdı. Neçə gün idi ki, camaatın  günü qaraydı, pis  qoxunun üfunəti küçələrdə dərhal hiss olunur, ətrafa, meydan və döngələrdə, tinlərdə yaranan gölməçələr adətən təmiz ab-havaya öyrəşmiş camaatın kefinə soğan doğramışdı. Belə təqdirdə heç kəsi dindirmək olmurdu, hamı adi münasibətdən inciyir, ağzını açmaq üçün bəhanə gəzirdi. Dəymə düşər olmuşdu camaat. Qınamaq mümkün deyildi. Adi iş müşkülə dönmüşdü. Heç kəs əlini ağdan – qaraya vurmaq istəmirdi. Deyir, «istədiyim yar idi, yetirdi pərvərdigar». Özlərini xalq hərəkatının liderləri sayanlar elə bütün bunların istəyində deyillərmi? Yeni-yeni günahkar «axtarışı», bu qarmaqarışlıqda – «lilli suda balıq tutmaq sövdası» onların ürəyindən xəbər verirdi. Şəhərin indiki eybəcər vəziyyəti hərəkatçılar üçün yaxşıca yağlı mövzuydu.

Bütün su və kanalizasiya sistemi iflic olmuş, sıradan çıxmışdı. Əsaslı təmir işləri təcili görülməliydi, yoxsa yolxucu xəstəliklər meydan sulayacaqdı. Mərkəzdə dövlət qurumlarının, aidiyyatı təşkilatların qapılarını döymək, onları dindirmək müşkülə çevrilmişdi. Bəhanə isə  var idi: heç qəpik də ayırmırlar. İdarəçilikdə əlaqələr kəsilmişdi. Hay-küyçü ünsürlər, buna sevinir, qisas məqamı kimi anlayırdılar. Şəhəri basan üfunətin qoxusuna öyrəşən adamlar ruhi düşkünlük içində vurnuxurdular. Bəla bəlanın üstünə gəldiyindən əhali pintiliyə, natəmizliyə tez alışdı. Neyləyəsən, dövran bəd gəldi, gün-güzəran daha belə olmalı imiş. Dəhşət və fəlakət bundaydı ki,  kəskin üfunət qoxusu get-gedə beyinləri korşaldır, sağlam idrakı, düşüncəni iflic hala salırdı.

İndi adamlar yağmurun gətirdiyi lığlığanın, palçığın səbəbini ayrı cür yozmağa başladılar. Daha xətləri təmizləməkdən, sınan, sıradan çıxan boruları dəyişməkdən söhbət getmirdi, bu yarıtmaz, görkəmsiz "sovet binaları"nı sökməkdən, şəhəri başqa məkana  köçürməkdən alovlu-alovlu danışırdılar. 

Ancaq soruşan yox idi nəylə, hansı vəsaitlə? Məgər şəhərsalma asan  məsələydi? Digər tərəfdən axı, bu məhəllələrdə, binaların həyətlərində onların uşaqlığı, gəncliyi keçmişdi. Bu cənub şəhəri ata-babalarının yadigarı idi. Gör, neçə-neçə nəsillər bu yaşayış msəkənini yurd seçib. İndi hansı üzlə keçmişimizə daş ataq? Onda tariximizi, mədəniyyətimizi saxtalaşdıraq, abidələrimizi, bütövlükdə milli dəyərlərimizi məhv edək, gələcək bizi lənətləsin?

Təzə avadanlıqları, torna dəzgahlarını söküb, bu "kommunistlərdən qalmadır "- deyə qonşu ölkələrə köhnə, işlənmiş metal adı ilə dəyər-dəyməzə satırdılar, talayırdılar. Allah, sonrasından özün qoru...

Cənub şəhərinin çirkab həyatı artıq insanları narahat eləmir, maraqlandırmırdı. Əslində, Şahinin özü də camaat kimi daha pis qoxunu duymur, hiss eləmir, başı şiddətlə ağrımırdı. Məsəldi, "elnən gələn bəla toy-bayramdı". Bütün şəhər qaynayıb-qarışır, bir-birinin xasiyyətini götürürdü. İnsan axını eyni cür hərəkət edir, nəfəs dərir, qəzəblənir, özündən çıxır, etirazını bildirirdi. Şəhər əhlinə kütlə psixologiyası hakim kəsilirdi. Bütün bunlara rəğmən o da doğru idi ki, hələ Şahin özünü tamamilə həmin adamların cərgəsində saymırdı. Çünki şüurlu surətdə başa düşürdü, vəziyyət  mürəkkəbdir, müvəqqəti uyğunlaşmaq gərəkdir, yaxanı kənara çəkmək olmaz. Əgər Şahin bir balaca yan gəzsəydi, özünü ağıllı sayıb insan axınının – ləşkərin əleyhinə getsəydi, bir andaca tükünü didər, adına hədyan qoşar, parçalayıb atar, dədə-baba evini başına uçurardılar. Özü də «uf» demədən, peşimançılıq çəkmədən, qorxu-hürkü bilmədən… Və yada salmazdılar ki, onların əksəriyyətini unudulmaz və şirin gənclik xatirələr birləşdirir.

Anası Şahinin bu şəhərlə bağlılığı və sədaqətli olmasıyla fəxr edirdi.  Şahin evə gələn kimi uşaqlıq və gənclik dostlarını başına yığırdı. O, Bakıda yaşasa da, bu xasiyyətindən anası təsəlli tapırdı. Ana qəlbi bu təsəllidən ovunardı: «Şahin öz kökünün üstündə göyərib, qol-budaq atıb, böyüyüb, şaxələnib. Bəs qədər şanı-şöhrəti, başqalarının üstündə kölgəsi var. Ötən günlərəcən hamı başına and içir, bir sözünü iki eləmirdi. Bunlar həyatda qazancı deyilmi, Şahinin?»  Onda bəs anasının düşündüyü kimi, indiyədək sözünün qabağına söz gətirməyən, adıyla öyünən, kölgəsinə sığınan adamlara birdən-birə nə olmuşdu? Şahinin vəzifəsi kiçilmişdi, kölgəsi yoxa çıxmışdı? Yoxsa fələyin çarxı çönmüşdü? Əvvəllər təşrif gətirdiyi xeyir-şər məclislərində görünən kimi hamı əl-ayağa düşür, kefi-halı xəbər alınırdı. Ona sanballı adamların arasında yer göstərirdilər. Deyəsən, artıq o quşlar o budaqlardan uçub getmişdilər. Nə baş vermişdi axı? Kim  ortaya şübhə, nifaq  toxumu səpmişdi? Axı,  vaxtilə  yaşıdlarına çıxış yolunu Şahin göstərirdi. Bu Cənub şəhərnidə hər kəs ondan umur, onu  arxa, dağ sayır, qiblə hesab edirdi. Kölgəsi heç kimin üstündən əskik deyildi. İndi isə… Bütün bunlar Şahini yormuşdu, bezdirmişdi. Onun qəlbindən keçdi ki, bəlkə elə o da sadə yol tutsun; yəni, heç nəyi görmək istəməyən, yaxşıya-pisə fərq qoymayan, qatığa qara deyən, qabağından yeməyən şübhəli-şübhəli gəzib-dolaşan, araqızışdıranların sırasına qoşulsun…

Bunları düşünərkən, içinə bir qızdırma doldu, üşütdü onu, titrətdi onu. Özünü tanıya bilmədi, əlləriylə yaxasından bərk-bərk yapışdı; sağ əli yaxasını sağ tərəfə, sol əli  sol tərəfə dartdı. Kənardan bu hərəkəti görən olsaydı, yəqin edərdi ki, bu şəxs hər  kimdisə, özü-özüylə vuruşur, yəqin sərsəridir, dəlidir, başdan xarabdır. Məgər insan da canıyla mücadilə aparar, intiqam almağa çalışar? Yoxsa Şahin də həyatın nəbzini tuta bilməyib, mizan-tərəzini pozub, qibləsini itirib? İllər boyu qazandığın mənəvi dəyəri itirmək, yəni bu qədər asanmış? Bəlkə Şahinin paltarının altında bədəninə zəhərli əfi ilan dolanıb? O, da bu ilanı tutub boğmaq, xilas olmaq istəyir, o yan-bu yana çəkir? Hər halda, Şahinin bərəlmiş  gözləri, vahiməli görkəmi, xofu, ətrafa qeyri-adi reaksiyası bütün bunları ifadə edirdi.

Şahin isə qəlbinə qədəm basmaqda olan  şeytanın kəsə yolunu tamam bağlamaq istəyirdi. Yox, bu əcaib  məxluq qəlbini fəth edə bilməzdi. Çünki şeytanın qılığı ürəkbulandırıcıydı. Şahin hər dəfə onu rədd edir, qapıdan qovur, əcaib məxluq pəncərədən içəri soxulurdu. Müasir düşüncəli, savadlı, kifayət qədər  təcrübəli bir şəxsin şeytanla nə alış-verişi? Doğrudur, Şahinin doğrulmuş qənaətinə görə şeytan bu şəhəri dörd tərəfdən mühasirəyə almışdı. Bu Cənub şəhərini ətraf  mühitdən təcrid eləmişdi. Bu məkanı bütün külli-aləmə qarşı qoymuşdu. Şeytan hətta bu şəhəri məmləkətin özündən qoparıb, şeytan yuvasına çevirmək istəyirdi? Axı,  onun üçün fərqi yox idi, bu güşə məmləkətdən təcrid olunanda, necə böyük faciələr tüğyan edəcəkdi.  Axı, bu balaca şəhər məmləkətdən ayrı deyildi, bu məmləkətin elə özüydü. Bura əbədi ünvan, yurd-yuvaydı, el-obaydı. Şahinin düşüncələrində indi bir aydınlıq, duruluq, qətiyyət var idi. Buna baxmayaraq, küçələrə tökülən insan seli dalğalanıb hərəkətə gəldikcə, bu dalğalar irəli-geri qabarıb çəkildikcə, Şahin bulud kimi tutulur, sifəti  qaralıb-açılırdı.  Hər əndazəyə sığmayan artıq-əskik hərəkət canına üşütmə salırdı. Sona qədər tab gətirə biləcəkdimi? Qaraqorxuya çevrilmiş şeytan küləyi onu  süpürüb yumağa döndərdiyi kütlənin içinə qatmayacaqdı ki? Görəsən, o, şəhəri lərzəyə salan, amansız görünən, düşmənini dostundan ayırmayan kütlə ilə əvvəl-axır dil tapacaqdımı? Tale  böyük yolun yolçusu yaratmışdı Şahini. Cılız hissləri, bəsit, şit hərəkətləri özünə yaraşdırmırdı.

O, müəmmalı, müdhiş, zidiyyətli düşüncələrinin girdabında çabalayırdı… O, dəryada qərq olan adam kimi yanışmağa, saman çöpü axtarırdı. İçində tufanlar hayqırırdı. Zahirən isə  sakit görünmək istəyir, içinin təlatümünü gizlətməyə çalışırdı.

 «…İllər boyu bizi saymayıblar. Hüquqlarımızı tapbalayıblar. Artıq, bəxt üzümüzə gülüb. Artıq sözümüzü söyləmək, haqqımızı müdafiə etmək vaxtı çatıb . Biz müstəqil olmalıyıq». Qarabəniz, üzü yanıq, arıq və çiyinlərinin az qala sümükləri çıxmış liderlərdən biri mikrafonla bağırırdı, Şahin tutuquşu tək ümumi sözləri əzbərləyib üyüdən bu kişini yaxşı tanıyırdı. Təbiətən iddialı təsir bağışlasa da, heç bir əlahiddə cəhətdən tay-tuşlarından seçilmir və üstün deyildi.  Bəsit düşüncəsi, kasad ağlı həmişə onu yaşıdlarının gülüş hədəfinə çevirərdi. Onun dediyi fikirlərin nə məzmunu var idi, nə mənası. Ancaq lider əndazəni aşır, körpüləri uçurur, ikitirəlik yaradırdı. O, hansısa heyvani düyğunun təsirilə «bura bizimdir», qışqıranda, Şahinin canından üşütmə keçdi. Necə yəni, «bura bizimdir?» Məgər bura vətənin bir parçası deyildimi? Bu, ona bənzəyirdi ki, dəryanın içindən  ağacla çəpər çəkəsən, sərhəd qoyasan və inadkarcasına, həyasızcasına bağırasan: «suyun bu hissəsi bizimdir, yerdə qalanı sizin». Düzdür, öyrədilmiş bu separatçının «parlaq nitqi»ni alqışlayanlar da oldu, onu qınayanlar da, dediyinə əhəmiyyət verməyib cəfəngiyat adlandıranlar da.

Şahin dövranın gedişatından yaxşı baş çıxarırdı. Ağzından qan iyi gələn arıq «millət qəhrəman»ının «bura bizimdir» hökmünün alt qatında «parçalanma», «ayrılma» eyhamları  vəziyyətin qəlizliyini açıb-ağardırdı. Bu tip axmaq söhbətlər ona yer eləyir, xəncər kimi bağrının başına işləyirdi. Ancaq o, fəhmlə  hiss edirdi  ki, imperiya  süquta uğrasa da,  varisəlri, tör-töküntüləri hələ də qalır. Onlar ortada havadarlıq, dəllallıq edir, adətən cəmiyyətin  aşağı  təbəqələrindən kimlərisə şirnikləndirir,  ələ alır, meydanlara qızışdırıcılıq əhval-ruhiyyəsi ilə yola salırlar. Digər dil pəhləvanı hardansa özünü təngənəfəs kürsüyə yetirir. Gec söz aldığına görə əsəbiləşib, hirsini-hikkəsini zorla boğur. Əl-qol hərəkətlərilə ağzı köpüklənə - köpüklənə kimlərisə hədələyir. Bir anda danışıqları xoşa gəlmədiyinə görə meydan onu fitə basır. Özünü itirmir, sağ əlini yuxarı qaldıraraq meydanı sakitləşdirməyə çalışır. Meydan bir anda sakitləşir. Qardaşlar, vacib bir məsələ barədə danışmaq istəyirəm, Xahiş edirəm qulaq asın, - deyə müraciət edir. Sonra əlini yaxınlıqdakı  abidəyə doğru uzadır.

- Gördüyümüz bu abidə ikinci dünya müşaribəsində həlak olan əskərlərin şərəfinə ucaldılıb.  Buyurun,  baxın, budur bizim şərəfli keçmişimiz.

 Sanki ilk dəfə görmüşkimi hamı təəccüblə baxışlarını meydanın sağ tərəfində cərgələnən daş  heykəllərə tuşladı.  O,  boğazını artılayıb sözünü davam elədi: bizə dəxli olmayan müharibənin qurbanlarının xatirəsinə ucaldılıb bu abidə.

Şahin sövq-təbii monumental  abidəyə tərəf boylandı. Bəli, vaxtilə hamının öyündüyü, güvənc yeri. Axı, indi bu heykəllər nə günahın sahibiydilər? Kütlənin diqqətini abidəyə  cəlb eləməkdə görəsən məqsəd nəydi? 

Fikir karvanı Şahini uzaqlara dartdı… Orta məktəb həyatına. O vaxt Şahin şagird yoldaşları ilə hər gün bu kompleksin yanından ötür, buranı qızıl güllərə, qırmızı qərənfillərə qərq edərdilər.  Həmişə hörmətlə, ehtiramla əsgəri qaydada salam verib burdan aralanırdılar. Gözlərini donuq nöqtəyə zilləyən heykəllər daş ömürlərini yaşamaqda davam edər,  susar, uşaqların suallarını cavabsız buraxardılar. Amma inam, əqidə, ən əsası Vətən uğrunda onlar vuruşmuş, canlarını qurban vermiş,  daşa dönmüşdülər.  İndi isə daş ürəkli insanların tənələrinə məruz qalmışdılar, bu daş heykəllər! O insanlar indi onlara daş atmaqdan belə çəkinmirdilər.

«Qolun qurusun, sənin bunlarla nə işin? Cansız, dilsiz heykəllərdi. Bir qarış yer tutublar da,  onların bizə nə istisi-soyuğu? Hə, lap sökdük, qazancımız nə olacaq ki? Dünyanı özümüzə güldürək?» – «Astra» siqaretinin tüstüsünü sinəsinə çəkə-çəkə  yaşlı şəhər sakini bayaq qışqırana ünvanına iradını bildirdi.

Yox, kütlə tamam küt adamlardan ibarət  deyilmiş. İçində ayıq-sayıq, ağıllı-kamallı, haqqı nahaqqa verməyən insanlar da varmış. Cənub şəhərinin daha bir sakini asta-asta deyinən qocaya haqq qazandırır: «Ağsaqqal, sırtıq gədələrdi, vallahi, dünyadan xəbərsizlərdi. Ürəyinə salma, əsəbiləşmə. Haynan gələn, vaynan gedər. Elə bilirsiz, burda səsini çıxarmayanların hamısı onların tayıdı? Keçid dövrüdür, eyb etməz, danışmağa sözləri yoxdu, heykəllərin sökülməsini ortaya atıblar. Qoy yorulanacan hətərən-pətərən üyüdüb töksünlər.

Tribunda dil – dil ötən bu millət qəhrəmanı qışqırdı: «Gəlin, elə bu heykəllərdən başlayaq!»

Şahin uyumuşdu, sarsılmışdı,  qulaqları uğuldayırdı. Həya-abırdan dörd bükülmüş, nəfəsini içinə çəkmişdi. Əks istiqamətdən nəsə eşitdi. Deyəsən, abidədən bir heykəl qopub irəli şığımış, üsyankar etiraz səsini ucaltmışdı:

- Namərdlər!

- Keçmişinə arxa çevirənlər!

- Tarixinə ləkə yaxanlar!

Yox, Şahinin gözləri alacalanmışdı. Mərmər abidənin daş postamentindən heç bir heykəl qopub yerə düşməmişdi. Səs qeybdən peyda olmuşdu. Narahat ruhların iniltili  səsiydi bu...

Şahin xəcalətindən tərləmiş, həyəcanından pörtmüş halda abidəni təpədən-dırnağacan süzdü.  O, vicdansızlığa dözə bilmirdi, qaçmaq, onları xilas etmək  istəyirdi. Ona elə gəldi, ki, bu qəzəbli insan seli indicə abidənin üstünə yeriyəcək, bu möhkəm daşları parçalayacaq,  dişləri, dırnaqları ilə qoparıb dağıdacaqlar. Sinəsini qəzəblənmiş insan axınının qabağına vermək üçün Şahin bütün gücünü topladı. İri addımlarla kütlənin nəzərini daş kompleksə yönəltmiş əldəqayırma liderin üstünə yeridi, üzbəüz dayandılar. Liderin bəbəklərindən boylanan qorxunc  şeytanı görərkən vücudunu dəhşət bürüdü.  Əcaib məxluq gözlənilmədən Şahinə tərəf yeridi, boğazından  yapışdı. Elə bu vaxt Şahin cana doymuş  heykəllərin  istehzalı qəhqəhələri altında gözlərdən bərələn şeytan dəstəsinin bağırtısını eşitdi:

- Buyruq qulu!..

- Partokrat!

- Qoy sözünü desin…

- Bizimləsən, yoxsa bizim əleyhimizəsən?

- Bakıdan yəqin öyrədib göndəriblər…

 

                                                        * * *

 

Şahin özünü daş heykəllərin yerində hiss etdi və ona elə gəldi ki, daş-kəsəklər, ağac qırıntıları, oduncaqlar elə özünün başına yağır.

Şahinin bədəni əsim-əsim əsdi, özünü saxlaya bilmədi, adamları itələyə-geriyə  itələyə- itələyə tribunaya yaxın getdi. Heç kəsə əhəmiyyət vermədən, özündən asılı olmayaraq düz mikrafonun  üstünə cumdu.  Özünə yaraşmayan tərzdə qışqırdı:

- Ay camaat, bu daş heykəllərin nə günahı var? Axı, burda əbədiyyət qazananlar göydən düşməyib, ata-babalarımızdı, qohum-əqrəbamızdı. Onların suçu, qəbahəti nədir ki, müharibəyə gediblər? Onlar üçün o zaman əzəmətli, böyük Vətən var idi. Vətən uğrunda da canlarından keçiblər. İndi onları niyə aşağılamalıyıq?

Şahinin fikirlərinə əl çalanlar da oldu, fitə basanlar da. Elə bu zaman tribunaya rayonun ağsaqqal müəllimi Həmid qalxdı. Mikrafonu alaraq astadan sözə başladı: - Əzizlərini, bura yığılanların əksəriyyəti mənim tələbələrimdir. Qulaq asın. Şahin düz deyir, abidələrə toxunmayın. Onlar canlarından bizim ümumi Vətənimiz uğrunda keçiblər. Abidə müqəddəsdir. Bi zonu söksək, cəmiyyət bizi qınayar. Adımıza nadan deyərlər.

Həmid müəllimin sözləri elə bil odun üstünə su tökdü. Meydanda bir sakitlik yarandı. Sonra yerdən alqış səsləri eşidildi.  Həmid müəllim düz deyir. Bizə gülərlər.

Lider Həmid müəllimin çıxışından sonra özünü itirdi. Axı, o, özü də Həmid müəllimin tələbəsiydi. Ondan keçəcəyi yox idi.

Odur ki, seyrək bığlarını gəmirərək, yenidən meydana üzünü tutdu.

Onda, yandırın abidəyə sancılan o, bayraqları. O bayraqlar artıq ayaqlar altında tapdanmalıdır.

Deyilən sözü əmr tək qəbul edən gənclər bir suiçim saatda abidəyə sancılmış bayraqları qoparıb imperiyanın son yadigarı kimi asfaltın üstünə tulladılar. Elə bil igidlik, qəhrəmanlıq göstərmişdilər. Kütlə aralanıb bayraqları söküb gətirən dilaqınlı cavanlara yol verdi. Bircə anda çoxlu quru ağac parçası, taxta qırıqları toplayıb meydanın ortasında tonqal çatdılar.

Tez-tez, vaxtlı-vaxtsız əvəzlənən, dəyişən şimal və cənub küləkləri kütlənin önündə alışan odu  üfürür, göylərə qaldırır, dalğalanan gur izdiham istisinə qızınır, tüstüsünə tamaşa qılırdı.

Əlbəttə, meydanın ortasında közərə-közərə alışan tonqalın üstünə atılan qırmızı bayraqlar alov  dillərinə bürünüb yanırdı.

Şahin buna nə üçün etiraz etməliydi? Heç etiraz  etmək niyyəti də yox idi.  Sadəcə, Şahinə görə, məsələ qəlizləşmiş, xəmir çox su  aparmış, insanların içinə ayrıseçkilik, şübhə toxumu səpilmişdi.

                                               * * *

Düz bir il əvvəl Şahin Babagil pirinə ziyarətə gedirdi. Yadına Babagillə bağlı bir xatirə düşdü…

…Son zəngdən sonra Şahin  sinif yoldaşlarına məsləhət görmüşdü ki,  Babagil ocağına getsinlər. Qoy ulu pirin kəraməti bizə yar olsun. Və yığışıb pul-para toplamış, müqəddəs ocağa yollanmaq üçün hazırlıq görmüş, avtobus tutmuş, Babagil ocağını ziyarət etmişlər. Yadına saldı ki, qurbanlıq qoç almış, ormanları gəzib-dolaşmış, çiyələk yığmağa da vaxt tapmışdılar. Adam tapıb qədim məzar daşlarının üstünü  oxutmuşdular. Ocağı  dolanıb ziyarət edərkən hamı and içmişdi: «Ömrümüz boyu bir-birimizə sadiq olacağıq». Ocağın mücüfiri qos-qoca seyid baba Babagilin əfsanəvi kəramətindən danışmışdı: «Pirə pənah gətirən şəfa tapır, xeyir əməllərin yolçusu olur. Yüz illərdi, havalı olanları, ağlı kəmləri, dəliləri bu ocağa ziyarətə gətirirlər». Şagirdlər sadəlövlüklə qocanın sözünü zarafata salmış, özlərini «havalı» adlandırmışdılar.

O, xatirələr aləmində olarkən, qalın, sıx  dəmirağac ormanlığının içindən burulan  yolda  bir nəfər nurani qocayla rastlaşdı.  Kişinin arıq, çəlimsiz cüssəsindən, damarları çıxmış, qurumuş əllərindən, güclə atdığı addımlarından uzun ömür yolu keçdiyi  oxunurdu. Maşını saxlamaq üçün sürücüyə işarə verdi:

- Ay əmi, gəl əyləş, aparım.

- Yox, sağ ol, oğlum. Mən piyada getməyi sevirəm.

- Hara gedirsən?

- Babagilə, ziyarətə…

- Axı, yol uzaqdı, bu boyda məsafəni pay-piyada qət etmək üçün  dörd-beş saat boş-boşuna vaxt itirməli  olacaqsan!

- Yox, ay bala, ziyarəti boyun olan adam gərək öz ayağı ilə getsin.

- Başa düşürəm, məsafə böyükdü, baba.

- Neynək, ziyarət  yolunun əzabını çəkməyən adamın niyyəti hasil olmaz, - deyiblər.

Bu tərəddüddən sonra Şahin babası yaşında ahıl kişinin sözünü çevirmədi. Maşının qapısını açıb düşdü.  Həmsöhbətilə əl tutub görüşdü. Ehtiyatla  qolundan yapışıb yaxınlıqdakı qayaya  tərəf çəkdi.

Bu təsadüf ağsaqqalın da ürəyindən oldu. Elə o da, dayanıb bir hovur dincini almaq istədi.Şahin təbiətcə ünsiyyətcil idi. Qocadan ziyarətə getməsinin səbəbini öyrənmək istəyirdi. Axı o, insan qəlbinin mühəndisi kimi bir neçə kəlməylə kişinin necə böyük, alicənab, möhkəm əqidəyə malik olduğunu hiss etmişdi. Və istəyirdi, bu müdrik şəxsdən öyrənsin, görsün, uzaq yolu ömrünün ixtiyar çağında piyada getməyə onu vadar edən hansı qüvvədir, hansı inamdır.

- Ziyarətin qəbul olsun, ay baba.

Şahin nəzakət xatirinə əlavə elədi: - Baba, sirr deyilsə bilmək istəyirəm, hansı niyyətlə ziyarətə gedirsiz ?

- Niyyət  ürəkdə  olar  bala, onu deməzlər - kişi qısa cavab verdi.

- Elədir, baba, mən razıyam səninlə. Elə mən də ziyarətə gedirdim. Fikirləşdim ki,  Allahın işidir,  bəlkə niyyətimiz eyni olar.

- Hə, görürəm, istiqanlı oğlansan.

Şahin sınaqdan çıxmış bu müdrik insanın gözündə qayğı, dərd-kədərlə bahəm, dost-doğma bir məhəbbət işığı gördü. Şahinin ziyarətə getdiyini eşidən kimi çiçəyi çırtladı. Sifəti açıldı. Kişinin üzündə ilahi bir nur vardı. Ömür karvanının qaldırdığı mənəvi zirvəsi çox-çox yuxarıda idi. Və şübhəsiz, ahıl kişi həmin zirvədən Şahinə doğma övladı kimi baxırdı. Şahin babanın tutqun gözlərində cavan oğlan idi.

İndionlar qayanın üstündə əyləşmişdilər.

Sürücü çay termosunu götürüb dərəyə endi. Onların oturduqları yerdən aşağıda, iki sal qayanın arasında dumduru göz yaşı kimi bulaq qaynayıb axırdı. Qalın  meşədə, sıx ağacların arasından günəş arabir suya düşür, bərq  vurur, işıldayır, sərin mehin tərpətdiyi yarpaqların içində oynayırdı. Şahin sərin sudan bir stəkan süzüb qocaya uzatdı.

- Yox, su kiçiyindir, oğul.

Artıq təcrübəli həmsöhbəti iknici dəfə Şahini sınağa çəkirdi. Məmnunluqla ona baxıb suyu içdi. Sonra da bir stəkan süzüb qonağına ötürdü, qoca suyu birnəfəsə başına çəkib içdi və sonra «Ölənlərimizin ehsanı olsun!» - buyurdu.

Bu da üçüncü imtahan- sınaq.

Bəs məktəb-mədrəsə görməmiş, kitab üzü açmamış, bütün ömrünü yalnız dağlar qoynunda yaşamış bir ahıl kişidə bu qədər kamillik,müdriklik hardandır? Şahin xəyalən  sualı özünə ünvanladı, sövq-təbii düz qocanın gözlərinə baxdı.  Müdrik həmsöhbəti elə bil qəlbinin sirrini, niyətini özünün cavanlığından gizlətmək istəmədi. Onunla doğmalaşan və az vaxt ərzində ürəyini oxuyan, həmdərdinə çevrilən bir insandan niyyətini gizli saxlamağa qıymadı. Doğrusu, ağsaqqal dingildəməsəydi, sözlü adama oxşamasaydı, Şahin ondan nəsə soruşmağa çəkinər, ayıb bilərdi. Baba fəhmən hiss etdi ki, Şahinin onunla bu yolüstü təsadüfü  görüşü bir könül ziyarətidir.

- Bilirsən, ay oğul, Allahdan  gizlin  olmayanı bəndədən  gizlətməzlər. Bir qurbanlıq qoçumuz vardı. Niyyət eləmişdim ki, nəvəm dünyaya gələndə kəsərəm. Allah-təala arzumu gözümdə qoymadı. Boyun olduğum qurbanın kəsmək vaxtı çatanda, oğlumu da Bakıdan çağırdım. O,  təhsillidir, babat vəzifə sahibidir. Deyilənə görə xətir-hörməti də var. Əlqərəz cavan bir qəssab çağırdım, dedim ki, qurbanlığı qibləyə çevirsin. Oğlum sözümə güldü, qəssabı pərt elədi. Dedi: «rəhmətliyin oğlu, heyvanı ona görə kəsirlər ki, içinin qanı axsın, əti təmizlənsin. Nə fərqi var, heyvanı hansı istiqamətə tutub kəsirsən? İkincisi də, indi biz hansı zəmanədə yaşayırıq? Nə qiblə bazlıq? – deyərək bizi məsxərəyə qoydu».

Şahinə o  saat çatdı ki, qoca söhbəti ağrıyla, əzabla, bir az da çəkinə-çəkinə, xəcalətlə nağıl edir. Qibləsini danmış, bəlkə də itirmiş oğlunun əvəzində  tər tökür, utanır. Kövrəlmiş, haldan-hala düşmüş bu zərif insanın bayaq stəkanı tutanda əsməyən əlləri indi tir-tir əsirdi. Şahin çox həssas idi, kişini  xeyli ovundurdu, könlünü aldı.  O, isə susurdu. Gözləri çox- çox uzaqlara dikilmişdi. Qoca sirli – sehirli qədim bir kitaba bənzəyirdi.

Bəli, qoca əhdinə çatmaq üçün Babagilə pay-piyada yol başlamışdı.  Nəhayət, bu növbəti ziyarət oğluyla bağlıydı. O, hardasa inamını, ümüdini hələ də itirməmişdi. Niyyət tutmuşdu, ziyarəti qəbul olunsa,  bəlkə də övladının itmiş, yoxa çıxmış qibləsi qayıtdı özünə.

* * *                                   

Şahin yerə-göyə sığmırdı. O, bərk tutulsa da, hisslərini cilovlaya bilmirdi. Çırtma vursaydın, qanı çıxardı. Bilmək olmurdu, Şahin kövrəlib, yoxsa qəzəblənib. Özündə deyildi. Bu, acizliyin əlamətiydimi, zəiflik idimi, ağlı  kəsdirmirdi. Aydınlaşdıra bilmirdi ki, nə üçün Allah onu həssas yaradıb, dünyanın bütün ağırlığı çiyinlərinə çöküb? Axı, hər gün bu meydanın ortasına toplaşan, səhər-axşam fırlanan həmyerlilərinin hər biri kimi, o da bu torpağın üstündə bitmiş, burdan göyərmişdi.  Bu yerin, yurdun suyu, havası ilə nəfəs almış,  pərvəriş tapmış, böyümüşdü. Bu yerlərin təbiəti kimi insanları da həmişə təriflənmişdi. Bəs üçün həmişə özünə doğma sandığı, yaxın bildiyi, əziz tutduğu tanışlarından, dostlarından bəziləri indi yabançıya çevrilmişdilər? Lovğalıqmı, xəbislikmi, saxtalıqmı insanların ürəklərini ovsunlamış, parçalamışdı? Bəlkə, gözəgörünməz şeytan…

Dünya-aləm Şahinin gözündə qaralmışdı. Nə səhəri səhər, nə axşamı axşam idi. Gün günorta saatına çatmışdı, yoxsa gecədən ötmüşdü? Arada fərq itmişdi. İndi tüstü, his-pas qoxusu gətirən səmt küləyinin istiqaməti dəyişmişdi. Külək birdən qopur, burulur, sakitləşir, yenidən tuğyan edirdi. Şahin xəyalında Babagil ocağına gedərkən tanış olduğu zəvvarı tapıb gətirmək, bu meydanın  tən ortasında oturtmaq  istəyirdi. Bəs nə, qoy o, müdrik insan bu meydana dərs desin. Axı meydan bu dərsin sorağında idi. Hərçənd meydanda heç nə camaatın eyninə deyildi. Az sonra Şahinin  dumanlanan beyni açıldı. Onun xəyalında hər şey əridi, alt-üst oldu. Əvəzində, Babagil ocağına ziyarətə gedib oğlunun  azmış qibləsini qaytarmağa yollanan inadkar qocanın surəti canlandı. Söhbətlərində üzləşmiş, məntiqli danışıqları, davranışları müqabilində geri çəkilmişdi.  Bəlkə onu köməyə çağırsın və desin ki: Bu xalq, bu da sən?  Dillərini yaxşı bilirsən, sözünü de. «Onları dinə imana çağır. Yollarını azmasınlar. Birliyimizi pozmağa çalışmasınlar. Onlar çox azdı. Xalq bunu heç vaxt yol verməz». Ancaq, kişini hardan tapmalı?

 Cənub şəhəri nehrə kimi çalxalanırdı…

Şahin özünə sual verdi: Nə istəyir bu küçələrə tökülüşən bu adamlar? Heykəlləri dağıtmaqla, vur – çatlasınla, bayraqları  yandırmaqla  nə qazanacaqlar onlar?

 

 

                                                * * *         

Hələlik şəhərdə sakitlik idi və bu qəribə sükuta Şahin təəccüb etdi. Axı neçə vaxtdı, küçələr, meydanlar, adam selindən dağılırdı. İndi bu tanış məkanlardan  «yel vurub, yengələr oynayırdı» Yavaş-yavaş şəhərin baş meydanına doğru  addımladı, mitinqlərin mütəmadi keçdiyi ünvana tərəf. Burda vəziyyət  tam əksinəydi. Yenə izdiham, yenə də kütlənin alqışladığı yeknəsək liderin mənasız çağırışı. Şahin ətrafa göz gəzdirdi, gözü qəzəlxan dostuna sataşdı. Birlikdə tribunaya tərəf addımladılar.

 Müsibət idi meydan.  Separatçı çağırışlar Şahinin köksünü parcalayırdı. Xəyal Şahini aparmışdı. Sifəti kötük kimi bozarmış və keyimişdi. Kimsə çiynindən tutub yüngülcə silkələdi.

- Şahin müəllim, qardaş bu nə fikir -  zikirdi, dəryada gəmin batıb?

Şahin ani təmasdan ayıldı, özünə, gələn kimi oldu. Gözlərini geniş açıb tanımadığı bu adamın üzünə heyrətlə baxdı. Deyəsən, kişini hardasa görmüşdü. Suyuşirin gəlirdi ona, ancaq nə illah elədisə,yaddaşı naxələf çıxd. Ancaq özünü o yerə qoymadı. Gözü  kişinin qoltuğundakı qalın kitaba sataşdı.

 Kitabı görən kimi, sanki ona dünyanı bağışladılar.

Dostu qəzəlxana dönüb uca səslə:

- Sabirin «Hon-Honnamə» sidir. Onu bir neçə dəfə oxumuşam.

Ətrafdakı adamlar  dönüb ona diqqətlə  baxdılar. Yəqin ki, fikirləşdilər. «Heç hənanın yeridir?» Mikrafonun yaxınında dayananlardan biri  başını bulayaraq:

- Bu, nə danışır, ə? Keçi can hayındadır, qəssab da  piy axtarır. Biz millətin dərdindən danışırıq, bu da kitabdan. 

 Mikrafonun yanında duran adam Şahini yaxşı tanıdığından diqqətlə ona qulaq asırmış.

- Hansı kitabı, deyirsən,Şahin müəllim? – deyə onu nifrətlə süzdü.

Şahinin qəlbindən bir hayqırtı qopdu. Siz millətin hansı dərdindən danışırsınız? Siz milləti parcalamaq, siz milləti uçuruma aparmaq istəyirsiz. Mən oxuduğum o kitab isə millətin dərdindən ağlaya-ağlaya danışır.

Bir anda Şahinin  hərarəti qalxdı, sanki odun-alovun içindəydi. Alnındakı istilik qəlbini  yandırırdı.

Qısa dialoq liderin lap yanında gedirdi. Söhbətə qulaq kəsilmişdi. «Kitab» kəlməsini eşitmişdi. Elə bil bu söz onun kilidlənmiş küt beyninə açar saldı. Nəyisə tapmış kimi sevincək,  bir az da hündürdən:

- Bəylər, xanımlar, məni eşidin - deyə meydana müraciət etdi..

Sağ əlini yuxarı qaldırdı. Bu görkəmdə  o, həqiqətən tribunadan əzəmətli bir qəhrəmana bənzəyirdi. Hər halda, kütlə onu belə görürdü. Camaat əvvəl  uğuldadı,  sonra da bir anlığa sakitləşdi. Sanki izdihamın qıfılı onun əlində imiş kimi hamı susmuşdu.

- Bizim başımıza gələnlərin baisi elə kitablardır. Biz o kitablardan canımızı qurtarmalı, xilas olmalıyıq, o kitablardan  başımıza, beynimizə yığılan köhnə, paslı fikirləri silib atmalıyıq.

Kütlənin içindən kimsə  qışqırdı:

- Hansı kitablardan?

- Elə bu günəcən oxuduğumuz bütün kitablardan.

Şahin ayıldı, şüurundan duman çəkildi.  Özü cəsarətlə liderin nitqini şifahi surətdə redaktə eləyirmiş kimi dodaqaltı dilləndi:

- Yəqin, marksizm-leninizm klassiklərinin əsərəlrini nəzərdə tutur.

Liderin isə aydın danışmaması, gah nala, gah mıxa vurması, fikrini ümumi şəkildə ifadə eləməsi  kütləni narazı saldı, dilemma qarşısında qoydu. Yerlərdən təkrar  səs yağışı yağdı:

- Hansı kitabları deyirsən?

Liderin dayazlığı, məhdud düşüncəsi bir yana, kütlənin çağırışlarını, suallarını heç ibtidai şəkildə də aydınlaşdıra bilmirdi. 

- Elə bu günəcən oxuduğumuz bütün kitabları…

Bu dəfə qızışmış, kütlənin içindən yeni sual doğdu:

- Bəs, indi nə edək?

Lider kəskin və qəti hökm irəli sürdü:

- Yandırın o kitabları!

Şahin sanki geniş məhkəmə zalından «hakim»in hökmünü  dinləyirdi. Axırıncı söz qulaqlarında elə o cür əks-səda  tapdı: «Hökm qətidir, mütləq icra olunmalıdır».

İzdiham aşıb-daşdı, dalğalandı, on-on beş nəfər cavan oğlan sürətlə qopub camaatdan ayrıldı. Hərə bir tərəfə yüyürdü. Təxminən yarım saat keçdi. Gedənlər qucaq-qucaq müxtəlif çeşidli kitablarla qayıtdılar. Kitablar  meydanda qalaqlandı. Şahini vahimə bürüdü: «İlahi, bu adamlar nə məzhəbə qulluq edir? Bəşəriyyətin yaratdığı mənəvi sərvətlərə necə əl qaldırmaq olar?  Yəni, doğrudan da bu kitablar onların nəzərində heç nədir? Mədəniyyət, mərifət, bilik xəzinəsi olan kitablara od vuranın əlləri qurumazmı? Bunların qəsdi-qərəzi nədi, nə düşünürlər?». Cənub şəhərinin mərkəzi kitabxanasının rəflərindən götürülmüş kitablar üst-üstə tökülür, ayaq altda tapdanırdı. Şahinin beyni silkələndi, uğultu, səs-küy, şit, bayağı laqqırtı ərşə dirəndi. Kitab müəllifləri – dünyanın nəhəng fikir-zəka sahibləri sanki məzəmmətlə Şahinə baxırdılar. Filosofların , yazıçıların, şairlərin, elm xadimlərinin üsyankar baxışlarının qınaq hədəfinə çevrildi Şahin. Səbbəkar o idi, etiraz edə bilmir, «qarğa məndə qoz var» demişdi, «dəlinin yadına daş salmışdı». İndi o daşlar kitablara çevrilib başına yağırdı. 

Yeniyetmə oğlan kitablara kibrit çəkdi. Al-qırmızı alov dilimləri, bu tonqalın istiliyi ürəkləri qızdırmadı. Əksinə, bir neçə dəqiqəyə külə dönən kitablar ortada soyuqluq yaratdı. Elə bil bəşərin çap mədəniyyətinin  xofu izdihamı basmışdı. Şahin pərt idi.

Yanan kitabların arasında vaxtilə oxuduğu tanış,  doğma cildlər, rənglər, bədii əsərlərin qəhrəmanları qıy vurub hayqırırdılar.

Şahin Uca Tanrıdan güc, cəsarət istədi. Özünü toplayıb tonqalın üstünə atılmaq, bu kitabları xilas etmək niyyətilə  dartındı. Bayaq əlini məhrəmanə  çiyninə qoymuş xeyirxah, naməlum şəxs belindən yapışmışdı. Qəti surətdə canıyananlıqla:

- Özünüzə gəlin, Şahin müəllim, bu nadanlara söz təsir etməz – dedi.

Şahin qışqırıb-bağırmaq, etiraz etmək istədi. Nəfəsi çıxmadı. Boğulurdu sanki…

Nizaminin «Xəmsə»si, Molla Pənah Vaqifin şeir kitabı, Tolstoyun «Hərb və Sülh»ü, Hüqonun «Səfillər»i Məmməd Səidin «Qılınc və qələmi» yanırdı. Odlanırdı, püskürürdü Şahin, eşidən, qulaq asan yox idi…

Kitablar alışıb-yanır, kütlə laqeydliklə seyr edir, gözünü qırpmırdı. Ortayaş bir nəfərin qucağında yaş odun bağlaması vardı. O, şələsini yerə qoydu, düyünlənmiş ipi açdı, kəsilmiş ağac budaqlarını öləziyən tonqalın üstünə  tökdü. Cızıldayan yaş oduncaqlara istilik dəyən kimi yağı çıxdı, qapqara acı tüstü onsuz da bəsirət gözü bağlanmış izdihamı kor qoydu. Doğranmış oduncaq kağız deyildi ki, dərhal alov bürüsün.  Boz külün içində  tamamilə quruyanacan fısıltısı kəsilmədi. Sanki od alışmaq istəmirdi, kitablara heyfi gəlirdi. Kimisi əllərini ovuşdura-ovuşdura isinir, kimisi tüstüdən alacalanan gözlərini silirdi. Bəlkə od Tanrısı qibləsini itirmişdi?

Meydanda Şeytan sanki hamının qılığına girmişdi. O nəfsini boğmadan meydanı ələ almağı bacarmışdı. Qaldırıb-endirdiyi gizlin dirijor çubuğu kütləni idarə etmək üçünmüş. Onun məharəti, mətanəti  bundaydı, kütlə psixologiyasına bələd olmaqda. Başqa nə səriştəsi, nə bacarığı var idi ki? Məgər kitab yandırmaq təşəbbüsü şeytanın deyildi? Bəs niyə hamı aldanırdı?

Özünü mitinqlərdə suda balıq kimi hiss edən liderin matı-mutu qurumuşdu. Alov dillərinin işığında əlləri qırmızı rəngə boyanmış kimi görünürdü. Sanki ölməkdə olan kitabların qanı idi, çilənmişdi əllərinə. Liderin rəngi ağarmışdı, meyidə oxşayırdı.  O, peşiman olmuşdumu? Bəs qaşları niyə düyünlənib, rəngi niyə sönüb?

Lider ayaq üstə ölmüşdü, meyit rəngindəydi…

Bir gün meydanı idarə edən o liderlə Böyük bazarın həndəvərində rastlaşmışdı. Çaya susuz aparıb, susuz gətirə biləcəyi bu lideri əməlli-başlı islatmış, dişinin dibindən  çıxanı demişdi:

- Hər şeyi başa düşdüm, anladım. Kitab yandırmağınızdan başqa. Axı, kitab xəzinədi, milli sərvətdi, ona necə əl qaldırdın, ona neçə qıydın?

Hərəkat lideri: - Əvvəl istədim deyəm Leninin, Stalinin, Qorbaçovun kitablarını gətirin, yandıraq. Çaşdım, özümü itirdim. Fikrimi çatdırmadım. Bir də gördüm kimin əlinə nə keçibsə  gətirib. İş işdən keçmişdi, utandım, dilim söz tutmadı. Nə olsun e, böyük  qəbahət deyil a…

Şahin: - Qəbahət azdı, cinayətdi. Qardaşım, əyri oturaq, düz danışaq. Haçansa  cavab verəcəksən: cahilliyinə, nadanlığına görə. Deyək ki, Lenin, Stalin, Qorbaçov cəhənnəm olsunlar.  Bəs sən Nizami Gəncəvini, Molla Pənah Vaqifi də Sabiri də tanımırdın? Oxumamağın heç, adlarını eşitməmişdin Azərbaycan şairlərinin, yazıçılarının?

Hərəkat lideri:- Ha, Ha, ha… Bə sən bilmirsən taksi sürürəmdə. O, «kərpic kəsən»i yazanın (yəqin Nizami Gəncəvinin «Kərpic kəsən kişinin dastanı» şeiri nəzərə tutulur) kitabını billə-bilə oda  atdırdım, hayıfımı aldım. Ona görə bir dəfə ədəbiyyat müəllimimdən yağlı bir şapalaq yemişdim. Əzbər soruşdu bilmədim. O da vurda məni. Molla Pənahı deyirsən, məgər mollalar bizi ağ günə çıxarıb?

Şahin: - Səninlə kitab haqda nəsə danışmaq gülüncdü, xeyri yoxdu. Ancaq  bir şey öyrənmək istərdim. Bu boyda rayonda hərəkatın, «say-seçmə» liderlərindənsən. Hansı vəzifəni xidmətinə görə sənə təklif eləsələr, gedərsən?

Hərəkat lideri: - Gecəm-gündüzüm olmayıb. Can qoymuşam xalqımın yolunda. Bakıdan nə sifariş ediblər, müsbət qarşılamışam. Başçılığı istəmirəm, qoy sən demişkən, savadlı adam qoysunlar. Yəni, müavinliyə də layiq deyiləm?

Şahin: - Özünü gülüş hədəfinə çevirmə, biabır olarsan. Məsəl var, eşşəyə minmək bir ayıbdı, ondan düşmək, ikinci ayıb. Get elə köhnə peşəndən bərk-bərk yapış. Məgər sürücülük pisdi? Axı sən dövlət qulluğunda bircə gün işləməmisən, idarəetməni bilmirsən, təhsilin yoxdu, tərcümeyi-halına, sənədinə baxıb nə adnan səni yüksək vəzifəyə qoyarlar.

Hərəkat lideri: - Razı deyiləm. İndi diplom tapmağa nə var, Moskva metrolarında, Dağıstanda ucuz qiymətə satırlar, daşdan keçənini alıb qoyacağam sənədlərimin üstünə. Düzələn şeydi, başını ağrıtma…

Şahin: - (acıqlı-acıqlı) Saxta diplomla bu boyda rayona rəhbərlik etmək fikrin var? Ağlın-düşüncən buracandı?  Əfsus! Onda belə çıxır ki, meydanda tonqal qalayanlara, odun yarıb daşıyanlara, qışqırıb-bağırıb hay-küy salanlara vəzifə postlarını təhvil vermək lazimdı. Çünki zəhmət çəkiblər. Şornan bala qiymət qoyulmasın, eləmi?

Hərəkat lideri: - Özünü yorma. Paytaxtda lap yuxarı vəzifədə işləyən bir nəfər cəbhəçi bəyin yanına məsləhətə getmişdim. Bu haqda söhbət düşdü. Bəy doğru  dedi ki, keçid dövrüdü, möhkəm durun, bölgələrdə bütün irili-xırdalı vəzifələr sizə paylanacaq. Görək də. Onların bizdən başqa kimi var ki?

Şahin bu savadsız, «iki eşşəyin arpasını bölə bilməyən» sırtıq hərisə söz çatdıra bilmədi, tüpürdüyünü yalamadı: «götürün, hər şeyi götürün, ancaq adamlığı saxlayın, millətin canından əl çəkin, meydanlardan, küçələrdən yığışın, qoy xalq rahat nəfəs alsın. Allah kərimdi. Sonra yarıtmaz fəaliyyətinizlə görüm, o kütləni hansı ağ günə çıxarırsınız». O, axırıncı kəlməsini boğula-boğula, öskürə-öskürə, nəfəsi tutula-tutula dedi.

Guya qarşısındakı parabeyin başa düşdü? Qulağı çalıb, «keçid dövrüdü». Kar lider bu sözlərin heç olmasa, hərfi mənasını anlayırdımı? Məgər keçid dövrü – çalıb-çapmaq, talamaq, dağıtmaq dövrüdür? Nə varsa, məhv etmək, vəzifələri zəbt edib ələ keçirmək dövrüdü? Qoca Zəvvar yenə Şahinin yadına düşdü. Fikirləşdi: «Bunlar da qibləsini itirənlərdir, yolunu azanlardır.»

Təlatümlü o ili qalın kitaba bənzətsək, günlər səhifələridi. Hər kəsin ömür kitabı öz-özünə vərəqlənirdi: kimininki oxunur, kimininki oxunmur, səhifələr bitəndən sonra qatlanırdı. Şahin düşünürdü ki, gözlənilməz hadisələri çıxsaq, hər kəsin kitabı öz əlindəydi. O, çevrilmiş səhifələrə baxdıqca hərdənbir odlanır, içindən tüstülənirdi, daha doğrusu, tüstüsü təpəsindən çıxırdı. Ona elə gəldi ki, o meydanda yandırılmış kitabların  uğursuz taleyini yaşayırmış. Hər kəs səhv etməyə məhkumdu, Şahin özünü sığortalamırdı, daxilən suçunu boynuna alır, özünü məzəmmət  edirdi. Yağmadı yağış, bitmədi qamış, « daha quşlar o budaqdan uçub getmişdilər», hər şey arxada qalmışdı. Ömür kitabının həmin səhifələri yandırılmışdı, ayaqlar altına atılmışdı.

Üst-başı nəm Cənub şəhəri qışın  fatihəsini oxumuşdu. «Qış» deyəndə o ili şaxtalı fəsil adamların üzünə güldü, qar yağmadı. Əkin – biçinə, meyvə – tərəvəzə ziyan dəymədi. Şəhəri ağardan seyrək qar tələm-tələsik əriyib getdi, həyətdə –bacada, küçələrdə nam-nişanəsi, izi- tozu qalmadı.

Havalar mülayim keçirdi.. Cənub şəhərinin yernən gedən  qaşqabağı açılmışdı.

Havaların  yaxşılığa doğru düzəlməyi əhval-rühiyyəni bir az düzəltmiş, adamların kefini kökəltmiş, düzəltmişdi. Açıq şəhər çayxanalarının üstünü qolu-budağıyla örtən, bir damcı yağışı düşməyə qoymayan ağacların donqar qəddi-qaməti düzəlmişdi. Əlbəttə, hava istiləşən kimi içəridə oturmağın ləzzəti yox idi, hamı bayıra can atırdı. Məxməri çaya limon  atıb  qurthaqurtla içməyin dadı bambaşqaydı. Bu çay idi, onu gərək nəlbəkiyə tökməyəsən, soyusun, dəmi qaçmasın, cənub  şəhərinin sakinlərinə xas ədəb-ərkanla, zövqlə içəsən. Arada beş-altı armudu stəkanı qaynar samovarın altındakı məcməyidən götürüb, üst-üstə sol əlinə yığan çayçının da məharətini tərifləməyi, ona əhsən deməyi gərək unutmayasan. Yoxsa, pul-para əsas deyildi, peşəkar çayçını təəccübləndirməzdi, əsas diqqət, «bəy tərifiydi».

Çayxana cənub şəhərində ikinci «vətən» kimiydi. Düzdü, mitinqlər, izdihamlar camaatın ayağını kəsmiş, son hadisələr başqa tərəfə səmt almışdı. Buna baxmayaraq,  maraq  azalmırdı. Masaların qəribə düzülüşləri vardı, hər guşənin də öz yiyələri. Ən çayxor şəhər sakini də adətkərdəydi, gərək dönüb bir-iki stəkan «nuş» edəydi, sonra evinə gedəydi. Çayı çayxanada içmək cənub şəhərinin dəbi, hər yerli sakinin şakəriydi. Şahinin vaxtı yox idi bu məkanlarda saatlarla vaxt əritsin. Ancaq arabir tay-tuşları Şahini Palıdlı çayxanasına dartırdılar: daha çox dərdələşmək, yenilikəlrdən məlumatlanmaq, maraqlı söhbətlərinə qulaq asmaq üçün.  Məzuniyyəti qurtarmaq üzrə idi. Bir neçə gündən sonra yenidən Bakıya qayıdacıqdı.

Dostları onu götürüb Cəlalın çayxanasında çay içməyə getdilər. Bütün olub – keçənlərdən bərk yormuşdu. Yorğunluğu da  çöhrəsnidən bəlli idi. Bir az əvvəl «bu gün çayxanalıq deyiləm» - söyləsə də, dostları məhəl qoymamışdı.

Çayxanadan mavi gözlü Xəzər aydın görünürdü. Bu gün Xəzər də özünə sığmır, bəxtəvərcəsinə yırğalanırdı.Həmişəyaşıl ağacların budaqlarında şən-şən çikkildəşən quşların səsi adamı fərəhləndirirdi. Elə bu anlarda  uzaqdan suları yara-yara bir gəminin dövrə vurub, aramsız fit çala -çala limana tərəf  üzdüyünü gördülər. Hamı bu mənzərəyə  maraq və heyrətlə tamaşa etməyə başladı. Axı, çoxdan idi ki, bu limana gəmi yan almırdı.  Bəs bu gəmi hardan peyda oldu?  Onun fiti sanki həyəcandan çox, ətrafa xoş bir müjdə  yayırdı. İnsanlar çoxdan idi ki, bu müjdənin sorağında idilər.

Ömrü boyu fırtınalarla döyüşən, dalğalara dov gələn  bu gəmi əminliklə limana yaxınlaşırdı. Yolunu  azmış gəmiyə də  oxşamırdı. Gəmi asta-asta gəlib  limanda dayandı. Üzü qibləyə… 

Eşitmişdim, adətən xoş məramlı gəmilər limanlarda  üzü qibləyə lövbər salırlar…

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.