“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Nurlana İşığın hekayəsi təqdim edilir.
Noyabr ayı küləkli keçirdi. Hava qadın kimi mısmırığını sallamışdı. Göy üzü "yağacam" deyib dururdu. Ər və arvad avtomobilin yük yerinə iki dolu çanta yerləşdirdilər.
Kişi maşının açarını işə salanda soruşdu:
- Bağbana xəbər etmisənmi, kombini yandırsın?
- Yox, - gözləri yol çəkən qadın dilləndi, - havalar elə də soyumayıb.
- Barı, deyərdin, yorğanları çıxarardı altdakı otaqdan.
Qadın qəfil üzünü kişiyə tərəf çevirdi:
- Sənə deməyi unutmuşam, bağban rayona gedib, zəng edib icazə istədi, arvadı xəstələnib.
- Hə? Bəs məni niyə yığmayıb?
-Yəqin, nömrəni unudub, nə fərqi var ki?
- Yox... fərqi yoxdur. Yaxşı edib icazə vermisən... o da çox qocalıb, neçə il qulluğumuzda durub, düz eləmisən. Yağış da başladı, elə bil məni gözləyir, nə vaxt maşını yudursam, göy üzü tökür. Həmişə də şənbə gününə təsadüf edir. Fikir vermisən?
- Yox...
Qadın köks ötürdü. Sonra yenə gözləri yol çəkdi. Buludlar dağılmağa başladı. Maşının şüşəsinə dəyən damcılar getdikcə öləziyirdi.
Bağa çatanda yağış kəsmişdi, su mavisi rəngini almış səmada Günəş işarırdı. Lap yaxında ququ quşunun səsi eşidilirdi. Həyətdəki feyxoa yarpaqları narıncı-qırmızıya çalırdı, qadının ən sevdiyi rəng idi, ənlik seçəndə həmişə bu tonda olanını alırdı. O, ququ quşunu görmək ümidiylə ətrafa baxdı. Bu səsi ilk dəfə uşaqlıqda anasının cehizi olan divar saatında eşitmişdi. Keçən dəfə gələndə torpaqda eşələnən tısbağanı axtardı gözləri. Ağacların dibinə baxdı, uzun bağçanın ayağına kimi gedib-gəldi. Torpağa səpələnmiş qızılı yarpaqlardan dəstə düzəldib evə girdi. Kişi əlində xarab olmuş fənəri tutub nəsə deyirdi.
Qadın:
"Necədir payız aksesuarım?" - soruşdu.
Kişi ötəri nəzər yetirib, dilucu bir şeylər mızıldandı, fənəri qurdaladı, sonra da dedi:
- Nahar etmirik?
- İndi gəlmişik ki, nə tez acmısan? Bağda yetişmiş əzgil var, ağızda şokolad kimi əriyir, get ye. Bir azdan süfrəni hazırlaram.
Qadın yarpaq buketini gildən hazırlanmış, üstündə qayıq rəsmi çəkilmiş, bütün cizgiləri ilə qədimliyi xatırladan güldana qoydu. Axşam yeməyi səssiz keçdi. Şəhərdən gətirdikləri yarpaq dolmasını yoldan aldıqları qatıq və təndir çörəyi ilə yedilər. Külək yenə coşdu, sonra fırtına başladı. Dənizin sahilə vuran dağıdıcı ləpələrinin səsi eşidilirdi, işıqlar titrəyir, qapı aralarından üfürən küləyin uğultusu gecəni cansıxıcı edirdi. Yataq otağına birlikdə qalxdılar.
Pilləkəndə qadın, - bayaqkı havaya bax, sənallah, indiki fırtınaya bax, elə bil Nuhun tufanıdır, - ərinə baxmadan danışırdı. Taxta pillələrdən hansısa cırıldadı, ikisi də dayandılar, kişi ayağını bir pillə geriyə basdı, - hə, bu imiş cırıldayan, yadıma sal, bağban gələndə göstərim, cırıltı səsi ətimi ürpədir.
- Qalıb da, neynirsən... mənim xoşuma gəlir, heç olmasa, bu səssiz evdə pilləkənin səsi var.
- Yorğanları da çıxarmadın, gecə soyuq olacaq.
- Bir-iki günlük adyalda yataq, çox da soyuq deyil, noyabrda nə yorğan?!
Gecə qadın üşüdü, ayaqlarını qarnına yığıb kişinin böyrünə qısıldı. Adyalın ucunu ehtiyatla özünə çəkdi. Ancaq yata bilmədi, vurnuxdu, buludların arasındakı Ay düz yatağın üstünə işıq salırdı. Bir az keçmişdi ki, yenə qurcalandı, arxasını ərinə çevirdi, üzbəüz divarda toy günü ailəsinin bağışladığı portretə gözü sataşdı. İndi Ay işığı şəkildəki orta yaşlı, əlində portağal tutan qadının üzünə düşürdü. O, bu şəklə çox baxmışdı, lakin bu dəfə fərqli idi, ayağa qalxıb, şəklə sarı getdi, qarşısındakı qadınla üz-üzə gəldi. Əvvəlcə əli ilə onun sağ üzünü bağladı, portretin sol göz gülürdü, sonra sol üzünü bağladı, qadının sağ gözü isə dərin və qədimi bir kədərə batmışdı. O qayıdıb yerinə uzandı, portretə baxa-baxa yuxuya getdi.
Tezdən külək səngimişdi. Səhər yeməyində kişi dedi:
- Gecə üşümüsən, deyəsən.
-Yox.
- Adyalı çəkirdin.
- ...
- Özünə yorğan götür, söz dinləmirsən.
- Üşümürəm axı.
- Onda adyalımı çəkmə.
Axşam yatmağa hazırlaşanda əri dedi:
- Gedim, altdakı otaqdan yorğan gətirim.
- Yox, getmə, yayda hamısını bağbanın arvadına vermişəm.
Kişi bir neçə saniyə diqqətlə arvadının üzünə baxdı. Hirsini gizlətməyə çalışaraq:
- Evin yorğanını camaata niyə verirsən axı?
Qadın çiyinlərini çəkdi. Gün səssiz keçdi, arabir qapı-pəncərə arasından küləyin vıyıltısı eşidilirdi.
Axşam yeməyindən sonra birlikdə pillələri qalxdılar, kişi qəfil yadına bir şey düşmüş kimi dayanıb , - anamın ad günümdə bağışladığı şərf burada deyil? Şəhərdəki evdə tapmadım, - soruşdu.
- Altdakı otaqdadır.
- Sən qalx, mən şərfi götürüm gəlim, səhər bağda boynuma sarıyıb işləyəcəm bir az.
Qadın ayaq saxladı, arakəsmədən onun dalınca baxdı, sonra yorğun adamlar kimi pilləkənləri çıxdı. Yataq otağında gecə lampasını söndürüb, yerinə girmək istəyəndə kişi bir əlində qəhvəyi şərf, bir əlində də qırmızı mələfəli yorğanla qapının kandarında dayanıb, bəs deyirdin, evdə yorğan qalmayıb? - təəccüblə arvadına baxırdı.
Qadın qəzəblə ərinin gözlərinin içinə zilləndi və birdən qışqırmağa başladı:
- Mən yorğan xoşlamıram!..
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)