Faiq fərqi - DOST BARƏDƏ DÜŞÜNCƏLƏR Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Faiq Balabəyli ilə tanışlığım və bu tanışlığın dostluğa çevrilməsi uzun illərə dayanır. Ortaq tanışlar-dostlarla dəniz qıyısına yaxın yerdə, süfrə arxasında bir araya gəldiyimiz, elə o ilk süfrənin könül süfrəsinə çevrildiyi gündən bəri çox görüşümüz, ölkəiçi, ölkədışı səfərlərimiz olub və əlbəttə, xatirələrimiz yaranıb. Bizim görüşlər, səfərlər məhz ədəbiyyat cəbhəsində olub. Faiqi tanıdan ilk üç kateqoriyanı saymalı olsaq, dəniz, ədəbiyyat və dostluq deməliyik, məncə. Dənizi kateqoriya saymaq və ədəbiyyatla, dostluqla bir incələmək adama qərib gələ bilər; bununla belə, dənizi bizimçün bu dediyimiz sıralamaya çıxaran həm də Faiq Balabəyli olub. O, uzaq səfərlər kapitanı olmamış ola bilər, gəmini “Cip” kimi sürməmiş ola bilər, lakin Faiq ədəbiyyatçılar içində həmişə dənizçi, dənizçilər içindəsə ədəbiyyatçı olaraq qalıb. Quruda da, suda da dost olub, dost qalıb Faiq Balabəyli. Bu da Faiqin davranışlarında, dostluğunda, dənizçiliyində qəribə bir harmoniya, yaxud universallıq yaradıb.

Yazarsansa, həncəri olsa, “uzun, incə bir yoldayız” deməlisən…

Onu qurudan suya, sudan quruya, lap uçaq yolçuluğuna, dəmir yolçuluğuna… çağırsan da, “yox” deməyəcək. Hətta “yox” deməyə-deməyə, gəlməmə durumu olarsa belə, onu “konfet kağızı”na elə bükər, elə bükər, ruhun inciməz, gəlmiş kimi var sanarsan…

Üstəlik, gəlib də, fövqəladə bir iş görməmiş olarsa, yenə də,

gəlişi səni təskin edər, toxtaqlıq taparsan, özün-özünü təsəlli edərsən… Bax, belə Balabəylidir bizim Faiq: özünəxas, fərqli, təbəssümü üzündən əskik olmayan və bütün hallarda dost çağrısına qoşmağa çalışan…

 

Faiq Balabəyli hərdən elə mübhəm mövzuları sənə açar ki, özün-özünə deyərsən: bax, bu zalım məndən bir addım öndədir - mən filan mövzunu ona açmazkən, o mənə bunu dedi… 

 

Faiqin qonşuluğu, evinin qapısının bütün xoşməramlılara açıq olduğu, yardımsevərliyi haqqında çoxundan eşitmişəm - ömrü uzun, evi şen olsun! 

 

Bayaq yollara, səfərlərə vurğu etmişdik; mənim soyadım Yolçu(yev), Faiqin soyadı Səfər(ov) olmazmı? - Bəlkə, bax, bu soyad uyğunluğu da öz energetikası ilə bizim qardaş bağlarımızda iştirak edib: Qubaya, Salyana, Cəlilabada, habelə Kazana, Arxangelskə… yoldaş olmuşuq… - Yayın istisində, qışın soyuğunda yola çıxmışıq və o, zarafatları, öncədən hesablanmamış hərəkətləri ilə xoşməramlı təəccüb yaratmağı bacarıb. Özəlliklə, uzaq yolçuluqlarımız unudulmaz olub, çoxsaylı maraqlı olaylarla süslənib.

 

Fərqindəyəm ki, bu, bir yubiley kitabı üçün yazıdır və mən də tənqidçi deyiləm - ona görə də, Faiq Balabəylinin şeirləri haqqında yazmadım. Yalnız onu deyim, Faiq məhz şair ömrü yaşamağı bacaran şairdir. Onun bir kitabı “Burda darıxmaq olmaz”dır; mən də demək istəyirəm, Faiqlə darıxmaq olmaz. Məncə, bu, bir şair üçün, dost üçün, yoldaş üçün çox önəmli dəyərləndirmədir.

 

Bəli, Faiq Balabəyliyə “Dəniz şairi, “Dənizçi şair” deyirlər; onun qələmi dənizin hər üzünü görüb, bilib, yazıb… “Kəsilməyən həyəcan fiti” isə Faiqin ən qüvvətli əsəridir! O, 1990-cı ilin 20 Yanvarında Xəzərin Bakı çevrəsindəki gəmilərimizdə xidmət edən soydaşlarımızın vətəncanlılığını, millətpərvərliyini və cəsarətini qələmə alıb. O, yalnız insanların, evlərin, avtomobillərin deyil, gəmilərin də güllələndiyini ürək ağrısıyla kitablaşdırıb. Ürək ağrısı! - Bu, Faiqə çox yaxından tanışdır… Böyük keçmiş olsun, iki dəfə ürək əməliyyatı keçirib…

Şairin ürəyi var olsun!

Ürək varsa, gerisinə (Tovuzlular demiş) zərər yoxdur… 

Ürəkli yazmaq, ürəklə yazmaq, Ürək qoymaq, Ürəyin qanı ilə yazmaq!.. - Xoşbəxt şair taleyi daha necə olur?.. 

 

Ürəkli şairimizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.