Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair payızdan danışacaq. Axı ömrün ömrün növbəti payızındayıü.
Xoş mütaliələr.
Payızı geyinib bu yol, bu səki,
Çağır, o buluddan təzə su gəlsin.
Payız yağışından üstünə səp ki-
Səndən göy üzünün qoxusu gəlsin...
O yağış canımdan yuyarmı pası,
Yuyarmı bu qəmi, yuyarmı dərdi?
Ay da göy üzündə gecə lampası
Ulduzlar yanında pərvanələrdi...
...Axşamın altından götür səhəri,
Günəşlə oynayaq uşaqlar kimi.
Ömür də beləcə əriyir, pəri
Qışda çətirinə yağan qar kimi...
Evdə darıxmaqdan evi də üzdüm,
Görən neynir indi sənin əllərin?
Gəl, çıxaq səhərə bu axşamüstü
Gedib danışdıraq o heykəlləri...
Sevincdi... hərəyə bir qırıq düşüb,
Bir ömür bəs etmir indi adama.
Bizim arxamızca ayrılıq düşüb
Gəl, gedib qoşulaq o izdihama...
Hərə bir ümidin əlindən tutub,
Onu çağırmayan bir səsə gedir.
Bəlkə gedəcəyi yeri unudub
Amma ki, tələsə-tələsə gedir...
...Çıxaq bu payızdan səssiz-səmirsiz,
Payız yola salsın bir ana kimi.
Yerdə min adamı itiririk biz
Göydə bir Allahı tapana kimi...
“Ədəbiyyat və incəsənət”
(30.09.2024)